Çingiz xanın məzarı niyə tapılmır?

Çingiz xanın məzarı niyə tapılmır?
18 avqust 2017
# 21:00

Çingiz xanın məzarı niyə tapılmır?

Bu torpaqlar özü qədər zəngin əfsanələr daşıyır. Nə yollar var, nə də tikililər: sonsuz bir səma, quru ot və vıyıltılı külək.

Çingiz xanın məzarı, Qədim monqol imperiyasının xəzinəsinin bir hissəsi haradadır?

Monqollar bunun sirr olaraq qalmasından məmnundurlar sanki.

Köçərilərin "ger" adlandırdıqları çadırda duzlu-südlü çay içmək və atlar və keçilərin şəkillərini çəkmək üçün dayanırdıq. Bəzən isə dayanmaq niyyəti ilə dayanırdıq.

Monqolustanın Ömnögovi əyaləti getdikcə bitmək bilmir. Buranı at belində qət etməyi heç təsəvvür belə edə bilmirəm. Dünyanı at belində fəth edən Çingiz xanın vətənindəyik. Onun həyat hekayəsi oğurluq, qan, sevgi və qisasla doludur.

Bu yalnız hekayədir. Əfsanə isə ölümü ilə başlayıb.

Çingiz xan bir zamanlar Sakit okean ilə Xəzər dənizi arasındakı böyük bir ərazini idarə edib. Ölüm ayağında ikən gizli dəfn edilməyi istəyib.

Çingiz xanın qəbrinin izi qalmasın deyə min at torpağın üzərində var-gəl edib

Yas tutan ordu onun cansız bədənini evə gətirərkən qarşısına çıxan hər kəsi öldürüb ki, yolu gizli saxlaya bilsin. Dəfndən sonra isə, qəbrin üzərindən min at o tərəf-bu tərəfə yeridilib ki, iz qalmasın.

Çingiz xanın ölümünün 800-cü ilində belə, heç kəs qəbrin harada olduğunu bilmir.

Xarici ekspedisiyalar məzarın yerini tarixi yazılar, landşaft və hətta, National Geographic-n Xanlar Vadisi Layihəsi (Valley of Khans Project) araşdırması üçün peyk vasitəsilə tapmağa çalışsa da, bir fayda yoxdur, səbəbsə daha üzdədir: monqollar onun aşkar olmasını istəmirlər.

Bu, Çingiz xanın vətənində sevilmədiyi mənasına gəlmir. Tam əksinə, onun siması pulda və araq şüşəsi üzərində əks olunub və yəqin ki, öldüyü 1227-ci ildən daha çox indi məşhurdur.

Buna görə də onun qəbrinin axtarışının tabu hesab edilməsini anlamaq xaricilər üçün çətindir.

Bu etinasızlıq xarici mediada adətən bir lənət kimi qələmə verilir: əgər Çingiz xanın qəbri tapılarsa, dünya dağılacaq.

Mountains

Bu isə 1941-ci ildə Sovet arxeoloqları tərəfindən açılan 14-cü əsr türk-monqol kralı Tamerlanın qəbrinin əfsanəsi ilə bağlıdır. Qəbir açılar-açılmaz nasistlər Sovet İttifaqını işğala başlamışdılar. Mövhumatçı insanlar hadisələr arasındakı əlaqəyə inanır.

Lakin, mənim tərcüməçim Uelun buna inanmır.

Rusiyanın Ulan-Udedə yerləşən Buryat Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsi məzunu Uelun, qətiyyən mövhumata qulaq verən birinə bənzəmir. Ona görə hər şeyin əsasına hörmət dayanır. Çingiz xan qəbrinin gizli qalmasını özü istəyib.

"Onlar xanın qəbrini gizlətmək üçün bu qədər əziyyətə qatlaşıblar," o vurğulayır.

Qəbri açmaq onun arzularını qulaq ardına vurmaq demək olar.

Ümumi rəy də belədir. Monqolustan, qədim ənənələr və qürur ölkəsidir.

Bir çox ailələrdə Böyük Xaqanın əksi olan qobelen və portretlər var. Bəziləri özlərini ali ailənin soyundan hesab edir və "Qızıl Törəmə" adlandırır. Böyük döyüşçü Monqolustanda hələ də qüdrətli şəxsiyyət kimi qəbul edilir.

Çingiz xanın qəbrinin axtarışında

Çingiz xanın ölüm ayağındakı istəyinə hörmətdən başqa, qəbrin axtarışına texniki problemlər də mane olur.

Monqolustan çox böyükdür və inkişaf etməyib. Böyük Britaniyanın ölçüsündən yeddi dəfə böyük olan ölkə ərazisinin yalnız 2%-də yol salınıb.

Əhalinin sıxlığı o qədər aşağıdır ki, Qrenlandiya və bir neçə ucqar adalardan belə dala qalır. Belə olduqda istənilən mənzərə çöllüyə açılır.

İnsan izini isə ya çoban çadırı, ya da dualarla dolu qaya türbələr ilə ölçmək olur. Bu cür təbiət heç şübhəsiz ki, özündə çox sirlər saxlamağa qadirdir.

burial finds

Dr. Dimaacav Erdenebaatar arxeoloq kimi karyerasını bu cür çətinliklər üzərində qurub.

Monqolustanın paytaxtında yerləşən Ulan Bator Dövlət Universitetinin Arxeologiya Şöbəsinin rəhbəri kimi Dr. Erdenebaatar, qəbrin axtarışında təşkil olunmuş ilk birgə ekspedisiyanın iştirakçısı olub.

Qurvan Göl (Üç Çay) adlı yapon-monqol layihəsi, Çingiz xanın doğulduğu Kentii əyalətində təşkil edilibmiş.

Bu ekspedisiya, Monqol Demokratik İnqilabı ilə eyni ildə 1990-cı ildə baş tutub. İnqilab Çingiz xanın qəbrinin axtarışını da qəbul etməyib və Qurvan Göl layihəsinə qarşı ictimai etirazlar keçirilib.

Uelunla mən Dr. Erdenebaatar ilə Ulan Bator Dövlət Universitetində görüşdük.

Biz qəbir, ələlxüsus hazırkı layihə və Çingiz xanın son mənzili arasındakı oxşarlıqlar haqqında danışdıq. 2001-ci ildən bəri Dr. Erdenebaatar, Monqolustanın mərkəzində yerləşən Arxanqay əyalətindəki iki min illik yaşı olan Hun xanları məzarlığında qazıntılar aparır.

Dr. Erdenebaatar inanır ki, monqollar hunlardan törəyib. Çingiz xan özü də bu fikirdə olub. Bu səbəbdən də eyni dəfn adətinə əməl oluna bilərdi və Hun qəbirləri Çingiz xanın məzarının görünüşü ilə bağlı təsəvvür yaratmaqda köməkçi ola bilər.

Hun xanları yerdən 20 sm dərinlikdə kamera şəkilli otaqlarda dəfn olunurmuşlar.

Yerin üzərində isə dördkünc daş örtülərmiş. Birinci məzarı qazmaq üçün Dr. Erdenebaatar 10 yayını sərf etsə də, oraya oğrular daha tez çata bilib.

Bununla belə, burada hunların diplomatik olaraq haralara qədər gedib çıxdığını göstərən əşyalar tapılıb: Çin arabası, Roma şüşə qabları və çoxlu qiymətli metal.

Dr. Erdenebaatar məni universitetin tapıntılarla dolu kiçik muzeyinə apardı. O, Çingiz xan və onun varisləri tərəfindən də istifadə olunan bəbir və tək buynuzlu atların əks olunduğu əşyaları göstərdi.

Bir çoxları Çingiz xanın məzarının Monqol imperiyasının müxtəlif tərəflərindən gətirilmiş qənimətlərlə dolu olduğuna inanır.

Mövzuya xarici marağın bu qədər çox olmasını səbəblərindən biri də budur. Əgər Böyük Xaqanın Hun tərzində dəfn edildiyinə inansaq, bunu dəqiq bilmək bir az çətin ola bilər. Bu cür məzarlarla dolu və hər bir məzarın 20 sm dərinlikdə yerləşdiyi qəbiri Monqolustan kimi böyük ölkədə tapmaq çətin məsələdir.

Dr. Erdeenbaatar-a Çingiz xanın qəbrinin tapılıb tapılmayacağını sual etdikdə o, sakit formada çiyinlərini çəkdi. Onun işi üçün ömür bəs etməz. Tarix çox böyükdür.

Qadağan olunmuş yer

Rəvayətə görə, Çingiz xan Ulan Batordan 160 km şimal-şərqdə yerləşən Kentii dağlarının Burxan Xaldun adlı zirvəsində basdırılıb. O, cavan ikən düşmənlərindən burada gizləndiyinə görə, deyirlər ki, burada öləcəyinə əhd edibmiş. Alimlər onun dağın dəqiq harasında basdırıla biləcəyini də bilirlər.

Rəvayətə görə, Çingiz xan Kentii dağlarında basdırlıb

"Bu müqəddəs dağdır," 13-cü əsr monqol tarixi üzrə mütəxəssis və Ulan Bator Dövlət Universitetinin tarix üzrə professoru Dr. Sodnom Tsolmon deyir.

"O demək deyil ki, xan burada dəfn edilib."

Alimlər Çingiz xanın məzarının yerini müəyyənləşdirməkdən ötrü tarixi hesablamalara əl atırlar. Fəqət, onların təsvir etdiyi mənzərə adətən ziddiyyətli olur.

Min atın var-gəl etdiyi yer vadi və ya Hun məzarlığının yerləşdiyi kimi çöllüyə işarə edir.

Monqol etnoloqu S. Badamxatan tarixdə Burxan Xaldun adlı beş dağ olduğunu vurğulayaraq məsələni daha da qəlizləşdirib (baxmayaraq ki, o, müasir Burxan Xaldunun dəqiq olduğuna inanır).

Nə Dr. Tsolmon, nə də mən Burxan Xalduna qalxa bildik.

Müqəddəs dağa qadının qalxması qadağandır. Bir zamanlar bu əraziyə yalnız xan ailəsi daxil ola bilərmiş.

“İx Qoruq” və ya “Böyük Tabu” kimi bilinən ərazi, artıq Xan Kəndi adı altında Unesco Dünya İrsinə daxildir və ciddi şəkildə qorunur.

Tədqiqatçılar Burxan Xaldunu fəth edə bilmədiklərinə görə Çingiz xanın yeri ilə bağlı suallar da sirr olaraq qalmaqda davam edir.

Döyüşçünün son arzusunu yerinə yetirmək

Məzara çatmaq bu qədər qəliz ikən, niyə məsələ Monqolustanda hələ də mübahisə doğurur?

heykəl

Çingiz xan Monqolustanın dahi qəhrəmanıdır. Qərb onu işğalçı kimi, monqollar isə yaradıcı kimi xatırlayır. Onun imperiyası Şərq ilə Qərbi birləşdirərək İpək Yolunun çiçəklənməsinə səbəb olub. Onun hakimiyyəti öz əksini diplomatik toxunulmazıq və dini azadlıq kimi anlayışlarda tapır. O, etibarlı poçt xidməti yaratmış və kağız əskinasların dövriyyəsini təşkil etmişdir; Çingiz xan dünyanı işğal etməklə yanaşı, inkişaf da etdirib.

O, hələ də böyük hörmətlə anılır və elə bu səbəbdən də Uelun kimi monqollar qəbrin toxunulmaz qalmasını istəyirlər.

"Əgər onlar bizim məzarı tapmamızı istəsəydilər, bir nişanə saxlayardılar."

Uelun sözünü belə bitirdi.

# 3903 dəfə oxunub

Müəllifin son yazıları

# # #