Vladimir Nabokovun ilk müsahibəsi

Vladimir Nabokovun ilk müsahibəsi
22 may 2014
# 12:32

Yazıçı Vladimir Nabokov ilk müsahibəsini 1932-ci ildə jurnalist Andrey Sedıxa verib. Müsahibə Riqada çap olunan “Bu gün” qəzetinin 4 noyabr sayında dərc olunub.

Kulis.Az həmin müsahibəsini təqdim edir.

1932-ci il. Paris... Vladimir Sirin-Nabokov (Nabokov həm də Vladimir Sirin təxəllüsü ilə çap olunub) onun şərəfinə təşkil olunmuş ədəbiyyat gecəsində iştirak etmək üçün burdadır. Düşünürəm ki, oxucular keçiriləcək görüşə onu təkcə yazıçı kimi sevdikləri üçün yox, həm də "Lujinin müdafiəçisi"nin müəllifinin hansı görünüşə malik olduğunu görmək üçün gələcəklər. Onu da deyim ki, maraq sahibləri qarşılarında 33 yaşlı, idmançı görünüşlü, çox çevik, əsəbi, impulsiv bir gənc görəcəklər. Peterburqlulara məxsus nəzakətli davranış tərzinə malik və gözəl danışıq qabiliyyətli, Kembricdən “yadigar qalan idmançı görünüş”lü , Berlin istehsalı olan keyfiyyətli, son dəbə uyğun kostyum geyinmiş - Sirin-Nabokov.

Onun uzunsov, arıq sifəti, hündür, günəşdə qaralmış alnı, qeyri-adi üz cizgiləri var. Şirin, sürətli nitq qabiliyyətinə malikdi, tez-tez və əyləncəli danışır. Amma müdrikliyə bənzər hansısa hiss ona özündən bəhs etməyə mane olur. Bir də ki, əslində bu çox qəliz məsələdi-yazıçı üçün uydurduğu həyatı kağıza köçürmək, özünün şəxsi həyatı haqda maraqla danışmaqdan daha asandı. Bu 33 ildə o, Peterburqda Teniş məktəbində orta ixtisas təhsilinə yiyələnmiş, Krımdan qaçmış, Kembricdə xoşbəxt zamanlar keçirmiş, kitablarla bərabər olmasına baxmayaraq olduqca darıxdırıcı Berlin həyatı yaşamışdır və hal-hazırda da yaşamaqdadır. Tənbəllik onun yerdəyişməsinə imkan vermir. Bir də ki, əslində harda yaşamağın nə fərqi?

- Əgər mən bu əzablı və böyük zəhmət tələb edən yazıçılıq sənətindən uzaqlaşa bilsəm (siqaretini tüstülədərək deyir) həyatım ancaq Kembricdə öyrəndiyim zoologiya, roman dilləri, tennisə, futbola və boksa olan böyük sevgidən ibarət olacaq. Özü də deyəsən, mən yaxşı qapıçıyam. (O bunu elə qürurla dedi ki, bir anlıq da olsa daxilindəki idmançının elə daxilindəki yazıçı üzərində qələbəsi hiss olundu. Amma biz tez-tələsik söhbətin yarım qalmış hissəsinə geri dönürük.)

- Sizi "qeyri-rus"luqda , güclü “xarici təsirlərdə” günahlandırırlar. Həm də bu təsiri bütün romanlarınıza aid edirlər - "Kral, dama, valet"dən tutmuş "Cəhalət otağına" qədər.

- Gülməlidir! Bəli, məni əslində tanımadığım, heç bir əsəri ilə tanış olmadığım alman yazıçılarının təsiri altında yazmaqda ittiham edirlər. Mən isə ümumiyyətlə almanca pis oxuyur və danışıram. Ondansa, fransız təsirini önə çəkə bilərdilər. Məsələn, Floberi və Prustu çox sevirəm. Maraqlısı budur ki, mən Qərb mədəniyyətinə yaxınlığı Rusiyada hiss etmişəm. Burda-Qərbdə isə, bu mövzuda demək olar ki, heç nə öyrənmədim. Əvəzində Qoqolun və Çexovun kəskin cazibəsinə düşdüm.

- Sizin Lujin özünü asır, Martin Edelveys ağlını itirib naməlum səbəblər üzündən Rusiyaya qəhrəmanlıq etməyə yollanır. "Cəhalər otağı"nın sakini Kreçmar küçə qadınına bənd olur. Roman hələ ki, bütövlükdə yayımlanıb çap olunmasa da sonluğu görmək heç də çətin deyil. Əlbəttə ki, Kreçmarın sonu pis olacaq. Maraqlıdı, axı niyə görə həm fiziki, həm də əqli cəhətdən sağlam olan yazıçının bütün qəhrəmanları ağıldan kəmlərdi?

- Ağıldan kəm? Hə, ola bilər siz haqlısız. Bunu izah etmək çətindi. Mənə belə gəlir ki, insan öz əzabları ilə sakit həyatındakı vəziyyətindən daha maraqlıdı. İnsan təbiəti bütünlüklə açılmalıdı. Düşünürəm ki, səbəb də elə bundadır.

Hazırda "Ümidsizlik" adlı roman yazıram. Hadisə əsas qəhrəmanın- ruslaşmış almanın dilindən qələmə alınır. Bu roman bir cinayətin tarixçəsi haqdadır.

- Sizin yazı işinizin texnikası haqda danışın...

- Mənim yazmağımda əsas rolu əhval-ruhiyyə təşkil edir. Beyin, ağılla əlaqəli hər şey ikinci plana keçir. Romanlarımın mövzusu da gözlənilmədən, bircə dəqiqənin içərisində yaranır. Bu, əsasdır. Yeganə olaraq qalır hardasa dərinlikdə bir yerdə ilişib qalmış valı hərəkətə gətirmək, vəssalam. Artıq heç kəs onu öz yolundan çəkindirə bilməz.

Bu işdə əsas olan ilk həmlədir. Yazıçı var ki, öz əməyinə hansısa hünər, öhdəlik kimi yanaşır-yəni hər gün əvvəldən qərara aldığı sayda səhifə yazılmalıdı. Mən isə, yazıçının hansısa daxili intuisiyasının olduğuna inanıram. Bəzən 12 saat fasiləsiz yazıram- mən bunun xəstəsiyəm. Həm də bu zaman özümü çox pis hiss edirəm. Bəzən də eyni cümlələri dəfələrlə yazmalı, üzünü köçürməli oluram. Elə hekayələr var ki, üzərində 2 ay işləmişəm. Daha sonra bəzi xırdalıqlar, yenidən işləmələr vaxt aparır. Məsələn, hansısa peyzaj, qəhrəmanın gəlib düşdüyü əyalət şəhərciyində tramvayların rəngi və başqa texniki məsələlər.

Hərdən hər bir sözü yenidən yazmalı və dəyişdirməli oluram. Həyatda bircə bu sahədə mən səbirli davranır və tənbəllik etmirəm. Məsələn, Lujini yazdığım ərəfədə uzun müddət şahmatla məşğul oldum. Yeri gəlmişkən, Alexin iddia edirdi ki, mən əsərdə şahmatçı Tartakoverin prototipini yaratmışam. Amma mən onu heç tanımıram da. Mənim Lujinim tam şəkildə təxəyyülümün məhsuludur. Bu cür bənzətmələr tez-tez baş verir. Eləcə də yazıçı M.Aldanovun Kremenskisində Peterburqlu məşhur vəkilin cizgilərini tapmağa çalışırdılar və əlbəttə ki, tapdılar. (Həmin vəkil indi mühacirətdədir) Amma Aldanov canlı insandan obraz kimi istifadə etməyəcək qədər ehtiyatlı yazıçıdır. Kremenski Aldanovun fikrində, xəyalında doğulub, yaşayıb. O yazıçıya eşq olsun ki, oxucu onun qəhrəmanlarını aramızda yaşayan, gündəlik həyatımızda rastlaşdığımız insanlara bənzədir.

Elə bu anda Sirin fikrə getdi və susdu. Beləliklə də, ədəbiyyat mövzusu üzərində söhbətimiz demək olar ki, baş tutmadı.

Hazırladı: Xatirə Nurgil

# 2505 dəfə oxunub

Müəllifin son yazıları

# # #