Bağlı qapıların sirri, yaşlı qadının ağlaya-ağlaya etdiyi dua və bizə qoyulan sərt qadağa – Mir Mövsüm ağanın evindən reportaj  

Bağlı qapıların sirri, yaşlı qadının ağlaya-ağlaya etdiyi dua və bizə qoyulan sərt qadağa – Mir Mövsüm ağanın evindən reportaj  
17 noyabr 2020
# 16:40

Bu gün Bakı bölgəsinin inanılmış seyidlərindən olan Mir Mövsüm ağanın anım günüdür. Kulis.az bu münasibətlə “Həyatın içindən” layihəsindən Mir Mövsüm ağanın İçərişəhərdəki evindən reportajı təqdim edir.

Məcburi köçkün kimi Bakıya gələnə qədər evimizdə yalnız bir seyidin adını eşitmişdim: Seyid Lazım ağa. Onun əldən-ələ ötürülərək ailəmizdə göz bəbəyi kimi qorunan balaca şəkli yaşadığımız bütün hücrələrdə həmişə ən layiqli yerlərdən asılıb. Köçkünlüyümüzün beş ilini Bilgəhdə yaşamışıq. Mir Mövsüm ağa adını da ilk dəfə orda, qonşumuz Bikə arvaddan eşitmişəm.

Bikə arvad hər həftənin cümə axşamı qara çadrasını atıb yaşmağını çəkib üz tuturdu Şüvəlana - Ağanın ziyarətgahına. Sonrakı ziyarətlərə gedəndə anamı da özü ilə aparmağa başladı və bir müddət sonra evimizdə Seyid Lazım ağanın şəkilinin yanından Mir Mövsüm ağanın da şəkli asıldı.

Mir Mövsüm ağadan indiyə qədər çox danışılıb, haqqında kitablar, sənədli filmlər hazırlanıb. Bu gün ağanın anım günü olduğu üçün qərara aldım ki, gedib ağanı ziyarət edim. Üz tutdum ağanın yaşayıb vəfat etdiyi evə.

Bura Mir Mövsüm ağanın İçərişəhərdə, Firdovsi, 3 ünvanında yerləşən evidir. Ağa anadan olandan ömrünün sonuna qədər bu yaşıl qapılı, kiçik həyətli evdə yaşayıb. Ağlım kəsmir ki, bu evi kimsə tanımasın. Ömründə bir dəfə də olsun bu evə ayağı dəyməyən çox az adam tapılar.

Mir Mövsüm ağa həyatda olanda da, dünyasını dəyişəndə də bu qapının bağlı olduğu günü heç kim xatırlamır. Mən əvvəllər də bu evə çox gəlmişəm.

Həmişə qapısında növbə gördüyüm bu evdə ilk dəfə izdihama rast gəlmədim. Amma qapı həmişəki kimi açıq idi. Həyətə daxil oldum. Pilləkənlərin başında dayanan nurani siması olan orta yaşlı bir kişi qarşıladı məni. Məqsədimi deyəndə məni evdə çalışan xanımlardan birinə yönləndirdi. İrəli keçib qapını döymək istəyirdim ki, üzümə açıldı. İçəridən ağsaçlı, orta yaşlı bir qadın çıxdı. Xeyli gərgin və sərt üz ifadəsi ilə nə lazım olduğunu soruşdu. Açığı türk qardaşlarımız demiş, elektrik ala bilmədiyim bu xanımla həmsöhbət olmağa həvəsli deyildim.

Gallery

“Ağanın ailəsindən bir nəfər lazımdır” - dedim.

Üzümə baxmadan “Ağanın burda heç kimi yoxdu” - deyib tez-tələsik əlində gətirdiyi bir sellofan konfeti məcməyidə nəzir üçün qoyulan konfetlərin üstünə boşaltdı.

Fotoaparatımı çıxartdım, bir-iki foto çəkim, kənardan mülayim bir səs eşidildi:

- Xanım, şəkil çəkmək olmaz.

- Mən jurnalistəm, reportaj üçün gəlmişəm

- Başa düşürəm, elə ona görə də olmaz.

- Səbəbi var yəqin.

- Əlbəttə. Bir neçə il bundan əvvəlki reportaja görə hələ də başımız ağrıyır.

- Bağışlayın, mən kiminlə danışıram?

- Mən Mir Mövsüm ağanın qardaşı nəvəsiyəm. İki-üç il əvvəl burdan reportaj hazırladılar. Pis niyyətli reportaj deyildi. Yayılandan sonra “Tik-Tok” səhifələrini işlədən vəhhabilər Ağanın bacısı qızının şəkilini yayıb aşağılamağa başladılar. İnanırsınız, biz ailəliklə hələ də özümüzə gələ bilməmişik. Atam təzyiq xəstəsi oldu əsəbdən. Ondan sonra evin sahibi Ağanın evindən reportaj etməyi şəkil çəkməyi qadağan etdi.

Mənimlə danışanda başını, üzünü bərk-bərk örtən bu xanıma onun fotosunu çəkməyəcəyimi desəm də, içindəki narahatlığın qarşısını ala bilmədim.

Gallery

- İnciməyin, bilirəm xoş niyyətlə edirsiniz, amma bütün qapılar bağlıdır. İnanmırsınız düşün bir-bir baxın.

- Axı Ağanın qapısı heç vaxt bağlanmayıb. Bununla ağanın ruhunu incitmiş olmursunuzmu?

- Ziyarətçilərin üzünə açıqdır qapılar. Sadəcə pandemiyaya görə belə edirik. Qanuna tabe olmaq borcumuzdur. Namaz otağı da hal-hazırda bağlıdır. Bu gün biz başqa işlər planlaşdırmışıq. Məsələn, bir azdan uşaq evinə ehsan aparılacaq.

Qapılar həqiqətən də bağlı idi. Təkcə ikinci mərtəbədə kiçik ziyarət otağı açıq idi. Mir Mövsüm ağanın böyüdülmüş şəkli altında ağanın oturduğu stul qoyulmuşdu. Duası, niyyəti olanlar həmin guşəyə yaxınlaşa, nəzirini qoya, niyyətini edə, konfetini götürə bilər. Mən də başıma örpəyimi bağlayıb keçib dua etdim.

Duadan sonra Ağanın qardaşı nəvəsi ilə yenə qarşılaşdım. Deyəsən, məni izləyirdi. Düşünürdü, birdən foto çəkərəm. Məyus olduğumu görəndə ürəyi yumşaldı. Sadəcə dua otağının və giriş qapısının şəkilini çəkə biləcəyimi bildirdi. Təşəkkür edib bir-iki kadr yaxaladım və onu söhbətə tutmağa çalışdım.

Gallery

Dedi, Mir Mövsüm ağanın ailəsi İçərişəhərə XIX əsrin sonlarında köçüb. Danışmağa çox həvəsli olduğunu sezdiyim üçün ayağımı yubatdım.

Sovet dövrü Mir Mövsüm ağaya məlum rejimin münasibəti az qala bütün Azərbaycana bəllidir. Ona görə də bu məsələyə çox baş vurmaq istəmədim. Xanım danışdıqca beynimdə bildiyim və bilmədiyim faktları ayırırdım.

- Bu gördüyünüz ev sonralar tikilib. Mənim ulu babam, yəni Ağanın atası Seyid Hüseynağa o vaxt burdan torpaq almaq üçün qubernatora məktub yazır. Rəsmi icazə verildikdən sonra babam bu evi tikdirir. Amma Mir Mövsüm ağa özü bu evdə doğulmayıb. O, Seyid Mir Talib Ağanın evində dünyaya gəlib.

Deyilənə görə, Mir Mövsüm ağanın atası Seyid Həsən ağa İmam Həzrət Hüseynin nəslindən olub. O dövrdə Peyğəmbər tərəfdarları və nəslinə aid olanlar onların əleyhdarları tərəfindən təqiblərə məruz qaldıqları üçün uzaq ellərə üz tutublar. Mirmövsümzadələrin də o vaxt yaşayış yeri kimi Azərbaycanı seçdikləri, köçüb bura gəldikləri ehtimal olunur. Amma hər halda bu, bir mülahizədir.

Maraqlı olan faktlardan biri də budur ki, Ağanın anası Xədicə xanım Mirqasımova da müqəddəs seyid nəslindəndir. Öz dövrünün savadlı xanımlarından olub. Hətta Xurşidbanu Natəvanla məktublaşıb, Xan qızına öz yazdığı şeirləri göndərib.

Maraq üçün ağanın qardaşı qızından soruşdum ki, son vaxtlar ən çox nəyə dua edilir burda?

- Müharibədir. Son günlər ən çox əsgər anaları bura duaya gəlir.

Qəribədir, ötən əsrdə də eyni hal müşahidə olunub. Böyük Vətən müharibəsi illərində aclıqdan, xəstəlikdən əziyyət çəkənlər ümid qapısı kimi bura üz tutub. Onlar Mir Mövsüm ağanın cəddinin gücünə sığınıblar. Amma müharibə illərində bu ev təkcə dua qapısı olmayıb, ağa həm də varlı bir insan kimi sovet hökumətinə böyük məbləğdə vergi ödəyirdi. Hətta bu qayda müharibə bitəndən sonra da davam edib. Onun evində taxta dolabdan, dəmir çarpayıdan və bir neçə stuldan başqa heç nə olmayıb.

Dua otağında Mir Mövsüm ağanın şəkli qarşısında diz üstdə çöküb, onun stulunu qucaqlayan bir qadının göz yaşları ilə etdiyi dua qulaqlarımda əks-səda verdi:

- Ya Ağanın cəddi, sən bütün əsgərlərimizə kömək ol, içində də günlərdir xəbər ala bilmədiyim balama...

Günorta namazının vaxtı çatdığı üçün ağanın qardaşı qızı üzr istəyərək məndən ayrıldı. Şəkil çəkə bilmədim deyə işimi yarımçıq hesab etdiyim üçün pilləkənləri həvəssiz-həvəssiz endim. Həyətə çıxdım. Hava soyuq idi. Deyəsən, göy yenə dolmuşdu.

- Yağacaq qurban olduğumun hər anım günündə Allah ehsanın yağdırır.

Yanımda dayanan ağsaqqal üzünü göyə tutub bu sözü elə inamla söylədi ki, bütün varlığımla inandım.

Qadınlar tək-tək yanımdan ötüb ağanı ziyarət etmək üçün onun şəkli qoyulan otağa qalxırdı. Diqqətimi bir şey çəkdi. Həyətə daxil olanda üzlərindəki bədbin, kədərli ifadə daxil olub dua etdikləri otaqdan çıxandan sonra dəyişirdi.

Təxminən on beş-iyirmi dəqiqəlik ziyarət, Ağanın ruhu ilə söhbət insanların daxilən rahatlıq tapması üçün kifayət edir.

Nə yalan deyim, mən də özümdə bir yüngüllük və hüzur hiss etdim.

# 14681 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #