"İş qayğılarından müvəqqəti azad olmuşuq" - Azər Paşa Nemətov

"İş qayğılarından müvəqqəti azad olmuşuq" - Azər Paşa Nemətov
6 aprel 2020
# 13:42

"Vətənə və insanlığa ən böyük xidmət evdə qalaraq özümüzü və doğmalarımızı koronavirus pandemiyasında qorumaqdır."

Kulis.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov deyib.

O bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan vacib çağırış və müraciətlərinə hər birimiz inamla dəstək verməliyik. “Prezidentimiz koronavirus xəstələrinin istifadəsinə verilən yeni xəstəxananın açılış mərasimində çox əhatəli çıxış etdi. Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib, faydalı və zəruri qabaqlayıcı addımları atıb. Ona görə də koronavirusun qarşısının alınması üçün dövlətin qəbul etdiyi qərarlar bu gün öz müsbət nəticəsini verir. Əgər vaxtında qəbul olunan bu qərarlar olmasaydı, biz bu xəstəliyin acısını indikindən dəfələrlər çox yaşayardıq. Necə ki, Avropanın ən inkişaf etmiş ölkələri artıq çarəsiz duruma düşüblər.

Birinci vitse-prezident Mehriban Əliyeva həmvətənlərimizə ünvanlanan müraciətində “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm!” deməsi, onun hər bir azərbaycanlı üçün nə qədər narahat, nə qədər nigaran olduğunu göstərir. Bu, sevginin, qayğının, mərhəmətin böyük nümunəsidir. Ona görə də, bizim vətəndaşlıq borcumuz dövlətimizin müəyyən etdiyi qaydalara vicdanla, ləyaqətlə əməl etməkdir”, - deyə Xalq artisti vurğulayıb.

Təkcə işdə yox, evdə də həyatını maraqlı və faydalı keçirdiyini bildirən Azər Paşa Nemətov yeni əsərlər, tamaşalar üzərində düşündüyün söyləyib. O deyib: “Qeydlər aparıram, oxuyuram, internet üzərindən yeni səhnə əsərlərinə baxıram. Yaradıcılıq həmişə yenilik tələb edir. Yeniliyi isə öz üzərində işləmədən etmək mümkün deyil. Bundan başqa, hesab edirəm ki, bu, yaradıcı şəxslər üçün bir fürsətdir. Çünki vaxt boldur, bir növ iş qayğılarından müvəqqəti azad olmuşuq. Yəni düşünməyə, axtarıb-araşdırmağa vaxtımız çoxdur. Ona görə də bütün yaradıcı şəxsləri, teatr xadimlərini bu günlərdən səmərəli istifadə etməyə çağırıram. Biz – teatr ictimaiyyəti hər zaman dövlətimizə sədaqətli xidmətimizlə fəxr etmişik. İnanıram ki, bu xəstəlik günlərində də öz böyük sevgimizi, tükənməyən məhəbbətimizi dövlətimizə və həmvətənlərimizə bir daha sübut edəcək, əl-ələ, kürək-kürəyə Tanrının bu çətin sınağından şərəflə çıxacağıq. Biz birlikdə güclüyük”. /azertag.az/

# 1995 dəfə oxunub

Müəllifin son yazıları

# # #