Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?
12 oktyabr 2026
# 13:00

Kulis.az Emil Əskərovun "Qar çiçəyi haqqında elegiya" yazısını təqdim edir.

Zaman boğucu bir sükutun içində donub… Volqanın soyuq suları vicdanın ləpələrini döyəcləyir…

Görünməz zəncirlərin qırıldığı an.

Kalinovun rahat, amma boğucu zülmətində yaşamaq və ya ölmək...

Olmaq və ya olmamaq...

Olum və ya ölüm...

Sevmək, bir daha sevmək....

Həqiqi sevgi varsa. Heç nə günah deyil, ayıb deyil, yanlış deyil...

Bitmiş sevgi xəyanət kimi boy göstərir, aktuallaşır, labüdləşir...

V Şəki Beynəlxalq Teatr Festivalında Nartay Bekejanov adına Qızılorda Vilayət Qazax Akademik Musiqili Dram Teatrının (Qazaxıstan) təqdimatında “Tufan”a baxırıq.

***

Tufan ruhumuzun dərinliklərində susdurduğumuz vicdanın qulaq batıran çığırtısıdır...deyilməmiş cümlələr...yaşanmamış hislər...bu mürəkkəb mənəvi qatışığın ən səlis ifadəsi məhz çığırtıdır. Səni sənin əhatə edən obyektiv aləm sənin içinə, varolmana tamamilə əks vektorlarda qurulur...arzu və reallığın radikal əksliyi ruhunda dərin yarıqlar əmələ gətirir...və sən zamanı da, məkanı da, insanları da o yarıqların ağrısından çözməyə, yozmağa , yaşamağa başlayırsan! Sevgi isə həmişə ən sürətli qopmaq, təcrid olunmaq vasitəsidir...sevgi şəhvətin metafizik metaformozasıdır...cəmiyyətin mənəviyyat koordinantlarından kənarda realizə olunmuş şəhvət isə həmişə fəci günah fenomenini aktuallaşdırır. Sual budur, bu! Qəhrəman varolmasının ekspressiv özünüifadəsinimi reallaşdırmalı, yain ki cəmiyyətin mənəvi-psixoloji diqtələr sistemindəki pazl dənəciyi kimi yaşamalı? O öz mikrokosmosundakı dərin böhrandan, ekzistensial yarğandan qaçmaq üçün kimə, nəyə, necə pənah gətirməli?

Səhnədə tufan qəhrəmanın məkana münasibətdə içinə düşdüyü mənəvi heçliyin metaforik səs-obrazıdır. Tufan üzləşmədir, tufan fərqindəlikdir, tufan ölçü-biçisiz saf enerjidir...hər kəs içinin tufanını Katerinada görür...görməzdən gəlir...buna görə o, ölməlidir...kosmik düzənin anti-elementi kimi edam səhbasına çıxarılmalıdır...o, ölməlidir...öz ehtirasından asılıb qalmalıdır...öz içində boğulmalıdır...Volqa isə axıb gedən, yuyub aparan, ağuşuna alıb susduran, sonra yenə heç nə olmamış kimi sakitcə axan varlığın özüdür.

YUXU, yoxsa REALLIQ?..

Kalinov şəhəri – xəyali mənəvi təcridxanadır. Zamanın təşnəsində sıxılıb qalan bu məkan məişət çərçivəsindən çıxaraq SÜRREAL hesabat meydanına çevrilir.

İnsan öz daxili azadlığını və həqiqətini qorumaq üçün cəmiyyətin repressiv mexanizmlərinə qarşı nə qədər müqavimət göstərə bilər?

Bu əsər daxili azadlığına qovuşmaq üçün çabalayan insanın mübarizəsi haqqındadır.

Bu əsər "ənənə" və "əxlaq" pərdəsi arxasında insanlara təzyiq edən sərt qaydaların çökməsini göstərir.

Bu əsər sevgisini cəmiyyətin qadağalarına qurban verməyən Katerinanın mənəvi cəsarətindən bəhs edir.

Bu əsər insanın gözünün açılması və öz vicdanının acı həqiqəti ilə üz-üzə gəlməsi haqqındadır.

Bu əsər cəmiyyətin sərt qadağalarına rəğmən daxili azadlığı və sevgisi uğrunda mübarizə aparan, sonda isə öz vicdanı və acı həqiqətlə üzləşən Katerinanın hekayəsidir.

***

Pyesin və tamaşanın janr strukturunda sevgi, baş qəhrəman Katerinanın daxili statikasını pozan yeganə dinamik qüvvədir. Kalinov şəhərinin qaranlıq, boğucu mühitində Katerinanın Borisə qarşı oyanan duyğuları melodramatik bir ehtiras olmaqdan çıxıb, onun psixoloji olaraq bu mühiti rədd etməsinin ilk ciddi siqnalıdır.

Səhnədə bu sevgi Tixonun təmsil etdiyi qorxaq, iradəsiz məişət monotonluğuna qarşı bədii bir kontrast kimi işlənir.

Tamaşada xəyanət mövzusu əxlaqi-məişət çərçivəsindən çıxarılaraq daha geniş sosial-dramatik müstəviyə keçirilir. Katerinanın addımı qanuni nikaha xəyanət kimi görünsə də...bu doqmatik buxovlardan xilas və hisslərin azadlığı idi.

Toplum Katerinanın səmimi və təmiz duyğularını "xəyanət" damğası ilə qurbanlıq taxtasına çıxarır.

Boris Katerinanın emosional daxili dünyasını oyatsa da, mühitin basqısı qarşısında məsuliyyətdən qaçır, qəhrəmanı fəlakətin ağuşunda tək qoyur.

Tixon anası Kabanixanın mənəvi terroruna göz yummaqla öz ailəsinə və insanlığına xəyanət edir.

***

Aleksey Ostrovskinin "Tufan" pyesi əsasında rejissor Dina Jumabayevanın səhnələşdirdiyi tamaşa mənəvi tənəzzül, insan azadlığı və vicdan məsələlərini diqqət mərkəzinə çəkir.

Hadisələr Kalinov şəhərinin boğucu mühitində cərəyan edir. Bu şəhər insanın daxili məhdudiyyətlərini və cəmiyyətin təzyiqini simvolizə edir. Qaranlıq və qadağalarla dolu mühitdə baş qəhrəman Katerina saxta dəyərlərə və insanı boğan qaydalara qarşı çıxaraq ruhi azadlığa can atır. Tamaşadakı tufan obrazı təbiət hadisəsi deyil, insanın dərinliklərində boğulmuş vicdanın və etirazın fəryadıdır.

Səhnə əsərində rus klassikasına fərqli və cəsarətli bir baxış təqdim olunur.

Ostrovskinin mətninə türk dünyasının mentalitetinə xas elementlərin, ritualların və geyim detallarının daxil edilməsi tamamilə təbii alınmışdır. Qərb klassikasını şərq dili ilə danışdırmağı bacaran rejissorun bu addımı əsəri şərq tamaşaçısının milli qavrayışına daha da yaxınlaşdırır. Obrazların geyimləri və istifadə olunan rəmzlər teatr dilini zənginləşdirir. Jumabayevanın üslubunu ekspressiv, dinamik və vizual olaraq hipnotizəedici təsirə malikdir. Hadisələrin daxili gərginliyi bədən plastikası, xoreoqrafik hərəkətlər və rəmzi obyektlərlə ifadə olunur. Quruluşçu rəssamın və bəstəkarın birgə yaratdığı mistik atmosfer səhnə işini darıxdırıcı klassik çərçivədən çıxararaq metafizik bir şou səviyyəsinə qaldırır.

Tamaşanın dramaturji oxunu sevgi, xəyanət və cəza üçbucağı təşkil edir. Katerinanın Borisə qarşı hiss etdiyi sevgi sadəcə bəsit ehtiras deyil, onun bu mühitə və Tixonun təmsil etdiyi iradəsiz həyata qarşı kəskin etirazıdır. Katerinanın addımı görünüşdə nikaha xəyanət sayılsa da, əslində cəmiyyətin doqmatik buxovlarından azad olmaq cəhdidir. Lakin cəmiyyət onun səmimi hisslərini qəbul etmir və onu günahlandırır. Əslində isə Katerinaya ətrafındakılar xəyanət edir: Boris məsuliyyətdən qaçaraq onu tək qoyur, Tixon isə anası Qabanıxanın mənəvi terroruna göz yumur. Finala doğru irəliləyən cəza motivi cəmiyyətin ictimai qınağı və Katerinanın daxili vicdan məhkəməsi ilə birləşir. Katerinanın günahı, cəmiyyətin qadağaları və onun azadlıq istəyi arasındakı gərginlik səhnədə elə təsirli verilir ki, tamaşaçı qəhrəmanın intiharına sadəcə şəxsi bədbəxtlik kimi deyil, bu çürük sistemə qarşı qaçılmaz bir etiraz kimi baxır. Rejissor Dina Jumabayeva XIX əsrin rus məişətindən daha çox fərdin azadlığı və cəmiyyətin təzyiqi kimi universal mövzulara diqqət yetirərək tamaşanı daxili azadlığın və katarsisin təntənəsinə çevirir.

***

Finalda Volqanın soyuq suları üzərində ləpələr yatışsa da, səhnədən çəkilən tufan əslində bitmir, tamaşaçının daxili sükutuna köçür. Katerinanın fədakarlığı Kalinovun daşlaşmış qaydalarına məğlubiyyət deyil; bu, insanı cəhalətə zəncirləyən çürük sistemin üzünə vurulan ən kəsərli şillədir. Dina Jumabayevanın rejissor yozumu klassik mətni dövrün çərçivəsindən çıxararaq insani ləyaqət və ruhi azadlıq haqqında bitkin bir bəyanata çevirir. Səhnə qaranlığa qərq olarkən Kalinovun zülməti bütövlüklə yox olmur, lakin o zülmətin içində işıq saçan tək bir həqiqət bərqərar olur: daxilindəki fırtınadan qorxmayan ruhu heç bir sistem buxovlaya bilməz.

Və fırtınadan sonra gələn o ağır, təhlükəli sakitlik…

Volqanın soyuq suları Katerinanın cismini bağrına basıb dərinliklərə çəksə də, məkana çökən o ruhi fəryad kəsilmir. Çünki o dəli lay-lay Kalinovun yalanlar üzərində qurulmuş saxta rahatlığını, daşlaşmış sükutunu birdəfəlik yerlə-yeksan etdi.

Sevginin bitdiyi, xəyanətin adiləşdiyi və pis olan hər şeyin labüdləşdiyi bir dünyada Katerina öldü, məğlub olmadı. Bu faciə qaranlıq səltənətin doqmalarına qarşı atılmış ən dürüst, ən kəsərli ontoloji qiyam oldu.

Dina Jumabayevanın rejissor təfəkkürü məhz bu nöqtədə mətnin fəlsəfi çəkisini tamama yetirir: tufan səhnədən çəkildikdən sonra başlayan o ağır sükut — vicdanın insanla təkbətək qaldığı amansız hesablaşma anıdır.

Volqanın dibinə batan tənha ruh deyil, bütöv bir mənəviyyatsızlıq sisteminin illüziyalarıdır.

Şimşəklər çaxdı, fırtına kəsildi. Amma bu sakitlik kiməsə uyğu vermək üçün gəlmədi; o, insanın öz daxili zülməti ilə üz-üzə qaldığı əbədi bir oyanışın hökmüdür.

***
Tamaşa bitdi... təəssürat göz yaşında bəlli....

Çünki, biz də mümkün olmayanı sevirik...

Teatrı sevirik...

Azərbaycan teatrını sevirik...

...amma yalanlarla çevrəli, həqiqəti heç kimi açıq aşkar bir- birinə deyə bilmədiyi teatr mühitimizi sevirik...

Bir gün həqiqəti deyən tapılacaq...

Onda hər şey bəlli olacaq...

Yəqin ki, biz də onu hansısa çaya atarıq...

Azərbaycan sənətçiləri bu tamaşanı heyrətlə izlədi...

Amma....amma...amma...

Sağ olun.....

Yaxşı tamaşa xoşbəxtliyə sarı ayaqyalın qaçmaq kimi bir şeydi...

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər