Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf
25 may 2024
# 12:00

Kulis.az tənqidçi-publisist Nizaməddin Mustafanın “Babalarımız oğuzlar-türkmənlər” silsiləsindən “Babayilər qiyamı: Türkmən davasına dini ixtilafın qarışması” adlı məqaləsinin beşinci-sonuncu hissəsini təqdim edir.

əvvəli burada

Bütün zamanlar və sosial təbəqələr üçün aktual olan “biz-onlar” qarşılaşdırması üzrə dünyanın türkmənlər üçün dini cəhətdən “bölünməsinin” təməli məhz Baba İlyasın şəxsiyyəti işığında qoyulur: bir tərəfdə “onlar”- fəqihlər, qazılar, mədrəsə üləması ilə təmsil olunan rəsmi İslam, o biri tərəfdə “biz”- Baba İlyasın ətrafında toplanan “abdalan”- vəfai, yəsəvi, qələndəri, heydəri dərvişləri və onları özlərininki bilən geniş türkmən kütlələri. Bu mənada babai üsyanı türkmənlərin hakim rejimdən təkcə iqtisadi, siyasi, sosial cəhətdən deyil, həm də dini etiqad baxımından ayrılmağa başladığını təzahür etdirir. Unutmayaq ki, Əlaəddin Keyqubaddan sonrakı dövr Anadoluda qatı bir sünniləşdirmə siyasətinin yeridilməsi ilə xarakterizə olunur və babayilər üsyanı həm də bu siyasətə reaksiya kimi baxılmalıdır. Köçəri türkmən mühitində dini şüurun “qeyri-sünni” istiqamətdə inkişaf etməsində, sonradan ələvi-bəktaşi (şiə) görüşlərinə (Ə.Y.Ocağın qızılbaşlıq və bəktaşiliyi babailiyin şəklini dəyişmiş forması hesab etməsi heç də təsadüfi deyil; yuxarıda bir çox babalarla Baba İlyas arasında körpü rolunu Hacı Bəktaş Vəlinin oynadığına şahid olduq) transformasiya olunmasında həmin ayırıcı xəttin rolu böyük olmuşdur. Ə.Y. Ocağın vurğuladığı bir önəmli məqamı da yaddan çıxarmamalıyıq ki, Anadoluda yalnız XV əsrin sonlarından Səfəvi təbliğatı ilə bağlı başlayan həqiqi şiə təsirlərində belə “əski türk inanclarının damğası sezilmişdir”. Yəni, türkmənlərin şiəliyə təkamül yolunda əski heterodoks görüşləri qətiyyən itirilməmiş, əksinə, təməl rolunu oynamış və qorunub saxlanılmışdır...

Bu baxımdan Baba İlyas və onun təmsil etdiyi fikri-mənəvi cərəyan eyni zamanda sözügedən silsilənin ilk həlqəsi olmaqla türkmənlərə xas heterodoksal inancların ən dərin layları haqqında təsəvvür yaradır. Baba İlyas (və müridləri) tarix etibarilə həmin laylara digər babalardan “ən yaxın” olanı və dolayısı ilə Orta Asiyadan Anadoluya nəql edilmiş unikal İslam anlayışının qoruyucusu və başlıca ötürücüsüdür. Bu sifətlə o, qarşımıza bir tərəfdən əhalisinin böyük hissəsi köçəri türkmənlərdən ibarət olan Səlcuqi cəmiyyətinin dini həyatına istiqamət verən İslam mütəsəvvüfü, ikinci bir tərəfdən isə qədim türk qam və şamanlarının birbaşa varisi kimi çıxır. İctimai statusundakı sinkretiklik (Ə.Y.Ocağ “syncretiste”anlayışını “müxtəlif dini inanc və düşüncələri özündə birləşdirən” kimi şərh edir), zənnimizcə, Baba İlyasla bağlı ən müəmmalı məsələnin- onun peyğəmbər olub-olmamasının anlaşılması üçün bizə doğru yol göstərir.

Baba İlyas peyğəmbərdirmi və ya türkmənlər onu peyğəmbər saymışlarmı?

Babayi üsyanının mahiyyəti ilə birbaşa bağlı olan bu suallar hələ orta əsrlərdən başlayaraq hərəkatı araşdıran, demək olar, bütün müəllifləri düşündürmüşdür. İbn Bibi Baba İlyasın edam edilməsi xəbərini eşıdəndə türkmənlərin “Baba, Allahın elçisidir”,- deyə hiddətlənib nərə çəkdiklərini yazır. Əbül-Fərəc qiyamdan bəhs açarkən “peyğəmbərlik iddiası güdən bir dərvişin fitnə-fəsadı” kimi ifadələr işlədir. Əlvan Çələbi ulu babasının peyğəmbərliyi haqqında iddiaları qazıların iftirası hesab edir. Müasir tədqiqatlarda bu barədə tez-tez təkrarlanan mövqeyi isə Ə.Mercil belə ümumiləşdirir: “Sultan Qiyasəddin dövründə Anadoluda elə bir vəziyyət yaranmışdı ki, xalq artıq ona qurtuluş verəcək bir mehdi və ya peyğəmbər gözləməyə başlamışdı. “Baba Rəsul” ləqəbi ilə tanınan Baba İlyas Xorasani bundan yararlanaraq özünü peyğəmbər elan etmiş və onları ətrafında toplamışdı”.

Ə.Y.Ocaq yazır: “Səhih olan bir şey varsa, o da Baba İlyasın özünü türkmənlərə bir mehdi (bəlkə də peyğəmbər) qismində tanıtdığı, təzyiq altında qalan, sosial-iqtisadi problemlər girdabında inləyən sadə insanların onu bu gözlə görmələridir. Bu üzdən qaynaqlar onu “Baba Rəsul” deyə zikr edir. Hadisələrin gedişinə baxılarsa, Baba İlyas türkmənləri bu vəziyyətdən qurtarmaq üçün Səlcuqi hakimiyyətini devirmək və idarəçiliyi ələ almaq məqsədi güdmüşdür”.

Bu və digər analoji fikirlərin kitabdan-kitaba, müəllifdən-müəllifə keçməsinə baxmayaraq, sözügedən müəmmanı çözmək hələ də mümkün olmayıb. Təəccüblü bir şey də yoxdur. İbn Bibi yalnız faktı konstatasiya edir, Əbül-Fərəc hakim münasibəti göstərir, Əlvan Çələbi öz mülahizəsinə görə, ulu babasına “bəraət qazandırmağa” çalışır. Müasir şərhlərdə isə keçmişin gerçəkliyini modern tarixşünaslığın mexaniki-təsviri kateqoriyaları ilə yozmaq cəhdini sezmək çətin deyil. Tədqiqatçılar bu məqsədlə məsələni sadələşdirir (hətta bəsitləşdirir), “yuvarlaqlaşdırır”, məlum qəliblərlə uzlaşdırır, ancaq mülahizələrinin İslamın fundamental əsasları və qədim türk hakimiyyət törəsi ilə ziddiyyətə girdiyini, hadisələrin daxili məntiqi ilə uyğunsuzluq yarandığını görmək istəmirlər. Baba İlyas fürsətcil bir hakimiyyət hərisi deyil, İslam alimidir (hələ qazı olması ehtimalını bir kənara buraxaq), ətrafındakılara rəğmən, peyğəmbərlilk iddiasına düşməyin nə demək olduğunu yaxşı bilir. Digər tərəfdən babayilər qiyamı hər nə qədər siyasi, istisadi, sosial səbəblərlə şərtlənsə belə, bir cihad hadisəsidir; qarşısına hakimiyyət məsələsi qoymur, ilahi ədalət və nizamı bərpa və bərqərar etmək məqsədi daşıyır. “İdarəçilyi ələ keçirmək” kimi vulqar mülahizələr isə abdalların Allahdan başqa hər şeydən imtina etmələri fikrinə müğayirdir. Zənnimizcə, hadisələrin mahiyyət və qanunauyğunluğunu anlamaq üçün məsələyə bütün bu ziddiyyətli məqamları ortaq məxrəcə gətirməyə imkan verən başqa bir bucaqdan baxmağa çalışmalıyıq.

Bəhri Arslan, Baba İlyasın peyğəmbərliyi iddiası ilə əlaqədar “türkmənlər arasında hakim olan” “qütbiyyə” və yaxud “qütbül-əktab” inancına toxunur və X.İnalcığın adıçəkilən kitabından sitatlar gətirməklə kifayətlənir. Biz də X.İnalcığın məlum fikirlərinə istinad edəcəyik. Amma qısa bir arayışdan sonra.

“Qütbiyyə” sözü “qütb”dən əmələ gəlib. “Qütb” (cəm şəklində: “əktab”) sözünün isə müxtəlif lüğətlərdə “dəyirmanın mili”; “ağırlıq mərkəzi”; “məhvər”; “kainatın oxu”; “səmada şimal yarımkürəsində yerləşən ulduz” kimi müstəqim və terminoloji mənaları qeyd olunur. “Qütb” həm də cəmiyyətin mənəvi rəhbəri, belə demək mümkünsə, qeyri-formal lideri anlamına gəlir. Təsəvvüfdə bu söz əsasən, “vəlilər zümrəsinin başçısı, ən böyük vəli” mənalarında işlənmiş, “insani-kamil”i bildirmiş, ibadət və əxlaq cəhətdən hamıdan üstün olan qütblərin kainata hökm etdiklərinə, cəmiyyət həyatını idarə etdiklərinə inanılmışdır. “İslam ensiklopediyası”nda bildirildiyinə görə, Əbdürrəzzaq əl-Kaşani “qütb”ü aləmdə “Allahın nəzərgahı olan yeganə vəli” deyə səciyyələndirmiş, onun Həzrət Məhəmmədin nübüvvətinin (peyğəmbərliyinin) “batini” olduğunu (“həqiqəti-Məhəmmədiyyə”) və bu mərtəbəyə yalnız Peyğəmbərin ən kamil varislərinin çata bildiyini qeyd etmişdir. Yəni, Baba İlyasın peyğəmbərlik iddiası absurddur.

X.İnalcıq “Otman Baba mənaqibnaməsi”nin təhlili zamanı babaları “Tanrı ilə yekvücud olmuş ərənlər” adlandıraraq yazır: “Kiçik Abdala görə, Otman Baba “bürci-vəlayət”də (vəlilik, övliyalıq bürcündə-N.M.) iqamət edir. Nübüvvət (nəbilik, peyğəmbərlik-N.M.) sirri hər yerdə və hər zaman babalarda təzahür edir. Onlar kainatın qütbü, oxu dərəcəsindədirlər, bu sifətlə yalnız mələkut (mələklər) aləmini deyil, real həyatda da hər şeyi nəzarətdə saxlayır, hər şeyə hökm edirlər. Yağış onların bərəkəti ilə yağar, sultan onların istəyi ilə taxtda oturar, fələklər səmada onların iradəsi ilə dövr edər”. Görkəmli tarixçi bu nəticəyə gəlir ki, qütbiyyə inancına mənsub dərvişlər hər dövrdə dünyaya bir “qütbül-əktab”ın (qütblər qütbünün, “baş qütb”ün, ən müqəddəs vəlinin) gəldiyini və onun şamanlar kimi cəzbə halında Tanrı ilə sürəkli əlaqə qurduğunu, az qala, hər şeyə qadir olduğunu iddia edirlər. Kainat üzərində mütləq hakimiyyətə malik olduqlarını kəramətləri ilə təsdiqlədikləri üçün qütblər də hökmdarlara aid ünvanlar, “sultan”, “şah”, “padşah” kimi titullar daşıyırlar. Başqa sözlə, qütblər, əslində, Allahın izni ilə kainatın qeyri-formal hökmdarları, dara düşənlərin yardımçısı, ümid, pənah yeri sayılır.

Uzun-uzadı açıqlamalara ehtiyac yoxdur. Babayi üsyanına “qütbiyyə” və “əl-insanül-kamil” doktrinasından yanaşmanın daha səmərəli olacağı aşkardır. Yəqin, oxucu da təsdiqləyər ki, türkmənlərin II Qiyasəddin rejiminin tərəfindən hər tərəfdən təklənməsi səbəbindən Baba İlyasın bir “qütbül-aləm” olaraq zalımın qarşısına çıxması “qütbiyyə” doktrinasına tamamilə uyğundur. Bu məntiqlə, öz dövrünün sosial-siyasi həyatında baş verən hadisələri tənzimləmək, cəmiyyətdə asayiş və nizamı qorumaq, haqsızlığa məruz qalanların haqqını alıb özlərinə qaytarmaq ilahi ədalətin tələbi kimi “qütbül-əktab” sayılan müqəddəs zatın borcu və öhdəliyi kimi anlaşılmalıdır.

X.İnalcıq türkmən mühitində “qütbiyyə” inancının Osmanlı dövründə də uzun müddət yaşadığını, babaların və abdalların “ermişlər” kimi xalq arasında böyük təsir gücü qazandığını təsbit edir, belə bir faktı da üzə çıxarır ki, “Qütblərin kütlələr üzərində nüfuzunu görən padşahlar siyasi məqsədlərlə qütbiyyə nəzəriyyəsini mənimsəməyə, I Muraddan (1362-1389) başlayaraq vəlilik, qütblük iddiasına düşməyə başlamışlar”. Alimin digər bir maraqlı müddəası isə dövlətə asiliyi ilə məşhur olan Şeyx Bədrəddin (1416, yaxud 1418) və hətta Şahqulu (1526-1527) hərəkatları ilə bağlıdır. X.İnalcıq onların dərviş ənənələrindən, o cümlədən, qütbiyyə inancından təsirləndiklərini təsbit edir: “Şeyx Bədrəddinin dünyanı ədalətə qovuşdurmaq iddiası və bir mehdi sifəti ilə uc bəylərinə, yörüklərə və kasıb uc sipahilərinə arxalanaraq başladığı üsyan dövlətin təməlini sarsıtmışdır” və s. Bildiyimiz kimi, Şeyx Bədrəddinin I Sultan Məhməd hakimiyyətinə qarşı silahlı mübarizə üçün topladığı qoşunun əsas hissəsi şiələrdən təşkil olunmuşdu, Şahqulu üsyanı isə tarixşünaslıqda bir qayda olaraq Səfəvi-Osmanlı qarşıdurması müstəvisində nəzərdən keçirilir. Deyilənlər qədim heterodoks inancların türkmən mühitinə dərindən sirayət etdiyini və kollektiv yaddaşda silinməz izlər buraxdığını göstərir.

Beləliklə, babayilər hərəkatının tarixi əhəmiyyətini bir cümlə ilə müəyyənləşdirəsi olsaq, deyə bilərik ki, “Anadolu türklərinin din tarixində qeyri-sünni hərəkat və zümrələrin təməlini qoymuş” bu qiyam həm də özündə “sonrakı dövrlərdə meydana gəlmiş qeyri-sünni üsyanların rüşeymini” daşımaqdadır (Ə.Y.Ocaq). Babayilər üsyanından başlayaraq dini amil oğuzçuluq şüurunun formalaşmasında etnik-mədəni, siyasi, iqtisadi və sosial şərtlərlə bir cərgədə öz yerini alır, “türkmən birliyi ideologiyası”nı tamamlayır, zamanla güclənir və siyasi-ictimai baxışlar sistemində möhkəm qərarlaşır və hətta ön plana da keçə bilir. Bu proseslərin Ağqoyunlu, Qaraqoyunlu, Osmanlı və Səfəvi mərhələlərindəki inkişaf xüsusiyyətləri isə artıq başqa araşdırmaların mövzusudur...

# 2993 dəfə oxunub

Müəllifin son yazıları

# # #