Murad Köhnəqala: “Öz kitabımı özümə satırlar”

Murad Köhnəqala: “Öz kitabımı özümə satırlar”
3 iyun 2015
# 10:37

Kulis son günlər mətbuatın gündəmindən düşməyən “Əli və Nino” kitab mağazalarının yerli müəlliflərə yaratdığı süni əngəllər mövzusuyla bağlı tanınmış şair, yazıçı Murad Köhnəqalanın açıqlamasını təqdim edir.

- Mənim dörd kitabım elektron variantda hazır idi. Şahbaz bəylə (“Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu – red.) yaxın münasibətim olduğu üçün kitabların çapı ilə bağlı ona bir neçə dəfə müraciət eləmişdim. Hər dəfə də deyib, a bəy, ayıb söhbətdi, gətir gəl, heç nəyin də lazım deyil. Nə isə, yaxınlarda getdim “Qanun” nəşriyyatına, çap üçün dörd kitabımı təklif elədim. Şahbaz bəy dedi, mən xərc qoyub kitabları çap eləyirəm, lakin satış zəif olduğundan çox vaxt ziyana düşürəm, ona görə ilkin addım kimi yalnız “Yuxularım”ı götürə bilərəm. Naşirdən kitabın çap şərtlərini soruşdum. Dedi, sənə beş-on kitab verə bilərik, başqa variantımız yoxdur. Qardaş kitabımın çap xərclərini və satışı öz üzərinə götürür, mənə isə beş-on kitab hədiyyə eləyir. Yəni mənim bir müəllif kimi qazancım yalnız o beş-on kitab olur. Düzü, on ildən çox olar kitab çap elətdirmirdim deyə naşir qardaşın həvəskar yazarları cəzb edə bilən bu təklifinə razılaşdım. Kitab işıq üzü görəndən sonra nəşriyyat mənə pulsuz yalnız iki kitab verdi. Şahbaz qardaşıma zəng elədim ki, mənə heç olmasa, boyun olduğun on kitabı ver, axı iki kitab çox da yaxşı səslənmir. Qardaş telefonun o başından üstümə təpindi ki, hələ mənə sağ ol deməkdən, minnətdar olmaqdansa kitab tələb eləyirsən. Sən heç düşünürsənmi, mən o kitabları necə satdıracam? Nə isə, iş işdən keçmişdi, artıq palçığa girmişdim, düşündüm ki, çoxdandı Bakıda yoxam, heç olmasa bir imza günü keçirdim. Düzüb-qoşduq, kitaba imza günü keçirtdik. Gəldim Bakıya, bir gün Şahbaz qardaşım üçün kitab satdırdım. Ancaq müəllif kimi bir üstünlüyüm var ki, istədiyim vaxt dörd manatlıq kitabımı nəşriyyatdan yarı qiymətinə ala bilərəm. Beləcə, 40 manat ödəyib öz kitabımdan iyirmi ədəd götürdüm. Kitab satdırmaq məsələsinə gələndə isə deməliyəm ki, birinci kitabım “Alma əhvalatı” çap olunanda “Akademkitab” mağazası işləyirdi. On ədəd götürüb gəldim müdirin yanına. Dedilər, özümüzə bir manat qazanc götürmək şərti ilə satışa qoya bilərik. Razılaşdım. Elə həmin günün sabahı gəldim ki, mənim kitabımı görünməz bir yerdə, mağazanın təndirində gizlədiblər. Birtəhər danışıb yenə vitrinin görünən yerinə qoydurdum. Səhəri gün bu əhvalat yenə təkrarlandı. Birisigün gəldim ki, kitabın ikisi satılıb. Pulu almaq üçün müdiri gözlədim, bir neçə kağıza qol çəkdim və s. Axırda bezib qalan kitablarımı geri götürdüm. Yanımdakı dostuma dedim, deyəsən, hələ uzun müddət Məhəmməd Hadi taleyindən qaça bilməyəcəyik, kitabımızı əlimizdə satacağıq.

Qan Turalının başına gələn əhvalata gəldikdə isə deməliyəm ki, “Əli və Nino” özəl şəbəkə olduğuna görə kimlərin kitabını satmağına rəhbərliyin özü qərar verir. Burada söhbət hüquqi öhdəlikdən yox, vicdani iradədən gedir. Milli ədəbiyyatımızın qəhrəmanlarının adını özünə brend edən bir şirkət bu ədəbiyyatın varislərinə qarşı belə qəddar davranmamalıdı.

# 1514 dəfə oxunub

Müəllifin son yazıları

# # #