Azərbaycanlı fotoqraflar dünyada 14-cü yerdədir

Azərbaycanlı fotoqraflar dünyada 14-cü yerdədir
27 may 2019
# 14:57

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə keçirilən “28-ci FIAP Rəngli Biennal” adlı beynəlxalq foto müsabiqə təşkil olunub.

Bu ilin yanvar-mart aylarında FIAP-ın himayədarlığı altında İspaniyada keçirilən federasiyalararası foto müsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 45 ölkəsindən 1118 foto təqdim olunub. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə yalnız rəngli olmaq şərti ilə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.

Qiymətləndirmə prosesi fotoların fərdi və ümümi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Ən çox bal toplayan federasiyaya FIAP-ın kuboku, iki, üç və dördürcü yerlərə isə müvafiq olaraq FIAP-ın qızıl, gümüş və bürünc medalları təqdim olunacaq. 5-10-cu yerlərin sahibləri isə FIAP-ın xüsusi lentlərini qazanır. Eyni zamanda, hər federasiyada birinci yerdə qərarlaşan müəlliflərə xüsusi mükafatlar təqdim ediləcək. Fərdi şəkildə olan qiymətləndirmə zamanı hər kateqoriya üzrə ən yüksək bal toplayan müəlliflər isə Beynəlxalq Foto Sənəti Federasiyası və Kataloniya Fotoqrafiya Federasiyasının medallarını əldə edəcəklər. Yarışmanın hər bir iştirakçısına PDF və çap şəklində müsabiqənin kataloqu göndəriləcək. Mükafatlandırma mərasiminin bu ilin noyabr ayının 2-də Andorrada keçirilməsi nəzərdə tutulur.


Azərbaycanı ilk dəfə bu yarışmada 22 fotoqrafla “ArtFaktor” Foto Agentliyi təmsil edib. Əksəriyyəti “Gilavar” Azərbaycan Foto Klubunun, eləcə də Azərbaycan Fotoqraflar Birliyinin üzvlərindən ibarət peşəkar fotoqraflar tərəfindən idman (rəqəmsal) və uşaqlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların fərdi qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 102 və 226 bal toplayıblar. Fərdi qiymətləndirmədə Ramil Zeynalovun “Mən qalibəm” (“I am winner”) fotosu Kataloniya Fotoqrafiya Federasiyasının mükafatını qazanıb. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə 14-cü yerə layiq görülüblər.

Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda FIAP-ın fəxri adlarına layiq görülən üç fotoqraf var.

Azərbaycan fotoqrafiyasını dünya foto müsabiqəsində Tofiq Babayev, İlqar Cəfərov, Azər İbrahimov, Roman İsmayılov, Rəşad Mehdiyev, Aydın Məmmədov (AZƏRTAC), Kərim Abbasov (PrimeTime), Fəxrəddin Abdullayev (Vergilər Nazirliyi), Nadejda Cavadova (Azərbaycan Fotoqraflar Birliyi), Orxan Əzimov (müstəqil fotoqraf), Babək Həsənov (Azərbaycan Fotoqraflar Birliyi), Vüqar İbadov (Bakı Media Mərkəzi), Əziz Kərimov (müstəqil fotoqraf), Rüstəm Məhərrəmov (təbiət fotoqrafı), Ayaz Mikayılzadə (Azərbaycan Fotoqraflar Birliyi), Zaur Mustafayev (Trend), Dilavər Nəcəfov (“İdman” qəzeti), Elxan Qəniyev (Kənd Təsərrüfatı Nazirliyi), Rəsul Rəhimov (Anadolu Agentliyi), Şahin Sərdarov (Azvision), Valeriy Xlızov (Azərbaycan Gimnastika Federasiyası) və Ramil Zeynalov (oxu.az) təmsil edir. /azertag.az/

# 2475 dəfə oxunub

Müəllifin son yazıları

# # #