Çe Gevaranın gündəliyindən parçalar : “Ona bir az pul verdim”

Çe Gevaranın gündəliyindən parçalar : “Ona bir az pul verdim”
14 iyun 2018
# 16:30

Bu gün XX əsrin ən məşhur siyasi xadimlərindən biri, inqilabçı Ernesto Çe Gevaranın doğum günüdür. Kulis.az Tərcümə Mərkəzinin Kitabxanası seriyasından çıxan Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” kitabından bəzi parçaları təqdim edir.

1966-cı il, dekbar ayı

1dekabr

Gün hadisəsiz keçdi. Gecə Markosun qrupu qayıtdı. Təpələrdə azdıqlarına görə gecikiblər. Gecə ikidə mənə xəbər verdilər ki, Koko düşərgəyə kompanyero gətirib. Sabah aydınlaşdıracağam.

2 dekabr

Sübh tezdən Çino gəldi. Ruh yüksəkliyi hiss olunurdu. Bütün günü söhbətləşdik. Gəlinən nəticələr bunlardır: o, vəziyyət haqqında şəxsən məruzə etmək üçün Kubaya yollanacaq. Beş perulu bizə iki ay sonra döyüş əməliyyatları başlayanda qoşulacaq. İkisi isə indi gələcək: radist və həkim. Çino silah istədi. Razılaşdıq ki, o bizdən bazuka və bir neçə "mauzer" tüfəngi götürəcək. Bundan başqa mən ona M-1 alacağam, eləcə də gizli fəaliyyətin təşkili üçün beş perulunun Titikaka gölünün o biri sahilindəki Puno rayonuna göndərilməsinə kömək edəcəyəm. Çino Peruda başına gələn müsibətlərdən danışdı və Kalikstonun azad olunması ilə bağlı cəsarətli planını mənimlə bölüşdü - məncə, olduqca utopik plandı. O, hesab edir ki, o yerlərdə pərən-pərən salınmış gerilyerolardan sağ qalanlar fəaliyyət göstərirlər, amma heç kim oralara gedib çıxmadığına görə bununla bağlı tam əminlik də yoxdur.

Bir az da oradan-buradan söhbət etdik. Çino bir neçə fotoşəklimizi götürüb, elə gəldiyi ruh yüksəkliyi ilə də bizimlə vidalaşdı. Kokonun vəzifəsi Sançeslə (onunla mən sonra görüşəcəyəm) əlaqə yaratmaq, eləcə də İntinin prezidentin informasiya xidmətinə rəhbərlik edən və bizimlə çalışmağa hazır olan qaynına çıxmaqdır. Şəhərdəki agentura şəbəkəsi hələ bələkdədir.

3 dekabr

Heç bir yenilik yoxdur. Şənbə günü olduğuna görə kəşfiyyata yollanmadıq. Öz işləri ilə əlaqədar üç muzdur La- qunilyasa yola düşdü.

4 dekabr

Heç bir dəyişiklik yoxdur. Bazar günü olduğuna görə sakit oturmuşuq. Döyüşçülərlə boliviyalı yeni əsgərlərə münasibət barədə və ümumilikdə müharibə haqqında söhbət elədim.

5 dekabr

Heç bir dəyişiklik yoxdur. Kəşfiyyatı güclü yağışa görə təxirə saldıq. Yanlış təhlükə siqnalı: Loro heç kimə xəbər vermədən güllə atmaq qərarına gəlibmiş.

6 dekabr

Birinci bulağın yanında ikinci xəlvətxana hazırlamağa başladıq. Beşimiz yola çıxdıq: Apolinar [Polo], İnti, Urbano, Migel və mən. Migeli yıxılandan sonra hələ də tam sağalmayan Tumaini əvəzlədi. Apolinar gerilyero olmaq arzusunu dilə gətirdi, amma bundan əvvəl La-Pas-da bəzi işlərini yoluna qoymaq istəyir. Mən razılığımı verdim, ancaq tələsməməyi də tövsiyə etdim. Təxminən 11:00-da bulağa çatdıq, cığırı təmizləyib üzərini örtdük və xəlvətxana üçün yer axtarmağa başladıq. Hər yan daş-kəsəkdir. Bulaq əvvəlcə yerin altına girir, sonra daş plitəni ikiyə bölən dərin yarğandan axır. Axtarışları sabaha qədər təxirə saldıq. İnti və Urbano ov etməyə yollandılar: ehtiyatlarımız tükənir, cümə gününə isə hələ xeyli var.

7 dekabr

Migel və Apolinar münasib yer tapdılar və avadanlıqlarımız bərbad olsa da, həvəslə qazmağa başladılar. İnti və Urbano əliboş qayıtdılar. Amma gecə Urbano M-1 ilə hind- toyuğu vurdu. Axşam yeməyi hazır olduğuna görə onu sabaha saxladıq. Bu gün bura gəlməyimizin düz bir ayı tamam olur, ancaq rahatlıq üçün mən nəticələri təqvim aylarının sonlarında ümumiləşdirəcəyəm.

8 dekabr

İnti ilə bulağın üzərinə əyilən qayaya dırmaşdıq. Migel və Urbano qazmağa davam etdilər. Nahardan sonra Migeli Apolinar əvəzlədi. Hava qaralanda Markos, Pombo və Paço gəlib çıxdılar. Axırıncı arxada gəlirdi və çox yorğun görünürdü. Markos xahiş etdi ki, özünü toparlayana qədər Paçonu kəşfiyyata göndərməyim. Xəlvətxananın yolu 2 N-li sxemdə qeyd olunub. Markosun qrupunu təlimatlandırıb düşərgəyə yolladım. Migel də onlarla birlikdə getdi. Biz sabah geri dönəcəyik.

9 dekabr

Düşərgəyə günortaya yaxın, təxminən saat 12-də qayıtdıq. Paço mənim əmrimlə qalıb əvəzlənməsini gözlədi. 2 N-li düşərgə ilə əlaqə yaratmağa çalışdıq - nəticəsiz oldu. Başqa heç bir yenilik yoxdur.

10 dekabr

Rançodakı evdə ilk dəfə çörək bişirildiyini nəzərə almasaq, yeni heç bir şey baş vermədi. Xorxe və İnti ilə bəzi təxirəsalınmaz işlərlə bağlı söhbət etdim. La-Pasdan heç bir xəbər yoxdur.

11 dekabr

Gün sakit keçdi. Gecəyə yaxın Koko və Papi gəlib çıxdılar: özləri ilə Alexandro, Arturo və boliviyalı Karlosu gətirdilər. Həmişəki kimi ikinci cipi yol qırağında saxlamışdılar. Sonra həkim Moronu, Beninyonu və daha iki boliviyalını - Karanavi rançosundan olan kamba hindilərini də gətirdilər. Gecə bu cür şəraitə xas olan yol sərgüzəştləri haqqında söhbətlərlə keçdi. Antonio və Feliksin yoxluğunu müzakirə etdik (onlar birinci gəlməli idilər). Papi ilə danışıb ona daha iki səfər edərək Renan və Tanyanı da gətirməyi tapşırdım. Şəhərdəki hər iki evi satacağıq, xəlvətxanalardan pul götürüb Sançesə 1000 dollar verəcəyik. O, kiçik furqonu özünə saxlayacaq. Ciplərdən birini Tanyaya satacağıq, ikincisi bizdə qalacaq. Bundan başqa hələ silah dalınca da getmək lazımdır. Mən bütün Boliviyanın gözü qarşısında yükü buradan-oraya yükləməmək üçün bir ciplə getməyi əmr etdim. Çino ruh yüksəkliyindən zingildəyə-zingildəyə Kubaya yola düşdü. Qayıdandan sonra bizə qoşulmaq niyyətindədir. Koko ərzaq almaq üçün Kamiridə qaldı.

Papi La-Pasa qayıtdı. Təhlükəli hadisə baş verdi; valye- qrandeli ovçu1 bizim izimizə rast gəlib, bizlərdən birini görüb və Pombonun salıb itirdiyi əlcəyi tapıb. Bu, planlarımızı dəyişir: sayıqlığı artırmaq lazımdır. Antonio sabah valye- qrandelini tapir üçün qoyulan tələlərə baxmağa aparacaq. İnti salam-kəlamdan dərhal sonra Kubanın uzun əli haqqında söhbət salan, yolda isə partiya razılıq verməyincə əlinə silah almayacağını bəyan edən boliviyalı tələbə Karlosla bağlı narahatlığını mənimlə bölüşdü. İntinin sözlərinə görə, bu tələbəyə məsələni sona qədər araşdırmayan Rodolfo zə manət verib.

12 dekabr

Döyüşçülərlə partizan müharibəsinin mahiyyəti haqqında söhbət etdim. Nizam-intizamın və vahid rəhbərliyin əhəmiyyətini xüsusi vurğuladım. Boliviyalıları partiyanın iradəsindən kənar bizə qoşulmaqla öz çiyinlərinə böyük bir məsuliyyət yükü götürdükləri ilə bağlı xəbərdar etdim. Aşağıdakı vəzifələrə təyinatlarım belə oldu: Xoakin - komandirin müavini; Rolando və İnti - komissarlar; Alexandro - qərargah rəisi; Pombo - təsərrüfat müdiri; İnti - xəzinədar; Nyato - təchizat və silahlanma; Moro - səhiyyə sahəsi (müvəqqəti).

Rolando və Braulionu bulağa göndərdim ki, oradakıları Antonio valyeqrandeli ilə birlikdə tələlərə baxdığı vaxt sakit oturmaları üçün xəbərdar etsinlər. Əgər sakit oturmaq alınmırsa, hamısı bir yerdə tələlərə baxmağa getsinlər. Antonio gecəyə yaxın qayıdıb gəldi: məlum oldu ki, tələlər lap yaxınlıqda qoyulub. Valyeqrandeliyə də bir butulka sinqani içizdirib necə lazımdısa dəmləndiriblər, yoldaş olduqca razı gedib. Koko Karanavidən ərzaq gətirdi. La- qunilyasdan olan muzdurlar onu görüblər; bu qədər ərzaq aldığına təəccübləniblər.

Daha sonra Markos və Pombo da gəldi. Markosun qaşı açılıb; odun doğrayanda talaşa yaralayıb. Yarasına iki tikiş qoyduq.

13 dekabr

Xoakin, Karlos və El Mediko [Ernesto] yeni düşərgəyə Rolandoyla Braulionun yanına yollandılar. Pombo da getdi, amma o elə bu gün qayıtmalıdır. Mənim əmrimlə cığırın üzərini örtdülər və düz çaya aparan aldadıcı bir cığır açdılar. Bu iş elə uğurlu alınmışdı ki, Pombo, Migel və Paço geri qayıdanda azmışdılar.

Mən Apolinar ilə söhbət etdim. O, bir neçə günlüyünə evinə, Viaçaya gedəcək. Ona bir az pul verdim və konspirasiyaya əməl etməsini bərk-bərk tapşırdım. Koko hava qaralanda yola düşdü, amma üç saat sonra qarovulçular fit səsi və it hürüşməsi eşidib həyəcan siqnalı verdilər: o, azıb dövrə vurmuş və hay-küy qaldırıbmış.

14 dekabr

Yeni heç bir xəbər yoxdur. Valyeqrandeli guya dünən qoyduğu tələləri yoxlamaq üçün yenidən rançoda peyda oldu (buna qədər heç bir yeni tələ haqqında söhbət olmamışdı). Antonio şübhələnməməsi üçün onu aldadıcı cığırla apar dı.

15 dekabr

Heç bir yenilik yoxdur. Birinci qrupun (8 nəfər) 2 N-li düşərgəyə göndərilməsinə hazırlaşdıq.

# 1347 dəfə oxunub

Müəllifin son yazıları

# # #