Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar

Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
31 mart 2020
# 15:19

Bu gün Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, ömrünün 60 ilini Azərbaycanın muğam sənətinin yaranmasına həsr etmiş xanəndə Cabbar Qaryağdıoğlunun doğum günüdür. Kulis.az bu münasibətlə böyük sənətkar haqqında maraqlı faktları təqdim edir.

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində Boyaqçı Məşədi İsmayıl kişinin ailəsində dünyaya göz açıb. Atası oğlunun da onun kimi boyaqçı olmasını istəsə də, oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı xanəndəliyə istiqamətləndirir.

***

Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşı"da, "Qırxpilləkən"də", "Ağzıyastı kaha"da quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərmiş.

***

Cabbar ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb. O, on yaşında ikən şəhərdəki məktəbə daxil olur, müəllimi Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrənir. 16 yaşında ilk dəfə müəllimi ilə getdiyi toyda tarzən Cavadbəyin müşayiəti ilə “Kürdü-Şahnaz” oxuyur, zil və təravətli səsi ilə təkcə dinləyiciləri deyil, musiqiçiləri də məftun edir. Qoca xanəndə Hacı Hüsü onun alnından öpüb, “Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır”, deyir. Bu hadisədən sonra məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) Cabbarı rəhbərlik etdiyi sazəndələr dəstəsinə qəbul edir. Cabbar bu dəstə ilə Şuşada “Xandəmirovun teatr salonu”nda təşkil edilən “Xeyriyyə gecəsi”ndə “Heyratı” oxuyur.

Gallery

Cabbar Qaryağdıoğlu 1905-ci ildə Gəncə şəhərində məşhur xanəndə İslam Abdullayevin vasitəsilə tanış olduğu tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilidən ibarət ikinci bir musiqi üçlüyü yaradır. Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırıb. Eyni zamanda onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməyib.

"Şərq musiqisinin peyğəmbəri" adlandırılan Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı.

***

Cabbar Qaryağdıoğlu bizə məlum olan sonuncu mogikandır. Ondan əvvəl kimlərin olması barədə məlumatımız çox azdır. Ona görə də Cabbarı az adam görüb. O modern dövrə, 20-ci əsrə muğamın ənənələrini ötürə bilib. Deyilənə görə çox böyük, möhtəşəm və əvəzsiz ifaçı olub. İnsanların çox onun qocalıq dövrünü və bir neçə səs yazısını görə biliblər. Bizim əlimizdə irs olaraq qalan muğam Cabbar Qaryağdıoğlundır.

***

Şuşada xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu Bakıya gəlir. Öz evi olmadığından, kirayədə yaşamağa başlayır. Qonşuluqda 13 yaşlı Səlməxatun adlı bir qıza vurulur. Qıza elçi düşür. Səlməxatunun atası inad eləyir, deyir, öz evi-eşiyi olmayan bir adama qız vermərəm. Cabbar Qaryağdıoğlu da bundan sonra üçmərtəbəli, iyirmi otaqlı mülk tikdirir. Binanın tikintisində sementdən yox, ancaq yumurtadan istifadə olunur. Bundan sonra Səliməxatunuun atası qızını ona verməyə razı olur.

Gallery

Cabbar Qaryağdıoğlu Səliməxatunla 48 yaşında evlənib. Onların bu evlilikdən səkkiz övladı dünyaya gəlib. Qaryağdıoğlu böyük qardaşının oğlu Cəlalı Şuşadan Bakıya, buradakı evinə gətirərək himayəsinə götürüb: “O, böyük rəssam olacaq”– deyə, təhsil verib. Gənc Cəlal da əmisinin etimadını doğruldub, tanınmış heykəltəraş Cəlal Qaryağdı olub.

***

Cabbar Qaryağdıoğlunun mülkündən sağda yerləşən bina isə Zeynalabdin Tağıyevin qış evi olub. Satirik şair, “Molla Nəsrəddin”çi Əli Nəzmi də burda yaşayıb.

***

Onun yaradıcılığı Üzeyir bəyin musiqi yaradıcılığına çox böyük təsir göstərib. Üzeyir Hacıbəyovun on iki yaşı olanda Şuşada Cabbar Qaryağdıoğlu Məcnunun Leylinin qəbri üstündəki ölüm səhnəsini aktyor kimi ifa edib. Bu ifanı izləyən Üzeyir Cabbar əmidən təsirlənir, sonralar müsəlman şərqinin ilk operasını “Leyli və Məcnun”u bu təsirlənmədən yazır. Bu fakt “Uzun ömrün akkordları” filmində də yer alıb. Cabbar Qaryağdıoğlu rolunu ifa edən isə Qədir Rüstəmov olub.

Gallery

Cabbar Qaryağdıoğlunun metodik missiyası Seyid Şuşinskiyə ötürülüb. Seyid Şuşinski böyük ifaçı olsa da, metodikası o qədər də güclü olmayıb. Ancaq Seyid Cabbar Qaryağdıoğlundan götürdüyü ənənələri tədris edib. Bu ənənələr indiki muğam məktəbinin əsasını qoyub.

***

Xanəndənin qızı Şəhla Qaryağdı şair Əliağa Kürçaylının həyat yoldaşı olub. Atası rəhmətə gedəndə qızı Şəhlanın 14 yaşı olub. O, atasının qəbrinin yerini sonradan öyrənib.Yeri itib-batmasın deyə 1982-ci ildə məzarın ətrafına dəmir hasar da çəkdirib.

***

XX əsrin əvvəllərində Cabbar əminin mülkü Azərbaycan ziyalılarının toplaşdığı müqəddəs ocaq olub. M.Ə. Sabir, Əli Nəzmi, Əliağa Vahid, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül və bir çox ziyalı Cabbar ocağında görüşüb, çörək kəsiblər, mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin tarixini burada yaradıblar. Evin hər mərtəbəsi hazır olanda Cabbar əmi sevincindən bir muğam dəstgahı oxuyurmuş. Tam hazır olanda isə indi xalq mahnısı kimi bildiyimiz “Ay dərya kənarında bir ev tikmişəm” nəğməsini qoşur.

Gallery

Tükəzban İsmayılova Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün qonşuluqda gözəl səslə oxuyan qızı görəndə Cabbar əmi onu yanına çağırıb. Dinləyəndən sonra, “Bu qızdan yaxşı oxuyan olacaq” deyib

***

Cabbar əminin yaşadığı məkan “Buynaqski” adlansa da, hələ sağlığında camaat ora “Cabbar məhəlləsi” deyirmiş. Qızı Şəhla xanım xatirələrində qeyd edir ki, hətta bir çox ziyalılar o vaxt tələbə ikən bu evdə yaşayıblar. Atası onlardan 1 qəpik olsun kirayə haqqı almayıb, əksinə, hər işlərində kömək əlini əsirgəməyib.

***

İrəvanın varlı adamlarından biri Cabbar Qaryağdıoğlunu oğlunun toyuna dəvət edir. Toyun axırıncı gecəsi qaydası üzrə bəy tərifi olur. Cabbar əmi də qayda üzrə bəyi tərif etməyə başlayır. Bu zaman qızın atası narazı şəkildə xanəndədən qızını tərifləmədiyi üçün inciyir. Cabbar əmi bunun həm adətə zidd, həm də qızın üzünü görmədiyini deyir. Ancaq gəlinin atasının pərtliyi keçmir. Cabbar əmi gəlinin nişanələrini xəbər alanda ona deyirlər ki, qızın üzündə qoşa xal var. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimova baxıb deyir: Qurban, tarı götür, gəl dalımca.Qaryağdıoğlu bədahətən sonradan hamıya yaxşı tanış olacaq “İrəvanda xal qalmadı” mahnısını bəstələyir.

Gallery

Bülbül öz xatirələrində Cabbar əmi haqqında maraqlı bir əhvalatı nəql edir. “1934-cü ilin sonunda Cabbar əmi 200-dən yuxarı mahnı və təsnifi fonovalik vasitə ilə oxudu. Bunun üçün konservatoriya ona, o vaxtın pulu ilə 10 min manat qonarar verməli idi. Üzeyir bəy və Müslüm Maqomayevlə birlikdə konservatoriyada kabinetdə oturmuşduq. Üzeyir bəy Cabbar əminin dalıyca adam göndərdi. Cabbar əmi gələndən sonra Üzeyir bəy ona konservatoriiyadakı xidməti üçün10 min manat pul verilməli olduğunu deyir.

Cabbar əmi əsəbiləşir, cəld qəlyanını tənbəki ilə doldurub, bir qurtum çəkdikdən sonra narazı halda deyir:

- Canım, ayıb deyil? Bəs mənə nə deyərlər?! Belə iş olar ki, 60 il müddətində xalqdan öyrəndiyim və topladığım mahnıları təzədən oxuyub xalqa satam? Xalqın malını oğurlamaq olar?! Mən bu qoca vaxtımda xalqın malını oğurlaya bilmərəm. Mən o mahnıları pul üçün oxumamışam. 60 ilə 500-ə qədər mahnı toplamışam və bu gün xoşbəxtəm ki, heç olmasa onların 300-ə qədərini sizin köməyinizlə yazdıq. Bu mənim həm sənətkarlıq, həm də vətəndaşlıq borcumdu.

Bu sözlərdən sonra xanəndə ayağa qalxıb otaqdakılarla sağollaşır, üzünü Üzeyir bəyə tutaraq deyir: - Üzeyir bəy, təvəqqe edirəm, bir də məni belə işlərdən ötrü çağırmayasan”.

Gallery

Yazdığı şeirləri yastığının altına qoyarmış. “Gülə-gülə”, “Bağçadan gələn nə səsdir?”, “Bu gələn yara bənzər”, “Sona xanım”, “Dağ başında qar kimi”, “Bulud üzlü, ay qabaqlı gözəlim”, “İravanda xal qalmadı”, “Ay dərya kənarında bir ev tikmişəm”, “Xumar oldum”, “Qalada yatmış idim” kimi mahnılarını çoxları xalq mahnısı bilsə də bunların müəllifi Cabbar Qaryağdıoğlu.

***

Şəhla xanım atasını belə xatırlayırmış: “Atam bizi çox istəyirdi. Amma anama olan məhəbbəti o qədər güçlüydü ki, biz kölgədə qalmışdıq. Yadımdadı, o, həmişə anamı mahnı, şeirlə oyadardı. Bir dəfə Cabbar əmi səfərdən qayıdır, evə girir, görür ki, heç kəs yoxdu, hamı bağdadı. Xanımının yoxluğu ona bərk təsir edir. Elə orda bir şeir qoşur:

Sən orda eylə seyr-səfa, bağ arasında,

Mən burda yanım, piltə kimi yağ arasında.

Rəngim saralıb, Səlimə xanım, ayrılığından

Necə ki, saralıb şamama tağ arasında...”

Gallery

Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 28-də dünyasını dəyişir. Dəfn mərasimi filarmoniyada keçirilir. Mirzə İbrahimovun sədrliyilə dəfn komissiyası yaradılır. Qərara alınır ki, Qaryağdıoğlu indiki Fəxri Xiyabanda torpağa tapşırılsın. Ancaq naməlum səbəblərə görə Yasamal qəbiristanlığında dəfn edilir.

***

Qızı Şəhla xanım söyləyir ki, Cabbar əmi dünyasını dəyişəndən bir həftə öncə övladlarına deyib: “Balalarım, heç kimin valideyni əbədi yaşamır. Bir gün gələr, mən də bu dünyadan köçərəm. Mənim üçün kimsəyə minnət etməyin, ağız açmayın. Əgər mən bu millətin mədəniyyəti üçün nə isə etmişəmsə, özləri gəlib axtaracaqlar”.

# 21743 dəfə oxunub

Müəllifin son yazıları

# # #