Ölüm ayağında arvadına göz vuran xalq şairi - MARAQLI ADAMLAR

Ölüm ayağında arvadına göz vuran xalq şairi - <span style="color:red;">MARAQLI ADAMLAR
11 oktyabr 2017
# 09:00

Kulis.az “Maraqlı adamlar” layihəsindən Vaqif Səmədoğlu ilə bağlı əhvalatları təqdim edir.

Məclislərin birində şair Qəşəm Nəcəfzadənin oğlu gənc yazar Kəramət Böyükçöl Vaqif Səmədoğlunun sözünü tez-tez kəsir. Birdən Vaqif müəllim əsəbiləşir:

- Bala, dədəm dədəndən böyük şairdir, özüm özündən sözümü niyə kəsirsən.

***

Vaqif Səmədoğlu Moskva-Həştərxan-Bakı təyyarəsi ilə vətənə gəlirmiş. Yolda yanında oturan qadınla tanış olur. Qadın Səməd Vurğundan xeyli danışır, onun şeirlərindən deyir, Vaqifin şair olduğunu bilmədiyi anlaşılır və bu Vaqifin kefinə dəyir. Arada necə olursa qadın ah çəkir:

- Nə ola, təyyarə Həştərxanda yerə enə, lap ürəyim sıxıldı...

Qadının təyyarənin Həştərxanda fasilə edəcəyini bilmədiyini görən Vaqif Səmədoğlu onunla zarafatlaşmaq qərarına gəlir və şəstlə ayağa qalxır:

- Bu saat pilota deyərəm, sizin üçün Həştərxanda “pasatka” edər – deyir və inamlı addımlarla texniki heyətin oturduğu kabinəyə yaxınlaşır. Bir neçə dəqiqədən sonra geri qayıdıb arxayınca yerində oturur:

- Heç narahat olmayın, Həştərxanda yerə enəcəyik.

Qadın gülür və Vaqif müəllimə inanmadığını bildirir. Bir azdan sonra təyyarənin Həştərxan üzərində eniş dövrəsi vurduğunu görüb həyəcanlanır:

- Sizə görə yox, Səməd Vurğunun xətrinə edirlər!

***

Aşıq şeirini sevən Qazax sakinlərindən biri hansısa toy məclislində yaxşıca vurmuş Vaqif Səmədoğlunun üstünə qışqırır:

- Moşu Göyəzənli səndən istedadlıdır!

Vaqif Səmədoğlu bu sözdən inciyir və toydan çıxıb gedir.

***

Aşıq Ədalət Nəsibov tədbirlərin birində millət vəkili Vaqif Səmədoğluna yaxınlaşır:

- O boyda Səməd Vurğunun oğlusan, bir işə yaramırsan!

- Neyləyim, ay qağa?! – şair ustad aşığı sevgiylə qucaqlayır.

- Əlin böyüklərin ətəyindədir, denən mənə də prezident təqaüdü versinlər.

- Mənim gözüm üstə! – deyir Vaqif müəllim və doğurdan da xahiş edib məsələni yoluna qoyur.

***

Millət vəkili olduğu vaxt qazaxlı qohumlarından biri Vaqif Səmədoğluna zəng edir:

- Ay qağa, hancarı o aeroport yolunda iki “zapravka” alıb vermeeersən qardaşın işlədə?

***

Tbilisi səfərində şair Vaqif Səmədoğlu köhnə dostu Lətif Mustafaoğluyla rastlaşır. Bir az sərxoş olan Lətif məclisdə dilini dinc qoymur, hərdən qonağa sataşmağa başlayır. Axırda güclə səbrini basan Vaqif Səmədoğlu dözmür:

– Lətif, gəl, səni öpüm, çıx get. Yoxsa əlimdən xata çıxacaq!

***

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayında çıxış edən Birliyin Ağsaqqallar Şurasının sədri, xalq yazıçısı Vaqif Səmədoğlu tribunadan deyir:

– Son vaxtlar Ağsaqqallar Şurasının iclaslarını tez-ytez keçirdirəm. Bütün mövzulara toxunuram; İctimai, siyasi, mədəni, tarixi, fəlsəfi, ekoloji və sair. Haqlı təəccüblənirsiniz ki, bəs o iclaslar harada, nə vaxt olur? Məsələ burasındadır ki, on il əvvəl seçilmiş Ağsaqqallar Şurasının üzvlərinin məndən başqa hamısı ölüb. İclası harada, nə vaxt istəsəm, təkbaşına keçirirəm.

***

Vaqif Səmədoğlu ölüm ayağında dostlarından birinə deyir:

- Ömür boyu ölümün nə olduğu haqda düşündüm, yazdım, amma onu anlaya bilmədim. Bir azdan sonra anlayacağam, buna sevinirəm. Məni ağrıdan odur ki, anladığımı heç kimə deyə bilməyəcəyəm. Barı zəng etmək mümkün olsaydı...

***

Xərçəng xəstəliyindən əziyyət çəkən Vaqif Səmədoğlu ölümdən qorxmurdu və son çıxışlarının birində demişdi:

– Bugün-sabahlığam. Hamınızı yasıma dəvət edirəm!

***

Vaqif Səmədoğlu qəfildən həyat yoldaşı Nüşabə xanımdan onu tək buraxmağı xahiş edir. O, otağın qapısından çıxanda dönüb geriyə baxır. Vaqif gülümsəyib Nüşabə xanıma göz vurur. Bir azdan otağa qayıdan xanımı şairi ölmüş görür.

# 1529 dəfə oxunub

Müəllifin son yazıları

# # #