Bu gün tanınmış şair Camal Yusifzadənin anım günüdür.
Kulis.az "Günün şeiri" layihəsindən onun "Ay qonşu, bu evin yiyəsi hanı?!" şeirini təqdim edir.
Uzaqdan, uzaqdan,
Çox-çox uzaqdan,
Darıxıb gəlmişəm, qaçıb gəlmişəm,
Ay qonşu, bu evin yiyəsi hanı?
Eyvanda çıxardım ayaqqabımı,
Açdım pəncərəni, açdım qapını,
Görmədim qonağı qarşılayanı...
Ay qonşu, bu evin yiyəsi hanı?
Yağış suvağını yuyur bu evin,
Külək şüşəsini döyür bu evin,
Sükut hay-küyünü qovur bu evin,
Zaman taxtasını ovur bu evin,
Ay qonşu, bu evin yiyəsi hanı?
Qapıda soyumuş bir əl yeri var,
Həyətdə qurumuş ayaq yeri var,
Alça ağacının sol tərəfində
Külü laxtalanmış ocaq yeri var,
Ay qonşu, bu evin yiyəsi hanı?
Uzaqdan gəlmişəm, ay ev yiyəsi,
Darıxıb gəlmişəm, uçub gəlmişəm,
Kül olub gəlmişəm, ay ev yiyəsi.
Hər dəfə,
hər dəfə, ay ev yiyəsi,
Qovrula-qovrula gəlib gedirəm,
Hər dəfə,
hər dəfə, ay ev yiyəsi,
Bu həyət-bacadan,
qonum-qonşudan
Soruşub gedirəm;
Ay qonşu, bu evin yiyəsi hanı?