100 manata ulduz falı yazırdım...

100 manata ulduz falı yazırdım...
15 avqust 2024
# 12:55


Kulis.az Həmid Piriyevin "Ulduz falı" adlı yeni yazısını təqdim edir.

Səhər işə gələndə Koroğlu stansiyasından metroya düşürdüm. Koroğlunu da bilirsiniz də, otuz iki deyilən, əslindəsə, qırxdan çox olan Bakı kəndlərinin iyirmisinin yolu burda birləşir (bu otuz iki, qırx məsələsinə başqa yazıda toxunarıq, imkan olsa).

Haşiyə çıxım ki, metrodan xoşum gəlmir, amma bu gün elektrik qatarını qaçırtdığım üçün avtobus və metro xidmətindən istifadə etməli oldum. Bilirəm, belə detallar yazının ədviyyatıdı, deməsəm, olmazdı.

Səhər metroya düşmək ayrı aləmdi. İstəyirsən, lap dayanan yerdə yat, camaat özü səni aparıb vaqona mindirəcək. Çox mehriban adamlardı. Girirlər qoluna, hörmət-izzətlə Üzeyir Hacıbəyovun “Üvertüra”sının rövnəqləndirdiyi stansiya boyu sürüyürlər səni. Hələ ayağını tapdalayanda üzr də istəyirlər.

Nəsə, bu gün də Romen Rollanın “Jan Kristof”undakı fikir axınını xatırladan insan selinin aralığında bir yerlərdə addım-addım qədəmləyib turniketə tərəf gedirdim. Qabağımdakı iki qızın söhbətini eşitdim.

Biri dedi ki, bu gün Nərimanla görüşə getməyəcəyəm. O biri soruşdu, niyə? Bu biri dedi, səhər ulduz falıma baxmışam, romantik ilişkilər üçün uğurlu gün deyil.

İstədim, qıza deyim ki, sən o Nərimanın nömrəsini ver mənə, ona iki kəlmə sözüm var. Deyəcəyəm ki, nə qədər vaxt var, qaç.

Yox, demədim. Nəyimə lazım? Nəriman bilsin, qız bilsin.

Amma bu fakt özlüyündə maraqlıdır: bu qızın timsalında nə qədər adam ulduz falına ciddi-ciddi inanır, həyatını buna görə nizamlayır.

Nə yadıma düşdü. Yəqin, yadınızdadır, keçən ilin axırıydı, haçandı, dedilər ki, on üçüncü bürcü tapıblar. Hələ tarixləri də paylaşmışdılar ki, bundan sonra bürclər bu tarixlərdə olacaq.

O vaxt Lənkəranda işləyirdim. Bizdə yaşlı kişi vardı, vəzifəsini yazmayım. Bir də hamımız həyətdə olanda soruşdu ki, mənim bürcüm filan idi, təzə cədvələ görə filan oldu, indi mənim xasiyyətim də dəyişəcək?

Əvvəl elə bildim zarafat edir. Soruşdum, filankəs müəllim, ciddisiniz? Dedi, əlbəttə, mən belə şeylərə inanıram. Özü də baxırsan, qıraqdan məntiqli adama oxşayır e. Deyilmiş...

Ulduz falı mənimçün zarafat mövzusu olub həmişə. Bir neçə il qabaq bir saytda işləyirdim. Baş redaktor bir astroloqla danışmışdı, o astroloq həftəlik ulduz fallarını göndərirdi bizə. Həftədə, deyəsən, 50 manat qonorar alırdı buna görə. Deyim ki, saytda ən çox oxunan xəbərlərdən idi ulduz falları. Bir neçə ay keçdi, baş redaktor daha astroloqa pul verməməyin dərdindən ulduz fallarını özü yazmağa başladı. Baxma da, ayda 200 manat da puldur, küçədən tapmırıq ki.

Etiraf edim, baş redaktorun başı qarışıq olanda bir neçə dəfə ulduz fallarını mən də yazmışam. Mən asana qaçırdım, tutaq ki, astroloqun üç ay qabaq buğa bürcü üçün yazdığını qoç üçün verirdim, dolça üçün yazdığını əkizlər üçün. Baş redaktor isə özü yazırdı. Baxma da, fərq olmalıdır. Mən adi işçiyəm, o baş redaktor. Axırda da 200 manatı bölürdük.

Deyim ki, maraq qətiyyən azalmadı. Oxunma sayı əvvəlki qədər olurdu elə.

Belə baxanda, ulduz falı yazmağa nə var ki? Gəlin sizə xarakteristika verim:

“Bəzən açıq, incə və sosial, bəzən qapalı, təmkinli və uzaqsınız. Başqalarına sirr verməyin doğru olmadığını düşünürsünüz. Dəyişiklik və müxtəlifliyi sevir, məhdudlaşdırmalarla qarşılaşmağı sevmirsiniz. Kənardan disiplinli və kontrollu görünsəniz də, daxilən narahatsınız. Xarakterinizin zəif tərəfləri olsa da, bunları kompensasiya etməyi bacarırsınız. Öz xeyrinizə istifadə etmədiyiniz böyük bir potensialınız var. Özünütənqidə meyillisiniz. Digər insanların sizdən xoşlanmalarına və sizə heyranlıq duymalarına ehtiyacınız var”.

On iki bürcün hamısı bunu üstünə götürəcək. Çünki hamı özünü aşağı-yuxarı belə hesab edir.

Ayrı-ayrı bürclər üçün yazmaqsa, lap asandır. Oğlaqçün yaz ki, bu gün xeyirli gündür; şirçün yaz ki, günün birinci yarısı ehtiyatlı ol, günortadan sonra şellən; balıqlarçün yaz ki, bu gün səni xoş xəbər gözləyir və s. Qoy hamı xoşbəxt olsun...

Amma vallah, ilin-günün bu vaxtında, zamanın bu dəmində, dünyanın bu qarmaqarışıq düzənində ulduz falına inanmaq, yüngül desək, sadəlövhlükdür. Ulduzların işi-gücü qurtarıb, oturub Həmidin taleyini fikirləşirlər elə. Onlar heç bilirlər Həmid hardadır, neyləyir? Toje mne...

Bu yazını yaza-yaza marağa bu gün üçün öz bürcümün proqnozuna baxdım.

Saytların birində yazıblar:

Oxatan Bürcü: Əziz Oxatan, bu gün mənəvi yüksəlişin çətinliklərdən gəldiyini dərk edirsiniz. Bəlkə də həyatınızdakı mühüm bir dəyişiklik üçün kimdənsə dəstək alacaqsınız. Siz indi daha cəsarətlisiniz və özünüz üçün irəliyə doğru addımlar atmağa hazırsınız. (“Əziz” sözü üçün ayrıca təşəkkürlər, öpürəm – H.P)

Başqa bir saytda deyilər:

Oxatan: Gün istədiyiniz kimi başlamaya bilər. Kiçik anlaşılmazlıqlar və məişət ixtilafları mümkündür. Ancaq çox tezliklə vəziyyət yaxşılığa doğru dəyişməyə başlayacaq. Sevdiklərinizlə harasa getmək və mühiti dəyişmək üçün yaxşı gündür.

Günün ikinci yarısında planlaşdırılmamış xərclər ehtimal olunur.

Ruslar isə yazır:

Oxatan: Sonra peşman olmaq istəmirsinizsə, tələsik qərarlar verməyin. Əvvəlcə hər şeyi yerli-yataqlı öyrənin və etibar etdiyiniz adamlarla məsləhətləşin. Yeni bilikləri mənimsəmək asan olmayacaq. Mümkün qədər ünsiyyətdən qaçın, çünki az tanıdığınız adamlarla əlaqə qurmaq çətin olacaq. Əgər tələsməsəniz və hər şeyə görə həyəcanlanmasanız, işlərinizi qaydaya sala biləcəksiniz.

Gecə gücünüzü bərpa etməlisiniz, ya özünüzlə tək qalmalı, ya da sevdiyiniz insanla vaxt keçirməlisiniz. Romantik abu-havada ürək söhbətləri etmək üçün münasib vaxtdır. (Tərcümə mənimdir.)

Fikirləşirəm ki, hansına inanım.

Bir də fikirləşirəm ki, gərək axşam işdən vaxtında çıxım, elektrik qatarına çatmasam, yenə qalacağam metronun ümidinə.

Gəlin, axırda günün ən düzgün ulduz falını mən yazım, bütün bürclər üçün keçərlidir:

Evdən çıxanda qalın geyinin, hava buludludur, bəlkə, yağış yağdı...

# 2006 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #