Şuşa haqqında şuşalılar danışdı – 26 İllik Xatirələr

Şuşa haqqında şuşalılar danışdı – <span style="color:red;">26 İllik Xatirələr
8 may 2018
# 13:20

8 May... Şuşanın işğal günü. İşğal gününün xatirələri danışır, ağrılar danışır. Şuşanın alındığı xəbərini necə eşitdiniz? O zaman harda idiniz? Şuşa bizim üçün nə ifadə edir?

Flora Kərimova

müğənni

- Dərd gələndə qapıları taybatay açır. Şuşanın bəd xəbərini eşidən tək mən yox, hamımız parça-parça olduq. Bəlkə də ona görə heç bir azərbaycanlı həmin günü, Şuşanın alındığı gün harda olduğunu, xəbəri necə eşitdiyini xatırlaya bilmir. Heç kimin yadında deyil. Həmin gün nə hislər keçirmişik, bilmirəm. Mənim bütün ağrım o hadisələrlə bağlıdır. Heç vaxt ağlamayan adam kimi o xəbəri eşidəndən bu günə ağlayıram. Şuşanın işğalını göz yaşlarımla qarşılayıram. Gücüm buna çatır. İndi də özümü saxlaya bilmirəm, ağlayıram.

Firəngiz Mütəllimova

aktrisa

- Həmin vaxt Türkiyədə qastrolda idim. Yadımdadır ki, aktyor Mikayıl Mirzə başını döyürdü. Hamı pərən-pərən düşmüşdü, zəng edib evlə danışırdı. Mikayıl Mirzə başına döyə-döyə dedi ki, Şuşa işğal olundu, Şuşa da getdi. Şoka düşdüm. Bilmədim valideynlərim necədi, nə olacaq bu işlərin axırı. Açığı, prosesləri izləyirdim, hiss edirdim belə olacağını. Amma heç vaxt inanmazdım Şuşa alınacaq. Bircə qışqırıb ağladığım yadıma düşür. Bir də Şuşadan qayıdanlar deyirdi ki, Şuşa yanırdı.

Kərim Kərimli

Şair-jurnalist

- İşğal xəbərini heç yerdən almadım. Mən həmin gün Şuşadaydım. Bütün hadisələr gözlərim qarşısında baş verdi. Addım-addım Şuşanın işğal olunduğunu görürdüm. Gözümün qabağında həlak olanlar, yandırılan evlər, boşaldılan şəhər. Gecə saatlarında başlayan və 12 saat davam edən bütün hadisələri gözlərimlə gördüm. Sonra şəhər boşaldıldı və biz oranın həsrətiylə baş-başa qaldıq. Şuşa mənim üçün, eləcə də bütün azərbaycanlılar üçün Vətəndi, torpaqdı. Şuşanın xüsusi yeri də var mənim üçün. Ora mənim ana yurdumdu, böyüdüyüm, yaşadığım, həyatımı həsr elədiyim şəhərdi. Şuşa təbii gözəlliyinə görə digər şəhərlərdən fərqlənirdi. Coğrafi yerinə görə də dünyanın ən gözəl şəhəri idi. Əhalinin sayısına və yetişdirdiyi dahilərin kəmiyyətinə görə Şuşa dünyanın ən nadir şəhərlərindən biridir. Şuşanın möcüzələri çox idi. Bulaqlar, dağlar və s... Arzu edirəm ki, bir gün tək Şuşa deyil, bütün şəhərlərimiz işğaldan azad edilər.

Hikmət Sabiroğlu

Jurnalist

- 26 ildir mən yurd ağrısı ilə yanaşı Şuşanın dar günündə, mayın 8-də doğma şəhərdə olmamağın xəcalətini çəkirəm... Bir vaxt yazmışam bunu. 1991-ci ilin dekabrında dörd aydır işlədiyim “Azadlıq” qəzetinin Qarabağ müxbiri keçmək üçün ərizə yazdım. Torpaqdan qara xəbərlər gəldiyi bir vaxt Bakıda oturmaq mənə ağır gəlirdi. Dekabrın 29-da artıq Şuşada idim.

Çox təəssüf ki, bölgə müxbiri kimi çalışmaq mənə qismət olmadı. 1992-ci il yanvarın 3-də indi “Yeni Müsavat” qəzetinin redaktoru olan qardaşım Nazim qumbara zapalı ilə ehtiyatsız davranıb əlindən ağır yara aldı. Hadisə evdə, anamın yanında olmuşdu. Anama xətər dəyməsin deyə Nazim zapalı atmayıb əlində möhkəm sıxmışdı.

Yanvarın 9-da qardaşımı Bakıya gətirdim. Ağır cərrahiyyə əməliyyatları, müalicə üzündən mən uzun müddət şəhərdə qalası oldum. Şuşaya bir də martın 9-da döndüm. Anam bu müddətdə tək qalmışdı. Martın 12-də anamı götürüb Bakıya döndüm. İki gün sonra – martın 14-də ermənilərin atdığı raket evimizin külünü göyə sovurdu.

Şuşaya mayın ortalarında, atamın ili ərəfəsində getmək fikrim vardı... Amma... Ona görə mayın 8-də, təkcə həmin gün də yox, ilin bütün günləri mən başımı aşağı salıb gəzirəm...

Bizim milli süqutumuz Şuşada dalğalanan erməni bayrağından başlayır. O bayrağı öz bayrağımız əvəzləməyənə kimi Azərbaycanın ayağa qalxması mümkün deyil.

Könül Arif

şairə

- Bu vaxtacan toxuna bilmədiyim mövzulardan biri Şuşadır ki, cəmisi bircə dəfə yazı yazmışam o haqda. Toxunduqca ağrıdır məni bu mövzu, nə qədər sentimental səslənsə də, bu həqiqətdir, mənim başqa həqiqətim yoxdur buna dair. Bədii mətnlərimdə də yoxdur bu mövzu, ara-sıra barmaqlarımın ucuyla toxunuram Şuşaya hansısa misralarımda. Şuşalı olmasaydım, bəlkə mən də uca səslə oxunulan cümlələri yaza bilərdim başqaları kimi, amma indi mənə Şuşa haqqında susmaq qalır. Bircə bunu deyim ki, uşaq anlayışında nə baş verdiyini mən həmin gündən sonra atamın külqabısında siqaret kötüklərinin artmasından anlamağa başladım. Bu - Şuşanın yoxluğu ilə hələ ilk tanışlıq idi, sonrasa yay gələcəkdi...

Ramil Əhməd

şair

- Ailəmiz üçün Şuşa qədər önəmli ikinci bir şəhər yoxdur. Anam bu şəhərdə doğulub və işğala qədər bu şəhərdə yaşayıb. Atam bir neçə il bu şəhərdə oxuyub, hərbiyə bu şəhərin komissarlığından çağırılıb. Mən və qardaşım doğulandan bu günə qədər şuşalıların əhatəsində yaşamışıq. 11 il Şuşa Şəhəri Malıbəyli kənd 2 nömrəli məktəbdə, 5 il mən, 7 il də qardaşım Şuşa musiqi məktəbində təhsil almışıq. Sonra qardaşım Xarıbülbül Rəqs Qrupunu yaratdı və Şuşa musiqi məktəbində müəllim işlədi. 2007-ci ildən də Bakıda Şuşaya heç bənzəməyən rəsmilərin Şuşa Qəsəbəsi, qeyri-rəsmilərin Şuşa Şəhərciyi dedikləri yerdə yaşayırıq. Tanıdığım şuşalılar sadəcə adları və simalarıyla deyil, hekayələriylə yaddaşımdadır. Həmyaşıdımın atasının necə şəhid olduğunu da bilirəm, qoltuqağacına söykənmiş kişinin ayağının hansı kənddə qaldığını da. Bütün bunların az bir hissəsi “Zaman Tuneli” kitabımda var. Təəssüf ki, mən də, birlikdə böyüdüyümüz dostlarımız da bu şəhəri sadəcə şəkillərdən tanıyırıq, bir də xatirələrdən. Çox şey danışmaq olar, sadəcə bunu demək istəyirəm: Şuşaya qayıdanda babamgilin evini çox rahatlıqla tapacağımı bilirəm!

# 2612 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #