Mirzə Cəlil Sabirin heykəlindən niyə narazı qalmışdı?

Mirzə Cəlil Sabirin heykəlindən niyə narazı qalmışdı?
2 mart 2017
# 10:54

Bu gün Bakıda bir çox klassiklərimizə heykəl qoyulub. Amma bu şərəf hamıdan birinci ölümündən 10 il sonra Mirzə Ələkbər Sabirə nəsib olmuşdu. İndi Sabir bağında qoyulan bu heykəl 1922-ci ildə qoyulan heykəl deyil. İndiki heykəl isə 1958-ci ildə qoyulub və onun müəllifi Cəlal Qaryağdıdır.

1922-ci ldə qoyulan heykəlin müəllifi Yakov İosifoviç Keylixis idi. Kulis.Az 1922-ci ildə Sabirin heykəlinin açılış mərasimi haqda Cəlil Məmmədquluzadənin “Yeni Yol” qəzeti”nin 25 noyabr (1922) nömrəsində yazdığı məqaləni təqdim edir.

Bu noyabrın 7-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açışı oldu.

Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.

Maarif Komissarı Şahbazi öz nitqində yeni yazıçılarımızı və cavanlarımızı Sabirin ruhu ilə ruhlanmağa çağırdı. İkinci danışan Nəriman Nərimanov yoldaş olub, söylədi:

“Sabir Nikolay hökumətinin ən qorxulu günlərində heç kəsdən qorxmayıb, özünün kəndli və fəhlə tərəfdarı olduğunu hamıya bildirdi: öz şeirləri və yazıları ilə kəndlilərin və fəhlələrin haqlarını müdafiə edirdi; zalımların bunlara etdikləri zülmlərini açıqca üzlərinə söyləyirdi. Buna görə heç kəs təəccüb etməsin ki, ilk dəfə Sabiri yad edən və ona yadlıq (heykəl) dikəldən biz kəndli və fəhlə tərəfdarları olduq”. Nitqinin axırını indiki və gələcəkdəki türk şairlərimizin Sabir kimi olmaları arzusu ilə qurtardı.

Üçüncü danışan, Ağamalı oğlu, Sabirin şair kimi meydana çıxması ilə Azərbaycan türkləri üçün yeni bir dövrə başlanmasını, bu dövrənin bərəkətindən kəndli və fəhlələrimizin ayılmalarını, bunların tərəfdarlarının çoxalıb inqilab yapmalarını və müvəffəqiyyət qazanmalarını söylədi.

Nitq söyləyənlərin və hazırda olanların hamısının əksi alındı.

Bu yığıncaqda gözə çarpınan bircə əksiklik var idi: o da bu idi ki, Sabirin təbinin atının iti qaçışına gözəl və geniş meydan hazırlayan Molla Nəsrəddin orada görsənmirdi, çünki bu açışın nə vaxt olması xəbərini ona heç bildirməmişdilər.

P.S. Yazıçı başlıqda və mətndə açılış sözü əvəzinə açış sözündən istifadə etmişdir.

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #