Sevmək özündən böyük olmaqdır – Loğman yazır...

Loğman

Loğman

30 sentyabr 2022
# 11:14

Kulis.az Loğman Məmmədovun “Sevgi – ruhun ətridir...” yazısını təqdim edir.

Sevmək hər şeyi sevdirə bilməkdir – yeri, göyü, dağı, daşı, dumanı, yolları, səkidəki ağacları da.
Dünyanın hər yeri sənin sevgindən danışanda həyat əzizləşir.
Dünyanın hər üzü sevgi saxlancıdır, çünki dünyanın harasına baxırsan sevgini görürsən.
Sevmək – insanı dünyaya isinişdirmək, yovuşdurmaqdır, dünya ilə yadlığı aradan qaldırmaqdır...
Sevmək – bütün dünyanın yeni məna qazanmasıdır.
Sevmək – dünya ilə danışmaq, dünyanın üzünə baxışlarınla ürəyinin dərdlərini yazmaqdır.
Sevmək – bulud dilində göy üzünə çəkilməkdir.
Sevmək – daşla, ağacla da sədaqətli dost olmaqdır, sevdiyin ömrə hörülməkdir. O da bir cür səadətdir, bayramdır – hörülürsən ki, qayım qədim olasan.
Sevmək – acılardan da bayram düzəltmək mərasimidir.
Yollara daş kimi döşənməkdir, üstündən dünyanın gəlib keçməsidir – sevgi.
Ağaclar kimi cığırlara kölgə salmaqdır.
Dumanlı-çiskinli payız axşamlarında budaqların uclarından sallanan, qopub düşən, gövdə boyu ağacın kökünə doğru süzülüb axan damlaya dönməkdir - sevgi.
Bu da dumanın ağac sevgisidir, budaqlarla görüşən kimi "ağlayır".

Hərdən insan kimi sevməkdən insan kimi yorulursan.
Hərdən insan kimi sevmək yetmir.
İçində bir ağac kimi sevincə kiriyəcək yerlər göynəyir.
Hərdən ağac kimi, yarpaq kimi sevməyin, budaq kimi ağlamağın gəlir.
İnsan kimi sevməklə ağac kimi cücərmək olmur.
Amma ağac kimi sevib insan kimi yaşamaq olur.
Hərdən divar kimi, qənbər döşəməli yollar kimi sevməsən, olmur.
İnsan kimi sevmək azdır.
Ağac kimi sevmək sevgi dilidir, sevgini yarpaq dilində, çiçək dilində oxumaqdır.
Sevməsən, çiçəkləmək olmur.
Sevməsən, xəzəlləmək olmur.
Hardasa hamının içində bir böyük sevgi havası çalınır. Ona görə də sevəndə adamın hayqırmağı, fəryad qoparmağı, oxumağı gəlir...
Elə hamını kövrəldən də odur – sevginin səsi, çağırışıdır.

Sevmək – bulud kimi dolmaq, yağış kimi yağmaq, səpilməkdir.
Yağış torpağa hopan kimi kiməsə çəkilməkdir.
Sevmək – toxum kimi cücərməkdir.
Torpaq kimi cadar-cadar olmaqdır.
Dodaq kimi çatlamaqdır.
Sevmək – zillətdir, ilan kimi qabıqdan çıxmaqdır.
Kirpiyinlə od götürməkdir.
Günü göy əskiyə bükülməkdir.
İynə ilə gor qazmaqdır.
Çarmıxa çəkilməkdir, ölmək, yenidən dirilməkdir.
Yalnız bunca sevgi səadətdir.
Amma həm də külək kimi əsmək, külək kimi çəkilib getməkdir, yox olmaqdır.
Sevgi qasırğa kimi gəlir, şimşək kimi çaxır, hər şey bir an içində baş verir.
Düşünməyə, qərar çıxarmağa macalın olmur.
O bahar seli səni aparır.

Sevgi – azadlıqdır, bütün qayğılardan qurtulub ilahi mükafat almaqdır.
İlahi paya layiq olmaqdır.
İlahi payı göz üstündə saxlamaqdır.
Böyük eşqə təslim olmaqda, könüllü əsir düşməkdə bənzərsiz hürriyyət hökm sürür.
Sevgi – azadlıqdan şirin əsarətdir.

Sevmək – gecə və gündüz, qovuşmaq və ayrılıq kimi...
Bir-birini tamamlamaqdır, biri qurtaranda o birinin başlamasıdır, bir-birinin ardınca getməsidir.
Sevmək – sənin olmaq deyil, sən olmaqdır, mən olmaqdır, sənə tən olmaqdır, beləcə, kimdəsə itməkdir, kiməsə hopmaqdır, kiməsə gömülməkdir.
Kimdəsə yenidən bitməkdir.
Kimdənsə həyat kimi üzə çıxmaqdır.
Könlündə kimisə bitirməkdir.
Sevmək – sevdiyindən dünyaya boylanmaqdır.
Dünyanı, sevdiyini sevdiyin kimi sevməkdir.
Dünyaya sevgili gözü ilə baxmaqdır.
Dünyanı sevgililəşdirməkdir.
Sevdiyindən dünya qurmaqdır.
Sevmək – ölümsüzlüklə müjdələnməkdir.
Sevmək – ölümün ömürdən uzun əlçatmaz uzaqlığına inanmaqdır.
Aşiqin ölümü uzaqlığa qovuşmaqdır.

Sevmək – sənsən.
Sevdiyin – sənsən, amma sənin deyil.
Yağışlar buluddandır, amma buludun deyil.
Ağaclar torpaqdan boy verir, amma torpağın deyil.
Çiçəyin ətri çiçəkdən gəlir, amma çiçəyin deyil.
Günəşin işığı, hərarəti günəşdən gəlir, özgə ömürlərə düşür.
Sevgi də elədir, ürəkdə doğulur, amma başqasına həsr olunur.
Sevmək – torpaqlaşmaq, çiçəkləşmək, günəşləşməkdir həm də...

Sevmək özündən böyük olmaqdır.
Özündən böyük olana çatmaqdır.
Tapdığından doğulmaqdır.
Sevmək – hər gün yenilənməkdir.

Sevmək – birinə həsr olunmaqdır.
Birinin ömrünə yaz kimi gəlməkdir.
Bir sevgini bütün ömrə bölüb, paylamaqdır.
Ətrini ömrün hər anına yaymaqdır.
Üzünü bir üzə tutmaqdır.
Özünü bir üzdə görməkdir.
Özünü özgədə tapmaq doğmalığıdır.
Özünü özgədən sevməkdir.
Bir sevgini tutya kimi zərrə-zərrə, misqal-misqal yaşamaqdır.
Sevmək ikinin bir olmasıdır.
İkinin tamlığıdır, bitkinliyi, birliyidir – cəmi deyil.
Ləçəkdən çiçək düzələn kimidir.
Çiçəkdən çələng düzələn kimidir.
Yarı ilə kifayətlənməməkdir, yarımçıqla barışmamaqdır.
Ömrü sevgi ilə ölçməkdir – bir sevgilik ömür kimi...

Kim daha çox sevirsə, o daha çox itirir – özünü unudur.
Kim daha çox itirirsə, o daha çox qazanır – özündə əslini tapır.
İtirdikcə zəngin olmaqdır – sevgi.
Sevgi udmaq, uduzmaq tanımır.
Çünki qələbə sevinci də, məğlubiyyət acısı da eyni dərəcədə səadətdir.
Sevgi – vaxtı olmayan məmləkətdir.

Sevgi bir nağıldır – hər anı anında dərk olunmayan.
Gerçəyi ötən, realı aşan nağıl.
Sevmək – nağıldan gerçək düzəldib göyərçin kimi uçurtmaqdır.
Ömrün sonuna kimi ardınca baxmaqdan doymamaqdır – ömrün sonuna kimi qayıdıb əllərinə qonmasa da...
Sevmək – sirdir, sehrdir.
Uzaq bir məmləkətdə özü ilə gözlənilməz görüşdür.
İxtiyar yaşında gənclik yuxuları kimi...
Yağışdan sonrakı yarpaq sevinci kimi...
Nə qədər getsən də, altından keçə bilmədiyin göyqurşağı kimidir – həmişə səndən qabaqdadır, həmişə səndən ucadadır...

Sevmək – heyrətdir, qəlb gözünün açılmasıdır.
Gözün görmədiyini görməkdir.
İşıq üstündə yeriməkdir.
İbadətdir – ülvilik, müqəddəslik, ucalıq qarşısında könüllü təslimçilikdir.
İnsanın ucalığı sevgisinin aliliyidir.
Çünki insan sevdiyi qədərdir.
Sevgisi boydadır, sevgisi yaşdadır, sevgisi gözəllikdədir.
İnsanın ünvanı, kimliyidir sevgisi.
İnsanı təsdiq edən ən tutarlı sənəddir.
İnsan – sevgisinin uşağıdır.

Sevmək – içində çiçək bəsləməkdir, gül bəsləməkdir.
Özgə, yad dərdləri də bağrına basmaq, əzizləməkdir.
Kədəri də oxşamaqdır.
Qəmin də dibinə su tökməkdir.
Sevgidən ötrü harda ölsən, vətəndir...

Sevgi – ruhun ətridir.
Doyumluq deyil, doyumsuzluqdur.
Tamarzılıqdır – dünyanın bütün sevgilərinə.
Doydunsa, qurtardı.
Qurtardısa, sevgi deyilmiş...

# 2975 dəfə oxunub

Müəllifin son yazıları

# # #