Dayanın, çalmayın sonuncu zəngi! – GÜNÜN ŞEİRİ

Dayanın, çalmayın sonuncu zəngi! – GÜNÜN ŞEİRİ
14 iyun 2017
# 09:56

Kulis.az qocaman şair Mir Sabirin “Son zəng” şeiri təqdim edir.

Dayanın, çalmayın sonuncu zəngi!

Yoxsa ürəyimə toxunacaqdır.

Bir zaman “gəl” deyən o doğma səsdə

Bir hicran nəğməsi oxunacaqdır.

Zəngçalan, nə olar, əlini saxla,

Bu şagird ömrünü uzat bir an da.

Bu məktəb, bu bina, bax... bu divarlar

Mənim olmayacaq zəng vurulanda.

Hələ bir-birindən ayrı düşəcək

Neçə könül dostum, neçə sirdaşım .

O sarı köynəkli gülərüz qız da

Daha olmayacaq sinif yoldaşım.

Qoy bircə dəfə də “mənimdir”, - deyə

Sinif otağını süzüm doyunca.

Tələsmə, zəngçalan... bununçün sənə

Minnətdar olaram ömrüm boyunca.

Çağırsın lövhəyə məni müəllim ,

Bir misal versin ki, asan olmasın.

Üç saat çalışıb, həll edim onu,

Təki, gün uzansın, zəng vurulmasın!..

Ürəyim titrəyir yad elədikcə

Məktəbə gəldiyim o ilk çağımı.

De burda nə cürə qoyub gedim, mən

Kürəyi çantalı uşaqlığımı?

Durub cərgə-cərgə müəllimlərim,

Baxırlar üzümə sözü var kimi.

Bu doğma, mehriban şən baxışlara

“Əlvida!..” deməyə dilim gələrmi?!

Dayanın, çalmayın sonuncu zəngi,

Yoxsa ürəyimə toxunacaqdır.

Bir zaman “gəl” deyən o doğma səsdə

Bir hicran nəğməsi oxunacaqdır...

# 1787 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #