Bitmiş müharibənin ölməz qəhrəmanları - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

9 noyabr 2021
# 11:05

Kulis.az Vüsal Bağırlının "Bitmiş müharibənin ölməz qəhrəmanları" adlı yazısını təqdim edir.

Yumşaq təbiətli bu həlim insan,
Deyərdin, quşa da daş ata bilməz.
Ancaq...Top ardına keçdiyi zaman
O yalnız əsgərdir,
Ölməz, yenilməz!

(Bəxtiyar Vahabzadənin "Dörd yüz on altı” poemasından)

Müharibələr qurtarır. Lakin yaralar qalır.
Onların bəziləri tez və tədricən, bəziləri nisbətən gec sağalır, bəziləri isə ümumiyyətlə qaysaq bağlamır, bitişmir, sağalmır.
Daim sızıldayır, ağrı, əzab verir. Sonsuzadək incidir.
Ölənlər ölür, sağ qalanlar isə bu acılarla barışmağa, yaşamağa, ağır yükü, iztirabı içlərində daşımağa məcbur qalırlar.
İstəsək, istəməsək belə…

***

Kəşfiyyat ən çətin, ən təhlükəli işdir, peşədir, xidmət formasıdır.
Necə olmalıdır, nəyi bacarmalıdır peşəkar kəşfiyyatçı?
Demək olar hər şeyi. Universal olmağı, bir neçə dil bilməyi. Gizlənməyi, kamuflyajı, düşmən arxasına səssiz və görünməz adlamağı, bir neçə əlbəyaxa döyüş növünü, günlərlə susuz, aylarla ac qalmağı, işgəncə qarşılığında sirri ələ verməməyi. Kəşfiyyatçı həmişə, müharibədə, döyüş zamanı da ayıq-sayıqdır, sülh, əmin-amanlıq dövründə də.
O da bir kəşfiyyatçı idi. Peşəkar, öz işinin ustası. Düşmənin dislokasiyası, silahları, qoşunların növləri və say tərkibi, bir də ən əsası, planları və niyyətləri barədə məlumatlar toplayırdı. Minalanmış ərazilərdən keçir, gözəgörünməz olub, düşmənin müşahidə postlarını arxada qoyur, snayper nişangahından yayınırdı.
Torpağa uzananda torpaq rəngi alırdı, ağaca sığınıb yarpaq olurdu. Bəzən havaya dönürdü. Şəffaf, yüngül və görünməz. Bəzən dumana çevrilirdi. Külək onu götürüb, çöllərə, tarlalara yayırdı. Bəzən, səssiz, lal axan su kimi dağlardan, dərələrdən keçər, sıldırımlardan tökülərdi.
Məşhur filmdə deyildiyi kimi, “gecələr yatmayır, gündüzlər dincəlməyirdi”.

***
Həmin məşum gün, noyabrın beşi səhər erkən yuxudan oyanıb votsapa baxarkən, nəzərlərim dostum Vüqarın göndərdiyi mesaja sataşdı.
Birdən hisslərim, duyğularım, fikirlərim bir-birinə qarışdı. Sanki göydə ildırım çaxdı, məni durduğum yerdə elektrik cərəyanı vurdu. Sanki əlimə-qoluma daş bağlayıb məni dərin suya atdılar. Birbaş həyatın dibinə çökdüm. Əlim-qolum keyidi. Bir anlıq nə etdiyimi, nə düşündüyümü bilmədim.
Mexaniki vərdişlərlə, instinktlərlə, kor-koranə idarə olunan hərəkətlərlə əl üzümü yudum, taraş etdim, paltarımı dəyişib evdən çıxdım.
Özüm-özümü tanımırdım, elə bil, robot olmuşdum. Elə bil, məni beynim, əzələ, vətər və sinirlərim deyil, başqa, özümə aid olmayan yad bir şey idarə edirdi. Xəbərin qəbuledilməz dəhşətini, acı reallığını qəbul edə bilmirdim, qavramırdım, onunla heç bir vəchlə barışmaq istəmirdi.

Düz ora, İkinci Fəxri Xiyabana çatana, ard-arda düzülmüş müxtəlif qəbir daşları fonunda, hərbi orkestrin ağır matəm marşını dinləyənə, onun şəklini, qəbirüstü yazısını görənə qədər bu cür oldum, inanmadım baş verənlərə.
İnana bilmirdim.

Lakin orada, soyuq, bum-buz başdaşı üzərinə həkk olunmuş hərbçi formalı fotoşəkil altındakı "polkovnik-leytenant Ruslan Tağıyev” yazısı, dərddən diz çökmüş zavallı ananın taqətsiz silueti, həyat yoldaşı yaxud, bacısı olduğu güman etdiyim qara libaslı gənc qadının ürəkparçalayan naləsi kor şübhənin, inamsızlığın kövrək sərhədlərini, iti bıçaq kimi ürəyə saplanan acı həqiqətə çevirirdi.

***
Ayrı-ayrı sahələrdə çalışsaq da, bəzən Ruslanla yollarımız kəsişirdi. Mənim ona tez-tez işim düşürdü. Köməyi lazım olurdu. Hər dəfə də cani dildən əsirgəmirdi.
Özü də lap həmin ana qədər, Vatsapda da vaxtaşırı yazışırdıq onunla. Hamımızın dil əzbərinə çevrilən "vaxt, imkan yoxdur bəhanəsi" ilə son vaxtlar demək olar, az-az görüşsək də, tez-tez bir-birimizlə telefonda salamlaşır, ən azından, hal-əhval tutur, nə var, nə yox edirdik.

Mən cəbhə ilə bağlı sualları yağış kimi yağdırır, o isə, dəqiq cavablardan təcrübəli zabit çevikliyi ilə mümkün qədər yayınmağa çalışır, ümumi sözlərlə məni ovundururdu.
Yəni, narahat olma, hər şey yaxşıdır, lap yaxşı olacaq, qızğın, şiddətli döyüşlər gedir, qələbə bizimlədir və sair…

Sonra, o, qəflətən susdu. Cavablar tamam kəsildi. Daha heç nə yazmadı. Böyük ehtimalla, düşmən arxasına kəşfiyyata göndərilmişdi, yaxud da, hansısa vacib döyüş tapşırığını yerinə yetirirdi, amma bilirdim, əmin idim ki, artıq ön cəbhədədir, savaşın, döyüşün episentrindədir.

***
İndi, bütün olub-keçənlərdən, yaşananlardan sonra, onun telefonumun ünvan kitabçasına həkk olunmuş adına tamaşa edirəm. Məni anlaşılmaz hisslər bürüyür. Adama qəribə gəlir ki, daha bu nömrənin sahibi həyatda mövcud deyildir. O, yoxdur, başqa dünyaya, bizim anlamadığımız başqa bir zamana, başqa məkan formatına köçmüşdür.
Qəbirüstü fotoşəkilinə baxıram, həmişə ünsiyyətdə olduğum, o, mehriban, gülərüz insan. Çöhrəsini beynimdə canlandırmağa çalışıram.
İşıqlı sima, xəfif təbəssüm, mülayim rəftar, doğma üz cizgiləri, mimika.
Amma inanmaq olmur.
İnanmaq olmur ki, belə xoş, işıqlı simanın, gülümsəyərkən qıyılan gözlərin arxasında, bir vaxtlar zabitəli əsgər nizam-intizamı, sərt hərbçi həyatı, inadkar döyüşçü, cəsur kəşfiyyatçı iradəsi gizlənibmiş.
Qəbrin ətrafına toplaşmış hərbçi və mülki geyimli insanlara, tutqun, qaşqabaqlı, bikef siluetlərə, tanıdığım, tanımadığım simalara, bütün izdihama baxıram.
Dostları, yoldaşları, yaxınları hamısı buradadır. Hamısı xətrini çox istəyirdi.
Söz tapmaq, fikirləri, itkinin əzabını dəqiq-dolğun ifadə etmək mümkün deyil. Yalnız, sadə, ünsiyyətə rahat bir insanın, həmişə onu elə uşaqlıqdan tanıyırmışsan sayaq, obrazı, təəssüratı qalır içimizdə.

Yalnız, “heyf Ruslan, heyf səndən” deyib, çarəsizcə çiyin çəkməkdən, təəssüflənməkdən savayı gücümüz, taqətimiz heç nəyə çatmır.
Buna görə bizi bağışla və qəbrində rahat uyu igidim, rahat yat əsgərim. Sən qələbəyə sayılı günlər qala gözlərini əbədi yumdun.
Sənin simanda Vətən müharibəsində ən yaxşı, ən dəyərli insanlarımızı itirdik. Onların yerini isə heç vaxt, heç zaman doldura bilməyəcəyik.
Qarabağımız işğaldan azad olundu. Canını fəda etdiyin Şuşa alındı. Ən əsası qisasın yerdə qalmadı.
Fəqət xatirən qəlbimizdə əbədidir.

# 5128 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #