Zemfira Əbdülsəmədova: “Bakılıların təbiətində sərtlik var” – Müsahibə

Zemfira Əbdülsəmədova, aktrisa

Zemfira Əbdülsəmədova, aktrisa

13 mart 2023
# 16:47

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova ilə müsahibəni təqdim edir.

- Zemfira xanım, özünüzü necə hiss edirsiniz?

- Oynadığım son 2 tamaşadan sonra özümü əla hiss edirəm. Bu günlərdə ölkədə teatrımızın baş rejissoru Mehriban Ələkbərzadənin hazırladığı “Kod adı: V.X.A” tamaşasından çox danışılır. Bu tamaşada mən də rol almışam. Çox çətin, amma gözəl bir iş ortaya qoyulub. Ona görə məmnunam.

- Bu əsəri xüsusiləşdirən nədir? Bütün aktyorlar, sənət aləmi, kimi dindirirsən “V.X.A” deyir.

- Mehriban xanım arvad sözünü bəyənmir, amma tarixidə sənədlərdə belə yazılıb. Vətən xaininin arvadı. Kod adı olaraq da V.X.A yazılırdı. Repressiya dövründə adına xain damğası vurulmuş kişilərin arvadlarının sürgün həyatından bəhs edən ağrı dolu bir əsərdir. Bu işə çox böyük kollektivlə başladıq. Biz alışmışıq 10-15 nəfərlə işləməyə. Bir tək Şekspirin əsərlərində obrazların sayı çox olurdu. Bu əsərdə 70-ə qədər aktyor iştirak edirdi və hamının üzərinə yük eyni qaydada düşürdü. Hamı əsas rolda idi. Ssenarisini Mehriban xanım özü yazıb. 70 nəfər masa arxasında məşq edəndə baxırdım gözüm qaralırdı. Belə qadınların sayı Azərbaycanda 26 min nəfər olub. Biz 37 qadının simasında bu taleləri canlandırdıq. Onların arasında tanınmış simalar da var, tanınmayanlar da, sadə insanlar da. Bu tamaşa Azərbaycanın teatr aləmində hadisə oldu. Martın 25 və 26-da tamaşa təkrar oynanılacaq. Dəhşətli dərəcədə ağır həyat hekayələrinin olduğu bir tamaşadır. 4 saat davam edən tamaşadan sonra biz tamaşaçıların getmədiyini, səhnə arxasına gəldiyini, dəqiqələrlə alqışladıqlarını görürdük. Çəkilən əziyyətə dəyərmiş.

- Sizi seriallarda çox görürük. Əslində bir aktyorun üzünün tanınmasında televiziya və filmlərin önəmi çoxdur. Bu mənada teatr yoxsa seriallar sizə daha əzizidir?

- Teatr. Teatr mənim evimdir, yuvamdır. Hara getsəm, qayıdıb, ora gələcəm. Seriallara maddi problemlərimizi həll etmək üçün çox üz tuturuq. Söz yox, serallar, filmlər lazımdır. Bəzən aktyorla rejissorun sözü tutmayanda rolu yarı yolda “öldürür”, iş yarımçıq qalır. Teatrda belə deyil. Rejissor yaxşı aktyorun nazını çəkməlidir, ona dözməlidir, bir az yola verməyi bacarmalıdır. Yaxşı aktyor tapmaq da asan deyil.

- Mənfi qadın obrazlarında çox oynayırsınız. Canlı ünsiyyət zamanı narın ruh halınız olduğunu gördüm.

- Özümü gizlətməyim var. Siz məndən duyğularımı çəkib ala bildiniz, söhbətə çox səmimi başladınız. Jurnalist var, adamı yorur, sorğu sualı istintaq kimi aparır. Hesab edirəm ki, insan şəxsi həyatını, duyğularını çox paylaşmamalıdır.

- Bir çox böyük aktyorlarımız olub ki, mənfi rollarına görə onlara nifrət edənlər olub. Bu mənada mənfi rollardan qaçdığınız olur?

- Xeyr. Baxır sən obrazı necə təqdim edəcəksən, o mənfi niyə mənfidir və sən son olaraq tamaşaçıya nə öyrədəcəksən. “Bir qadın” serialında mənim çəkildiyim qaynana obrazı bir ailənin qayınanasının xarakterinin dəyişməsinə səbəb oldu. Bu məni xoşbəxt etmişdi. Bir qaynana mənə müraciət etdi. Dedi “sizin rola baxdım, kənardan özümü gördüm”. Ona özünü görməyə kömək eləmişəm, səhvini anlayıb, onun səhvinə görə oğlunun ailəsi dağılacaqdı, amma indi hər şey yoluna düşüb. Qadın zalım deyildi, sadəcə oğlunu daha xoşbəxt görmək istəyirdi, gəlini incidirdi, bu oğlunu məyus edirdi. Mən oynadığım obrazla bir qadını haqlı-haqsız tərəfləri ilə göstərirdim. Mənim hamının qəddar qadın kimi gördüyü obrazım özüylə tək qalanda deyir: “İndi gedib uzanacam. Yastığı qucaqlayıb ağlayacam. Çox istəyirəm ki oğlum xoşbəxt olsun. Gəlinim dəqiqə başı küsüb ana evinə getməsin. Oğlum qürurunu sındırıb, onun dalınca düşməsin. Bunu istəyirəm. Gücüm yetmir, yalnız ağlamağı bacarıram”. Bu seriyadan sonra o ana anlamışdı ki, oğlunun həyatında yeganə problem o imiş. Mən bir missiyam varmış, onu yerinə yetirdim. Bu bizim qələbəmizdir. Yəni teatrın.

- Deyirlər aktyora eyni tipli rollar vermək rejissorun tənbəlliyidir. Sizə də həmişə sərt qadın obrazları tapşırılır. “Xanım ağa” obrazı üstünüzə biçilib sanki.

- Bakılıların təbiətində sərtlik var. Dəniz, qum, külək bizim üzümüzü sərtləşdirib. Mənim nənəm də, anam da sərt idilər. Sözü üzə sərt demək vardı. Balıq bürcüyəm. Bir az daha həssasam, kövrəyəm. Amma görüb götürdüklərimiz var. İllər keçdikcə biz böyüklərimizə bənzəyirik. Xatırlamıram ki, anam bizi bərkdən qucaqlasın, əzizləsin. 4 uşaq idik, işləyirdi. Övlad sevməyə vaxtları yox idi. Nənələrdən sevgi görmüşəm. Ana nənəmin yanında çox qalmışam. Ramana qalası ilə üz-üzə evimiz vardı. Nənəm o evdə nağıllar, tapmacalar öyrədirdi. Çox maraqlı uşaqlıq illərim keçib. Anam soyuq görünsə də, hər şeyimizlə maraqlanırdı. Mən anamın çox əziyyət çəkdiyini görürdüm, ona görə lap erkən yaşdan ona kömək etməyə başlamışdım. Onun ikinci əri olmuşdum. Canımda qalıb o işgüzarlıq. Aktyorun dəqiq iş saatı yoxdur. Nə zaman evə girər-çıxar bəlli olmaz. Məni bu yaşımda ayaqda saxlayan iş rejimimdir. İki gün evdə qalanda baxıram ki, o deyiləm. Teatr sevgisi məni çevik saxlayır.

- Bakıda doğulmuş qız, işləmək üçün Şəkiyə getdi. İlk iş yeriniz Şəki teatrı oldu. Ora sizi sevgi yoxsa təyinat apardı?


- Təyinat deyildi, sevgi idi. Sevgi idi. Şəki teatrı bir əyalət teatrı olaraq çox inkişaf etmişdi. Hüseynağa Atakişiyevlə tanışlıq xüsusi rol oynadı. Moskvaya, Kazana, İrəvana qastrollara gedirdik. Onun yetirmələri olan aktyorlar özlərini fərqli şəkildə göstərirdi. Hüseynağa az danışırdı, tamaşayla bağlı elə gözəl izah verirdi ki, biz rola hazır olurduq. O teatrı çox gözə bilirdi. Sanki vergi verilmişdi.


- Teatr ən qədim peşə növüdür. İlk missiyası maarifləndirmək yox, əyləndirmək və məzhəkə olub. Sizcə teatr dövrlə ayaqlaşa bilirmi? Bəzən deyirlər, zaman dövr texniki tərəqqi dövrüdür, teatra ehtiyac qalmayıb. Siz necə düşünürsünüz?


- Bir ölkədə teatr yoxdursa, onun mədəniyyəti yoxdur. Yeganə canlı sənətdir ki, insanın hisslərinə toxunur. İnsanlar arasında ünsiyyət azalıb. Teatrın ən coşqun dövrünü də görmüşəm, 1990-lardakı böhranı da, indiki intibahını da. Pandemiyadan sonra biz teatrlara marağın artdığını hiss edirik. İnsanlar ünsiyyət üçün darıxmışdı. Axın başlayıb və pandemiyadan sonra mən tamaşa zalını boş görməmişəm. Teatr təbliğ olunmalıdır, amma bu təbliğat yoxdur. Buna təəssüf edirəm. Aktyorların da işləməyə həvəsi artıb. Hər kəs teatrdan “beş əllə” yapışıb. Çox maraqlı repertuarımız var. Şekspirin, Puşkinin əsərlərini qoyuruq. Nicat Kazımovun müharibə mövzusunda “Balaca kişilər” tamaşasının məşqləri gedir. Əla əsərdir. Nicat Kazımovun “Oskar” tamaşası ən sevdiyim tamaşalardandır. Çox maraqlı süjet xətti var. Xəstəlik səbəbilə 10 gün ömrü qalmış bir uşağa onun baxıcısı gözəl anlar yaşada bilir. Ona bir günü 10 il kimi yaşamaq oyunu oynamağı təklif edir. Bir günə uşaqlığını, bir günə yeniyetməliyini, bir günə gəncliyini, bir günə qocalığını sığdıracaqsan. Bu uşaq 10 gün içində böyük bir insan ömrünün bütün sevincini, ağrısını hiss edir və sonda ölümü də dərk edə bilir. Tövsiyə edirəm, gəlib baxasınız.

“Kod adı V.X.A” nı qeyd etdim ən başda. Bu tamaşaya mütləq gəlin. Tamaşa boyu izləyici nəfəs almağı belə unudur. Bayıl həbsxanasından tutmuş qatarda getdikləri dəhşətli yol, Qazaxıstan çöllərindəki əziyyət, çəkdikləri min bir zülm göstərilir. Bu tamaşa fiziki hərəkət, güc də tələb edirdi. Ümidlə sürgün illərinin sonunu gözləyən bu qadınların çoxunu geridə gözləyən yox idi. Güllü Camalbəyova rolunu oynayırdım. Əksinqilabçı Camalbəyovun arvadını. Qəhrəmanım 9 il sürgün həyatı yaşamalıdır və bu illər içində sinəsində bir məktub gəzdirir, o məktubu göndərməyə imkan tapmayıb. Evə gəlir və evdə onu heç kim gözləmir. Əhməd Cavadın arvadı Şükriyyəni nəzarətçilər zorlamasınlar deyə hər gün üstünə sidik tökür, ac qalmasın deyə barmağını deşib qanını əmir. Bir sözlə əla tamaşadır. Bu tamaşadan sonra biz aktyorlar bir - birimizdən bərk yapışmağı bacardıq. Sanki həqiqətən sürgündəydik, bir birimizə elə kömək edirdik. Nə yaxşı ki bu tamaşa oldu. Bizi bir-birimizi sevdik, hörmətimiz artdı. Buna görə Mehriban xanıma minnətdaram. Hər bir aktyor özünü göstərməyi bacardı.


- Sizin bir də monotamaşanız var. Monotamaşa özlüyündə çətindir, üstəlik şəhid anasını oynamaq ağrılı olmalıydı…


- Gənc yazar Ülviyyə Heydərova mənə “İnanıram” adlı tamaşasını verdi ki, oxuyum. Bundan öncə “Köhnə çamadanlar”da şəhid anasını oynamışdım. “İnanıram” pyesini oxudum, məni tutdu. Şəhid anası obrazıydı. Canımı üşütmə, vahimə aldı (gözləri dolur). Bu dəhşətli bir duyğudur. Bu rolu oynamaq olmur, sadəcə onu yaşayırdım. Tamaşadan sonra məndən soruşmuşdular ki, sən yaxın adamını şəhid vermisən? O qədər içdən hiss etmişdim. Allah şəhid analarına səbr versin, qarşılarında baş əyirəm. Bu mənim borcum, hesabatım idi. Bu tamaşa festivalda yer tutdu, məni “ən yaxşı aktrisa” nominasiyasında qalib elədi. Monotamaşa aktyorun özünü göstərə bilməsi üçün meydan verir. Səhnədə tək oynamalısan. Bunu hər aktyor bacarmır. Həm də riskdir. Hər dəfə bu tamaşa qoyulanda tamaşaçı reaksiyalarından hiss edirəm ki, işimiz alınıb. Amma altını da çəkdim. Ömrümdən apardı, hətta xəstələndim. Amma təəssüflənmirəm.


- Bu qədər hissiyatlı, duyğusal insansınız. Dramatik tamaşalardan sonra evdə halınız necə olur?


- Çalışıram evə daşımayım, amma olmur. “Kod adı V.X.A”- dan sonra 2 gün yatmadım. Ruh halımı ətrafdakılara yansıtmaq istəmirəm.


- Entoni Hopkins özü ingilis ola – ola deyir ki, Şekspir zamanı keçib.


- Şekspir söz deyə bilir, pafossuz da oynaya bilərsən. Bu baxır sənin yanaşmana. Gözəl söz gözəl, danışıq imkanı verir aktyora. Məişət səviyyəsindən yuxarı qaldırır. Onun əsərlərinin süjet xəttini təşkil edən qısqanclıq, sevgi, paxıllıq, fəlsəfə həmişə olub və olacaq. Gəncliyimdə Cülyettanı oynamışam və pafos olmadan.


- Necə bir rol oynamaq arzusu qalıb?


- Mama Kurajı istəyirəm oynayam. Müharibə mövzusudur. Övladları, mənliyi, heysiyyatı, torpağı əlindən alınmış qadın yaşamaq və yaşatmaq üçün nələr edir? Bunu göstərir. Aktyor üçün oynamağa güclü material var.

- Müasir dramaturqlardan kimin dili daha rahatdır?


- İlqar Fəhminin dili gözəldir, hekayəni gözəl dillə təqdim eləməyi bacarır.


- Aktyor ömrü nədir soruşsam nə cavab verərdiniz?


- Aktyorun içi doludur. Aktyor küskündür , keşməkeşlidir, dərdlidir, ağrılıdır, bədbindir. Başqalarının duyğularını yaşaya - yaşaya o ağrıları hiss edir. Aktyorların çoxu gənc ölürlər. Əsasən də dram aktyorları. Onlara həyatda çətin olur. Mənən zəngin olmayan adam yaxşı aktyor ola bilmir. Mənən zəngin olan insan üçünsə həyat asan keçmir.


- Siz xoşbəxtsiniz?


- Xoşbəxt anlar olur. Ümumilikdə götürəndə, bəli.

# 6910 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #