Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI
9 yanvar 2017
# 16:31

Dünya haqqında biliklərimiz nə qədərdir?

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General Ignorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Amerika adı haradan götürülüb?

Hamımız xorla deyəcəyik, italyan tacir və coğrafiyaçı Ameriko Vespuççinin adından.

Səhvdir!

Amerika adı italyan tacir və xəritəçi Ameriqo Vespuççinin adından deyil, əslən Uelsdən olan varlı Bristol taciri Riçard Amerikin adından götürülüb.

Amerik Con Kabotun (1497 və 1498-ci illərdə həyata keçirdiyi səfərlər daha sonra Britaniyanın Kanada üzərindəki iddialarına əsas verən italyan dənizçi Covanni Kabotonun adının ingilis variantı) ikinci transatlantik səfərindəki baş sərmayədardır. Kabot 1484-cü ildə Genuyadan Londona gedir və kral VII Henridən qərbdəki naməlum torpaqları araşdırmaq üçün icazə alır.

Kabot Matteu adlı kiçik gəmisi ilə 1497-ci ilin may ayında Labradora çatır və beləliklə Amerika torpaqlarına ayaq qoyan ilk avropalı olur. O, Vespuççidən iki il tez tərpənmişdi.

Kabot Şimali Amerikanın Yeni Şotlandiyadan Nyufaundləndə qədər olan sahil hissəsinin xəritəsini tərtib edir. Riçard Amerik bu səfərin sponsoru olaraq kəşflərə öz adının verilməsini gözləyirdi. O il Brsitolda hazırlanan ilin yekununda belə bir qeyd vardı: “...Amerika torpağı Vəftizçi İohann günündə (24 iyun), Matteu adlı Bristol gəmisi ilə bristollu tacirlər tərəfindən tapıldı.” Bu qeyd hər şeyi çox yaxşı izah edir.

Bu illik yekunun orijinal əl yazması mövcud olmasa da bizim dövrə gəlib çıxan digər mənbələrdə mətnə xeyli istinad var. Bu, yeni qitədən bəhs edilərkən “Amerika” ifadəsinin ilk istifadə olunduğu ilk mənbədir.

Bu adı istifadə olunduğu, bizim dövrə gəlib çatan ən qədim xəritə Martin Ualdsimüllerin 1507-ci ildə hazırladığı böyük dünya xəritəsidir; amma bu xəritə sadəcə Cənubi Amerikanı göstərirdi. Ualdsimüller qeydlərində yazır ki, Amerika adının Ameriqo Vespuççinin adının latınca variantından törədiyini düşünüb. Çünki Vespüççi 1500-1502-ci illərdə Cənubi Amerika sahillərini kəşf edib buraların xəritəsini çıxarmışdı.

Bu qeyd onun əmin olmadığını və digər xəritələrdə (yəqin ki, Kabotun xəritələrində) gördüyü bir adın kökünü açıqlamağa çalışdığını göstərir. “Amerika” adının məlum olduğu və istifadə edildiyi yeganə yer Bristol idi – Fransada yaşayan Ualdsimüllerin ora getmə ehtimalı yox idi. Ualdsimüller 1513-cü ildə tərtib etdiyi dünya xəritəsində “Amerika” adını “Terra Incognita (Naməlum torpaqlar)” adına dəyişdi.

Vespuççi Şimali Amerikaya gedib çıxa bilmədi. Hazırlanan ilk xəritələri də, ora ilə ticarəti də ingilislər həyata keçirdilər. Vespuççi kəşf zamanı da “Amerika” adından istifadə etməmişdi.

Bunun üçün başqa bir tutarlı səbəb də var. Yeni kəşf olunan ölkə və qitələrə heç vaxt adam adı verilməyib. Həmişə adamın familiyası verilib. Misal üçün Tasmaniya, Van Diemen torpaqları, ya da Kuk Adaları. İtalyan səyyah buraya şüurlu şəkildə öz adını versəydi Amerikanın adı “Vespuççi torpağı” (ya da Vespuççia) olacaqdı.

# 1677 dəfə oxunub

Müəllifin son yazıları

# # #