Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf
10 may 2024
# 15:00


Kulis.az tənqidçi-publisist Nizaməddin Mustafanın “Babalarımız oğuzlar-türkmənlər” silsiləsindən “Babayilər qiyamı: Türkmən davasına dini ixtilafın qarışması” adlı məqaləsinin ikinci hissəsini təqdim edir.

əvvəli burada

II Qiyasəddinin iqtidarının cəmi üç ili ərzində bir-birini sürətlə təqib edən bu və bu kimi dramatik hadisələr əhalini dərindən sarsıtmış, xüsusilə türkmənlərlə mərkəzi hakimiyyət arasında keçilməz uçurum yaratmışdı. Cəmiyyəti bürümüş kütləvi gərginlik, barışmaz əkslik əhval-ruhiyyəsi qiyamçı meylləri tətikləyirdi. Türkmənlər bir-birindən ağır siyasi, iqtisadi, sosial-psixoloji şərtlər altında sanki ölüm-dirim mübarizəsinə qalxmağa məhkum edilmişdilər. Artıq silahlı qarşıdurma labüd idi və 1240-cı ildə türkmən cəmiyyətinin dini-mənəvi lideri Baba İlyasın səltənət sahiblərinə qarşı cihad çağırışına qoşulması tamamilə təbii sayılmalıdır.

Təfsilata varmasaq da Anadolu Səlcuqiləri tarixinin ən böyük qiyamı olan babayilər hərəkatı haqqında bəzi statistik məlumatları xatırlatmağa hacət var.

Adıyaman-Kahta civarından başlayıb qısa müddətdə Malatya, Maraş, Sivas, Tokat və Amasyaya qədər geniş bir əraziyə yayılan üsyan düz 4 ay davam edib. Bu, analoji hadisələrlə müqayisədə kifayət qədər böyük müddətdir. Ümid Hassan hərəkatda “demək olar, oğuz mənşəli bütün kütlələrin” iştirak etdiyini yazır. Xronikalarda Hələb və Antep bölgələrinə sürgün olunmuş Xarəzm türkmənlərinin etirazçılara qoşulması ilə Baba İshaqın qat-qat güclənməsi xüsusi vurğulanır. Bir dövlətin qiyama qalxmış təbəələri ilə belə uzun müddətli silahlı mübarizə aparmaq məcburiyyətində qalması dünya tarixində nadir hadisələrdəndir. Qırşəhər yaxınlığındakı Malya çölündə Nəcməddin Bəhramşahın 60 minlik qoşunu ilə (əslində, bu ordu monqol istilaçılarının qarşısını almaq üçün məxsusi hazırlanmışdı) baş verən son döyüşə qədər əksəriyyəti əliyalın və necə gəldi silahlanmış qadın və kişilərdən ibarət olan etirazçıların nizami Səlcuqi qoşunları ilə 11 dəfə qarşılaşdığı, hər dəfə də üstünlük qazandığı rəvayət edilir. Bunun bir səbəbi də əskərlərin ürəklə vuruşmaması, Babanın kəramətindən, babayilərin dini nüfuzundan çəkinmələri idi. Bəhramşahın ordusunda isə “alınlarına xaç işarəsi çəkilmiş” xristian frank bölükləri vardı və üsyançıların ilk həmlələrini də məhz həmin birliklərin dəf etdikləri, yalnız bundan sonra ordunun cəsarətə gəldiyi və Baba İshaqın, digər xəlifələrin öldürülməsi ilə qiyamın yatırıldığı bildirilir. Mənbələrdə deyildiyinə görə, “türkmənlərin çoxu qılıncdan keçirildi, sağ qalanlar əsir edildi, xəlifələrdən qurtulanlar sağa-sola qaçışaraq izlərini itirdilər”...

Bir neçə kəlmə ilə üsyanın nəticələrinə toxunası olsaq, qeyd etməliyik ki, babayi qiyamı Anadolu Səlcuqi dövlətinin artıq iflasa uğradığının aşkar nümayişinə çevrilmiş və onu süquta sürükləyən əsas siyasi-psixoloji amillərdən biri olmuşdur. Dövlətin dərviş və sadə xalq kütlələrinin üsyanını asanlıqla yatıra bilməməsi monqol istilası ərəfəsində səlcuqilərin düşdüyü acınacaqlı durumun bariz göstərici idi. Artıq Əlaəddin Keyqubadın miras qoyduğu o qüdrətli dövlətdən əsər-əlamət qalmamışdı. Sultanı asi bir kütlənin qəzəbindən qorxaraq paytaxtını tərk edən, qaçıb Qubadabada sığınan bir dövlətin dünyanı lərzəyə gətirən monqol orduları qarşısında duruş gətirə biləcəyini təsəvvür etmək belə mümkün deyil. Digər tərəfdən, şəhərləşməni, urbanizasiyanı qəbul etməyən türkmənlər üsyan dövründə şəhər və qəsəbələri xüsusi bir amansızlıqla hədəfə almış, oturaq əhalinin, ələlxüsus tacirlərin mal və mülkləri yağmalanış, onsuz da zəif durumda olan iqtisadiyyat dağılmışdı.

...Lakin etiraf etməliyik ki, üsyanın tarixi əhəmiyyətini düzgün qavramaq və qiymətləndirmək üçün statistika yetərli deyil. Boşluğu doldurmaq üçün hələ çox amilləri araşdırmaq lazım gəlir. Bunlardan biri və birincisi türkmənlərlə qiyamın təşkilatçıları və rəhbərləri arasındakı münasibətlərdir. “İslam Ensiklopediyası”ndan gördüyümüz kimi, ilkin mərhələdə babayilər üsyanının təkanverici qüvvələri bütün türkmənlər deyil, “Baba İlyasa bağlı türkmənlər”dir. Şəxsləndirib adbaad söyləsək, hərəkatın ideoloqu Baba İlyas (Şücaəddin Əbül-Bəqa Şeyx Baba İlyas bin Əli Əl-Xarəzmi), qiyamın rəhbəri və bayraqdarı Baba İshaq, əsas zərbə qüvvəsi isə onların ətrafına toplaşan abdallar (vəfayi, qələndəri, yasəvi, heydəri təriqətlərinə mənsub dərvişlər) və onlara qoşulan əxilərdir.

Qiyamın iştirakçıları

Anadolu türkmənlərinin mənəvi öndərləri sayılan babaların kimliyini müəyyənləşdirmək üçün əvvəlcə onların əsas sosial gücünü təşkil edən abdalları tanımaq lazım gəlir. Babalar və abdallar haqqında ən dolğun məlumatı Xəlil İnalcığın “Osmanlı tarixində İslamiyyət və dövlət” kitabından alırıq. Tarixçi Anadolu dərvişlərini iki qismə ayırır: sultandan vəqf qəbul edən konformist, loyal dərvişlərə, bir də oturaq dövlətin nəzarət və basqısına üsyan edən asi və döyüşçü (non-konformist) dərvişlərə. Abdal-dərvişlər bu ikinci qismə aiddir. Qaynaqlarda abdalların “əksər hallarda Xorasan ərənləri və ya Azərbaycandan köç edən qruplar arasında xatırlanmasını” xüsusi bir vurğu ilə diqqətə çatdıran X.İnalcıq onların böyük bir qismini “ilk dövrlərdə “ölü” torpaqlarda, bataqlıq və meşəliklərdə tarlalar salan, yaxud “kafirun”u qovaraq ələ keçirdikləri torpaqları işləyib “şənləndirən” dərvişlərin təşkil etdiyini” və Ömər Lütfi Barkanın “onlara “kolonizator” sifəti verdiyini” yazır.

Abdalların/babaların etnik mənşəyindən söz açarkən tədqiqatçılar ilk mənbə kimi Aşıqpaşazadənin “Tarix” əsərinə (1474) istinad edirlər. Abdallar “Tarix”də Anadoluya köç etmiş “müsafir” zümrələrdən (“müsafirin”, yəni, gəlmələr, “qonaqlar”) hesab olunur. “Müsafirin” deyərkən Aşıqpaşazadə monqol zülmündən qaçıb Anadoluya pənah gətirən Xorasan, Mavəraünnəhr, Türküstan və qismən də Azərbaycan türkmənlərini nəzərdə tutur və bu qrupa 4 əsas zümrəni daxil edir: abdalları (“abdalani-Rum”), əxilərı (“ahiyan”), bacıları (“bacıyan”) və qaziləri (“qaziyan”). Bu etnik-sosial qrupların, əsasən, Anadolunun cənub-şərqində məskunlaşdıqları bilinir (babayilər üsyanı da məhz həmin ərazilərdə baş verir). Yəni, “müsafir zümrələr” (əksəriyyət etibarilə) etnik türkmənlərdən təşkil olunub və öz aralarında daim qarşılıqlı əlaqədədirlər. X.İnalcıq ətraflı təhlil etdiyi “Vəlayətnamə” (Fateh Sultan Məhməd zamanında yaşamış Otman Babanın həyatı və kəramətləri haqqında onun dərvişlərindən Kiçik Abdalın qələmə alıb 1483-cü ildə tamamladığı “Vəlayətnameyi-Sultan Otman”, yaxud digər adları ilə “Vəlayətnameyi-Şahi”, “Vəlayətnameyi-Sultan Baba” kimi tanınan mənaqibnamə) əsərinə istinadla Babanın tez-tez əkinçiliklə məşğul olan kasıb türkmən kəndlilərinin, kafirlərlə döyüşən qazilərin köməyinə yetişdiyini bildirir. Qazilərin (qənimət və torpaq əldə etmək üçün, əsasən, fərdi qaydada qəzaya qoşulan alplar nəzərdə tutulur) yeganə gəliri döyüş meydanlarında qazandıqları “doyum”dan, yəni qənimətdən ibarətdir və əsasən, ianələr (sədəqə) hesabına dolanan babalar/abdallar dövlətin, varlıların vəqflərini rədd etmələrinə rəğmən, “küffar məmləkətinə axınlardan dönən” qazilərdən nəzir-niyaz almağı özlərinə rəva görürlər ki, bu da onlar arasındakı münasibətlərin doğmalığını göstərir.

Lakin babaların/abdalların “müsafir” zümrələrlə münasibətləri yalnız etnik-sosial mənsubiyyətlə şərtlənmir. Onların dini görüşləri də mühüm faktorlardandır. X.İnalcıq Otman Babanın təbiri ilə abdalların “özlərini Allahdan başqa hər şeydən məhrum etdiklərini”, dünya ilə bütün bağlarını kəsdiklərini vurğulayaraq yazır: “Abdalan və qaziyan cihad yolunda birləşirlər- biri müqəddəs bir vəlinin təriqində (şeyx, mürşid seçdikləri babaların yolu ilə- N.M.) Allaha yetişmək, o biri Allahın hökmünü və buyruğunu dünyada hakim etmək üçün mücadilə içindədir”. Özünü unudub Tanrıya qovuşmaq, onunla bütünləşmək, Böyük Varlığın içində əriyib yox olmaq istəyi ilə təsəvvüf fəlsəfəsi, vəhdəti-vücud (panteizm) təlimi arasında paralellər aparan alim abdallığı sufizmə müncər edir, xatırladır ki, “İslam mədəniyyətində dini elm Allaha yetişmək üçün iki qoldan inkişaf edib”. Birinci qolu “müqəddəs mətnlərin düzgün oxunub hədis və təfsir üsulu ilə anlaşılması ilə məhdudlaşan” mədrəsə üləması, ikincini “neoplatonist vəhdəti-vücud (varlığın vəhdəti, birliyi) görüşü ilə eşq-cəzbə yolunu seçən” sufilər təmsil ediblər.

İbrahim Qəfəsoğlu da “türkmən babaları”nı və abdalları təsəvvüfi təsirlər altına düşmüş “xalq vəliləri” (“vəli” sözü, lüğətlərdə, əsasən, 2 mənada işlənir: 1) valideyn, hami; 2) övliya, müqəddəs şəxs) adlandıraraq yazır: “/Onların/ Zehniyyətləri bəsit bir İslami cila altında inkişaf edən qeyri-ortodoksal düşüncələrdən meydana gəlmişdi. Xorasana enən türk kütlələri üzərində yeni mədəniyyət dairəsindəki İslam əqidələri ilə birlikdə İranın manexeizm, məzdəkizm və zərdüştilik kimi dini qalıqları ilə birləşərək yeni bir məzhəb görüntüsü qazanmış sufiliyin də təsir göstərməsi tamamilə təbii idi”.

Sufi görüşləri həm də abdal/babalarla əxiləri birləşdirən mühüm mənəvi körpüdür. Ümumiyyətlə, əxiliyin bir türkmən təsisatı kimi səciyyələndirilməsi və əxi təşkilatlarının yaranıb formalaşmasında qazilərin (ərənlər və alp-ərənlərin) yaxından iştirak etmələri tarixi həqiqətdir. Bu cəhətdən Anadoluda əsnaf və sənətkarları ətrafında toplayan əxilik təşkilatının qurucusu Nasirəddin Evrən/Evranla (Xoylu Şeyx Nasirəddin Mahmud; xalq arasında sadəcə Əxi Evrən) Baba İlyasın yaxın münasibətlərinin şəxsi dostluq çərçivələrini aşıb əqidə birliyi səviyyəsinə yüksəlməsi yetərincə əsaslı ehtimaldır. Əxi Evrən XIII əsrdə Bağdaddan Anadoluya gəlmiş üləma və sufilərdən idi. Onları “fütüvvət (dini mətnlərdə əxiliyi bildirən istilahdır) ərbabının dostu” Əlaəddin Keyqubadın şəxsən himayə etdiyi məlumdur. Onun səltənəti dövründə əxilər dövlət tərəfindən dəstək görmüş, əsas böyük şəhərlərdə təşkilatlanmışdılar. Eyni zamanda Keyqubadın Baba İlyas və onun mürşidi Dədə Qarkına böyük ehtiram bəslədiyi, iltifat göstərib Qırşəhərdə onların ziyarətinə gəldiyi və Dədə Qarkına 17 kənd bağışladığı da rəvayət olunur. Aydın məsələdir ki, Sultanın zəhərlənib öldürülməsi istər babayi, istərsə də əxi dairələrində, eləcə də əsnaf və sənətkarlar arasında (unutmayaq ki, əxi liderlərinin hərəsi bir mühüm peşə sahiblərinin, misal üçün, Əxi Evrən dabbaqların şeyxi idi) qəzəb və hiddətlə qarşılanmışdı. II Qiyasəddin iqtidarına qarşı çıxışlar edən bir çox əxi öndərinin, o cümlədən, Əxi Evrənin tutulub zindanlara atılması faktdır. Cavad Haqqı Tarımın yazdığına görə, vəzir Sadəddin Köpəyin intriqaları nəticəsində türkmənlərin siyasi-mənəvi liderlərinə qarşı genişmiqyaslı cəza tədbirlərinə başlayan II Qiyasəddinin əmri ilə Baba İlyas Qırşəhərdən (alimin fikrincə, Baba İlyas o vaxta qədər “türkmən yurdu, Yasəvi xalq təriqətlərinin, xüsusən də babayi ənənələrinin mərkəzi” sayılan bu şəhərdə qazılıq etmişdir) Amasyanın Çat kəndinə, Əxi Evrən Konyadan Dənizliyə, Hacı Bəktaş Vəli isə Qırşəhərdən Suluca Qarahöyükə sürgün edilmişdi. Alimin qənaətinə əsasən, Qırşəhərdəki əxilər təşkilatı da Baba İlyas tərəfindən qurulmuşdur. Göründüyü kimi, Anadolu cəmiyyətinin azsaylı mütəşəkkil təşkilatlarından olan əxilərin babayi qiyamına qoşulması üçün əlverişli dini-siyasi zəminin yaranması, eyni zamanda onların korporativ mənafeləri ilə bağlı idi.

X.İnalcıq üsyandan birbaşa bəhs etmir, babayilərdən isə erkən Osmanlı tarixi çərçivəsində söz açır. Bununla belə, onun XIV-XV əsrlərdə baş vermiş hadisələr haqqında çıxardığı nəticələr mövzumuz və araşdırma predmetimiz baxımından müstəsna önəm daşıyır, üsyanın məqsəd və motivlərini aşkarlamaq üçün bizə tutarlı arqumentlər verir.

Nizaməddin Mustafa

ardı var...

# 1983 dəfə oxunub

Müəllifin son yazıları

# # #