Əgər ən yaxın dostun müharibədə ölmüşsə... - Rasim Qaraca

Əgər ən yaxın dostun müharibədə ölmüşsə... - Rasim Qaraca
8 noyabr 2023
# 14:50

Kulis.az Rasim Qaracanın "Əgər ən yaxın dostun müharibədə ölmüşsə..." şeirini təqdim edir.

səhərlər gec açılar axşamlar erkən düşər
yeməklər dadsız olar qiymətlər baha
getməyə yerin olmaz
şaxta qılınctək kəsər
əgər ən yaxın dostun müharibədə ölmüşsə
bir siqaret dilənib yol keçən birisindən
nə olar bunu yandır bağırıb gerisindən
sən küləyə külək də dönüb sənə tüpürər
əgər ən yaxın dostun müharibədə ölmüşsə
artıq, qalan ömrünü dostca bölüb tən ortadan
qan damarlarından, kapilyarlardan və aortadan
bu acı qisməti bölüşmək də çətin
bir az mətin olmalı imişsən məgər
ən yaxın dostun müharibədə ölmüşsə əgər
sən artıq ölü bir varlıqsan bunu da bil
demək adamların önündən lal sükutla keçməlisən
heç kəsə salam verməsən də olar
işə getməsən
axşam evə qayıtmasan da
əgər ən yaxın dostun müharibədə ölmüşsə
sən artıq müharibə əsirinin oğlusan
bir adın savaş olmalı
sən indi səngərlərə tökülmüş bağırsaqlarsan
dişlərin patrondaş
gözlərin mərmi yuvası
nə qədər desən də boş şeydir alın yazısı
taleyin insan iradəsindən yüksəkdə dayandığına
bir nida işarəsi olacaqsan
əgər ən yaxın dostun müharibədə ölmüşsə
dünya gözündə dəyişib əlin hər yerdən üzülmüşsə
vətən kəliməsini dilinə də gətirməyəcəksən
çünki vətən insan udan maşın kimi
görünəcək gözlərinə
vətən kəliməsi tale kəlməsinə bərabər olacaq
tale kəlməsi məzarlıq kəliməsinə
nə büdrəməkdən qorxacaqsan
nə yıxılmaqdan
nə sərxoş olub asfalta yaxılmaqdan
nə üçün sualının fəlsəfi izahını axtarmayacaqsan
nə də cavanlıq deyib gözəl qızlara baxacaqsan
ölü yarpaqları tapdayıb gedəcəksən küləyə qarşı
əgər ən yaxın dostun müharibədə ölmüşsə
ömürsə bitib tükənmək bilməyəcək
günlər sənin acığına biri birindən gözəl
soyuq buludlar yalayacaq vağzal səkilərini
heç kəsi qarşılamayacaq yola salmayacaqsan
üzündə donmuş təbəssüm
gözlərində yaş
astadan tütün çəkib
ötən qatarların arxasınca öskürəcəksən
mənası qalmayacaq artıq nə şehli yolkaların
nə də relslərə baş qoyan o ağılsız köpəyin
əgər ən yaxın dostun müharibədə ölmüşsə
dünyanın gizli bir sirri qalmayacaq səninçün
çayxana küncündə oturan tənha adamları
dərk etməyə başlayacaqsan artıq
acgözlüklə siqaret sümürən nəşəxorlar
son qəpiyini pivəxanalarda əridən dilənçi qocalar
ən nurlu adamlar olacaqlar
hər gün bir az daha çirkaba bulaşmaq istəyəcəksən
namuslu adamları isə görməyə gözün olmayacaq
hər kəsin üzündən satqınlıq yağacaq
əgər ən yaxın dostun müharibədə ölmüşsə
əgər ən yaxın dostunun kəllə çanağını
düşmən mərmisi parçalamışsa
gözlərinin önündən getmirsə qan hopmuş kəfəni
nədənsə sənə həddən artıq dərin görünən qəbirdə
onun hansı hislər keçirdiyini düşünürsənsə...
təkcə ona görə yox ki nə vaxtsa birlikdə
xoş günlər keçirmiş
dadlı söhbətlər etmiş
sevincinizi və ya kədərinizi bölüşmüsünüz
təkcə ona görə yox
həm də ona görə ki
gələcəyin çox uzaq bir məkanda olduğuna
gələcəyin əslində heç zaman gəlməyəcəyinə
biri-birinizi inandırmışdınız...
əgər ən yaxın dostun müharibədə ölmüşsə
demək keçmiş də, bu gün də öləcək
demək artıq sona yetmiş gələcək
o bir də heç zaman gəlməyəcək...

# 745 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #