Sənə lazımdı qaranlığın işığı

Sənə lazımdı qaranlığın işığı
27 fevral 2013
# 08:00

On ikinci axşam

Bu hərflərlə səni oxumaq olar, yazmaq yox…

Yazsam, bir şey qalmaz yerdə.

Səndən sonra yaşamaq, yazmaq

olmur əskisi kimi…

Yazılanları pozmaq zamanı gəldi.

Bütün şeylərə təzə ad qoymalıyam indi,

dəyişməliyəm, fəsillərin yerini.

Günlərə verməliyəm təzə düzüm,

ölümünəsə ayrı bir yozum…

Bu xəbərə kədərlənənlərin çoxuna

inanmadığım kimi,

qınaya bilmirəm, sevinənləri də, dostum.

Adam birüzlü deyil,

bircə yol nəyəsə içdən sevinməlidi axı.

Heç kəsin əlindən almaq olmaz bu haqqı.

Əgər bu xəbər kimisə

xoşbəxt eləyirsə, qoy, eləsin.

Bəlkə də mənim kədərimdən

daha dərindi,

göz yaşlarımdan daha səmimidi

onların sevinci…

Bu anda, deməli, bütövsən,

bütün yasalardan yuxarısan, qəlbisən.

Hamının yadındasan, diqqətindəsən…

Dostlarının yalançı kədərində,

düşmənlərinin gerçək sevincindəsən.

Qaranlığın işığı

Elə şeylər var,

onlarsız da keçinmək olar.

Şeir yazmadan, mahnı oxumadan,

yaxşı adam olmadan da

yaşamaq mümkündü.

Gərək lap əvvəldən öyrəşdirməyəsən,

alışdırmayasan özünü.

Öyrəşdin, qurtardı,

qurtulmaq, geriyə qayıtmaq olmur.

Oynamalısan, axıracan, sonacan…

Odur, bu dəfə söndür işığı,

Qaranlıqla oyna

İşığa deyə bilmədiyini

qaranlığa pıçılda,

bəlkə çıxış tapıla…

Adam var, qaranlıqda tapır,

işıqda tapmadığını,

qaranlıqda açılır dili,

qaldırıb yerinə qoyur sözləri…

Əgər dilin açılmasa,

Sözlər yerinə düşməsə,

Deməli, nə işıq,

nə qaranlıq gərəkdi,

nə yuxarı, nə aşağı…

Sənə lazımdı qaranlığın işığı.

Fevral itkisi

Pillələr aparar, pillələr gətirər,

birini qaldırar, birini endirər.

Qapılar bağlanar, qapılar açılar,

qapını oyadar yuxudan açarlar…

Yol yola dolanar, yol yola calanar,

addımlar yox olar, yerində iz qalar.

Adamlar danışar, adamlar eşidər,

hər gecə bu şəhər bir ŞƏHƏR itirər…

Aysunun oxşamasına sözardı

Elədik qeybətlərin ə…ən gözəlini,

oynadıq oyunların ə…ən gözəlini.

Söydük söyüşlərin ə…ən gözəlini,

işlədik günahların ə…ən gözəlini…

İndi də gəl, ölək,

bölək, ÖLÜMLƏRİN ə…ən gözəlini.

# 3005 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #