Abi, haraya getdin?

Abi, haraya getdin?
28 fevral 2014
# 11:27

Bir neçə gün öncə danışmışdıq. Reyn çayının üzərindəki körpüdən keçirdim. Harada olduğumu söylədim, ikimiz də güldük. Sənin “Adlerdə bir körpü var” hekayəni və əski bir məhəbbətini xatırlamışdıq. Nə qədər də gənc ürəyin vardı, abiciyim!

Nə zaman Bakıya gəlsəm ilk arayıb soran sən olurdun! Hər gün aramasaydın rahatsız olurdum. Bunu bildiyin üçün hər gün arardın, qısa da olsa zarafatlaşır, gülüşürdük. Bəzən ikimiz birlikdə bir yerə dəvət edilirdik. Ərköyünlüyün tutar, ya gəlməz, ya da gəlib heç kimsəyə xəbər vermədən dəvətdən çıxar gedərdin. Üzülürdüm, amma sənə hirslənməzdim. Üzündəki o məsum ifadə, gözlərindəki səmimi gülüş bütün hirsimi alıb götürürdü.

Azərbaycanın Salyan bölgəsindəndin. Bəlkə də bu səbəblə böyük türkçü və turançı Əli Bəy Hüseynzadəyə özəl bir sevgin və sayqın vardı. İstanbuldaykən gedib onun övladlarını axtarıb tapmış, onlarla reportajlar aparmış, rəsmlərini çəkmişdin. Bu böyük bir qəzetçilik uğuru idi. Amma belə olaylara qiymət verən kimdi ki, abiciyim?

Yazar Azər Abdulla “Oğuz Eli” qəzeti üçün Əli Bəy Hüseynzadə haqqında bir yazı istəmişdi səndən. Sən həmin an mənə zəng vurmuş: “Mənim yerimə sən yaz!”- demişdin. Bunu bir əmr bilərək həmin o gün bir yazı yazmışdım. Yazını oxuduqdan sonra həm məktub yazmış, həm də zəng etmişdin. Bu söhbətin səninlə son söhbətimiz olacağını haradan biləydim, abiciyim? Sən aradığında, sən dur mən zəng vurum deyərdim, dinləməzdin. Yoxsuluq, amma konturumuz çoxdur deyərdin.

Abiciyim, ən son məktubunu mənə fevralın 21-də göndərmişsən. Qısa və şirin bir yazı...”Orhancığım, Nazim Hikmət demişkən: “Ben sana aşık olmaya devam ediyorum”, deyə yazmışdın! Həyat yoldaşımla birlikdə necə də sevinmiş və gülmüşdük.

Türk deyə qəlbinin necə çırpındığını məndən yaxşı kimsə biləmməzdi. Çünki bir araya gəldiyimizdə coşqu ilə türkü və türkçülüyü anladırdın. Sovetlər dönəmində kimsə türkü bilməzkən sən bilirdin. Bu səbəblə böyük bir həvəslə İstanbula getmiş, ömrünün altı ilini orada keçirmişdin. Amma böyük bir xəyal qırıqlığı və üzüntüylə geri dönmüşdün! Oradakı türklər səni tanımamışdılar, abiciyim. Oradakı türklər pullu, ətrafı və məqamı olan yalançı türkçüləri tanıyırdılar, sevgili Tofiq Abdin!

Sənin pulun da yoxdu, vəzifən də. Səni niyə tanısınlar ki... Amma yenə də orayla bağlı ən gözəl kitabı sən yazmışdın... “Ah İstanbul, İstanbul...” Bütün xəyallarını, ümidlərini, peşmançılıqlarını bu kitabda toplamışdın. İstanbulun kosmopolitliyi və vəfasızlığı haqqında yazılmış ən gözəl kitablardan biriydi.

Bu kitabdan İstanbulun xəbəri belə olmamışdı...Hətta Azərbaycanda belə “abi” deyincə ağıla gələn bir tək sən olurdun, amma oradakı türkçülər də səni anlamazdılar. Ortaq dil mövzusunda özünü öldürürdün. Nə zaman Türk dünyasında ortaq bir dil olsun, mövzusu gündəmə gəlsə həyəcanlanır, hətta əsəbiləşirdin. Çünki bunu dilə gətirənlərin səmimiyyətsizliklərini və yalanlarını ən yaxşı sən bilirdin. Amma səni dinləyən kimdi ki?

Son dönəmlər Türkiyədə, Azərbaycanda türklük adına durmadan qurultaylar, durmadan boş nitqlər, durmadan türk dünyası yalanları bir-birini taqib edirdi. Sən ağıla gəlmirdin! Hər kəs bir-birinə, tanıdığına, dostuna mükafatlar dağıdırdı. Sen ağıla gəlmirdin! Dərgilərdə yazarlar dostlarını, tanıdıqlarını göylərə qaldırırdı, sən ağıla gəlmirdin! Halbuki sən onların ciyərini bilirdin! Onların nə yalanlarla 22 ildir xəyali bir “Türk dünyası” yaratdıqlarının çox yaxşı fərqindəydin.

Ən son Aqil Abbasın bir yazısına cavab yazım üçün mənə məktub yazmışdın. Məktubunda belə yazırdın: “Qurdların çaqqal olduqlarını mən Aqil Abbasa nə qədər anlatdım, amma o, dinləmədi.”

Bütün könül zənginliyinə rəğmən yoxsul yaşadın. Bu xalq sənin kimi bir adama nə yazıq ki, rahat bir həyat sunammadı. Sən son dönəmin ən yaxşı qəzet yazarıydın, amma səni kimsə yada salammadı. Hər kəs bir-biriylə mükafat yarışına girərkən kimsənin Tofiq Abdin ağlına gəlmədi. Amma onlar da, mükafatları da hamısı yox olub gedəcək, abiciyim. Amma sənin yazıların, gazetçiliyin bir gün mutləq, amma mütləq gün üzünə çıxacaq və gerçək dəyərini tapacaqdır.

Səni tanıdıqdan sonra sənin demək olar ki, hər doğum günündə bir yazı yazmağa çalışdım. O yazılara indi baxdığımda gözlərimdən yaşlar süzülə-süzülə, niyə ona daha gözəl sözlər yazmadım deyə heyfsilənirəm, abiciğim. Amma həyat belədir iştə...

Hanı Yəhya Kamalın şeirində hey söylərdin ya... ”Səssizcə bir gəmi qalxar bir limandan...” Səssizcə yürüyüb getdin aramızdan.

Vəfat xəbərini aldığımda heç inanamadım. İnşallah yalandır, dedim. Amma nə yazıq ki, gerçəkmiş. Oğlun Mətinlə danışdım, başsağlığı dilədim. Sözlər boğazımda düyünləndi, danışammadım. Sanki sənin oğlunun səsindən, sənin atan Məhərrəm kişiyə yazılmış misralar töküldü:

Sənsiz bu illərə alışıram mən

Bu elə ən böyük günah deyilmi?

Sənsiz bu dünyada yaşayıram mən

Özümə günahkar oğul deyimmi?

2013-cü ilin altıncı ayında Bakıdaykən mənimlə Qalib Toğrulu evinə götürmüşdün. Orada o mütəvazi evində dəyərli yoldaşın Gülnaz xanım və qızın Günellə tanış olmuş, çay içmişdik. Nəvələrindən söz açılınca gözlərinin içi gülürdü. Sanki onlarla birlikdə yaşayırdın. Ailənə o qədər bağlıydın ki, işə gedincə ancaq evindən ayrılırdın. Nə zaman səni görmək istəsəm evinin önündəki kafedə görüşürdük. Bir daha o kafeyə gedib də orada çay içə biləcəmmi, bilmirəm. Çünki sənin oradakı xatirələrin, söhbətlərin hələ gözlərimin önündə və bütün bunları unutmam mümkün deyildir, abiciyim!

Atam vəfat etdiyində dəfələrcə aramışdın. Nə qədər diqqətli, nə qədər vəfalıydın sən! Harada bir Türkiyə, türk xəbəri görsən o an mənə xəbər verirdin. Hər yazımı oxuyar, dəyərləndirər, fikrini bildirərdin. Qəzetçilikdə mənim ustamdın sən!

Səni və səninlə bağlı xatirələrimi nə qədər yazsam yenə də bitəcək kimi deyil. Amma hər yadıma düşən xatirədə gözlərim dolur və yazmağa ara verirəm.

2006-cı ildə “Vektor” yayınları arasında “Əsrar Dədədən Orxan Arasadək” isimli bir kitabın çıxmışdı. O kitabda “Gözyaşı dənizi” isimli bir şeirim var. Yaxşısı budur duyğularımı o şeirdən bir bölüm anlatsın sənə...

Gözyaşı denizi karanlıkta nur

Geceler dalgalar vurur sahile..

Hıçkırık en güzel nağmeyi okur

Ve gözden dökülür yola kafile...

Rəbbim ruhunu şad etsin, mənim ürəyi gözəl, duyğulu, vəfadar abiciyim!

# 2017 dəfə oxunub

Müəllifin son yazıları

# # #