Bizi oyadan səslər

Bizi oyadan səslər
3 dekabr 2022
# 10:00

Kulis.az Orxan Adıgözəlin “Hey, oyan görək!” adlı yazısını təqdim edir.

“Till Human Voices Wake Us” (“İnsan səsləri bizi oyadana qədər”) filmi sehrli, sakit, bir az da tapmacalı təsirə malikdir. Avstraliyalı rejissor Michael Petronin 2020-ci ildə çəkdiyi “Messiah” serialı barədə internetdə bəzi məqalələr oxuya-oxuya gəlib onun filmoqrafiyasına baxanda “İnsan səsləri bizi oyadana qədər” bədii filminə də rast gəldim. Casus-triller janrında olan “Messiah” serialının ikinci sezonun çəkilişi və yayılmasını müəmmalı şəkildə ləğv edəndən sonra Netflixin bu barədə olan qərarının motivləri ilə bağlı marağım məni bulaq kimi daşan, isti atmosferə malik bir filmin üstünə gətirib çıxardı.

2002-ci ildə çəkilən filmin rejissor işi ilə bərabər, ssenarisi də Michael Petroniyə məxsusdur. Petroni yaratdığı kinoda elə həssas və məhrəm mövzuya toxunub ki, oxşar halla qarşılaşan izləyici o dəqiqə sehrlənir. İlk sevgi, ilk həyəcan – bunun dadını bilənlər həmin halı ən gözəl xatirə, nostalgik ehtirasın gətirdiyi vəziyyət kimi qiymətləndirir, keçmişin ilk məhrəm həyəcanın fikirlərinin mülayim mehini duyurlar. Buna görə “Bizi oyadan səslər” filmi çoxsaylı izləyicinin qəlbinə yol taparaq, orada özünə sadə də olsa bir taxt qura bilib.(Yazı boyu lakonik olsun deyə filmin adını “Bizi oyadan səslər” kimi qeyd edəcəyəm. İnşallah, Cənab Petroni inciməz)

Ürəklə qeyd etməliyəm ki, Petroni bu işi ilə qəlbimə şəfalı emosiyalar ötürdü. Ümumiyyətlə, o, bir çox izləyicinin qəlbinə yol tapmağı bacarır. Hər filmi unikallığı ilə bir-birindən seçilir. Bu çox aşkardır. Petroni incəliyini qorusa da, o, hələ ki, hayqırtı səviyyəsində gözə dəyən formada məxsusi rejissor “vizit-kartı” nümayiş etməyə meylli deyil. Ona görə onun yaradıcılığı çoxşaxəli və müxtəlifliklər mücəssiməsi kimi şəkillənib. “Bizi oyadan səslər”də də Petroni qəhrəmanlarının qayğı və çətinliklərini həyat yolunda olduqca səliqəli şəkildə göstərməyi bacarıb. Yəni həm süjetin atmosferi, həm də aktyorların əsrarəngiz oyunu qayğı və çətinliklərlə üzləşməni belə gözəl şəkildə göstərə bilərmiş.

Film bahalı sənət əsəri, zəhmətli əl işi kimi öz dəyərini zehinlərə ötürə bilir. Orada hansısa yolavermək nüansına rast gələ bilməzsən. Şəxsən mən rastlaşmadım. Filmin mənəvi dəyəri belə yüksək qiymətləndirilsə də, ona kommersiya kinosu demək olmur. Filmin büdcəsi barədə məlumata rast gəlmədim, ancaq dünya üzrə prokat hesabına cəmi 120601 dollar əldə olunub.

Hadisələr Avstraliyada cərəyan edir. Psixonalitik Sem Frenk atasının vəfatından sonra Melburn şəhərindən ata yurduna yola düşür. Dəfn mərasimindən bir müddət sonra illərdir tərk etdiyi doğma məkanda, o, gənc bir qadının özünü suya atıb intihar etmək istədiyini görür. Qadın özünü suya atsa da, xoşbəxtlikdən Sem onu xilas edə bilir. Özünə gələndən sonra qadın özü barədə heç nə xatırlamır. Nə adını, nə də intihar etməyə qədər olan hadisələri xatırlamayan qadının bu halını Sem onun keçmişi ilə əlaqələndirir. Keçmişi araşdırma bir çox şeyin üstünü açır. Ən əsası və qəribə olanı budur ki, bütün bu proses Semin öz həyatı ilə əlaqəlidir.

Filmdəki süjet iki hissəni əhatə edərək – keçmişə və bu günə işıq salır. İndiki dövr - heç nə xatırlamayan müəmmalı qadınla Semin qarşılaşmasını, reallığı ortaya qoyma coşqusunu, ikinci hissə isə - Semin yeniyetməliyə qədəm qoyduğu dövrdəki ilk sevgisini və orada baş verənləri nümayiş etdirir.

Keçmişlə, bu günün bir-biri ilə sirli əlaqəsi, iki dövr arasındakı paralellər özündə sevgi məfhumunun enerjisini saxlamaqdadır. Həmin enerji, hadisələrin kəndirinin bir-birinə möhkəm dolaşmış düyününün səbəbkarı olmaqla yanaşı, həm də xatirələrin oyanmasının açarı rolunu oynayır.

Sem özü elə 20 ildən çoxdur ki, qəlbini bağlayaraq, könül açarını çaya atmışdır. O çaya ki, orada çoxsaylı yatmış qəlblər mürgüləməkdədir. Qarşılaşdığı qadın da həmin çaya qəlbi ilə birgə özünü də atır. İndi həmin çayda birgə üzməyə məcbur qalmış bu iki insan, çətin səyahətə çıxırlar. Mürgülü xatirələr, bağlı könüllər çayındakı bu səyahət onları yenidən çayın dibinə aparmaqdadır. Dibə düşdükcə isə könüllər yenidən emosianal yuxu rejiminə keçir. Bütün hallarda ümid var. Hətta yuxulamış olsalar da bu səyahət davam edir və onlar səsi eşidəndən sonra mütləq oyanacaqlar.

Filmdə bir məqam var, orada Semin sevdiyin qızın atası belə bir cümlə işlədir: ağrıların varsa, demək ki, sümüklərin inkişaf edir, yəni böyüyürsən. Ruhun ağrıları da ora aiddir. Demək ki, qəlbin də böyüyür.

Böyümək, inkişaf etmək ağrılı prosesdir. Qəbulda olmaq üçün gərək vəziyyəti dərk edib, özünü və səni incidən şeyləri bağışlayasan. Bağışlayaraq, buraxasan. Buraxmadıqca, bağışlamadıqca o səni suyun dibinə çəkir və boğur. Xilas olmaq yolunu seçmək öz əlindədir. Sən sadəcə “oyan” deyən adamın səsinə reaksiya verməlisən. Bu oyanış səni sudan xilas edəcək və yeni nəfəs verəcək.

“Bizi oyadan səslər” filmi izləyiciyə şirin bir kədər də bəxş edir. Bu dadlı, ləzzətli olan ilk eşqin xatirələrini anmaq kimi bir şeydir. Onsuz da ilk sevgi çox vaxt daşa dəyir ya da tez əriyib gedir. Cırhacır istidə hardansa buz qırıntısı tapan adamın əlində buxarlanıb suya dönüşüb əldən çıxan maddə kimi ilk sevgi də çox vaxt tez əriyir. Ona görə film müəyyən xatirələri yenidən canlandıra, keçmişin ilk eşqinin kədərinin dadını könül dilinizə xırda təsirlə də olsa ötürə bilər.

Şirin kədərdən başqa film izləyicini inanmağa və ümid etməyə də təşviq edir. Siz inanır və gözəlliklərin miqyasının daha da artacağını xəyal edirsiniz. Bu poetik xəyal incə qəlbləri bədii nümunənin vasitəsi ilə daha şövqlü və isti etməyə başlayır. Belə olan halda sevginin nə qədər dəyərli, müqəddəs, inanmağın, arzulamağın isə vacibliyini yenidən dərk etmiş olursunuz.

Səslər mütləq sizi oyatmağa çalışacaq, ancaq onların çağırışını duymamış oyansanız sevginin və ümidin müdhiş enerjisini daha tez dadacaqsınız.

Sevgi ilə qalın!

# 1591 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #