44 günlük müharibənin 4 aya çəkilən rəsmi – Təbrizli rəssamın sərgisindən reportaj

44 günlük müharibənin 4 aya çəkilən rəsmi – Təbrizli rəssamın sərgisindən reportaj
15 mart 2023
# 09:00

Kulis.az Ümid Nəccarinin təbrizli rəssam Əlirza Tupalın “Qarabağnamə” adlı sərgisindən hazırladığı reportajı təqdim edir.

İşdən xoş əhvalla çıxıb rəsm sərgisinə gedirəm. Sərgi üçün dəvəti alanda da çox xoş təsir etmişdi, çünki bu sərgi başqalarından çox fərq edir. “Qarabağnamə” adlı bir sərgi...

Bakıda güneyli bir rəssamın rəsm sərgisi mənə o qədər gözəl hiss bağışlayır ki, onu vəsf etməyə çətinlik çəkirəm. Ustad rəssam Əlirza Topal ilə bir neçə dəfə vatsap vasitəsi ilə görüntülü danışmışdıq. İkinci Qarabağ savaşında, 44 günlük müharibə boyunca bu yağlı boyanın haqqında mənə danışdı. Böyük sevinc və həyəcan hissi içində idi. “Rəsmi gətirib hörmətli Prezidentə təqdim edərik”- deyirdi.

Rəsmin çəkib bitirilməsi böyük tablo olmasından dolayı 44 günə yekunlaşmadı, düz dörd ay zaman apardı. Bitəndən sonra tablonun şəklini çəkib mənə göndərdi. İçində incəliklər, Türk dünyasından simvollar işlənilib və bunları bir kompozisiya halına gətirib. Bircə sözlə, müdhişanə!

Rəssam Bakıya gəlib çatanda qardaşı evində bir yerə toplaşdıq. Gözlərində sevinclə rəsmlərini göstərə-göstərə:

– Ümid, bilmirsən ki, bu tabloları nə müsibətinən gətirmişəm. Furudqahda (hava limanında) stressdən az qala öləcəkdim. Hamısını büküb, çərçivəsiz gətirmişəm, hələ bir neçəsi zədə alıb, yenidən düzəltməliyəm, bir də çərçivələrini burdan sifariş etməliyəm – dedi.

Qardaşı deyir, hava limanına çatanda gördük rəngi ağappaq olub, stressdən başağrısı tutub. Belə önəmli bir rəsm ki, bir millətin varlığını, zəfərini, şəhidlərini, fəxrini, folklorunu bir yerə toplayıb – “Təbrizin gül oğlu”ndan Bakıya töhfə ismarışı...

Vədə günü çatıb, sərgi Azərbaycan Rəssamlar İttifaqında keçirilir, böyük izdiham var. İnsanlar güneydən gələn rəssama yaxınlaşıb təbrik edirlər, ancaq rəssam çox danışan adam deyil, ünsiyyətə də çox rəğbət göstərmir. bəlkə, şəhərimizdə özünü qonaq kimi hiss edir, bəlkə də, onun iç dünyası belədir –düşünürəm.

Tədbiri Azərbaycan Respublikasının Xalq Rəssamı Fərhad Xəlilov açıq elan edir, möhtəşəm bir çıxışla bu sərginin önəmini iştirakçıların diqqətinə çatdırır:

“30 il bundan öncə bir güneyli rəssam bizə müraciət etmişdi, bax, həmin şəxsdən sonra Əlirza bəy buranı öz evi kimi düşünüb, gəlib. Yəni, qabaqcadan danışılmayıb, planlaşdırılmayıb, öz evi kimi bura gəlib. Bura sizin evinizdir! Təbrizə getsən də, bunu deyərsən ki, onların burda evi var. Ona görə də biz hamımız xoşbəxtik ki, bizim qardaşımız Bakıda sərgi açıb”.

Sərgidə Azərbaycanın Xalq Rəssamı Arif Hüseynov da iştirak edir. Həmişəki kimi dodağında gülüş, səmimiyyətlə təbrizli rəssamı təbrik edir. İzdihamın içində Azərbaycanın miniatür ustası Pəri xanım görünür. Rənglərin əfəndisi kimi qırmızı paltosu ilə göz oxşayır.

Sərgi açıq elan olunur və iştirakçılar böyük maraqla sərginin əsas zalına daxil olurlar.

Divarda böyük bir tablo var və ətrafında həmin tablonun izahlı tabloları. Kiçik tablolar əsas tablonu izah etməyə çalışır.

Tələsərək abloya tərəf addımlayıram. Rəsm təsəvvür etdiyimdən daha çox möhtəşəm görünür. Tablonun tən ortasında uca qaməti ilə Prezidentimiz, əlində BMT-nin qətnaməsidir, haqq davamızda Azərbaycan ordusuna hücum əmri verir, əli ilə irəli getməyə işarə edir, xalqımız yekdil olaraq dərədən, dağdan mənfur düşmənin üstünə şığıyır. Tablonun sağ tərəfində folklor musiqimizin nümayəndələri “cəngi” havasını səsləndirir və yuxarı hissəsində iki qala dayanır, eləcə ayaqüstə, eləcə yorulmaz

– Bəz Qalası və Qoşa Qala qapısı dumanlar içində. İgid əsgərlərimizin əllərində Babəkin qanı rəngdə olan qırmızı bayraq və Azərbaycan bayrağını qaldıraraq cəbhəyə tərəf atlarını çapırlar. Yuxarı hissədə Simurq quşu azadlıq nəğməmizi oxuyaraq bayrağımızı göy üzünün maviliyinə çəkir. Sol tərəfdə düşmənin əsgərləri məğlubcasına yalvarış ahəngi ilə qaçırlar və düşmənin başı üstündə iki bozqurd dayanıb, Türkün nəfəsini, qələbəsini düşmənlərin başına hayqırır.

Tablonun ən zərif və ən önəmli epizodu ki, hər bir izləyicinin gözünü nəvaziş edir – Şəhidlər Xiyabanı... Şəhidlərimiz Şəhidlər Xiyabanından ayağa qalxaraq ön cəbhədə vuruşurlar, sanki ruhları mənfur düşməni ana torpaqlarımızdan qovur, sanki elə onların ruhudur bizi zəfərə çatdıran, sanki tabloda hamı onların səsini eşidir, onlara tabedir hamı...

Göz yaşlarıma hakim ola bilmirəm, 44 günlük müharibəmizdə igid gənclərimizin tarixi savaşı gözlərimin önünə gəlir, analarımızın ağısı, ağlaması...

Rəssama yaxınlaşıram.

– Əlirza bəy, tablonuz haqqında danışardız, lütfən.

– Bax, Gəncədə uşaqlarımızın ölüm hadisəsi də bu tablo da var, simurq quşu həm də Azərbaycanın xəritəsini tabloda ifadə edir. Yaxşı baxsan, müharibənin keşməkeşini də bu tabloda görə bilərsən. Əsgərlərin səngərdən baş qaldırması, topun, atışmanın səsini duya bilərsən. Bax, mənfur düşmənlərin üzərində bir qaranlıq əl çəkmişəm, bu başqa ölkələrin əlidir, müharibədə məğlub olaraq qaçan düşmənləri geri qaytarmağa çalışır, onlara “qayıdın, niyə müharibədən qaçırsız?” deyir. Və əsas məsələ şəhidlərimizdir. Tabloda əsas qəhrəmanlar bizim şəhidlərimizdir, əsas zəfər onlarındır burada.

Bir iki addım geriyə addımlayıb, bir daha yenidən izləməyə cəhd edirəm. Pəri Miniatürlə üzləşirik.

– Pəri xanım, necə bir sərgidir, səncə? Rəsm haqqında nə düşünürsən?

– Bu işlərə baxanda, bir məsələni xatırladım. Biz uşaq olan zaman anamın çantasında həmişə “Heydərbabaya salam” poeması, Şəhriyarın kitabı olurdu. Mən həmişə uşaq ağlımla beynimdə xəyal qururdum ki, o tayda vəziyyət necədir. Məsələn, Naxçıvanda bizim kəndimizdən baxanda, Arazın o tayındakı kəndlər görünürdü, bayram günləri onların tonqallarını görürdük. İndi bu rəssamın əsərlərinə baxanda, təbiətin üzərində dəmiryolu kimi sıralanmış Şəhidlər Xiyabanının təsvirini gördüm, Xurşudbanu Natavanı bir qadın simvolu kimi gördüm bu tabloda, çox xoşuma gəldi. Çünki, bu müharibədə qadınlarımızın da böyük rolu olub, həm ön cəbhədə, həm də arxa cəbhədə. Çox xoşuma gəldi burada Şəhidlər Xiyabanının sıralanması... Həm də bu əsər xəyalən yaranıb, rəssam oturub Təbrizdə, bu tayı xəyal edir. Bizim aramızda 70 il sərhədin olmasına baxmayaraq, görünür ki, düşüncələrimiz də eynidir, yeməyimiz də, geyimlərimiz də, adətimiz də. Ona görə mənə çox təsir etdi ki, bu insan təxəyyül vasitəsi ilə bunu yaradıb. Çox gözəldir!

Tablodan bir neçə şəkil çəkirəm, incə detallarından. Qəfildən Bəxtiyar Vahabzadənin şeiri ağlımın ucundan keçir:


Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Sevinirəm yenə, Bakıya ayaq basdığım ilk gün kimi. Məni sevindirir belə şeylər, hansı ki, adı maddiyyat deyil, adı Bütövlükdür, adı bir xalqın xoşbəxtliyidir, adı azadlıqdır...

# 1906 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #