"Məcbur elədilər ki, Səməd Vurğundan danos yazım" – Mirzə İbrahimovun müsahibəsi

"Məcbur elədilər ki, Səməd Vurğundan danos yazım" – Mirzə İbrahimovun müsahibəsi
28 oktyabr 2022
# 21:00

“Azərbaycan” jurnalının 1991-ci il, 12-ci nömrəsində çap edilmiş bu müsahibə yazıçı Mirzə İbrahimovun 80 illik yubileyinə həsr olunub. Müsahibəni Vaqif Yusifli götürüb.

Kulis.Az həmin müsahibəni, bəzi məqamlarının bu gün üçün də maraqlı olduğunu nəzərə alaraq, ixtisarla təqdim edir.

- Mirzə müəllim, indi verəcəyim sual yəqin ki, sizi təəccübləndirməyəcək. Söhbət 37-ci ildən gedir... Siz 1935-1937-ci illərdə Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almısınız. Sonra Bakıya qayıdıb Opera teatrının direktoru, Xalq Komissarları Soveti yanında incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışmışsınız. Bu, o illər idi ki, repressiya maşını Azərbaycanda böyük sürət götürmüşdü və təbii ki, bütün bu hadisələr sizin gözlərinizin qarşısında baş verirdi. Hər bir düşünən ziyalının başı üstündə Damokl qılıncı asılmışdı. O illəri necə xatırlayırsınız?

- Oğlum, o illər çox mürəkkəb, qorxulu illər idi. Elə bir dövr idi ki, hadisələrin bu cür sürətlə dəyişməsinə, dünən mətin inqilabçının, yaxud xalqın sevimlisi olan bir sənətkarın bu gün “xalq düşməni” kimi ifşa edilməsinə inana bilmirdik. Şübhə ürəyimizi didib-tökürdü. Hər gün Ənvər Məmmədxanlı ilə bu barədə söhbət edirdik, tez-tez bir-birimizdən soruşduq: niyə adamları tuturlar, niyə belə amansızlıq edirlər?

Əslində bütün tutumlar, sürgünlər qabaqcadan, ssenari üzrə hazırlanmışdı, icraçılar da məlum idi. Lakin bu işin surətli gedişi, sərt mexanizmi üçün münbit zəmin yaranmışdı. Hamı bir-birini satırdı, paxıllıq, dargözlük o dərəcəyə çatmışdı ki, sən demə, çoxu fürsət axtarırmış – dostunu, qardaşını ələ verməyə.

- Mirzə müəllim, vaxtilə “Azərbaycan” jurnalında Fatma Qədrinin xatirələri çap olundu. O yazının bir yerində (həmin hissəni o dövrdə çap edə bilmədik) Fatma Qədri yazırdı ki, 37-ci ildə məni işdən çıxardılar, heç kim qorxusundan salamımı almırdı, hansı tanışıma, dostuma rast gəlirdimsə, üzünü yana çevirirdi. Ancaq bir gün küçədə Mirzə İbrahimovla rastlaşdım. O, məni yanına çağırdı, halımı soruşdu, vəziyyəti öyrənəndən sonra kömək əlini uzatdı, beləliklə Dram teatrına qayıtdım... Bu doğrudurmu?

- Yadımdadır. Hətta Fatma xanıma harada rast gəldiyimi də xatırlayıram. Kommunist küçəsinin tinindəydi. O vaxt İncəsənət işləri idarəsi bura yaxın idi, Ali Sovetlə Akademiya arasında bir dalanda yerləşirdi. Təkcə Fatma Qədriyə yox, başqalarına da kömək eləmişəm. Bir dəfə Mirzağa Əliyev yanıma gəldi. Gördüm ki, çox pərişandır. Dedi ki, ay Mirzə, məni işdən çıxardıblar, hansı bir səyyar teatra isə göndərmək istəyirlər. Özü də “xalq düşməni” adı ilə. Hələ bir qarnıma da işarə edib deyirlər ki, bu, Nikolay piyidir, əridəcəyik onu.

Mirzağa Əliyev barədə lazımi idarələrlə danışdım, onun böyük aktyor olduğunu, Azərbaycan səhnəsinin bir də ona bənzər komik yetirməyəcəyini söylədim və deyəsən, inandılar mənə. Möhsün Sənaninin başına da belə bir oyun açmışdılar. Bir gün Gəncədə, “Sərdar” bağında gəzəndə İran konsulu girib qoluna. Dərhal DTK-ya xəbər çatıb. Gəldi yanıma. Kömək əlini uzatdım. İndi özün fikirləş, adamların çoxu necə tutulub...

Səməd Vurğun barədə o zaman çox söz-söhbət gedirdi. Bağırov öz kabinetində bir dəfə ona əl uzatmadı, dedi ki, get, sənin əllərin qanlıdrı. Və o da yadımdadır ki, Bağırov sonra məni çağırıb Səməd haqqında soruşdu: “Səməd Vurğun haqqında padvalda yatanlar danos veriblər”. “İnanmayın! Səməd elə bir istedaddır ki, Azərbaycan xalqı bir də bu nəhənglikdə sənətkar yetirməz” – dedim.

Səmədi çox dara çəkiblər, hətta deyiblər ki, sən rus xalqının düşmənisən. Səməd özünü itirməyib: “Mən rus ədəbiyyatının incisi – “Yevgeni Onegin”i öz xalqımın dilinə çevirmişəm” cavabını verib. Məni də çox məcbur elədilər, onun haqqında nəsə danos yazım, vicdanımı itirmədim, dedim, yazaram, ancaq həqiqəti!

- Bəs, Mirzə müəllim, bu qədər ki, ziyalılarımız qırıldı, bada getdi, heç bir yerdə, heç zaman etiraz etmədiniz?

- Etirazımız yaratdığımız obrazlarda görünürdü. “Vaqif” pyesində Qacarın monoloqunu xatırlayırsanmı: “Mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır!” Mənim “Gələcək gün” romanında yaratdığım Rza şag obrazı elə bu etirazın ifadəsi deyilmi?

- Mirzə müəllim, mənim 37-ci ildə bağlı sualı verməkdə məqsədim var. İndi arxivləri qaldırır, bir-bir sənədlərə baxır və xalqın gözündə mələk görünənlərin bir çoxunun paxırları açılır. Bu baxımdan özünüzü rahat hiss edirsinizmi?

- İnsan dünyaya bir dəfə gəlir. Mən özümü bu barədə tam arxayın hiss edirəm. Heç bir sənəddə mənim imzama rast gəlməzsiniz. Buna görə xalqın gözünə dik baxıram.

- Bir sual da verəcəyəm: Qanlı yanvar hadisələri zamanı Azərbaycan yazıçılarından bir çoxu partiya biletindən imtina etdilər. Hətta yadıma gəlir ki, sizə də zəng edib partiya biletini atıb-atmayacağınızı soruşdular.

- Doğrudur. Amma mən “yox” cavabı verdim. Bilirsənmi, heç bir partiya havadan yaranmır, müəyyən ictimai zərurətdən meydana gəlir. O cümlədən, Kommunist partiyası. Onun proqramı var, nizamnaməsi var. Lakin partiya sıralarında çoxlu karyeristlər, vicdansızlar, rüşvətxorlar, xalqın qanını içənlər var. Yadında saxla, partiya rəhbərliyində çox zaman namuslu adamlar həllədedici rol oynamayıblar. Əksər vəzifəli adamlar bir məqsədlə o vəzifəyə gəliblər: rüşvət alsınlar, kapital toplasınlar. Mənim Seyid Hüseyn haqqında yazdığım bir məqaləni oxu. Orda da mən S.Hüseynin “Daxiliyyə naziri” hekayəsi ilə Çexovun “Xameleon” hekayəsi arasında bir yaxınlıq olduğunu göstərirəm. Müəllim nazirə deyir ki, yüz yaşında pristav da, qubernator da rüşvət alır. Nazir isə cavab verir ki, burada qeyri-adi bir şey yoxdur, xariqüladə olardı ki, deyəydin qubernator rüşvət almır. Bütün milli bəlalarımız kökü rüşvətlə bağlıdır.

# 7608 dəfə oxunub

Müəllifin son yazıları

# # #