Böyüyəndə qızın da onun yolunu gedəcək - Bircənin romanı

Böyüyəndə qızın da onun yolunu gedəcək - Bircənin romanı
7 avqust 2020
# 08:58

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Cavid gələnə yaxın bərk xəstələndim. Buna da Həmid bais oldu.

Həmin axşam işdən çıxıb onun maşınına oturanda dalağım sancdı ki, yaxşı nəsə olmayacaq. Maşını başqa səmtə sürəndə dilləndim:

- Ev qaldı belədə, sən hara gedirsən?

- Elədə-belədə danışmağı saxla kəndinizə, yaxında bir torpaq sahəsi var, ora baxaq qayıdaq.

Dəniz qırağındakı qəsəbənin içindən keçəndə əylənib iki təndir çörəyi aldı. Havalar isinsə də çimərlik hələ boşuydu. Kənd qurtaran kimi dəniz adamın üstünə gəlirdi, sahili yoldan yoğun borular ayırırdı.

Həmid maşını saxladı, uzun-uzadı üzümə baxıb dedi:

- Sən ki dənizi sevirsən, niyə düşmürsən?

- Dənizi sevirəm, amma itdən qorxuram.

Adamsız qumlu sahildə ona yaxın süləngi it veyillənirdi. Həmidin itlərlə arası yaxşıydı, həyətlərində Ceka adlı bir köpək bəsləyirdi. Təndir çörəyinin birini parçalayıb küçə itlərinin qabağına tulladı, sonra məni dartıb maşından çıxardı. O qabaqda, mən arxada arada tənbəl-tənbəl sahilə çırpılan dənizə çatdıq.

Ayaqlarımı dənizin dodağına qoyar-qoymaz Həmid məni qəfil itələyib suya saldı. Qorxudan qışqırmağa başladım:

- Heyvan, tərbiyəsiz, bu nə axmaq zarafatdı, demirsən dəniz məni çəkib aparar?

Həmidin gözləri dəli inək gözü kimi bərəlmişdi, elə bil kimsəsiz yerdə gerçək xisləti içindən qıcqırıb sifətinə dağılmışdı:

- Çevril bax gör dənizin ucu-bucağı görünür?

Əlimi gözümün üstünə qoyub irəli-geri, sağa-sola boylandım: suda-quruda bizdən başqa bir bəni-bəşər gözə dəymirdi.

Dənizdən çıxmaq istədikcə Doneş məni yenidən itələyib suya salırdı. İşin zarafatı aşdığını görüb üzümü bozartdım:

- Sən deyəsən təkcə abır-həyanı yox, ağlını da itirmisən?

- Mənim canımı boğazıma yığmısan, - dedi. - səni ya dənizdə batıracam, ya da bu itlərə yedizdirib gedəcəm.

Ağabəy həkimin sözləri yadıma düşdü: “Bircəcik, - deyirdi, - qarşındakı əsəbidisə, çığırıb-bağırırsa, demək, qorxaqdı, sən onun müqabilində özünü bacardıqca sakit apar. Hətta əlində silah varsa, o silahı sənə tuşlayıbsa belə qorxma, qorxsan da qorxduğunu büruzə vermə. Özünü soyuqqanlı aparsan qorxaq heç vaxt tətiyi basmayacaq. Səbirli olsan sənin səbrin onu çəkindirəcək. O məqamda gülsən, lap bir balaca qımışa bilsən qələbə sənindi”.

Ürəyim dilimin altında döyünürdü. Özümü toplamaq üçün çevrilib lal dənizə tamaşa elədim, bizdən bir az aralıda oynaqlaşan itlərə baxdım. Onun qorxaq olduğunu bilirdim, mənə gücü çatmayacağına əmin idim, amma yenə qorxurdum, əzrayılın qapıları pusduğu şər çağının vahiməsi azman gəmiləri diri-diri udan dəryanın xofuna qarışıb içimi çalxayırdı. Bu yandan da loğmanımın ilıq çöhrəsi üfüqdə dənizin atıb-tutduğu parlaq dalğaların, günəşin son zərrələrinin hopduğu zərli ləpələrin üstünə qonub üzümə gülümsəyirdi: “Qarşındakı qorxağın yekəsidi, - deyirdi, - qətiyyən geri çəkilmə, yanındayam, heç nədən qorxma”.

Canıma pəhləvan təpəri doldu, ona yağlı bir dil şilləsi çəkdim:

- Batırmayan, yedirtməyən heç kişi deyil, - deyib dənizin dərinliyinə doğru irəlilədim.

- Kimə arxayınsan burda?

- Həkimimə, loğmanıma, xilaskarıma.

- Həkimin yəqin sümükləri də çürüyüb. İlin-günün bu vaxtında o hardan yadına düşdü?

- Onu tanımasaydım indi sənin topuqlarından öpürdüm.

- Nolar, yenə öpərsən.

- Bundan ötrü sən gərək başından topuğunacan özünü təzədən yığdırasan, - deyib bir az da dərinə getdim.

Paltarıma hayıfım gəlirdi – qırmızı xallı gözəl donu Aqil ad günümə hədiyyə almışdı.

- Sən çox təhlükəli qadınsan. Bu qədər kişini eyni vaxtda əlində necə saxlaya bilirsən?

- Deməli, güclü qadınam.

- Güclü deyilsən e, pozğunsan.

- Sən arvadından bəri bax, o gün dedikləri yadından çıxıb? Böyüyəndə qızın da onun yolunu gedəcək.

- Sən ofisinizi qoruyan iylənmiş polislərlə, təhlükəsizlik işçiləriylə danışıb-gülməyi, zarafatlaşmağı, mazaqlaşmağı özünə rəva bilirsən. Neçə dəfə öz gözümlə görmüşəm, elə bu gün də gördüm. Onlar bilirsən kimdilər – sizin qapınızı güdən itlər. Sən gərək onlara salam verməyi də özünə yaraşdırmayasan. Bu gördüyün itlərdən onların bir fərqi var ki, yiyəsiz deyillər. Ancaq səni başa düşürəm, itə tamah salan adamlar da var. Düzünü de, onların hansıyla yatırsan?

- Hamısıyla. Hərəsinin öz günü var.

- Sənin yolunda çəkdiyim əziyyət gözündən gəlsin. Məni it yerinə saymırsan, gədə-güdəylə oturub-durursan.

- Onlar cavandılar, güclüdülər, həvəslidilər, sənsə quru yer qurbağasına oxşayırsan, adam səndən iyrənir. İstədiyini aldın, indi rədd ola bilərsən.

Doneş qaçıb maşından o biri çörəyi də gətirdi, onu da qırıqlayıb itlərə atdı. Sonra əlinə keçən xırda daşları üstümə yağdırmağa başladı:

- Qorxmursansa yaxın gəl, ya da irəli get boğul.

- Mənim boğulmağıma tamaşa eləməyə sənin kişiliyin çatmaz.

- Onsuz da heç kimin heç nədən xəbəri olmayacaq.
- Elə bil ki, boğulmuşam, ölmüşəm, rədd ol cəhənnəminə.

Günəş batan kimi dənizə qəribə qaranlıq çökdü. Həmid başladı yalvarmağa:

- Mama qəbri zarafat eləyirdim, çıx qırağa gedək.

- Dedim getmirəm, açıl başımdan.

Nə qədər dil, nə qədər əl uzatdısa sudan çıxmadım. Səsimi başıma atıb “Dalğalar” mahnısını oxumağa başladım. Əlacı kəsiləndə durub maşına doğru getdi, sürüb gözdən itdi.

***

Eyməndim, sahilə çıxıb sağa-sola baxındım. Paltarım göbəyiməcən islanmışdı. Ayaqqabılarım maşında qalmışdı. İtlər məndən bir az aralıdaydılar – bəzisi quma səvərmişdi, bəzisi mənə baxıb ləhləyirdi, bəzisi də lap yaxınıma gəlib gözünü üzümə zilləmişdi. Onları guya saymadığımı göstərməkçün itlərə məhəl qoymadan asfalta çıxdım. Uzaqda inək mələdi. İnəyin səsinin dövrəsində minlərlə işıq yanırdı. Hankı səmtə gedəcəyimi bəlləmək istəyirdim. Hardasa oxumuşdum ki, qədimdə gəmilərə ulduzlar yol göstərərmiş. Göyə baxdım, ulduz-zad görünmürdü, lap uzaqlardan paraqulaq ay boylanırdı. Donumun ətəyini xışmalayıb sıxdım, su yalın ayaqlarımın üstünə bulaşmış qumu yudu.

Doneşin maşını sürdüyü səmti tutub hələ soyumamış asfaltın üstüylə yeriməyə başladım. Çölə səpələnmiş küçə itlərinin sayı-hesabı yoxuydu, hamısı bir himə bəndiydi, hamısı qulağını şəkləyib məndən bir qorxu işarəsi gözləyirdi. Yer qatı, göy uzaq, titrəyən vücudumu güclə çəkib aparırdım. İtlərdən bircəsi qorxduğumu duyub üstümə cumsaydı, qalanı da tökülüşüb sağ tikəmi qoymayacaqdı.

Bunları düşündükcə xəyalım yenə dağları dolanırdı. Hər il düşdüyümüz yaylaqda Musa əminin çoban dostunun körpə qızını qoyun itləri didib parçalamışdı. Dərələrdə balasını axtaran ana uşağının quru səbətəsini görüb havalanmışdı. O ili hamı itini o gəlindən qorğanırdı – gəlin harda it görsəydi çörəkləyib zəncirə vurub baltalayırdı. O qızcığaz, o havalı ana gözümün önünə gəldikcə canımın hər qarışında it dişlərinin yeri sızıldayırdı.

Aralıdakı döngədə Həmidin maşınının burnu görünən kimi dönüb yenidən üzü dənizə qaçmağa başladım. Doneş maşından düşüb arxamca döşəndi. Donumun ətəyini əlimə yığıb suya girdim. Həmid ləhləyə-ləhləyə məni dilə tutmağa çalışdı:

- Qorxma, vallah sənlə zarafat eləyirdim. Bilirsən ki, səni çox istəyirəm. Hər şey bir yana, Caviddən ayıbdı. Çıx sudan gedək evə.

Eynən bayaqkı it kimi ləhləyirdi. Bir anlıq elə bildim elə həminki itdi, adam cildinə girib. Ağzından axan seliyə ikrahla baxıb:

- Qara tula nə qədər yuyulsa ağarmaz, - dedim. - Mənim çantamı, ayaqqabılarımı gətir qoy durduğun yerə, sonra rədd ol get.

- Səni aparıb evinin qabağında düşürəndən sonra hara desən rədd olacam.

- Mən sənlə getməyəcəm.

- Bəs necə gedəcəksən? Burdan sizə iyirmi kilometr yol var.

- Sənə qalmayıb nəylə, necə gedəcəm. Özüm də evə-zada yox, birbaş polisə gedəcəm.

- Polisə getsən özün biyabır olacaqsan. Mənə nə var, mən kişiyəm. Hamı sənə ala qarğa kimi baxacaq, ailənizin adı batacaq.

- İslanmışın yağışdan nə qorxusu? Qoy mənim nəslimin adına ləkə yaxılsın, ancaq bunu, bugünkünü sənə bağışlamayacam.

- Mama qəbri sənlə işim olmayacaq, çıx sudan.

- Sənə dedim itil cəhənnəminə.

Tərsliyimə bələd idi, sözlə yola gəlməyəcəyimi görüb zora keçmək istədi – ayaqqabılarını soyundu, əyilib corablarını da çıxarmaq istəyəndə dedim:

- Ölənlərimin goru haqqı yaxın gəlsən dərinə gedib özümü suda batıracam. Hünərin var gəl.

Corablarını ayağına geyə-geyə üzünə də yaltaq maskası geyindi:

- Qurban olum, mən sənlə zarafat eləyirdim, özün də bilirsən ki, ölürəm sənin üçün. Sən qeyri-adi qadınsan, tayın-bərabərin yoxdu. Neyləyim e, sənin üstünə erkək milçək qonanda dəli oluram. İstəmirəm heç bir kişiylə danışasan, görürsən ki, səni hamıya qısqanıram.

- Get arvadını qısqan, arvadını güd, - dedim, - güdə bilsən...

O qıraqda, mən suda xeyli dilləşdik. Dənizin içərilərinə doğru baxdıqca vahimələnirdim. Nənəm ölənəcən bizə tapşırardı: “Sudan, dəryadan əlhəzər! Su qırağında heç vaxt yatmayın, bir saman çöpünü axıdan sudan da qorxun”.

Dəniz əjdaha kimi ağzını açıb qurban gözləyirdi. Elə bil kimsə ətəyimdən dartıb məni dərinə çəkmək istəyirdi. Dəryanın zəhmi iradəmi keyidirdi, sudan çıxıb arxama baxmadan qaçmaq istəyirdim. Yalnız hələ sonuncu dirəyi uçmamış qürurum məni nəhəng qara suyun içində dik saxlayırdı.

Üzü qaranlığa gedirdisə də dediyimdən dönmədim:

- Çantamı, telefonumu qoy rədd ol.

Yalvarmaqdan Doneşin dili böyrünə düşmüşdü:

- Çantanı, ayaqqabılarını qoyuram, amma telefonunu özümlə aparacam.

- Niyə, qorxursan polis çağıram?

- Səndən nə desən çıxar, - deyib telefonuma gəlmiş zəngləri yoxlamağa başladı. - Üç dəfə dirijorun (Laləni deyirdi), altı dəfə də küçədən tapdığın sevgilin (Taylanı deyirdi) zəng vurub.

- Görəcəklər cavab vermirəm, özləri polisə xəbər eləyəcəklər.

Sözüm onu əməlli-başlı qorxutdu:

- Heç kim eləməsə də türkün eləyər, - deyib başladı telefonumdan öz zənglərini, yazdığı mesajları silməyə. - Mən Leninəm e, niyə burda iz qoyub özümü işə salım?

- Gördüm, gördüm, sən xalis Leninsən. Gizli telefonları ört-basdır eləməyin, mesaj silməyin, peysərə verməyin ustasısan. Lenin baban da sənin kimi haya-küyə basıb əsl problemlərin səsini batırmağa çalışırdı.

Həmid sahildəki balıqqulağından ovuclayıb üstümə yağdırdı:

- Öl elə qal orda, mən getdim, - deyib maşınına sarı qaçdı, mənə uzun bir siqnal verib gözdən itdi.

***

Cəld sudan çıxdım, çantamı, ayaqqabılarımı qapıb yola sarı götürüldüm. Qaranlıqda səmti itirməyim deyə onun getdiyi tərəfə qaçırdım. Haya-havara çağırmağa bir inli-cinli yoxuydu. İtlər yanımca gəlirdilər, mən qaçanda qaçırdılar, dayananda yavaşıyırdılar. Ayaqlarım çala-çökəyə düşdükcə çənəm əsir, əmgəyim zoqquldayırdı.

Dənizdən xeyli aralanıb böyük döngəni burulanda aydınlığa çıxdım. Qarşımda nəhəng bir kənd vardı – işıqları sayrışan, heyvanları mələşən. Arabir yoldan maşınlar keçirdi. Mən kəndə girhagirdə itlərin çoxu geri qayıtdı. Artıq geniş, hamar yola çıxmışdım, evləri, çıraqları bələdçi tutub yeriyirdim. Yanımdan ötən hər maşından mənə doğru ən azı bir baş uzanırdı.

Xırda maşınlardan biri məndən azca irəlidə dayandı. Əlimi çantama atıb yoxladım – cüzdanım yerindəydi, içində xeyli pul vardı. Əlim pula dəyəndə toxtadım. Maşından iki kişi düşdü. Ləhləyə-ləhləyə özümü onlara çatdırıb dedim:

- Qardaş, nə qədər desəniz verəcəm, məni evimə aparın.

Kişilər məni şübhəli-şübhəli süzdülər, biri soruşdu:

- Ay bacı, gecənin bu vaxtı təkbaşına hardan gəlib hara gedirsən? Kənddənsən, kimlərdənsən?

- Kənddən deyiləm, - dedim.

Əlimi maşının qapısına atanda qarşıdan iti gələn başqa bir maşın yanımızda dayandı, şümürhəng şalvarını darta-darta özünü yetirdi:

- Uşaqlar, çıxın gedin, mənim xanımımdı, sözləşmişik, - deyib biləyimdən yapışdı.

Qolumu onun əlindən qoparıb qışqırdım:

- Ay alçaq, sən yenə qayıtdın?

İlan dilini işə saldı:

- Sən mama qəbri səsini çıxartma. Pox yedim, qələt elədim! Otur səni aparım düşürüm evinə, day bir də sənlə işim olmayacaq.

Başladıq süpürləşməyə. Doneşin qarnına bir yağlı zoxma vurdum, bu ufuldayıb yerə çökəndə yenə qaçmağa başladım. Bayaqkı maşın bir az irəlidə dayanmışdı, yəqin içindəkilər bizi izləyirdilər. Elə qaça-qaça çantamın ağzını kilidlədim ki, sənədlərim, pulum düşüb itməsin. O anda, o məqamda yerlə göyün arasında puldan savayı əlim çatan, ünüm yetən arxam-dayağım yoxuydu.

Həmiddən bir az aralanmışdım yanımda taksi dayandı. Qapını açıb özümü içəri təpdim:

- Qardaş, qadan alım, dayanma sür, - dedim.

Sürücü mənə sarı çevriləndə allandım – əmim yaşda ağsaqqal bir kişiydi. Ona qardaş dediyimə utandım:

- Dayı, qurbanın olum, tez sür.

Kişi:

- Ay qızım, səndən yerə nəsə düşdü, - dedi.

Çantamı yoxladım, qolumdaydı:

- Sür, - dedim, - nəyim varsa üstümdədi, sür!

Kişi suçuxmuş maşına qaz verdi. Xeyli gedəndən sonra dayının dili açıldı:

- Ay qızım, səni dartışdıran o kişi kimiydi?

Sağdan-soldan maşınlar şütüyür, yol yumaqtək çözələnib xəyalımı yedəkləyirdi. Göydə saysız ulduzlar parıldaşır, qulağıma qarmaqarışıq kosmik səslər gəlirdi. Başım möhkəm sıxılır, beynim uğuldayırdı; zaman əlimdən çıxır, yaddaşım alt-üst olurdu. Ulduzlu göy kəndimizin tavanına bənzəyirdi, tanıdığım ulduzları bir-bir tapıb yerinə qoymağa çalışırdım...

Bayram axşamlarında ulduzlar eynən bu sayaq parıldaşanda qardaşlarım, əmim oğlanları tay-tuşlarına qoşulub baca-baca oynamağa gedərdilər. Anam nənəmin köməyilə aş dəmləyərdi, atam soyduğu erkəyi çatmadan asardı, nənəm qardaşlarımın üstündən hoppandığı tonqala odun yığıb atamın doğradığı əti şişlərə çəkərdi, bacalardan şal, torba sallayıb deyə-gülə geri qayıdan qardaşlarımı gözləyərdi ki, şişləri közün üstünə düzsün. Hamı yeddilöyün düzülmüş süfrənin dövrəsinə yığılardı. Nənəm yağlı tikələri Səməndərin boşqabına yığıb başının üstündə dayanardı...

Ulduzlar məni təntitmişdi, rəngbərəng işıqları bir-birinə sarmaşıb dolaşmışdı. İtlər acıqlı-acıqlı hürüşür, gölləklərdə qurbağalar hikkəylə quruldaşırdı, Mahmud əmi çillə qarpızını kəsirdi, beşikdə bir uşaq çır-çır çığırırdı. Qırmızı donlu (Zöhrə xala bayram axşamlarında Maralla məni qırmızı geyinməyə məcbur eləyirdi), üst-başı bər-bəzəkli cavan, göyçək bir ana beşiyin başına fırlanırdı. Arada elə bilirdim zamanın yüyrüyündə yellənirəm...

Qəfil Müslümün səsi üzümə şillətək dəyib məni xəyaldan oyatdı. Özümü şütüyən maşında tapıb səksəndim. Radionun sədası ulduzların hənirini batırdı:

- Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz...

Emin yadıma düşdü, bəlkə də birinci kərə onun sağlığını sidq-ürəkdən arzuladım. Axı o, sağ olsaydı məni belə bir qüssə, fəlakət tapmazdı. Eygili zaman Doneş kimi birini qapıma it yerinə də bağlamazdım, amma indi onun yedəyində əsir-yesir olmuşdum. Qaraquş dimdiyinə keçirdiyi ovu daşa-qayaya vurub öldürdüyü kimi mən də Doneşin dimdiyində daşdan-daşa çırpılmışdım. Müxənnət oğlu mənim zəif damarımı tapıb barmağına dolamışdı, ən müqəddəs saydığım duyğuları mənə qarşı silah kimi işlətmişdi, insafı-mürvəti gözümdən salıb məni bir xeyli özünə döndərmişdi.

İndi başımda bircə fikir dolaşırdı: Səni köməyə çağırıb onun çul-çirpəngini əlinə vermək, eşşək beyni yemişdən biryolluq qurtulmaq!

Qaltanlı səsə dik atıldım, alnım harasa çırpıldı.

- Ay qızım, bir dillənsənə, səni harda düşürəcəm? Bayaqdan yol gəlirik, dilin batıb elə bil.
Ağsaqqala Şiri-xudam kimi baxırdım. Nə illah elədimsə evimin ünvanı yadıma düşmədi. Mal kimi gözümü döyməyə başladım, kişi qanrılıb mat-mat üzümə baxdı:

- Ay qızım, bir yer de səni orda düşürüm. Qoca kişiyəm, mən də evimə getməliyəm.

- Dayı, vallah ünvanı yadıma sala bilmirəm.

- Yaxın adamlarından birinə zəng vur desinlər.

Çantamı eşələdim, birdən yadıma düşdü ki, telefon Doneşdə qalıb.

- Dayı, vallah telefonum üstümdə deyil.

- Neylək, al mənimkiylə zəng elə.

Telefonu kişinin əlindən qapdım, ha fikirləşdim heç kimin nömrəsini xatırlaya bilmədim. Mobil operatorun kodunu yığıb gözlərimi döyürdüm. Lalənin, Taylanın, Firəngizin, Aygünün nömrəsini həmişə əzbər bilərdim, indi hamısı yaddaşımdan silinmişdi.

Qorxudan, xəcalətdən məni ağlamaq tutdu:

- Dayı, vallah heç kimin nömrəsi yadıma düşmür.

Kişi səsini içinə saldı. Bir az da gedəndən sonra Şiri-xudam mehriban səslə danışmağa başladı:

- Ay qızım, bir toxta, özünü ələ al, de görüm evin hara yaxındı, yanında nə var? Məsələn, sən pəncərədən baxanda nə görürsən, balkona çıxanda hansı marketin, hansı restoranın adını oxuyursan?

Kişinin sözü məni bir az ayıltdı, sağa-sola baxındım. Birdən sayrışan işıqların altında bütün şəhərin tanıdığı, hamı üçün yol bələdçisi rolu oynayan kafenin adını görüb qışqırdım:

- Dayı, bizim evə yol bax elə burdan gedir.

***

Blokun qabağında ağsaqqala iyirmi manat verib maşından düşdüm. Qonşu kişilər bir az aralıda dayanmışdılar. Ayaqlarım yerə dəyəndə diksindim: ayaqqabılarım ayağımda deyildi. Maşını gəzdim, orda da tapmayanda işimi bildim. Gəmisini batıran çarığını axtarmaz. Allaha yalvardım ki, qabağıma qonum-qonşu çıxmasın. Qaçaraq özümü qapıya çatdırıb zəngi basdım. Qapını Taylan açdı, yaxşı ki, qızları Lalə çağırıb aparmışdı.

Tapdığım yalın ayağıma, yaş paltarıma, divanə görkəmimə baxıb dedi:

- Ya annəm, kaç kərə aradım səni, niyə cavab vermirdin? Bu halın nə, hardan gəlirsən belə? Lalə teyzəm də bayaqdan səni axtarır.

Taylanın üzünə baxmağa cəsarət eləmədim. Çantamı onun üstünə qolazlayıb özümü hamama saldım. Qaynar su başımdan axdıqca beynimin keyi açılırdı. Ayaqlarımın altı zoqquldayırdı.

Yuyunub qurulandım, di gəl, Taylanın sorğu-sualının qorxusundan hamamdan çıxa bilmirdim. Su şırıltısının kəsildiyini eşidən uşaq qapını tıqqıldatmağa başladı:

- Annəm, neylirsən orda, sağmısan, səsini çıxar. Gəl gör sənə nə bişirmişəm.

Üzüqara gəlin kimi hamamdan çıxıb özümü otağıma atdım. Tapdığım yenə yaxamı buraxmadı:

- Afərin sənə annəm, nə yatması, olurmu böylə?

Qapımız arabir ürkək-ürkək döyülürdü, ara-ara da elə bil pişik caynağıyla cırmaqlanırdı. Xalatımı düymələyib dəhlizə çıxdım. Səsi Taylan da eşidibmiş, məndən qabağa düşüb qapını açdı: Doneş qorxaq tula kimi quyruğunu bulaya-bulaya suçlu-suçlu üzümə baxırdı. Acığımı Taylanın üstünə tökdüm:

- Mənə deməmiş bu tulaya niyə qapı açdın?

Taylan bozardı, hiss elədim ki, sözlər ağzımdan bir cürə çıxdı. Hirs-hikkədən az qalırdım iki bölünəm. Var səsimlə bağırdım:

- S...dir qapımdan, oğraş, qəhbəbaşı, gözüyləgörən!

Həmid iri ağzını açıb-yumub nəsə deyirdi, ancaq mən heç nə eşitmirdim. Bir o yadımdadı ki, telefonumu Taylana verdi, ayaqqabılarımı mənə tərəf qolaylayıb içəridən çıxdı. Dalınca qışqırdım:

- Səhər açılan kimi polisə gedəcəm, hazır ol.

Taylan üzümə bir cür baxırdı, məni danışmağa qoymur, başıma fırlanırdı:

- Ya annəm, bir sus, yeməyini ye, mən Lalə teyzəmə deyəcəm ki, annəmin başı ağrıyır, yatıb.

Divarda çıqqıldayan saata baxdım: on dəqiqə sonra Səməndər zəng vurmalıydı. Laləyə ağlın getməsin, Dostum, qardaşımla danışmasaydım başına hava gələrdi.

Tapdığım saata baxdığımı görüb dərdimi qandı, qaçıb otağımdakı dərmanları gətirib yanıma yığdı:

- Annəm, gör hansı yarayırsa iç ki, dayımla danışa biləsən.

Dərmanları geri itələdim, dəniz, itlər yadıma düşdü, Doneşin qalib baxışları gözümün qarşısına gələndə burnumdan qan fışqırdı. Taylanın bişirdiyi tomatlı şorbanı hamımız xoşlayırdıq – qanım qaşığa damıb şorbanı bir az da qızartdı. Uşaq özünü itirib evin içində ora-bura vurnuxdu. Bu dəm telefonum zingildədi. Qardaşımın səsini eşidəndə kövrəldim, dəsmalı burnuma tutub ağlamağa başladım. Səməndər o başda bərk narahat oldu, dəstəyi Taylana verib hamama girdim. Taylan hüdüləyib töküb şirin ləhcəsiylə qardaşımı toxtatmağa çalışırdı:

- Dayıcığım, qorxmayın, - deyirdi, - annəmin burnu qanayıb, qalan hər şey qaydasındadı. Yeməyimizi yemişik, Lalə teyzəmlə, Cavidlə danışmışıq. Aygün xala ərindən gizli günorta annəmi görməyə gəlib, ona balıq gətirib, annəm də balığı işdə unudub.

Bunları eşidəndə məni gülmək tutdu, başımı çölə uzadıb dedim:

- Qadam, onlar dünən olub ey, bunları dayın bilir.

Taylanın heyrətli baxışından qorxub başımı yenidən içəri saldım. Uşaq dəstəyi yerə qoyub üstümü ley kimi aldı:

- Annəm, sənə nə oldu?

- Heç nə.

- Ya annəm, sən danışa bilmirsən, doktora getməmiz lazım.

- Necə danışa bilmirəm, bəs bu danışdığım nədi?

- Annəm, sənə bir şeylər olub, söylə görüm nə yapdı adam sənə?

Yenə gözümə uğuldayan dəniz, bir-birinə dolaşan arıq itlər görünməyə başladı. Özümü cəmləyib ağlayan uşağıma sarıldım. Dostum, mən kəkələyirdim! Ş, k, d, t kimi samitləri tələffüz eləməkdən qorxurdum, bu hərflərlə başlayan sözləri deyə bilmirdim! Dilim ağzımda hərlənmirdi, səslər dilimə yapışıb qopmurdu, söz ağzımda çeynənib dağılırdı!

Ana-bala göz-gözə, diz-dizə oturub ağlaşırdıq. Dilimi döndərib uşağımı kiridə bilmirdim.

Xeyli keçmiş qapımız yenə döyüldü. Dilim tutar-tutmaz tapşırdım:

- Kim olur olsun açma.

Taylan ayağının ucunda qapıya gedib gözlükdən baxıb qayıtdı:

- Şəfa xalayla Solmazdı, - dedi.

- İşıqları söndür, telefonları bağla, gir yatağına, - dedim.

Qapı-pəncərəni bərk-bərk bağlayıb səhərimizi yarımcan açdıq.

ardı var

# 10656 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #