Yazıçı hər şeyi izah etməyə məcbur deyil - Hekayə müzakirəsi

Yazıçı hər şeyi izah etməyə məcbur deyil - Hekayə müzakirəsi
30 avqust 2023
# 15:19

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Qafar Rüstəmovun “Qəhvəyi paltolu qız” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

"“Qəhvəyi paltolu qız” mövzusuna görə hekayə imkanlarını aşır, romana yönəlir. Qafar Rüstəm isə onu “məhdud məsuliyyətli” janra sığdırmağa çalışıb və bu zaman hekayədə xeyli deformasiya yaranıb. Müəllif də məcburən bir çox detalların üzərindən ötəri keçib, onlara səthi yanaşıb. Nəticədə, xeyli məqam dumanlı qalıb. Hekayənin həcmi indikindən bir neçə dəfə böyük olsa, duman çəkilər, qırışlar da açılardı.

Mövzuya gəldikdə isə, məncə, müəllif xeyli sentimental yanaşıb. Belə deyim, “Segah”ı İslam Rzayev kimi oxumaq varkən, Manaf Ağayev kimi ah-nalə çəkib. Buna görə də hekayənin “reallığına” oxucunu inandıra bilməyib. Məncə, bunun əsas səbəbi də müəllifin əvvəlki hekayələrindən fərqli olaraq, özünə yad olan mövzulara qaçmasıdır".

Samirə Əşrəf: “Kişilər həmişə qadınlara möhtacdır” – Müsahibə

Samirə Əşrəf:

"Qafar bəyin hekayəsi yaxşı başlayır. Nəql etməsi, müəllif kimi ifadə tərzi xoşuma gəldi. Qəhvəyi paltolu qızın kimliyi və qeyri-müəyyənliyi oxucu kimi mənə maraqlı gəldi. Bu qənaətə gəlmək olar ki, Qafar bəyin yazıçılıq potensialı var. Ancaq ortalarda publisistikaya yuvarlanır, nəql etmə tezləşir. Qarabağ müharibəsini dəfələrlə təkrarlayır. Sonluq da pis deyil. Məncə, ortabab hekayədir, pis demək olmaz. Yeni başlayan yazıçılar unudurlar ki, yazıçı hər şeyi izah etməyə məcbur deyil. Sən onu oxucunun ixtiyarına buraxmalısan. Qafar bəy hər şeyi açıqlayır. Ümid edirəm, gələcək hekayələrində bunu nəzərə alar".

Cavid Ramazanov: "Əkrəm Əylisli roman yox, məqalə yazmalı idi" - Müsahibə

Cavid Ramazanov:

"Qafarın davamlı yazması yaxşıdır. Amma mətnləri hələ budaqdan vaxtsız qoparılan meyvə kimi kaldır.

Bədii mətn oxucunun estetik həzz, sevinc, kədər, peşmanlıq, təəssüf, heyrət kimi duyğularını yuxudan oyatmalıdır. Qafarın cümlələri inşavaridir, deməli, estetik həzzi çıxdaş edirik. İndi o, oxucunun yerdə qalan hisslərindən heç olmasa, birini qıdıqlamalıdır. Amma Qafar sadəcə nəql etməklə kifayətlənir: filan şey filan cür idi, filan şey baş verdi, filan cür də qurtardı. Dərinlik, dramatizm, psixoloji qat yoxdur, texnika sıfır. Erməni-azərbaycanlı qırğını kimi həngamə mövzu seçməsi, mətndə həddindən artıq çox şey demək istəməsi də müəllifi xilas edə bilmir.

Məncə, daha təvazökar ideyalar tapıb, texnikaya yiyələnmək üçün eksperimentlər aparmaq lazımdır. Əsas sual da bu olmalıdır: necə edim ki, oxucunun hisslərini heç olmasa, qıdıqlayım? Yazmaq xatirinə yazmaqla, filan şey filan cür idi, filan şey baş verdi, filan cür qurtardı kimi mətnlərlə buna nail olmaq mümkün deyil. Qat-qat daha artığı tələb olunur, qat-qat daha artığı.

Əziz Qafara çıxdığı bu çətin yolda uğurlar arzulayıram".

Əlvida ana, əlvida, spagetti saçlı qız... - NARGİS

Nargis İsmayılova:

"Qafar Rüstəmovun “Qəhvəyi paltolu qız” hekayəsi Azərbaycanın yaşadığı ağır müharibə günlərinə dair yazılan duyğusal mətndir. Müharibə hər bir xalqın tarixində elə ağrılı mərhələdir ki, bu mərhələni keçmək qədər unutmaq da asan deyil. Ümumiyyətlə, unudulmur. Yaşadığımız ağır tamvalar illər keçdikcə beynimizdə daha çox şəkillənir. Biz bu ədalətsizliyi bağırmaq, qışqırmaq, hər yerə, hamıya car çəkmək istəyirik. Məncə, Qafar Rüstəmovun “Qəhvəyi paltolu qız” hekayəsi hayqırtıdan doğulub. Hekayənin mövzusu həssas yerimizdir. Tanış ağrıdır… Müəllif bu ağrını gözəl şəkildə, pafosdan uzaq, realist qələmlə təsvir etməyi bacarıb. Uğurlu mətndir. Hər birimizin həyatında həsrətlə gözlədiyimiz “Qəhvəyi paltolu qız” var…".

Ərgənlik dövrünü keçməlidir" - Hekayə müzakirəsi

Təvəkkül Boysunar:

"Hekayəni sonacan oxuya bilmədim. Oxuduğum hissədə isə müəllifin inandırıcı olmayan cümlələrini, çox işləndiyi üçün şablonlaşmış ifadə tərzini gördüm. Bu mətndə yazıçının özünəməxsus nəfəsi, tərzi, üslubu yox idi. Bir tərəfdən də hadisələr bu günlə səsləşməyən, köhnəlmiş hadisə təsiri bağışladı. Bütün bunlar da mütaliənin yarımçıq qalmasına səbəb oldu. Müəllifə uğur arzu edirəm".

# 1937 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #