Tanrının ayaq izləri

Tanrının ayaq izləri
16 oktyabr 2019
# 21:00

Kulis.az maraqlı pritçaları təqdim edir.

Xristian pritçası. Qum üzərindəki izlər

Bir insan belə yuxuda görür ki, qumlu sahildə yeriyir, yanında isə Tanrı var. Səmada isə onun həyatından şəkillər görünür. Hər şəkildən sonra adam geriyə baxıb görür ki, qumun üstündə iki ayaq izi var: biri onun, digəri isə Tanrının.

Səmada onun həyatından sonuncu şəkil görünəndə o yenidən qumun üstündəki izlərə nəzər salır. Görür ki, bu dəfə ancaq özünün ayaq izi var. Bu şəkil onun həyatının ən ağır və xoşbəxt olmadığı günlərdən idi. O, dərindən kədərlənir və Tanrıdan soruşur:

- Sən ki mənə deyirdin sənin yolunla getsəm, məni heç vaxt tək qoymayacaqsan. Ancaq mən gördüm ki, həyatımın ən çətin günlərində qumun üstündə ancaq bir iz uzanıb gedir. Niyə sənə ən çox ehtiyacım olan zaman məni tərk etdin?

Tanrı cavab verir:

- Mənim əziz balam. Mən səni sevirəm və heç vaxt tərk etməyəcəm. Sənin həyatında əzablar və kədər olanda, qumun üstündə bir iz görünürdü. Çünki həmin vaxt mən səni əllərimdə aparırdım.

Hər şey bizim əlimizdədir

Qədim zamanlarda bir şəhərdə bir ustad yaşayarmış və onun çoxlu şagirdləri varmış. Bir gün şagirdlərdən ən ağıllısı öz-özünə fikirləşir: “Görəsən ustadın cavab tapa bilməyəcəyi şey varmı?” O, bağçaya çıxıb bir kəpənək tutur. Onu ovucları arasında gizlədib müəllimin yanına gəlir və deyir:

- Deyə bilərsinizmi mənim əlimdəki kəpənək diridir, yoxsa ölü?

Şagird kəpənəyi bərk-bərk tutubmuş və öz həqiqəti uğrunda onu hər an öldürə bilərmiş. Lakin ustad şagirdin əllərinə baxmadan deyir:

- Hər şey sənin əlindədir.

Yəhudi pritçası: Şüşə

- Rebe, mən başa düşmürəm ki, niyə görə kasıbın yanına gedəndə o səninçün əlindən gələn köməyi edir, amma varlı heç kimi görmək istəmir. Doğrudanmı, bu yalnız pula görədir?

- Pəncərədən bax. Nə görürsən?

- Uşaq arabası ilə bazara gedən qadın görürəm.

- Lap yaxşı, indi isə güzgüyə bax. Nə görürsən?

- Nə görə bilərəm. Ancaq özümü.

- Deməli belə. Pəncərə də, güzgü də şüşədən hazırlanıb. Şüşəyə bir az gümüş əlavə etmək bəs edir ki, sən ancaq özünü görəsən.

Dürüstlük gülü

Çin şahzadəsi taxta çıxmağa hazırlaşırdı, amma qaydalara görə əvvəlcə evlənməliydi. Uyğun namizəd seçmək üçün şəhərin bütün gənc qızlarını saraya çağırdı. Saraydakı qulluqçulardan birinin qızı da şahzadəni çox sevirdi. O da şahzadənin hüzuruna çıxmaq istəyirdi. Anasının etirazına baxmayaraq, o ən azından şahzadəni bir dəfə görüb xoşbəxt olmaq istəyirdi.

Gözlənilən gecə gəldi. Gənc və gözəl qızlar ən qəşəng paltarlarını geyinib, bəzənib düzənmiş, özlərini bəyəndirmək üçün hər yola əl atmışdılar. Şahzadə qızların hərəsinə bir toxum verdi. Dedi ki, bu toxumu dibçəkdə becərsinlər. Altı ay sonra ən gözəl gülü yetişdirən qızı özünə arvad edəcək. Hər kəs toxumları götürüb həyəcan içində evinə döndü.

Qulluqçunun qızı toxumu götürüb dibçəyə əkdi. Nə qədər baxsa da, üstündə əziyyət çəksə də torpaqda heç nə bitmədi. Hər yola əl atdı, bağbanlardan soruşdu, amma bir faydası olmadı. Altı ay tamam oldu, amma dibçək hələ də boş idi. Şahzadəyə göstərəcəyi gül yox idi, amma yenə də təyin olunan gün dibçəyi götürüb şahzadənin hüzuruna getdi. Amma digər qızlar gözəl çiçəkləri olan güllərlə gəlmişdi.

Gözlənilən an gəldi çatdı. Şahzadə zala girdi. Qızların arasında gəzişdi, hamının dibçəyinə baxdı.

Onun qərarı hamını təəccübləndirdi. Çünki şahzadə boş dibçək gətirmiş qulluqçu qızını seçmişdi. Qızların reaksiyasını görən şahzadə qərarını izah etdi:

- Bu gənc qız ən dəyərli gülü yetişdirib mənə təqdim etdi. Bu, dürüstlük gülü idi. Çünki sizə verdiyim toxumların hamısı yalançı idi və onların çiçək açması qeyri-mümkün idi.

# 3969 dəfə oxunub

Müəllifin son yazıları

# # #