Aktrisa olmaq üçün uşağını tələf etdi, sevdiyindən ötrü intihara qalxdı, öləndə qəbir yeri tapılmadı – Vəfa Fətullayevanın film kimi həyatı

Vəfa Fətullayeva, əməkdar artist

Vəfa Fətullayeva, əməkdar artist

21 may 2023
# 21:00

Bu gün əməkdar artist Vəfa Fətullayevanın anım günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Vəfa Nüsrət qızı Fətullayeva 1945-ci il avqustun 25-də Xalq artisti aktrisa Hökümə Qurbanovanın və rəssam Nüsrət Fətullayevin ailəsində doğulub. Atası Nüsrət Fətullayev Azərbaycan teatr tarixinə ən yaxşı rəssamlardan biri kimi düşüb. Bütün həyatını Milli Dram Teatrında səhnələşdirilmiş əsərlərin tərtibatına həsr edib. Əmisi Fateh Fətullayevi tamaşaçılar “Ögey ana” filmində İsmayılın atası kimi tanıyır. Digər iki əmisi Şəmsəddin və Nurəddin bəstəkar olub.

Gallery

Vəfa hələ uşaq olanda onun valideynləri ayrılır. O, anası ilə birgə yaşamağa başlayır. Vəfanın uşaqlıq və yeniyetməlik illəri teatrla bağlı olub. Hələ uşaqlıq illərindən anası ilə birgə teatr tamaşalarındakı uşaq rollarında çıxış edib. 9 yaşı olanda Şeksprin “Qış nağılı” pyesində kralın oğlu Mamili obrazını ifa edir. Anası ilə tərəf müqabili olur.

Gallery

Vəfa Fətullayeva orta məktəbi bitirəndən sonra Zaur Nağıyev adlı bir idmançı ilə tanış olur. Onlar böyük məhəbbətlə bir-birlərini sevirlər. Az müddət görüşəndən sonra ailə qururlar. Amma bu evlilik çox kədərli ayrılıqla başa çatır. Deyilənə görə, gənclərin ayrılmasının baiskarı Hökümə Qurbanova olur. O, qızını aktrisa və özünün davamçısı kimi görmək istədiyindən onun ailə qurub səhnədən uzaqlaşmasına heç zaman razı olmayıb. Həyat yoldaşını aktrisa kimi görmək istəməyən Zaur Vəfadan ayrılmalı olur. Məhz ərindən boşanandan sonra Vəfa Teatr İnstitutuna girir.

Gallery

Sonralar bu faktın həqiqiliyini Zaur öz müsahibələrinin birində təsdiq edir. O, bildirir ki, onların ayrılmasına səbəb məhz Hökümə xanımın qızını aktrisa görmək istəməsi olub: “Mən teatra qarşı deyildim. Çünki anam, əməkdar artist Tutuxanım Həmidova rəqqasə olmuşdu. Ona görə də səhnə adamlarının iş rejimi məni qane etmirdi. Bu səbəbdən də Vəfanın teatrda işləməsinə narazılıq edirdim. Anası da deyirdi ki, mənim davamçım mənim qızım olmalıdır. Mən onunla tanış olandan bir neçə ay sonra bildim ki, o, Hökümə Qurbanovanın qızıdır. Bunu mənə bildirmirdi. Bu hərəkəti məni ona daha da bağladı. Biz evləndik, yaxşı da ailəmiz oldu, amma teatr bizə qalib gəldi. Toyumuzdan bir neçə ay əvvəl anası yenə başladı ki, Vəfa aktrisa olmalıdır, teatra getməlidir. Mən acıq edib onlardan getdim. Bir gün anam zəng vurdu ki, bizə gəl, qonağımız var. Gəldim gördüm ki, Vəfa bacısı Nailə ilə bizə gəlib. Vəfanın boynunda qara kəlağayı vardı. Bacısı dedi ki, Zaur teatr söhbəti daha olmayacaq. Durun, burdan gedin “zaqs” idarəsinə. Ailə qurduq. Bir gün mən Pribaltikaya idman yarışına getdim. Onda Vəfa dörd aylıq hamilə idi. Ordan qayıdanda çoxlu uşaq paltarları da almışdım. Gələndə Vəfa məni qarşılamadı. Gördüm oturub ağlayır. Dedim, nə olub, ağır nə isə qaldırmısan, uşağa nə isə olub. Dedi hə. Ancaq mən sonralar anamın vasitəsi ilə öyrəndim ki, o, Dəmiryol xəstəxanasında usağımızı tələf etdirib. Bundan sonra bizim birgə yaşamağımız mümkünsüz oldu və biz ayrıldıq”.

Gallery

"Facebook" sosial şəbəkəsində aktrisanın yaxınları tərəfindən yaradılan səhifədə Vəfanın adından yazılan gündəlikdə isə belə qeyd olunur: "Zaur mənim aktrisa olmağımı istəmirdi. Deyirdi sənətdə olan qadınların sonu tənhalıqla keçir... Bir gün yenə belə söhbətlərin birində Zaur acıq edib getdi...Mən isə özümə yer tapa bilmirdim, özümü balkondan atmaq istədim. Bacım güclə saxladı məni... Nailə məni apardı Zaurgilə. Biz danışdıq, hətta mən qara kəlağayı götürmüşdüm ki, istəsən, mən başımı bağlayaram... Nəhayət, 1968-ci ildə bizim toyumuz oldu... Çox xoşbəxt idik... İlk dəfə hamilə olduğumu Zaura deyəndə o, necə sevinirdi. İlahi... Latviyaya getmişdi, qayıdanda bir çamadan dolu uşaq paltarı alıb gətirmişdi... Ancaq bu xoşbəxtlik uzun sürmədi, heç uşağımız olmadan ayrıldıq... Zaur biləndə ki, dəmir yol xəstəxanasının həkimi Gülçöhrə xanım onu ata olmaqdan məhrum edib mənə dediyi "Vəfa, nə olmuşdu ki, ağır vedrə qaldırmışdın?!" sözü həyatım boyu yadımdan çıxmadı...."

Gallery

Vəfa əvvəlcə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımovun kursuna düşür. Vəfanın bir müddət öz xarici görkəmini nəzarətsiz buraxaraq kökəlməsi Məhərrəm Haşımovun diqqətindən yayınmır. Dərslərin birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?”, - deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın xətrinə dəyir. O hadisədən sonra bir də həmin sinfə girmir. Acıq edərək fakültəsini dəyişib, keçir teatrşünaslığa. Hələ üstəlik, arıqlayır da.

Gallery


Aktrisalıq fəaliyyəti isə elə institutda oxuyanda başlayır. Akademik Dram Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında Fəridə roluna dəvət alır. Deyilənə görə, Vəfanın aktrisa olması yalnız Hökümə Qurbanovanın arzusu, istəyi idi. Və məhz anasının ciddi təhriki, tələbi ilə Vəfa aktrisa olmağa qərar verib. Amma Vəfa Fətullayevanın əmisi oğlu, rejissor Hafiz Fətullayev bu fikirlə razılaşmır. Deyir ki, Hökümə Qurbanova qızının aktrisa olmasının tərəfdarı olmayıb: “Yoxsa Vəfa elə əvvəldən aktyorluq fakültəsinə girərdi. Amma qızının bu istəyini də xüsusi bir etirazla qarşılamadı. Hökümə xanım heç bir rejissora deməmişdi ki, Vəfaya rol versin. Rejissorlar özləri onu bəyənib rol veriblər. Hətta Əliheydər Ələkbərov “Mahnı dağlarda qaldı” tamaşasında Gülgəz rolunu Vəfaya verəndə şübhələnirdi ki, o, bu rolu oynaya bilər, ya yox. Vəfa da elə gözəl oynadı ki, bu rolu ... Çoxları o tamaşadan sonra dövlət mükafatı aldı, amma nədənsə Vəfaya vermədilər. bəlkə hələ gənc olduğuna görəydi, bilmirəm. Halbuki o almalı idi. Ancaq bir neçə il sonra “İblis” tamaşasındakı Rəna roluna görə, Vəfa Dövlət mükafatına layiq görüldü. Ümumiyyətlə, Vəfa sözə qulaq asan qız idi. Çox mülayim xasiyyəti vardı. Onunla 5 dəqiqə oturub söhbət edəndən sonra bütün əhvalın dəyişirdi. Elə şaqqanaq çəkib gülürdü. Allah onu əsl ev xanımı kimi yaratmışdı. Hansı bir evin xanımı olsaydı, xoşbəxt olardı...”

Gallery

Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkar Fuad Poladov olur. Onlar ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Bir-birlərini böyük məhəbbətlə sevən cütlük ailə qurmurlar. Onların münasibətlərinin ciddiləşməsindəki maneələr bu günə qədər də sir kimi qalır.

***

Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə Qurbanova olub.
Hafiz Fətullayev bu məsələ haqqında deyir: “Başa düşürdülər ki, nə qədər Hökümə Qurbanova var, onlar ailə qura bilməyəcəklər. Vəssalam... Hökümə Qurbanova o aktyoru çox istəyirdi. O aktyor özü də Hökümə xanımın yaradıcılığına yüksək qiymət verib. Amma bir insan kimi münasibətləri, ola bilsin, başqa cür olub”.

Gallery

80-ci illərin ortalarında Vəfa Fətullayeva gözlənilmədən sağalmaz bir xəstəliyə, qan xərçənginə düçar olur. Deyilənlərə görə onun bu xəstəliyə tutulmasına səbəb keçirdiyi bərk qorxu və stress olub. Anası Hökümə Qurbanova hökmlü olmaqla yanaşı, həm də çox qızılpərəst idi. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir. Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. Hökümə Qurbanova və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisədən çox təsirlənirlər. Bəlkə də bu hadisə Vəfanın xəstəliyinin başlanğıcı olur. Çox keçmir ki, xəstəlik özünü göstərməyə başlayır. Səhhəti zəifləyir.

Gallery

1987-ci ilin may ayında Vəfa və anası eyni xəstəxanada, amma ayrı-ayrı palatalarda yatırlar. Hökümə xanım da həmin ərəfədə xərçəng xəstəliyindən müalicə alırmış. Vəfa may ayının 21-də dünyasını dəyişir. Qızının vaxtsız ölümündən sarsılan Hökümə Qurbanovanın səsi bütün xəstəxananı lərzəyə gətirir. Vəfanın atası Nüsrət Fətullayev yeganə övladının itkisinə dözməyib, 2 aydan sonra rəhmətə gedir. Cəmi bir il sonra 1988-ci ildə isə anası Hökumə Qurbanova dünyasını dəyişir.

Həmin günləri Fuad Poladov müsahibələrində belə xatırlayır: Xəstəlik Vəfanı yandırmışdı. Onu son dəfə görəndə dəhşət məni bürümüşdü.

Ramiz Məlik isə müsahibələrinin birində deyir. "Teatrda idim, birdən xəbər çatdı ki, Vəfa dünyasını dəyişib. Mən inanmadım. Maşına mindim, tez "Leçkomissiyaya" getdim. "302-ci palata"nın yerləşdiyi ikinci mərtəbəyə qalxdım. İçəri girəndə bacısı Nailə xanımı gördüm, ağlayırdı. Məni qucaqladı, hönkürdüm. Dedi ki, artıq Vəfa yoxdur. Palataya getmək istəyəndə qabağımı kəsdi, "xahiş edirəm, ora getmə", - dedi. Dedim, yox, mütləq ora gedəcəyəm. Mütləq Vəfanı görməliyəm. Vəfa "302-ci palata"da yatanda xəbər göndərmişdi ki, yanıma heç kim gəlməsin. Mən bu sözünə əməl etmədim, çünki onu görmək istəyirdim. Nailəyə yalvardım, icazə verdi. İçəri girdim, mələfəni qaldırdım, doğrudan da Vəfa yox idi. Tamam yox idi".

Gallery


Teatrşünasi İlham Rəhimov yazılarında qeyd edir ki, Vəfa dünyasını dəyişəndən sonra onu dəfn etmək üçün yer tapmaq az qala müşkülə çevrilib. Xəbəri alan kimi teatra gəlib
ikinci mərtəbəyə, Həsən Turabovun otağına qalxdım. Yaşar Nuriyev və Lütfi Məmmədbəyov da Həsənin otağında əyləşmişdilər.
Məlum oldu ki, qəbir yeri məsələsi müşkülə düşüb. Həsənin rəngi qapqara qaralmışdı. Siqareti dodaqlarına yaxınlaşdıranda barmaqları titrəyirdi. Siqareti bir neçə dəfə dərindən sümürüb mənə baxdı.

– İlham, təsəvvür edirsən nə rəzalətdi?.. Zavallının taleyinə bax... cavan yaşında rəhmətə gedib, bir qarış torpaq tapılmır ki, cənazəsini tapşıraq...

Nəhayət, xəbər çıxdı ki, Vəfanın anası, həmin vaxtlar xəstə yatan Hökümə Qurbanovanın bacısı Qəmər xanımın qəbrinin yanındakı yerə Baksovetdən icazə veriblər.

Qəmər xanımın qəbrinin sağ yanındakı boş yerdə sərv ağacı vardı. Sonra Bakı Sovetindən iki nəfər gəldi, yanlarında da üç fəhlə. Ağacı sakitcə çıxardılar, yarım kisə də torpağından götürüb bir kənara qoydular. Mərmər tavaları ehmalca söküb ifcin-ifcin barının dibinə yığdılar. Söz verdilər ki, sabah tezdən gəlib qəbiri qazacaqlar.

# 64652 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #