“Şizofrenik” – xaosun dili, yaxud postmodernist düşüncənin poetik ifadəsi

“Şizofrenik” – xaosun dili, yaxud postmodernist düşüncənin poetik ifadəsi
30 yanvar 2016
# 16:00

Bu yaxınlarda “Ədəbiyyat qəzeti”ndə Arzu Əsədovun “Şizofrenik” şeirler silsiləsindən bir hissə çap olunmuşdur. Bu silsilə mənə özünəməxsus bir çox bədii-fəlsəfi xüsusiyyətləri ilə yanaşı son dövr ədəbiyyatımızda postmodernist düşüncə və üslubun inkişafı baxımından da maraqlı nümunə təsiri bağışlayır. Mən bu əsərin çap olunmamış digər hissəsi ilə də tanış oldum. Şair ilk baxışda sanki bir-biri ilə əlaqəsiz görünən yüzlərlə bənddə tarixin və təfəkkürün qatlarına nüfuz edərək şizofrenik metaforası altında minillərin ağıl və ağılsızlıq, rasionallıq və irrasionallıq, şüur və şüursuzluq mübarizəsindən yorulmuş müasir insan obrazını yaradır.

Bir Məcnundum eşq yolunda,

Bir sufiydim sakr halında,

İndi məni öyrənirlər

“Şizoanaliz” sakralında.

Müxtəlif diskurslardan baxış. Mütləq həqiqət iddiasında olan qənaətlərə kinayə, sonra öz kinayə etməyinə də kinayə. Müxtəlif zaman fraqmentləri və təfəkkür tiplərinin kollajı. Ağılçı mərkəzçilikdən imtina, parçalanmış insan cəmiyyəti və təfəkkürünün təbii analoqu kimi baxılan şizofrenik obrazı və s. Əsər bütövlükdə postmodernist düşüncə və üslub xüsusiyyətləri ilə yoğrulmuşdur. Həqiqi sənət əsəri heç də həmişə hər hansı bir üslub çərçivəsində qalmır, lakin o, yarandığı zamanın əsas üslub və cərəyanlarından da kənarda qalmır. Zamanın ruhu həm də üslubu ilə ifadə olunur. “Şizofrenik” qeyd edir:

Sonsuzluğu nə tutar ki,

Hər fəlsəfə bir yanıltmac.

Sonsuzluq sənə sığmaz ki,

Sən ruhunu sonsuza aç.

Nəticə etibarilə, üslubların, subyektlərin əriyib “dünyanın simasının” açıldığı ədəbiyyat sonsuza açılmaq niyyətindədir. Bu sonsuz anlayışı bir çox mənaları bildirməklə postmodernist diskursda dünyanın vahid bir mətn və ya mətnlər məcmusu kimi sonsuzluğu anlamını ifadə etməkdədir.

Və necə ki, doğulmamış

Uşaq bətnin içindədir

Eləcə də yazılmamış

Mətn mətnin içindədir.

“Dünya vahid bir mətndir”, “Mətndən kənarda heç nə mövcud deyil”. Mədəniyyət mətnlərin, yaxud intermətnlərin məcmusu kimi təqdim edilir. Yazılmış, yazılmamış və yazılacaq olan mətnlər bir intermətnlilik məkanında yerləşir, digər mətnlərlə bağlanır, onlardan doğur və doğurur, həmişə sonu hansısa görünməyən, indiyə qədər mövcud olan bütün mətnlərin məcmusu olan bütöv bir mətnin hissəsi kimi meydana çıxır.

“Şizofrenik”in “ruhu bu sonsuza açılır”. Bu sonsuz mətndə isə “hər şey hər şeylə birləşir, hər şey hər çeyə calanır, həyat qaydasız, düzənsiz, metamorfoz oyunları”. Postmodernist analizin ümumi metodu olan dekonstruksiya hər bir mədəniyyət fenomeninə, hər bir mətnə tətbiq edilərkən qaçılmaz şəkildə çoxmənalı və sonsuz şərh prosesinə çevrilir, istənilən bir mətni, hər bir anlayışı relyativləşdirir, nisbiləşdirir, təftiş edir, bununla da həqiqət problemini mənadan məhrim edir. Dil qeyri-sabit dəyişkən bir mühitə çevrilir, o, bilavasitə məna və həqiqəti daşıya bilmir. Mətnin özünə qeyri-eyniyyəti və dil vasitəsilə alınan biliyin etibarsızlığı buradan çıxır. Buna görə də

Tut bir sözdən dart dünyanı,

İlmə-ilmə sökülərək.

Dünyanın üstündə nə var

Dağılacaq töküləcək

-deyən “Şizofrenik” iddia edir ki, “mədəniyyət tarix boyu insanlığı aldadıbdır”. Və bu şizofren iddia Fukonun düşüncə tarixinə gətirdiyi bu və ya digər tarixi dövrdə mövcud olan epistemlər-gerçəklik mənzərələrinin səciyyələri ilə uzlaşır. Epistem dil davranışlarını şüursuz şəkildə əvvəldən müəyyənləşdirən dil kodu, dil norması kimi, deməli həm də fərdlərin düşüncəsi kimi gerçəkləşir. Beləliklə, öncədən müəyyənləşdirilmiş düşüncə-mədəniyyətin fundamental, ontoloji transformasiyasına aparır.

Açıldıqca qat-qat zaman,

Hər qatında bir reallıq-

İrreallıq, sürreallıq,

İndi də hiperreallıq.

Postmodernizmə görə, hiperreallıq mədəni təsəvvürlərin və biliklərin təsvir etməli olduqları gerçəkliklə əlaqəsi itdikdə yaranır və avtonomlaşır-simulyakrlara çevrilir. Simulyakr itməkdə, yox olmaqda, “can verməkdə” olan reallığı əvəz edən, heç bir referentə malik olmayan gerçəkliklə təsəvvür olunan arasındakı fərqi silən psevdoəşyadır. İnsanın dünya ilə münasibətinin fundamental şəkildə dəyişdiyi bir zamanın yetirməsi olan “Şizofrenik” bu dünyanı belə tanımlayır.

Bir qorxulu röyadayıq,

Gerçəkləri xəyallardır.

Nə qəribə dünyadayıq,

Cavabları suallardır.

Hiperreallıqdan asılı qalan insan həyatı şəffaflaşır, tamamilə zahirə təmayüllü olur. “...Şəffaflaşır dünya, insan, bir az yaxın durub baxsan, insandan görünür insan”- deyən şizofrenik gerçəkliyə can atır:

Əməl, əməl, əməl, əməl,

Söz əməlin meyvəsidir

Söz qopunca əməlindən

Sözdə batdı fəlsəfələr.

Bu gerçəklikdə isə

Yadlaşıb quruyur insan

Uclarından budaq-budaq.

Adamları kəs canından

Görərsən ağrımayacaq!

Müasir dünyada humanizm böhranından doğan “eksiztensial narahatçılığın”, “dözülməz ambivalentliyin daxili təcrübəsi”ni yaradan həllolunmaz ziddiyyətlərin ifadəsi olan müasir insan-şizofrenik nə vaxtsa mərkəzində olduğu bu dünyanı yenidən idrak obyekti kimi dərk etməyə, özününküləşdirməyə çalışır. Lakin tamamilə başqa bir dünya ilə üz-üzə qaldığını, “həyatın sanki qəliblərdə bitib tükəndiyini”, “dünyanın kiçildiyini, Allahın boyundan alınıb insan boyuna salındığını”, “həyatın çoxdan yaradılmış, yaşanmış, bitmiş bir əsər olduğunu, indi o əsil həyatdan fraqmentlər göstərildiyini” görür. Min illərin loqomərkəzçi düşüncəsinin dialektik ziddiyyətlərinin, binar münasibətlərinin artıq çağdaş dünyada şizofrenikləşən bu düşüncə insanını düşdüyü böhran situasiyasında, açıq dinamik sistemdə sanki xəstə, yorğun süuraltının kortəbii şəkildə gətirib çıxardığı ikiləşməyə, ambivalentliyə çevirir. Bir tərəfdən “bu aləmdə sirr qalmayıb, sabaha toxum tutmağa bir dənə fikir qalmayıb” - deyən pessimist düşüncə bir tərəfdən də yaşam funksiyasının doğurduğu ümidlə, bəlkə də şüuraltının böhran situasiyalarında daha qabarıqlaşdırdığı qiyamət arxetipinin üzə vurması ilə “bu yolun sonu görünür, az qalıb sirrə çatmağa, bir az davam edə bilsək, ozümüzü aldatmağa” kimi mübhəm nikbinlik aşılayır. Yaxud bir tərəfdən “keçmiş nə var silin getsin, dünən bugünə yamaqdır” - deyən radikal düşüncə bir qədər sonra “dalğalar dönür dənizə, qayıdır çoxusu gəlir, bugün yaşadıqlarımdan dünənin qoxusu gəlir”-deyə sakitləşir, minillərin mühafizəkar təcrübəsinə dönür. Bu kimi əksqütblü fikirlərin eyni yaşam haqqına malik olması,eləcə də əsərdəki mətnlərin- bəndlərin yalnız bir şərhə deyil, müxtəlif şərhlərə, həmçinin, bəzən əks şərhə belə müsaid olması müəllifin bəhrələndiyi postmodernist estetikanın tələbləri doğrultusundadır. Hər şeyin nisbiliyini az qala elmi-riyazi bir dillə və bunu poetik bir koloritlə “Nöqtənin ölçüsü yoxsa, metr necə ola bilir? Bir az uzaqdan baxırsan dünya nöqtəyə çevrilir” kimi ifadə edən, bütün elmi-idraki həqiqətlərin təməlinin nisbi olduğunu bir daha heyrətlə təsbit edən şizofrenik bugünkü dəyərlərin dəyərsizləşdiyi həyata sanki bəraət verir: “dəyərlər necə saxlansın, altında bir mütləq yoxsa?”. Digər bir bənddə isə “Xirosima-sirr o sima. Eynşteynin gülən şəkli. Nəhəng bulud göbələklər-bir postmodernizm ilki” deyərək postmodernizmin emblemi kimi tanınan tək bir kökə sahib olmayan, coxcilli, öz quruluşuna və funksiyasına görə bütövlüyü prinsipial şəkildə strukturdankənar və qeyri-səthi təşkil üsulları ilə təsbit edən rizoma anlayışını – göbələkşəkilli atom bombaları nümunəsində ifadə etdiyi ziddiyyətləri son dərəcə kəskinləşən yeni bir eranın bəşər tarixində indiyə qədər misli görünməyən kütləvi qırğın silahlarının elmi-nəzəri banilərinin ümumiləşdirilimiş siması olan böyük alimin hamıya məlum olan uşaq təbəssümlü şəkli- bütün şərhlərə açıq yorum.

Göbələk-rizoma obrazı postmodernizmin emblemi kimi, postmodernist ədəbi nümunəsi kimi bəndlərin birində də parlaq şəkildə ifadəsini tapır:

Sözlər canın yaraları-

Açılırlar, bitişirlər.

Canımda mirvarilər yox,

Göbələklər yetişirlər.

Şeir artıq klassik nümunələr kimi şairin canında “sədəfin içində bir dürr, bir mirvari kimi” yox, göbələklər kimi yetişir. Yenə də əks qütblərə varan bədii əsərin tipindən, onun müasir tələblərə cavab verən yeniliyindən, yüksək məziyyətlərindən tutmuş, onun artan söz yığınına çevrilib dəyərsizləşməsinə, ucuzlaşmasına qədər bütün şərhlərə açıq yorum.

“Şizofrenik” kompozisiya etibarilə də rizoma metaforasına uyğundur. Qarışıq kök, gövdə, budaq sisteminə malik, vahid süjet xətti olmayan, yüzlərlə bəndinin hər biri, bir neçə bənd ardıcıllığı istisna olunmaqla, əsərin istənilən yerində oxuna bilən, hər bir bəndin bu və ya digər bəndlərlə ardıcıllığında məna assosiasiyaları dəyişən fraqmentlər koleydokopu şəkilli, bununla da müxtəlif birləşmələrdə müxtəlif hədsiz mənalara yol açan, beləliklə də, təkcə mənanın dilin gerçəklik faktları ilə uyğunluğunun nəticəsi kimi deyil, dilin strukturunu təşkil edən işarələr arasındakı münasibətlər konteksində, onun bu strukturda müəyyən mövqeyinin nəticəsi kimi doğulduğu bu yeni nümunədə referensial dil, yəni gerçəkliyi doğru və olduğu kimi ifadə etməyə, onun haqqında “həqiqəti” deməyə malik olan dil getdikcə xaosu ifadə etməyə çalışan şizofrenik dilə, şizoid dilə çevrilməyə meyl edir. Mənanın bir dil vahidi kimi əridiyi, yox olduğu, daha kiçik, korpuskulyar,parsial (Delez) aləmin dərinliklərini ifadə etməyə çalışan şair-“şizofrenik” yeni sözlər, yeni poetik terminlər yaradır:

Yanacağıq, anacağıq,

Anacağıq, yanacağıq

Karboinsan ehtiyatı

Elə hazır yanacağıq!

Eləcə də “mənalar sözün kiridir”, “metafizik sancılardan bir absurd dünya doğulur”, “xatirələr ömrümüzün radiaktiv atıqları”, “pornosayt huriləri”, “bu ürək bu şüşə qabda kislotanın içindədir”, “bir bu qədər söz-bulaşıq” kimi yeni obrazlı deyimlər xaosun ifadəsini tapmağa çalışan yeni şizoid dilin yaradılması cəhdidir.

“Şizofrenik” – postmodernist ruhlu, postmodernist üsluba malik olmaqla, postmodernist estetikanın müəyyən prinsiplərini əks etdirməklə yanaşı, sanki postmodernist hissiyyatlılığın, postmodernist düşüncənin poetik təhlilini özündə əks etdirən bir bədii-fəlsəfi nümunə kimi də son dərəcə maraqlıdır. Bugünkü postmodernizmin fəlsəfi təməl sütunlarından olan Nitşe təlimindən Fukonun “subyektin ölümü”nə qədər təfəkkür tarixi bir bənddə belə ümumiləşdirilir: “Biri dedi Allah ölüb, tarix güldü, insan güldü, sevindilər, bilmədilər, dalınca da insan öldü”. Modernizm tanrının ölümü haqqında Nitşe fikrini insan həyatının mənasızlaşması, dəyərlərin aşınması,absurdun, metafizik qiyamın sərhədlərinə gətirib çıxarmışdısa, postmodernizm bunu total xaos, “subyektin ölümü”, hər cür bilikdən, hər bir izahedici sistemdən imtina həddinə çatdırmışdır. Nihilist təfəkkürün modernist mərhələdə bu dirənişinin, eləcə də minillik Qərb loqomərkəzçi metafizik düşüncəsinin tənəzzülü aşağıdakı bənddə poetik təfəkkürün çox yüksək ümumiləşdirmə gücü və obrazlılığı ilə belə ifadə olunur:

Qərb doğa bilmir, qısırdır,

Bətnindəkilər boğulub.

Metafizik sancılardan

Bir absurd dünya doğulub.

Lakin modernizm özü də postmodernistlərə görə müxtəlif sistemlərin məcmusu, xaosun müxtəlif üsullarda təşkilidir. “Şizofrenik” xaosu boşluq və mənasızlıq, harmoniya yoxluğu, qeyri sabitlik və dünyanın ümumi təşkilsizliyi kimi deyil, daim yeninin yaranmasında əsas olan, əbədi, sonsuz yaradıcı olan Allaha aparan vasitə kimi görür:

Harmoniya son deməkdir,

Hər ahəng bir sona varır.

Qırır, tökür sonluqları

Xaos Allaha aparır.

Arzu Əsədovun “Şizofrenik”i xaosun dilini anlamağa cəhd edir, onun dilini yaratmağa çalışır. Ondan çıxış yolunu, sinergetik yanaşma ilə desək, bufurkasiya nöqtəsini axtarır. Əgər əsərin qeyri-mərkəzçi və rizomatik kompozisiya quruluşunu nəzərə alaraq aşağıdakı bəndi ən sonda oxumalı olsaq bu nöqtənin hər zaman tapılacağı nikbinliyi və ümidi qənaətinə gəlmiş olarıq:

Yavaş-yavaş, sıra-sıra

Hər gün bir şey dəyişəcək.

Sonra sanki birdən- birə

Bir gün hər şey dəyişəcək.

# 1547 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #