Bu gün rus filosof, incəsənət nəzəriyyəçisi, dilçi alim Mixail Baxtinin doğum günüdür.
Kulis.az bu münasibətlə amerikalı ədəbiyyatşünas Ueyn C. Butun "Mixail Baxtin haqqında" yazısını təqdim edir.
Baxtinə artan yeni marağı başa düşmək üçün əvvəlcə onun ideyalarının hansı mənada "formalist" adlandırıldığına baxmaq lazımdır. Çünki “forma” ilə bağlı istinad nöqtəsini müəyyənləşdirmədən Baxtinin bu terminlərə hansı yeni məna yüklədiyini anlaya bilmərik. Bu baxımdan, keçmişdə “forma”nın və “formalistliyin” (formallığın) necə başa düşüldüyünə qayıtmaq vacibdir.
Müxtəlif ədəbi tənqid məktəbləri və nəzəriyyəçiləri “forma”nı fərqli tərzdə təyin ediblər. Lakin onların çoxu bir ümumi xəttə malikdir - ədəbiyyatın mahiyyəti “forma”dadır, “məzmun” və “ideologiya” isə ikinci dərəcəlidir və hətta bəzən mənfi, “çirkləndirici” amil sayılır. Beləliklə, “saf forma” ideyası yaranır, yəni ideologiyadan və gündəlik həyatdan azad, təmiz sənət forması.
Bu baxışa görə, “forma” “məna”dan ayrılmalıdır. Əks halda sənət “propaqanda”ya çevrilə bilər. Bu ideya XX əsr boyu Qərb ədəbi tənqidində geniş yayılmış, “forma” ilə “ideologiya” arasındakı uçurumu dərinləşdirmişdir.
Lakin əks mövqe tutanlar da olmuşdur. Onların fikrincə, sənət əsəri heç vaxt ideologiyadan uzaq ola bilməz, çünki hər ifadə bir dəyərin, dünyagörüşünün daşıyıcısıdır.
Baxtin bu iki qütb arasında fərqli yol tapmağa çalışır. O, formanı ideologiyadan təcrid etmir, əksinə, formanın özünü “ideoloji hadisə" kimi görürdü. Onun fikrincə, hər bir forma bir mənanı, bir dəyər mövqeyini ifadə edir. Yəni forma ilə ideologiya bir-birinin içindədir, biri digərindən ayrılmazdır.
“Saf forma” anlayışı XX əsr tənqidinin bir çox sahələrində, xüsusilə də modernist estetika və rus formalizmi kimi cərəyanlarda geniş yayılmışdı. Onların əsas iddiası belə idi; sənətin dəyəri onun məzmununda deyil, strukturundadır. Yəni sənət əsəri ideoloji, sosial və ya mənəvi mənalardan təmizlənməli, yalnız öz daxili forması ilə mövcud olmalıdır.
Belə baxışda “forma” bir növ ilahiləşdirilir. Məna, mövzu və ya fikir isə əsəri “korlayan” elementlər kimi qəbul olunur. Sanki ideologiyadan uzaq bir “saf sənət” mümkündür.
Lakin bu düşüncə öz-özlüyündə ziddiyyətlidir. Çünki ideologiyadan tamamilə uzaqlaşmaq mümkün deyil. İnsan təfəkkürünün, dilinin, baxışının hər bir forması müəyyən mənada ideoloji xarakter daşıyır. Hətta hər hansı rəssamın “boş kətan”ı və ya hər hansı bəstəkarın “səssizlik” əsəri belə, bir münasibətin, bir fikrin ifadəsidir. Yəni ideologiyadır.
Əgər hər bir forma bir fikir, bir mövqe daşıyırsa, deməli “formanın özü də ideolojidir.” Bu halda sənət ideologiyadan qaça bilməz, yalnız onu ifadə edə bilər.
Roman sənəti bu məsələdə xüsusi nümunədir. Romanın əsas materialı insan davranışı, mənəviyyatı, ziddiyyətləri və dəyərləridir. Romanı “saf forma”ya endirməyə çalışan cəhdlər daima uğursuzluqla nəticələnmişdir, çünki romanda həmişə insan, dəyərlər sistemi və ideoloji baxış var. Romanın quruluşu belə dəyərlərin toqquşmasına əsaslanır.
Beləliklə, “saf forma” arayışı, əslində, sənətin canlı təbiətinə qarşıdır. Hər bir sənət əsəri, istər roman, istər şeir, istər musiqi ideoloji bir məkan kimi yaranır, çünki o, insan təcrübəsini ifadə edir.
Ədəbiyyatda “forma” və “məzmun”un (və ya “ideologiya”nın) münasibəti tarix boyu dörd əsas istiqamətdə formalaşmışdır.
Birinci yol
“Formanın xeyrinə məzmunun rədd edilməsi”.
Bu yanaşmada sənət əsərinin dəyəri yalnız onun formasında axtarılır. Əsərin mövzusu, ideoloji mesajı və ya mənəvi tutumu ikinci dərəcəli, bəzən də zərərli sayılır. Bu fikri modernist estetika və avanqard hərəkatlar açıq şəkildə müdafiə etmişdir. Onlara görə sənət həyatın mənalarından azad olmalı, yalnız öz forması ilə yaşamalıdır.
İkinci yol
“Formaya qarşı məzmunun önə çəkilməsi”.
Bu mövqe birinciyə əks olaraq sənətin ideoloji tərəfini vurğulayır. Yəni sənət əsəri ictimai, əxlaqi və siyasi ideyaların ifadə formasıdır. Burada formanın özü sadəcə vasitədir, əsas məsələ ideyanın cəmiyyətə çatdırılmasıdır. Marksist və sosial tənqid məktəbləri bu baxışı təmsil edirlər.
Üçüncü yol
“Formanı məzmunun qabığı kimi görmək”.
Bu yanaşmaya görə, forma və məzmun bir-birindən ayrı olsa da, biri digərini daşıyır. Yəni məzmun “məktub”dursa, forma onun “zərfi”dir. “Yeni tənqid” məktəbinin bəzi nümayəndələri bu mövqedən çıxış etmişdir. Onlara görə, formanın əhəmiyyəti ancaq məzmunu səliqəli şəkildə təqdim etmək üçündür.
Dördüncü yol
“Forma ilə məzmunun ayrılmazlığı”.
Bu yanaşma Aristotelə qədər uzanır və “Yeni Aristotelçilik” adlandırılan düşüncə tərzində davam edir. Bu baxışda ədəbi əsər “şəkillənmiş bir hərəkət” ("action in form") kimi başa düşülür. Forma yalnız struktur deyil, həm də dəyərlərin, məqsədlərin, mənəvi vəziyyətlərin təzahürüdür. Bir əsərdəki hadisələrin düzümü, xarakterlərin davranışı, süjetin axını, - bütün bunlar dəyərli və ideoloji mənalar daşıyır.
"Yəni Aristotelçilik" baxışına görə, forma və məzmun eyni varlığın iki cəhətidir. Onları ayırmaq sənəti ölü hala gətirə bilər. Hər bir əsərin forması, onun mənəvi və ideoloji mahiyyətindən doğur.
Bu dördüncü yol Baxtinin fikirlərinə ən yaxın istiqamətdir, amma Baxtin bu ənənəni daha da irəli aparır. O, formani yalnız “hərəkət tərzi” kimi deyil, həm də “dialoq”un, yəni müxtəlif baxışların qarşılaşmasının forması kimi dəyərləndirir.
Aristotelin sənətə yanaşmasında “forma” sadəcə zahiri quruluş demək deyildi. O, “hərəkətin” mənəvi və məntiqi birliyidir. Faciə onun üçün hadisələr toplusu deyil, insanın dəyərləri, seçimləri və məqsədləri içində inkişaf edən tam bir hərəkətdir.
Başqa sözlə, Aristotel üçün forma ideoloji nizamın təzahürüdür. Əgər faciə əsərində hadisələr zənciri düzgün qurulubsa, bu, həm də müəyyən bir etik və intellektual baxışın ifadəsidir. “Forma” demək, “dəyərlərin nizama salınması” deməkdir.
Baxtinin düşüncəsi də bu ənənəyə yaxındır, lakin onu daha geniş mənada inkişaf etdirir. O, sənətin formanı yalnız fərdi əxlaq və ya “hərəkət birliyi” kimi deyil, müxtəlif ideoloji səslərin qarşılaşdığı məkan kimi başa düşür.
Aristotel üçün sənət əsərinin məqsədi vahid təsir yaratmaq idisə, Baxtin üçün əsas məsələ çoxsəsliliyin (polifoniyanın) yaranmasıdır. O, hesab edir ki, roman sənətinin böyüklüyü də buradadır. Yəni tək bir ideologiyanın hökm sürdüyü “monoloq” deyil, bir çox fərqli baxış və dəyərin bir-biri ilə dioloq qurduğu məkandır.
Beləcə, Baxtin Aristotelin “forma = hərəkət + dəyər” anlayışını dialoji səviyyəyə qaldırır. Forma artıq tək bir nizamın deyil, bir çox ideoloji nizamların qarşılıqlı münasibətinin ifadəsidir.
Bu baxımdan, sənət əsərindəki forma nə qədər “görünüşcə neytral” olsa da, onun içində həmişə ideoloji baxış bucağı yaşayır. Forma ideologiyanın gizli deyil, yetkin halıdır.
Qərb tənqid ənənəsində uzun müddət “obyektivlik” ideyası üstünlük təşkil etmişdi. Bu baxışa görə, yazıçı sənət əsərində tam görünməz olmalı, hadisələr və obrazlar “özləri danışmalıdır”. Roman “öz-özünü izah edən” bir obyekt kimi qəbul edilirdi.
Belə bir idealda yazıçının səsi, fikri, münasibəti mümkün qədər gizlədilməli, oxucu əsərin “xalis gerçəkliyini” görməli idi. Sanki yazıçı aradan çəkilərsə, sənət daha saf, daha dürüst, daha obyektiv olacaq.
Ancaq bu anlayışın özü paradoks yaradır. Yazıçının səssiz qalmaq qərarı da ideoloji seçimdir. Yəni “mən neytral olacam” demək artıq mövqe tutmaqdır. Heç bir mətndə tam neytrallıq yoxdur; yazıçının baxışı, dil seçimi, hadisələrin ardıcıllığı – hamısı onun dünyagörüşünün məhsuludur.
Baxtin bu məsələni tamamilə başqa cür qoyur. Onun fikrincə, yazıçı “öz səsini gizlədən Tanrı” deyil. O, əsərdə digər səslərlə birgə var olan şüurdur. Yazıçının dəyəri onun səssizliyində deyil, fərqli səslərə, ideyalara və baxışlara yer verməsindədir.
Yəni yazıçının “səsi” romanın içindəki digər səslərlə dialoq içindədir. O, nə hökmran, nə də yox dərəcəsindədir. Baxtin üçün romanın gözəlliyi də buradadır: yazıçı, obraz və oxucu eyni anda “danışır”, biri digərini susdurmur.
Beləcə, Baxtin “obyektivlik” anlayışını “dialoji münasibət” anlayışı ilə əvəz edir.
Romanın dəyəri onun birtərəfli olmamasında, əksinə, çoxsəsliliyindədir. Yazarın səsi artıq təkcə müəllifin hökmü deyil, fərqli şüurların qarşılaşma meydanıdır. Baxtinin nəzəriyyəsində sənət heç vaxt sırf “gözəllik” məsələsi deyil. O, formaya həm etik, həm də ideoloji bir hadisə kimi yanaşır.
Roman, dialoq və ya səhnə yalnız hadisələri göstərmir. O, dəyərlərin toqquşmasını, mənaların formalaşmasını da ifadə edir.
Burada “ülviyyət” ("sublime") artıq klassik mənadakı kimi “insanı gündəlik olandan uzaqlaşdıran, ucaldan estetik hal” deyil. Baxtin üçün “ülviyyət” o anda yaranır ki, fərqli səslər bir-birini eşidir və onların dialoqu yeni bir mənanı doğurur.
Yəni “ülviyyət” tək bir fikrin hökmranlığında deyil, çoxluğun ahəngində gizlidir.
Formanın içində cəmiyyətin müxtəlif baxışları, dilləri, dəyərləri bir-birinə toxunur.
Hər bədii forma müəyyən dünyagörüşün, müəyyən insanlıq anlayışının maddiləşmiş halıdır.
Baxtinin fikrincə, yazıçı və oxucu da bu prosesin iştirakçılarıdır.
Oxucu əsəri oxuyarkən təkcə mətnlə deyil, həm də öz ideoloji təcrübəsi ilə dialoqa girir.
Baxtin sənəti “təcrid olunmuş estetik obyekt” kimi deyil, canlı bir ideoloji hadisə kimi düşünür.
Forma “ideologiyanın bədəni”, söz isə “dəyərlərin nəfəsi” olur.