Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti - Xan Şuşinski haqqında maraqlı faktlar

Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti - Xan Şuşinski haqqında maraqlı faktlar
20 avqust 2023
# 21:00

Bu gün Xalq artisti Xan Şuşinskinin doğum günüdür. Kulis.az bu münasibətlə xanəndə haqqında maraqlı faktları təqdim edir.

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlib. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızı olub.


***

1918-ci ilin yazında Ağdamın Novruzlu kəndində, Qarabağın tərəqqipərvər ziyalılarının, şair və nasirlərinin, eləcə də məşhur sənət adamlarının dəvət aldığı mötəbər bir məclis qurulub. Həmin məclisə Segah İslam gənc şagirdi İsfəndiyarla birlikdə gəlib. İslam Abdullayev pəncərənin önündə o dövr üçün yenilik sayılan qrammofon cihazını görüb. Qrammfondan Təbrizin məşhur xanəndəsi Əbülhəsən Xanın səsi gəlib. İfa başa çatdıqdan sonra müəllimi üzünü gənc şagirdinə tutaraq, "İsfəndiyar, sən də belə oxuya bilərsənmi?", deyə müraciət edib. İsfəndiyar peşəkar xanəndə tərzində, eynilə Əbülhəsən Xanın oxuduğu kimi “Şahnaz”ı ifa etməyə başlayıb. Divarboyu rəflərdə düzülmüş çini və şüşə qablar xanəndənin səsinə sanki səs verirmiş kimi cingildəyib. Heyrətə gəlmiş qonaqlar bir ağızdan deyiblər: "Əsl Xan elə budur ki..." O gündən sonra İsfəndiyar müəlliminin xeyir-duası ilə Xan Şuşinski ləqəbi ilə oxumağa başlayıb.

Gallery

Azərbaycanda Demokratik Respublika elan edildikdən sonra, 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilərək qısa bir müddətdə Gəncədə hərbi təlim keçib. Sonradan onu tanıyan cümhuriyyətin ilk hərb naziri Xosrov bəy Sultanov Xanın öz sənəti ilə yeni yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, vaxtaşırı hərbçilər qarşısında çıxışlar etmək şərtilə, Xan Şuşinskini hərbi xidmətdən azad edib.

***

Xan Şuşinski bir müddət Gəncədə və ətraf bölgələrdə çıxışlar edib. O, Gəncə qiyamından sonra yenidən Qarabağa qayıdaraq Ağdam şəhərində məskunlaşıb.

Gallery

Gənc yaşlarında evlənsə də, bu evlilikdən övladı olmayıb. Həyat yoldaşının təkidi ilə o, sonradan yenidən evlənib və həmin evlilikdən Bəyimxanım, Zümrüd, Səadət və Aslan doğulub.

***

Üzeyir Hacıbəyov Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək onu opera ifaçılığına cəlb etməyə razı sala bilmədiyi üçün hər zaman təəssüf hissi keçirdiyini etiraf edib.

Gallery

Ü. Hacıbəyov Xanı musiqi təhsili almaq üçün İtaliyanın Neapol Konservatoriyasına göndərilməsini təkid etsə də, oxuduğu muğamlara sədaqətli olan xanəndə ailə vəziyyətini, atasının qoca və xəstə olmasını bəhanə gətirərək İtaliyadakı vokal ifaçılıq təhsilindən imtina edib.

***

Öz yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına görə 1937-ci ildə hökumət nümayəndələrinin qəzəbinə tuş gəlib, bir il müddətinə “səsi alınaraq” kütləvi yerlərdə, el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulub. Bu səbəbdən də Xan 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçıları siyahısından kənarlaşdırılıb

Gallery

Həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən M. C. Bağırov Xan Şuşinskinin tədbirlərə qatılmamasının səbəbini soruşduqda, ona – “Xan Moskva Dekadasında iştirakdan imtina etdi”, cavabı verilib. Bu cavab M. C. Bağırovu çox qəzəbləndirdiyindən o, Xanın barəsində qəti cəza tədbirinə qərar versə də, məsələni aydınlaşdırarkən Xan Şuşinskiyə xoş münasibət bəsləyən bir qrup ziyalı respublika rəhbərinə həqiqi vəziyyəti, Xanın kütləvi və dövlət tədbirlərində təmənnasız göstərdiyi xidmətləri dövlət başçısına izah etdikdən sonra Bağırov Xanın o dövrdə yaşadığı Ağdam rayonundan 24 saat ərzində Bakı şəhərinə köçürülməsi və Filarmoniyada işlə təmin olunması barədə göstəriş verib. Xan Şuşinski ailə üzvləri ilə birlikdə təcili olaraq paytaxta köçürülərək mənzillə təmin edilib.


***

Xan Şuşinski mədəniyyət sahəsində yeganə şəxsdir ki, nümunəvi fəaliyyəti və böyük sənətkarlıq bacarığı nəzərə alınaraq, “Əməkdar artist” adı almadan, 1943-cü ildə birbaşa “Xalq artisti” adı ilə təltif edilib.

Gallery

1956-cı ildə Ü. Hacıbəyovun “Məşədi İbad” operettası əsasında çəkilən “O olmasın, bu olsun” filmində epizodik rol olan xanəndə obrazını böyük məharətlə ifa edib, filmdə kadr üçün ayrılmış 2 dəqiqəyə yaxın məhdud vaxt ərzində xüsusi ustalığı hesabına 14-16 dəqiqəlik “Şahnaz” muğamının bütün guşə və məqamlarını ifadə etməyə müyəssər olub.

***

Xan Şuşinski gənc yaşlarından papiros çəksə də, sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlayıb və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməyib. Sağlığında böyük qəlyan və təsbeh kolleksiyası olsa da, əliaçıq insan olduğundan özünə ən əziz hesab etdiyi əşyasını belə kimdənsə əsirgəməyib.

Gallery

Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlayıb, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı olub. Onun gözəl nərd oynamaq qabiliyyəti var idi. Nərd oynamağı sevər və çox nadir hallarda uduzardı. Latın, kiril və ərəb əlifbaları ilə yazıb-oxuyub, hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb.

***

Dövrü mətbuatı izləyər, siyasi tədbirlərdən uzaq olmağa çalışardı. Dəvət olunduğu yerə, o cümlədən işə, konsertlərə heç vaxt gecikməz, xalq arasında olmaqdan, piyada gəzməkdən zövq alardı, adətən, ictimai nəqliyyatdan istifadə edərdi.

Gallery

Ömründə heç vaxt spirtli içki qəbul etməyib, səsinin qorunması xatirinə ömrü boyu özünü təbiətin bir sıra nemətlərindən təcrid edib. Təmkinli, az danışan insan olub. Eyni zamanda həmyaşıdları və münasib bildiyi insanlarla zarafatlaşmağı xoşlayıb.

***

1924-cü ilin əvvəllərində Nəriman Nərimanov artıq Rusiyada işlədiyi vaxt Azərbaycana qısa müddətli səfərə gəlib. Xan Şuşinskini çağırtdırırlar ki, bəs Nərimanov səni dinləmək istəyir. Xan kiçik musiqiçi dəstəsi ilə Nərimanovun görüşünə gəlib. Nərimanov Xanla görüşəndən sonra üzünü ona tutub, “Ay bəri bax” mahnısı oxumağı sifariş edib. Xan Şuşinski bu mahnının köhnə inqilabçı olan Nərimanov üçün hansı xatirələrlə bağlı olduğunu Cabbar Qaryağdıoğludan eşitmişdi. Belə ki, 1909-cu ildə “Koba” ləqəbli İosif Stalin sürgünə göndərilməzdən əvvəl bir müddət Bakının Bayıl türməsində saxlanılıb. Mütərəqqi fikirli insan olan Cabbar Qaryağdıoğlu da o zaman Bakıda fəaliyyət göstərən inqilabçı dərnəklərin üzvləri ilə əməkdaşlıq edər, öz maddi və mənəvi köməkliyini azadlıq və tərəqqi fədailərindən əsirgəməzdi. Həbsxanada olan yoldaşları ölkədə və eləcə də şəhərdə baş verən son hadisələrdən məlumatlandırmaq və inqilabçıların fəaliyyət planlarını təcridxanadakılara çatdırmaq məqsədilə Cabbar Qaryağdıoğlu musiqiçilərdən ibarət dəstəsi ilə Bayıl həbsxanasının qarşısındakı çayxanada çalıb-oxuyar, həbsxanaya məlumat ötürülməsi məqamında xəbərdarlıq işarəsi kimi ucadan “Pəncərədən daş gəlir, ay bəri bax...” deyər, ardınca isə muğam üstündə qəzəl arası inqilabçıların məlumatını zil səslə, aydın eşidilən tərzdə ifa edərək, həbsxanadakı məhbuslara çatdırırdı.

Gallery

1934-cü ildə Bakıda keçirilən dövlət tədbirinin bədii hissəsində o dövrün tanınmış incəsənət xadimləri, o cümlədən Cabbar Qaryağdıoğlu ilə yanaşı, Xan Şuşinski də çıxış edib. Konsertin sonunda Cabbarın ifasında “Heyratı” zərb muğamı elan edilib. Cabbar Qaryağdıoğlu xanəndələrə müraciət edərək onunla birgə ifa etmək istəyəni səhnəyə dəvət edib. Xanəndələr Cabbarla yarışmaqdan ehtiyatlanıb boyun qaçırsalar da, gənc xanəndə Xan Şuşinski tərəddüd etmədən ustad sənətkarın təklifini qəbul edib. Xan Şuşinski səsinin imkanlarına bələd olduğundan özünü itirmədən “Şikəsteyi fars” şöbəsini oxuyub, bir qədər də zil notlarda “Qazağı” şöbəsinə keçərək şaqraq zəngulələrlə gəzişmələr edib, muğamın başlanğıc pərdəsində ayaq verib. Salonu alqış sədaları bürüyüb. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimovun təəccüblü və sual dolu nəzərlərlə ona baxdığını görüb, deyib ki, Qurban, dədəmin goru haqqı Xana qıymazdım, dedim, bir imtahan eləyim, görüm nə qayırır?... Sonra əlini mehribancasına Xanın kürəyinə vuraraq hamının eşidəcəyi səslə ucadan deyib: Əhsən sənə, gələcəyin xanəndəsi sənsən!

Gallery

1934-cü ilin payızında Bakıda M. Y. Lermontovun 120 illik yubileyi qeyd olunub. Xan Şuşinski həmin yubileydə çıxış etmək üçün dəvət olunub. Tədbirdə hökumət rəhbərləri ilə yanaşı Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də iştirak ediblər. Rusiyalı qonaqların könlü xoş olsun deyə tədbirdə Lermontovun şeirləri oxunub. Xan çıxış üçün adəti üzrə öz repertuarından bir şey ifa etməyə hazırlaşarkən, tədbirin təşkilatçılarından göstəriş gəlib: Xan Şuşinski muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır ki, qonaqlar bizim muğam ifaçılarımızın da Lermontov şeirinin vurğunu olduqlarını görsünlər. Artıq çətin vəziyyətlərdən bir çıxış yolu tapmağa vərdiş etmiş təcrübəli xanəndə, Lermontovun şeirlərindən birini cəld kağız parçasına köçürüb, qavalın içərisinə pərçimləyib və muğam üstündə Lermontovun şeirini birtəhər ifa edib. Tədbirdən sonra M. C. Bağırov musiqiçilərə yaxınlaşıb razılığını bildirərkən "Xan, həmişəki kimi yaxşı oxudun, amma yaman qavalın içinə boylanırdın?.." deyə zarafatla dillənib.

Gallery

1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas – professor heyəti Bakıya gəlib. Məşhur müğənni Bülbül Xan Şuşinskini dəvət edib, onlar üçün “Mahur hindi” muğamını oxumağı xahiş edib. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə oxutdurub dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən icazə istəyib Xanın ağzına və boğazına diqqətlə baxıblar. Xan Bülbüldən soruşub ki, bunlar nə istəyir? Bülbül də deyib ki, Xan, bunlar elə bilirlər ki, sən boğazında nəsə səs gücləndirici bir vasitə gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu, güclü səs ola bilər.

***

1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının bağlanış konsertində Xan Şuşinskinin qadın həmkarları - Sara Qədimova və Şövkət Ələkbərova ilə birgə Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı alətləri Orkestrinin müşayiəti ilə “Şikəstə” ifa etmələri nəzərdə tutulsa da, konsertin başlamasına az qalmış həmin ifa üçün ayrılmış vaxt məhdudlaşdırılıb. Səid Rüstəmov Xan Şuşinskini məsləhətə çağırıb və qadın müğənnilərdən birinin ixtisar edilməsini təklif edib. Xan Şuşinski zərif cinsin nümayəndələri olan tərəf müqabilləri arasında seçimdən imtina edərək, “Şikəstə”nin ritmini bir qədər tezləşdirib, arada bəzi çalğı hissələrinin ixtisar olunması hesabına ifaçıların üçünün də oxumasını təmin etməyi təklif edib. Səid Rüstəmov təkliflə razılaşıb və orkestrdən bütün notlar yığışdırılıb, tez bir zamanda partituralar yenidən işlənilib. Xan Şuşinskinin verdiyi uğurlu təklif sayəsində ifa çox möhtəşəm alınıb


Gallery

O zaman Böyük Teatrın səhnə arxasında dayanıb, Azərbaycan musiqiçilərinin çıxışını həyəcanla izləyən Vaqif Səmədoğlu həmin anları belə xatırlayır: - Muğamın tempi tezləşdirilmişdi, Sara Qədimova və Şövkət Ələkbərova hərəsi bir ağız “Şikəstə” ifa etdikdən sonra Xan səsini ucaltdı və 3-cü oktavada açıq “Mi” səsini götürəndə, mənimlə yanaşı dayanan, uzun illər Böyük Teatrın aparıcı solisti kimi fəaliyyət göstərmiş SSRİ xalq artisti İvan Semyonoviç Kozlovski səsin gücündən heyrətə gəlib, iki əli ilə başını tutdu və “Boje moy nu i qolos” deyə qışqıraraq səhnə arxasında var – gəl etməyə başladı. Sovet İttifaqının ən zil səsli tenorunun Xan Şuşinskinin səsinə bu cür heyrətamiz münasibət bildirməsi Vaqif Səmədoğlu ilə bərabər səhnə arxasından çıxışları həyəcanla izləyən nümayəndə heyətini qürurlandırıb.

Gallery

Xan Şuşinski 1979-cu ilin 18 mart tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib, Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.

# 22595 dəfə oxunub

Müəllifin son yazıları

# # #