"Quranı başdan-ayağa təhrif ediblər" – Xalq yazıçısından şok iddialar

"Quranı başdan-ayağa təhrif ediblər" – Xalq yazıçısından şok iddialar
4 fevral 2020
# 12:07

Son günlər Səudiyyə Ərəbistanında ivrit dilində nəşr olunan “Quran” kitabında təhriflərə yol verilməsi ilə bağlı xəbərlər gündəm mövzusu oldu. Məlumata görə “Kral Fehd Akademiyası”nın hazırladığı yeni kitabda 300 ayədə dəyişikliklər edilib.

“Qurani-Kərim”də təhriflər, dəyişikliklər olunması ilə bağlı yazıçı və alimlər dəfələrlə müxtəlif fikirlər səsləndirib. Amma əksər oxucular Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın (İsa Hüseynov) “Türfə” romanında bu mövzuda yazdığı polemik fikirlərdən xəbərsizdir.

Xalq yazıçısı birinci şəxsin dilindən yazdığı romanda müsbət qəhrəmanın araşdırması nəticəsində “Qurani-Kərimin” başdan-ayağa təhrif olunduğunu yazır. Romanda qeyd olunur ki, VII əsrdə Vizantiyayla müharibə sonrası qarşı tərəfin ən böyük arzusu “Qurani-Kərimi” dəyişmək və bu yolla müqəddəs kitabı kəsərdən salmaq olub:

“Birinci olaraq “Quran”ı tərcümə elətdiriblər. Başdan ayağa biabırçı təhriflərlə dolu tərcüməni, bayaq dediyin o “Til” surəsindəki kimi anlaşılmaz təhriflərlə dolu şəkildə yayıblar”.

Yazıçı romanın 7-ci bölməsini (73-88-ci səh.) bütünlükdə “Qurani-Kərim”də iddia etdiyi dəyişikliklərə həsr edib. Yazıçının iddiasına görə əlimizdə olan “Qurani-Kərim”in əksər ayələri təhrif olunub və bir çox ayələr kitaba əlavə edilib. Müəllif yazır:

“Nisə” surəsinin 3-cü ayəsində deyilir: “Xoşunuza gələn qadınlardan ikisini, üçünü, dördünü alın. Əgər qorxsanız ki, bunları ədalətlə yola verə bilməyəcəksiniz, birini alın, ya da sahibi olduğunuz qulluqçularla keçinin”. ( Allahın əxlaqını, ədalətini duyacaqsınızmı?! Öz növbəsini gözləyən dörd kədərli insan arasında dörd yerə parçalanan kişi insandırmı? Qulluqçuları ilə lal, kar əlaqədə olan kişi ilə inəklərlə cütləşəndə lal, kar olan buğanın nə fərq var?)

23-cü ayədə: “Zifafa girdiyiniz qadından olan, evinizdə saxladığınız qızlarınızla zifafa girməmisinizsə, həmin qadınla qızını alsanız, günaha batmazsınız. (Alahın əxlaq kodeksini duyursunuzmu?). 12-ci ayədə: “Hər şeyi biləndir Allah”. 24-cü ayədə təkrar olunur: “Hər şeyi biləndir, müdrikdir Allah”. (Ən adi, savadsız insan da bu iki ayədən asanlıqla görər necə müdrikdir Allah).”

İsa Muğanna “Türfə”də müsbət obrazın dili ilə peyğəmbərin İslamı dandığını və “Allah” adını qəbul etmədiyini bildirir:

“Bu yazıda “Tin” surəsini mən qəsdən axıra saxladım. Çünki bu surədə Peyğəmbərin İslamı danmağından söhbət gedir; Peyğəmbərə müraciətlə deyilir: “Dini danmağa səni vadar edən nədir?” Bunun ardınca Peyğəmbərin “Allah” adını qəbul etməməsi açıq-aydın görünür: “Hakimlərin ən hikmətlisi Allah deyilmi?” (“Hakimlər içərisində hakim” tək deyilmiş).

“Türfə”yə gedəndə İsmeyil əmiyə birinci sualım elə bu oldu:

– Peyğəmbər dini danıb?

İsmeyil əmi fikirli-fikirli yerə baxdı.

– Mən bilirdim ki, anan üzünü köçürəndən (“Quran”ın tərcüməsinin -* red.) sonra ilk oxuyan sən olacaqsan. Onu da bilirdim ki, Peyğəmbərin dini danması barədə lap əvvəlcə soruşacaqsan. Çünki “İslam” – “Təslim ol” dini Peyğəmbərimizin dini deyil. BağÜn EvƏrimiz SafAğ elminə istinad edirmiş. Bunu sübut eləməyə BağÜn EvƏrimizin – “Peyğəmbərimizin möhüründən başqa əsasımız qalmayıb əlimizdə. Amma möhür çox əsaslı sübutdur. Çünki Məkkədə – BağOdda illərlə əlində işlətdiyi möhür OdƏr – Türk dilindədir. Üç kəlmədən ibarətdir möhür: “ƏlAğ OdEvƏr ƏsEvƏr”. Yəni ƏlAğ OdƏr həqiqətdir (və) Yaradan Evin işığıdır. Sual olunur, bəs “Quran”ın əvvəlində niyə yazılıb ki, “Quran” ərəbcə verilib? Ərəbcə verilibsə, bunu “Quran”ın özündə yazmağa nə ehtiyyac var?”.

Qeyd edək ki, İsa Muğannanın “Türfə” romanı 2009-cu ildə qələmə alınıb. Kitab onun ölümündən sonra - 2015-ci ildə “Hədəf” nəşriyyatında işıq üzü görüb.

# 12160 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #