Kulis.Az Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir
sübhün sübhundə
...mən özüm, özümdə itmişəm indi...
qəlbimdə dünyalar nə qədər sirli -
hər dünya içində neçə dünya var?
hansı dünyadayam indi? bilməm ki...
bir meşə içində, talada, bulaq başında
pöhrələyən bir kötük üstündə oturdum...
şaşqın...
ucundan tutmağa bir güman yoxdu...
ağaclarin ucundaki işiqlar dil açib indi
elə doğma gülümsəyir ki, göy üzü...
yer üzü yaddan çıxıb...
yer üzü bir köynək kimi çıxıb əynimdən...
...ən gözəl çiçəklərin ruhuna köklənib ruhum..
itməyim vecimə deyil bir zərrə...
gözlərimi yumduqca
qalxıram göylərin dərinliyinə....
...bir işıq yağışı yağır üstümə...
şimşəkdı, hər yanda təbəssüm uçur...
birdən, bir uca qatda yarılır göyün sinəsi...
qızılı işıqlar mələklər kimi...
açıq bənövşəyi şəfəqlər
bürüyür qızılı məlakələri...
şükür Allahım... bir qat da qalxdım yuxarı....
bir qat da... bir qatda.... bir qatda....
...bura haradır İlahi?...
ətrafda nə varsa dil açıb indi...
hər şeyin səsi var, ətri var, şəfəqləri var...
bu meh hardan əsir bu qədər doğma?...
...bədənim hardadır? bədənim yox ki....
indi göy üzünün bir parçasıyam...
bulud kimi, şəfəq kimi, səma kimi
qarışdım ətrafin sirri-sehrinə...
...ah!!!!!!!!! nə gözəl ağappaq işıq...
qaynayır çay kimi, fəvvarə kimi
göylərin daha da dərinliyində...
...mən özüm, özümdə itmişəm indi...
Məryəm
La İlahə İl Allah!
La İlahə İl Allah!
Dünyada Məryəm adlı
Bir sirrin var ey Allah!
Məkanlar içində məkanlar çoxdu
Sayı nə qədərdi? xəbərim yoxdu
Qaynayıb qarışan bu məkanların
Biri od içində, biri soyuqdu.
Günahsız bir qızın qəlbi çiçəkdi-
-Şaftalı çiçəyi, ləçək ləçəkdi...
Dualar içində, nur içindəydi
Nurdan doğulanlar nurdu, gerçəkdi...
Kainat insanın duyduğu deyil
Sayılan, insanın saydığı deyil
Allahın, dərgahın sirri çox böyük
Təkcə kitabların yaydığı deyil.
La Ilahə İl Allah!
La Ilahə İl Allah!
Dünyada Məryəm adlı
Bir sirrin var ey Allah!
Ahəng yolu
Allahın yoludur ahəngin yolu
ahəng - işarəsi uca Allahın...
qəlbndə Allahın sevgisi çoxsa
ahənglə açılar günün, sabahın...
ahəng yolçusu ol, ahəngdən özgə
hansı yollar varsa - nəhsə bulaşıq
ahəng yolçusuna yer, göy arxadır
başqa hər bir yolun sonu dolaşıq.
zərrə ümmanına yad ola bilər?
yad olsa başını bəlalar alar
ya tamama məhv olar, ya da ahəngin
ulu qüdrətiylə qalxar, sağalar.
əgər bir işində qırıqlıq varsa
gör, harda pozmusan ahəngi, necə?
dərin düşünəndə səbəb tapılır
ortada tellər var incədən incə...
biz bu kainatın kiçik zərrəsi
milyard illərdi ki, kainat süslü
eyni bir nizamda, eyni ahəngdə...
hər eşqdən doğulan, eşqə həvəsli.
tel, telə köklənsə, gülə köklənər
yayılar hər yana ilahi səda
bir eşqin yolunda, eşqə düşənlər
dözüb hər əzaba olarlar fəda.
sən ahəng yoluna düşəndə, ahəng
özü işıq kimi bürüyür səni...
ahəngdən sarpdınmı, dəli küləklər
tikənli çöllərdə sürüyür səni...
ahəngdən sarpdınmı, iblis qolundan
tutub, min tərəfə çəkəcək səni...
bəlkə də bəslədi nemət içində,
sonda dabanıyla əzəcək səni.
Allahın yoludur ahəngin yolu
ahəng - işarəsi uca Allahın...
qəlbndə Allahın sevgisi çoxsa
ahənglə açılar günün, sabahın...
yıxıldım ta...
yar sözümü yozdu yana
məni qoydu yana-yana
ürəyimdə qüvvə hanı?
belə ağrıya dayana...
yıxıldım ta, yoxdu heyim
mən dərdimi kimə deyim?
Allah, səndən ömrüm boyu
bu idimi istədiyim?
qırıldı, sındı ümidim,
hər parçası didim-didim
yer üzündə yerim yoxdu
yığışım mən, hara gedim?...
kimə?
illər boyu gözlərimi yumub
qəlbimdəki sonsuzluqda
bir kövrək bulud tək qalanda,
enəndə, qalxanda, ucalanda...
səmanın sirli yerlərindən
sorağını alanda....
nə qədər sevgi şeirləri yazdım...
sonra pıçıldadım... soruşdum özümdən:
- kimə yazdın bu şeiri, axı kimə?....
cavab tapılacaqmı,
sən hakim olduqca
könül mülkümə?....
yenə, yenə kəşf etdim səni
mən dünən yenidən kəşf etdim səni
diksindim sevginin böyüklüyünə...
o gözəl qəlbinin ilahi eşqə
ilahi sevdaya kökləndiyinə...
dünyaya hökm edən bir şahənşahın
qəlbinə hökm edər bir ürkək sevgi.
əlçatmaz qalanı bir anda alar
saflıqdan doğulan bir titrək sevgi.
qəlbinin işığı göstərdi mənə
üstümün – başımın toz torpağını.
özümü özümdən xilas etməyin
göylərdən gələn bir əmr olmağını.
əlində şamın işığı...
əlində şamın işığı...
göylərin dərin yerinin
sirri, sehri, yaraşığı...
ölürdüm, yoldan qaytardı
məni bu şamın işığı...
bilməm ki, o, şamın şöləsi
nədən bu qədər doğmadı?
yuxularda eşitdiyim
ilahi, sirli nəğmədi...
ah! bu şamın işığında
dünya nə qədər gözəldi?!
ruhlar dil açır, danışır,
qəlblər, surətdən əvvəldi...
əlində şamın işığı...
bax, məni nə hala saldı?
kökləndim ərşi-əlaya,
gözlərin and yerim oldu...
bir bax, qurtarır ömür...
mənə ən doğma qadın!
qəlbimdə odun, dilimdə adın...
nədən, nədən ömrümdə
üzükdə qaş olmadın?
eşq ağacı yaşıldı,
ha dolandıq başına...
hərəmiz bir tərəfdə
bələndik göz yaşına...
əl uzatdım əlinə,
əlimdən vurdu dünya...
istədim gül göndərim,
gülümdən vurdu dünya...
bir bax, qurtarır ömür...
rahatlıq tapmır ömür
vüsalın bir ilğımmı?
ha gedir, çatmır ömür...
…ayrı günlər olaydı,
günlər gülrəng olaydı...
ömrümüz bir-birinə
arxa, ahəng olaydı...
sındı əlimdəki piyalə...
bu da son...
sındı, səpələndi...
əlimdəki piyalə...
bir mələk qanadı sındırdı onu...
mənim də qanadlarım vardı...
yanıma düşdü...
sındı piyaləm...
hər parçasında əks olundu
qəlbimin telləri...
ömrüm dolaşdı
qəlbimin tellərində...
...Tanrım! peyğəmbərlərin
gəldi, gəldi yer üzünə, qurtardı...
insanların nə günə düşüb?
daha peyğəmbər ola bilmir onlardan...
şairlərin də qurtaracaqmı, Tanrım?
düşdü üzü üstə...mən şairin də...
qəlbində həsrət...
bir mələk, üzümə məhv etdi məni....
günah onda yoxdu, günah mənimdi...
niyə belə oldu əzəldən Tanrım?
mənim sevdalarım mənə qənimdi...
mən ayrı aləmdə, insanlar ayrı?
mən nə dedimsə də, duyan olmadı...
yozdular tamamən ayrı tərəfə
daha heç kimsəyə ümid qalmadı...
bunu doğru deyib, deyən o aqil...
ümidlər bitəndə ömür də bitir...
Allahim, gözəllər, hər haylar, küylər
ötən nəğməymiş
mənə dərgahının işıqlarından
ayrı sevda yetir,
bir ümid yetir...
sındı... səpələndi
əlimdəki piyalə...
nisgil
sən bu dünyadasan - duyuram bunu,
üfüqün rəngindən, çiçəklərin ətrindən,
küləklərin səsindən
bilirəm bunu...
sən bu dünyadasan, bilirəm bunu -
bəlkə qonşu binada, bəlkə qonşu küçədə,
bəlkə başqa şəhərdə, kənddə,
bəlkə başqa ölkədə...
hərəmizin öz dünyası, işi-gücü,
bir kövrək kədər içində, intizarda
bu dünyalıq arzuları...
bəlkə də üz-üzə gəlmişik
neçə dəfə?
bəlkə nəsə soruşmuşuq birbirimizdən,
bəlkə nəsə anlamışıq
gözlərimizdən.....
aramızda bir tül kimi axan tilsim
alıb bizim xöşbəxtliyi
əllərimizdən?
bu dünya uçdu daha, gecdi daha...
heç üzə çıxma daha, öyrəşdim nisgilinə
bax, qaldım hansı günə?
vurula bilmədim sənə,
vuruldum nisgilinə...
ruhumun ruhu!
ruhumun ruhu!..
rahat günlərin ürküb
bir-birinə qarışdısa
məndə görmə günahı...
artıq neçə gündür
məlakələr dolanır başımıza...
ulduzlarımız yan-yanadır
göy üzündə yəqin...
artıq neçə gündür
göy üzündən sənin ətrin gəlir...
əllərim əllərindən aralı,
amma qəlbim
qəlbinin başına dolanır,
nazını çəkir hər an...
mən bir xəyal dənizindəyəm
neçə gündür...
hər ləpəsindən dalğa-dalğa
baxışların boylanır,
boy buxunun boylanır...
əllərin əl eləyir...
nisgilin boylanır...
ruhumun ruhu!
dünya elə gözəlləşib ki...
kainatın gücü axır damarlarımdan...
dərdin doğması
burax məni öz dərdimlə…
qoy sinəmi paralasın…
mənim dərdim yerlik deyil…
qoy onu göylər ağlasın…
hər əzamdan qalxan ağrı,
axır-axır, sevdalanır
sevinclərim yonqar kimi
elə üst-üstə qalanır…
qoydun məni, çıxıb getdin,
bəlkə, dönüb tapammadın…
sən dərdimə gülmə nolar,
yadına düşəndə adım…
Allah! dərdin də doğması,
şirini-şəkəri varmış…
dərd əlindən də adamı
dərdin ağrısı alarmış…
ağaclar səndən danışdı...
dəniz kənarından gəlirəm indicə,
sevdiyin ağaclara baş çəkdim
bircə-bircə.
həsrətindən qəmgindilər bir az...
məni görcək sevindilər,
səni soruşdular hamısı,
səndən danışdılar.
...hər ağacın, sənli
film-film xatirələri var,
hər ağacın yanında qəlbimin
min-min
görünməyən yeri var.
hər ağacla, ayrılıqda
səndən danışmağın
qəribəliyi var.
biri güldürür adamı, biri kədərləndirir
birinin etdiyi eyham, qəlbimin
indiyədək dillənməyən
tellərini dindirir.
...təzəcə yarpaqlayan, təzəcə çiçəkləyən
bu ağacların ruhuna qarışır ruhum...
bu ağacların həsrətinə qarışır
kədər,
sevinc qarışıq ahım....
otağmın havasındakı gözəl…..
….mələkmisən?
üzünü görmədən, özünü duyuram...
nəfəsini, ətrini duymadan,
qəlbini, ruhunu duyuram.....
bu nə musiqidi? sənmi çalırsan?
ya sənin dünyanın, qəlbinin sədasıdı?
bu səninmi səsindi?
belə kövrək öxuyur qəlbimin nəğmələrini?
göylərin dərinində
yan-yanamı ulduzlarımız?
sevdalarını, ahını duyuram....
şəfəq-şəfəq dolmusan otağıma...
səni məlakə tək danışdırıb,
məlakə tək salamlayıram....
küləklər dolanır başına sənin
sən bu yer üzünü
ögey şəhər kimi gəzmə...
bu həm də sənin yer üzündü....
dolanıb qızılgüllərin, bulaqların başına
yan ötmə... bir bax...
nə sirli baxır onlar...
o baxışların dərinindəki tellər
dindirər
qəlbindəki telləri...
küləklər dolanır başına sənin..
soyuq yağışlar səndən danışır...
yer üzündə hər varlıq
bir-biriylə yarışır...
hansı məqamların yollarındasan?...
üz-gözünə təbəssüm
çiçək üstəki şehə
gün işığıtək yaraşır...
göy üzündən yağan şəfəqlər
köməyin olsun...
Feysbuq xəstəsi
(yarizarafat, yarıdan çoxsa ciddi)
Sən nurlu bir insan idin...
İndi, feysbuq xəstəsi –
Ömrünə bir lərzə salıb
Ölən vaxtının naləsi.
İblis kimi gülümsəyir,
Sənə işvə verən ekran,
Yer üzüylə aranızda
Tilsimli tor hörən ekran.
Qəlbindəki işıqları
Toza-torpağa bürüyür...
Bir bax! Səni qaranlıqdan
Qaranlığa sürüyür.
Unudulur necə iş-güc,
Saatlar, günlər ötüşür,
Gələcəyin özülləri
Laxlayıb boşluğa düşür.