Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində Dövlət Tərcümə Mərkəzi tərəfindən təşkil olunan növbəti seçim turları başa çatıb.
Mərkəzdən Kulis.aza verilən xəbərə görə, turlarda ictimai-siyasi, hüquq və media sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri sertifikatla təltif edilib.
Təqdimat mərasimində Mərkəzin Aparat rəhbəri Əli Atakişiyev çıxış edərək, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə tədricən öz töhfəsini verdiyini bildirib.
Ə.Atakişiyev imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların mərkəzin məlumat bazasına yerləşdiriləcəyini də qeyd edib.
Sertifikat alanlar içəriisndə Mənsur Zeynalov (ingilis–Azərbaycan, humanitar sahələr üzrə), Ceyhun Əliyev (ingilis–Azərbaycan–rus, ictimai-siyasi, iqtisadiyyat sahələri üzrə), Emin Şirinov – (rus–Azərbaycan–rus, ictimai-siyasi sahələr üzrə), Sevil Həsənova (ukrain–rus, hüquq sahəsi üzrə), Şəbnəm Əsədova (Azərbaycan–çex, ictimai-siyasi, hümanitar sahələr üzrə) vardır.