27-si gecə… - Bircə yazır

27-si gecə… - Bircə yazır
27 sentyabr 2021
# 10:27

Çox ağır karantin şərtləri olan isti bir yayı geridə qoymuşduq. Vərdişə bağlı yaşayırdı hamı. Cəbhənin ən qaynar yerində yaşayan qardaşımla həmişəki kimi üstüörtülü danışırıq.

- Kəndə o qədər qaranquş gəldi ki! Həmən anlayırdım, kəndimizə çoxlu silah-sursat gəlib.

Səhəri yenə:

- Kəpənəklər kəndimizdən uçub irəli təpələrə qondular.

Demək, əsgərlərimiz səngərlərini kənddən uzaqda qurublar.

Beləcə illərdir günümüzü göyəm eləyib yaşayırdıq.

Bir rəfiqəm vardı, korona onu da apardı, adını keçəl sağsağan qoymuşdum. Gündüz gəzərdi obanı, gecə ağrıyardı dabanı. Getdiyi yerlərdə qarnını doyurub, çayını saxlardı mənim yanıma.

Təzə dəmli, qaynar çaydan qurtumlayıb bir nəfəsə üyüdərdi:

- Bu gecə çoxlu texnika keçdi sərhədə, müharibə olacaq.

Təbii, sağsağanın dediklərinə fikir verməzdim.

Sentyabrın 20-dən sonra qardaşımın həyəcanı lap çoxaldı:

- Qaranquş, kəpənək çox zəifdirlər. Kaş timsahları, əjdahaları görəsən. Deyəsən, Qaf dağına uçacağıq.

- Biz otuz ildir toyuq olmuşuq, eşit inanma.

Dövlətimiz səfərbərlik də eləmişdi. Cavanlarımız geriyə baxmadan deyilən yerə götürülürdülər

25-i, günorta, qardaşım yenə məni yığdı:

- Başıma bir iş gəlsə, qızlarım sənin olsun, razısan?

- Qızların doğulandan mənim boynumda oturmadılarmı? Heç nə olası deyil, Aprel döyüşlərində də belə “tırınqılar”dan çox oxudun.

- Ağbirçəyimə bax eyyy!

Beləcə qardaşımla deyişə-deyişə günü batırırdıq.

26-sı günorta gələn zəngdən özüm də qorxmağa başladım.

- Uşaqları bir nabələd maşına qoyub yolladım, çıxın qabaqlarına.

- Niyə, nolub ki?

- Necə nolub, səhər tezdən müharibə başlayacaq.

- Gününü, saatını sənin bildiyin müharibə başlamaz, xəbərin olsun.

- Bu müharibə olmayacaq eyyy, bizim tutiyamız, təbərrükümüz, toyumuz-səadətimiz olacaq.

Gecənin qaranlığında oğlumla Nəvahi-Ələt yoluna qədər gedib uşaqları yad sürücüdən təhvil alırıq.

Bu otuz ildə belə gəlişlərdən, qaçışlardan, qarşılamalardan o qədər görmüşdük ki!..

İnsanlar gecənin qaranlığında işıq selinə qarışıb şəhərdə qaynaşırdı.

Telefonların bağrı yarılırdı.

Hələ ki, ancaq öz ətrafının tanıdığı azman Cəbrayıl atasına zəng eləyib deyirdi:

- Ata, kartıma otuz manat vur, çəkmələrim köhnədir, təlimə getməliyəm. Bizə gülməyi öyrədən Xudayar, özünə dumandan xeymə qururdu, sıldırımları yaracaq Rəşad, atasına:

- Qardaşımın oğluna Laçın adı qoyarsız, - deyə xahiş eləyirdi.

İgid Yüksəlim, sevdiyi qıza xəyallarını pıçıldayırdı:

- Səhər tezdən telefonuma zəng çatmasa, qorxma. Təlimdə olacam!

Cəmi bir həftə sevdiyinin gərdəyində qalan Yusif, səssizcə ayaqlarını geyinib gəlini oyatmadan deyilən yerə qaçırdı.

Həyatdakı yeganə təsəllisi iki oğlu olan ata balalarını dilə tuturdu:

- Heç olmasa biriniz gedin, biriniz qalıb bizim meyitimizə sahib çıxın.

Hardasa bir ana sabah döyüşə atılacaq oğlunun saçlarına xına yaxırdı.

Yurdumun hər evi, hər bucağı qazan kimi qaynayırdı. Nəyin necə olacağından hamımız xəbərsiz idik. Ölümü, qanı, qadanı heç birimiz istəməsək də, içimizdə gizli bir sevinc seli axırdı.

- Təki olsun, təki başlasın! Torpağa əmanət verilənlərimizin sümüyü çoxdan sürmə olmuşdu. Otuz il əmanət saxlayardı torpaq?!

Uzaqlarda iyli cəmdək bir donuz yeyib-içib qarnını sığallayırdı. Gülürdü, qəşş eləyirdi. Bilmirdi, Cəbrayıl gəlir, üzəcək şah damarını. Yallısıyla neçə insanımı qətl eləyən Paşinyan, iri dövlətlərin tribunalarından bizə gülürdü. "Kokeyşn büro" hələ Domokl olmamışdı. İllərdir xanimanımızı dağıdan, gen fondumuzu zədələyən, daşımızı daş üstə qoymayan köpək sürüsü öz obalarımızdan bizə baxıb "quyruq bəsləyirdilər".

Sərsəm Anna, bizim Xanımı öz Şuşamıza muğam dinləməyə çağırırdı. Hələlik çağırırdı...

Hələ olasılardan özümüz də xəbərdar deyildik...

27-si gecə çoxdan başlamışdı.

Ayağı o torpaqlara dəyməyən, özləri ağırlıqda məzəmmət yeyən, zirzəmilərdə böyüyən, zəhmətlə aldığı diplomunun bir loxma çörəyini yeyə bilməyən, cibi boş, ayağı yalın oğlanlar, qucaqlarına qoyulan silahları şaqqıldadırlar. Onunla rəftar qaydalarını öyrənirlər. Qarşı yatan qara dağlara baxırlar. Yarılacaq ilk cəbhənin yerini manşırlayırlar... Bir sözlə, Müqəddəs bir Şamı-Qəriban başlayır.

Dan yeri sökülüb, günəş anasının qoynundan çıxanda, qanlı Kərbəla müsibəti başlayacaq. Hələliksə sentyabrın 27-si gecəsidir...

Bizim gecəmizdir...

Mübarək gecəmizdir. Gedib dönməyənlərin, gül qoxulu Şəhidlərin gecəsidir.

Yurdun gecəsidir, Qalanın gecəsidir...

Hamı oyaqdır, hamı gözləyir, hamı dərbədərdir...

Umudumuzu doğulan səhərə, 27-yə bağlamışıq, hələ ki!..

# 3156 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #