Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür
27 dekabr 2024
# 11:11

Bu gün Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür.

Kulis.az 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətinə nəzər salır.

Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir, gözəl konsertlər, muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir”.

Ölkə başçısının dediyi kimi, ötən müddət ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.

Yeri gəlmişkən, vurğulamalıyıq ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva muğam sənətimizi dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkcə Azərbaycanın deyil, dünyanınkı etdi. Onun fədakar fəaliyyəti, milli dəyərlərimizə sonsuz sevgi və qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.

Azərbaycanın birinci xanımı illər əvvəl “Azərbaycan-İrs” jurnalında dərc olunmuş “Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: “Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.

Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir”.

Azərbaycan xalqının minillərlə formalaşan tükənməz xəzinəsi olan muğamlarımızı yaşadan, təbliğ edən bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır.

Azərbaycan muğamlarının təbliği istiqamətində yorulmadan fəaliyyət göstərən Xalq artisti Mənsum İbrahimov da BMM-in yaranması və ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirib: “Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində bizim onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Artıq onların fəxri adları var. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl bölgələrə gedib seçim turları keçiririk. Bu tədbirlərin ən yaddaqalanları Beynəlxalq Muğam Mərkəzində təşkil edilir. Bu mərkəzdə gözəl tədbirlər, gözəl yubileylər, gözəl konsertlər və müsabiqələr keçiririk. Burada əsl muğam ab-havası var. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq”.

Beynəlxalq Muğam Mərkəzinin ötən dövr ərzində əsl musiqi beşiyinə çevrildiyini söyləyən Xalq artisti Teyyub Aslan deyib ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda, Ağdamda Ağcabədidə və Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə bu sənətin inkişafına mühüm töhfələr verib. Bu mərkəzlərdə çıxış edən gənc ifaçılar bizim milli irsimizi, muğam sənətimizi nəyinki ölkəmizdə yaşadır, həm də dünyada layiqincə təbliğ edirlər. Sevindirici haldır ki, biz tez-tez Beynəlxalq Muğam Mərkəzində korifey sənətkarlarımızın yubileylərini keçirir, gənc ifaçıların konsertlərini dinləyirik. Bizə qürur verən bu işlər muğam irsimizin əbədiyaşarlığını bir daha təsdiqləyir”.

Bütün deyilənlər təsdiqləyir ki, Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir.

# 151 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #