Xan hekayəti: Bilmədiyimiz faktlar, görmədiyimiz fotolar – Oğlu yazır...

<span style="color:red;">Xan hekayəti:  Bilmədiyimiz faktlar, görmədiyimiz fotolar – <span style="color:red;">Oğlu yazır...
18 mart 2019
# 08:58

Bu gün görkəmli Azərbaycan xanəndəsi, Xalq artisti Xan Şuşinskinin ölümündən 40 il keçir. Kulis.az bu münasibətlə onun oğlu və tədqiqatçısı Aslan Cavanşirovun yeni faktlarla zəngin olan “Xan Şuşinski: İsfəndiyar Aslan ağa oğlu Cavanşir” məqaləsini təqdim edir.

İsfəndiyar Aslan oğlu Cavanşir, 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlmişdir. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızı olmuşdur. Şuşa ətrafındakı Xoca, Ballıca və Korocaq kəndləri Aslan ağanın atası Mahmud bəyə məxsus olmuşdur. Aslan ağanın Şuşa qalasında, Bazarbaşı deyilən yerdə evi olmaqla yanaşı, Xan bağı yaxınlığındakı Ballıca kəndində böyük mülkü, qoyun sürüləri, at ilxısı, geniş otlaqları, un dəyirmanı və meyvə bağları olmuşdur. Aslan ağa təsərrüfat işlərinə rəhbərliklə yanaşı ov-ovlamağı və hərdən peşəkar səviyyədə olmasa da tarda çalıb, zümzümə eləməyi xoşlayarmış.

Ermənilərin 1905 -1907 ci illərdə, eləcə də 1918-ci ildə Qarabağda törətdikləri iğtişaşlar zamanı Aslan ağanın Şuşadakı evi və Ballıcadakı mülkü dəfələrlə yandırılmış və təsərrüfatı talan edilmişdir. Bu səbəbdən də sonradan müflisləşmiş Aslan ağa ailəsi ilə birlikdə Ağdama köçmək məcburiyyətində qalmışdır. Aslan ağanın ailəsində İsfəndiyardan sonra Əliyar adlı oğul və Zümrüd adlı qız övladı dünyaya gəlmiş və kiçik yaşlarında tələf olmuşlar. Sonradan Allahyar adlı oğlu və Rüxsarə adlı qızı olmuşdur. İsfəndiyarın anası Bəyimxanım erkən rəhmətə getdiyindən, uşaqlar xalaları – Xurşud, Sürəyya və Sədətbəyimin qayğısı ilə böyümüşlər. İsfəndiyarın təlim-tərbiyəsinə, təhsilinə əmiləri Baxış ağa, Azad ağa, Rəhim ağa və dayıları Əbülhəsən bəy, Yusif bəy də yaxından diqqət göstərmişlər. İsfəndiyar Şuşadakı “Realnı” məktəbində bir müddət təhsil alaraq - yazmaq, oxumağı öyrənmiş və təbiət elmlərindən, fars və rus dillərindən müəyyən anlayışa malik olmuşdur. Ədəbiyyata, o cümlədən poeziyaya meyli olduğundan mütaliyə edər, şeir oxumağı xoşlarmış. Əsasən də Füzuli poeziyasına marağı daha geniş olmuş və Füzulinin şeirlərini təhlil edərək, dərindən dərk etməyə çalışarmış.

İsfəndiyarın atası və əmiləri mütərəqqi fikirli insanlar olduğundan tez-tez evlərində ədəbi-musiqili məclislər təşkil edər və bu tədbirlərə Qarabağın say-seçmə ziyalıları - muğam, poeziya aşiqləri toplaşarmış. Qrammofon səslənər, şeir oxunar ara-sıra tanınmış xanəndələr dəvət olunub, muğam dəsgahı ifa edərmişlər. Bu mühitdə böyüyən İsfəndiyarda kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdır. Çox keçmədən onun bu marağı diqqət çəkmiş və atası ona tar alaraq məşğul olmasını tövsiyə etmişdir. Bir müddət tar çalmağı öyrənən İsfəndiyar, sonradan bu sənəti qardaşı Allahyara öyrətmiş və Allahyar bu sənəti davam etdirməklə, gələcəkdə Azərbaycanın məşhur tarzənlərindən biri kimi püxtələşərək, uzun illər qardaşı ilə çiyin-çiyinə musiqi mədəniyyətimizin inkişafına xidmət göstərmişdir.

İsfəndiyarda geniş diapazonlu, məlahətli səsin və xanəndəliyə həvəsin olması çox erkən nəzərə çarpdığından, Aslan ağa oğlunu yeniyetmə çağlarından dövrünün tanınmış xanəndələrindən olan İslam Abdullayevin (Segah İslamın) şagirdliyinə vermişdir. İsfəndiyar ustadından xanəndəlik sənətinin incəliklərini, muğam və təsnifləri, eləcə də bir sıra el havalarını öyrənə-öyrənə Segah İslamın dəvət aldığı musiqi məclislərində iştirak edər, müəlliminin izni ilə öyrəndiyi muğamlardan oxuyaraq, tədricən tanınmağa başlamışdır. Artıq o öz ustadı ilə yanaşı 19-cu - 20-ci əsrlərin görkəmli muğam ifaçıları - Cabbar Qaryağdı, Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Məşədi Hüsü, Zabul Qasım, Məşədi Məmməd Fərzəliyev və digər ustadların ifasını dinləyir, onlardan muğamatın ən mürəkkəb şöbə və guşələrini öyrənib, hafizəsinə həkk etməyə və ifasını zənginləşdirməyə müvəffəq olmuşdur.

1918-ci ilin yazında Ağdamın Novruzlu kəndində, Qarabağın tərəqqipərvər ziyalılarının, şair və nasirlərinin, eləcə də məşhur sənət adamlarının dəvət aldığı mötəbər bir məclis qurulur. Həmin məclisə Segah İslam gənc şagirdi İsfəndiyarla birlikdə gəlir. Məclisdə elm-ədəbiyyat sahəsində yeniliklərdən söz açılıb, xanəndələrin ifasında muğam dəstgahları dinlənildikdən sonra İslam Abdullayev pəncərənin önündə o dövr üçün yenilik sayılan qrammofon cihazını görüb, məclis sahibindən evdə hansı xanəndələrin qrammofon vallarının olduğu ilə maraqlanır. O isə Cabbarın “Mahur”u, Seyidin “Çahargah”ı, Malıbəyli Həmidin “Rast”ı və bir də Təbrizli Xanın – Əbülhəsən Xan İqbal Azər Soltanın “Kürdü Şahnaz”ının olduğunu bildirir. Məclis əhli xanəndələrin dincəldiyi müddətdə Əbülhəsən Xanın valına qulaq asmağa maraq göstərirlər. Ev sahibi valı səsləndirir. Çox keçmədən evi İranlı Xanın məlahətli, bir qədər də fərqli ifası bürüyür.

Şagirdinin vala çox həyəcanla qulaq asdığı və ara – sıra oxunanları sakitcə züm-zümə etdiyi Segah İslamın nəzərindən yayınmır. İfa başa çatdıqdan sonra ustad xanəndə məclisdəkilərə şagirdini təqdim edərək, onun da gözəl səsə və ifaçılq qabiliyyətinə malik olduğunu söyləyib, üzünü gənc sagirdinə tutaraq - İsfəndiyar, sən də belə oxuya bilərsənmi, deyə müraciət edir. İsfəndiyar – vala bir də qulaq assam oxuyaram, deyə ürəkli cavab verir. Məclisdəkiləri maraq bürüyür və val bir də səsləndirildikdən sonra gənc xanəndə üzünü tarzənə tutaraq, “başla” işarəsi verir. Tarın, kamanın xoş sədaları altında “Kürdü Şahnaz” muğamı səslənir. İsfəndiyar peşəkar xanəndə tərzində, eynilə Əbülhəsən Xanın oxuduğu kimi “Şahnaz”ı ifa etməyə başlayır. Səsin gücündən divarboyu rəflərdə düzülmüş çini və şüşə qablar xanəndənin səsinə sanki səs verirmiş kimi cingildəyir, ara-sıra məclis iştirakçılarından razılıq sədaları səslənir. İsfəndiyar ifasını başa vurub, qavalı dizinin üstünə qoyur. Bu zaman məclisi alqış sədaları bürüyür. Heyrətə gəlmiş qonaqlardan - maşallah, bu ki, əsl xanəndədir. Gördün, Əbülhəsən Xanın oxumasından heç seçilmədi. Yox əşşi, bu Xandan da yaxşı oxudu. Bu uşağın böyük gələcəyi var. Əsl Xan elə budu.

Bu tərifləri ustad sənətkarlarla yanaşı İsfəndiyarın müəllimi Segah İslam da müşahidə edir və artıq sərbəst məclis idarə edəcək qədər püxtələşmiş şagirdinin ilk müstəqil addımlar üçün ciddi uğur qazandığına ürəkdən sevinirdi. Məclisdəki qonaqlardan kim isə gəncin adını bir də soruşanda Segah İslam məclisdəkilərə üzünü tutub - hörmətli ağalar, xanəndə və sazəndələr, bildiyiniz kimi xanəndə Əbülhəsən xalq içindən çıxmış sadə bir rəiyyət nümayəndəsi olmuşdur. İran Şahı onun sənətini yüksək qiymətləndirib, Xan titulu, böyük mülk, var-dövlət hədiyyə edərək onu İran xanəndələrinin Xanı – Əbülhəsən Xan İqbal adlandırmışdır. (Həqiqətən İran hökmdarı Əhməd Şah bu xanəndənin səsinə o qədər vurulur ki, ona böyük mülk, torpaq sahələri bəxş etməklə yanaşı, Xan titulu verərək, Təbriz şəhərinin valisi təyin etmişdir. Əbülhəsən Xan İqbal Azər Soltan elə bir nadir şəxslərdən idi ki, istədiyi vaxt dəvətsiz Şah sarayına daxil ola bilərmiş).

Bu gün bu gənc oğlan Əbülhəsən Xanın ifasını olduğu kimi təkrarlaya bildiyi üçün qoy bu gündən o da olsun bizim Xan – Azərbaycan xanəndələrinin xanı, Xan Şuşinski. Hamı ustadın bu təklifini razılıq və sevinclə qəbul edir. Sonra Xan məclisdəkilərin xahişi ilə daha bir – neçə təsnif və muğam ifa edir. Həmin gündən sonra hamı Qarabağda yeni, Xan adlı çox istedadlı bir xanəndənin yarandığından danışaraq, onu tezliklə görüb və səsini dinləməyə tələsirdi. O dövrdən etibarən Xan Şuşinski musiqiçilərdən ibarət dəstə yaradaraq müstəqil el şənliklərində iştirak etməyə başlayır.

Azərbaycanda Demokratik Respublika elan edildikdən sonra, 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilərək, qısa bir müddətdə Gəncədə hərbi təlim keçir. Sonradan onu tanıyan cümhuriyyətin ilk hərb naziri Xosrov bəy Sultanov Xanın öz sənəti ilə yeni yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, vaxtaşırı hərbçilər qarşısında çıxışlar etmək şərtilə, Xan Şuşinskini hərbi xidmətdən azad edir.

Xan Şuşinski bir müddət Gəncədə və ətraf bölgələrdə kütlələr qarşısında və rəsmi tədbirlərdə çıxışlar etdikdən sonra qızıl ordunun Gəncəni zəbt etməsi və 1920-ci ilin mayında sovet hakimiyyətinə qarşı baş vermiş Gəncə qiyamından sonra yenidən Qarabağa qayıdaraq, Ağdan şəhərində məskunlaşmış, el şənliklərində, toy – düyünlərdə iştirak edərək yaradıcılığını davam etdirmişdir.

Xan Şuşinski müstəqillik dönəmində, eləcə də sovet hakimiyyətinin ilk illərində dəfələrlə millətçi erməni quldur dəstələrinin hücum və təzyiqlərinə məruz qalmış, sərrast atıcılıq qabiliyyəti və silahla rəftar bacarığı, eləcə də ehtiyatlı davranışı hesabına düşmən gülləsindən qurtulmuş, ən qəddar qaçaq-quldur yolkəsənləri belə səsinin, sənətinin sehri ilə ram edərək, özünün və yoldaşlarının həyatını xilas etmişdir.

Xan Şuşinski 1939-cu ildə ailəsi ilə birgə, respublikaya rəhbərlik edən M.C.Bağırovun sərəncamı ilə 24 saat müddətində Ağdamdan Bakı şəhərinə köçürülmüşdür.

Bakı şəhərinə köçdükdən sonra Xan Şuşinski doğma el-obası ilə əlaqəni pozmamış, vaxtaşırı Ağdamdakı evinə baş çəkməklə yanaşı, yay istirahətini bir qayda olaraq Qarabağın səfalı yaylaqlarında keçirmişdir. 1960-cı illərin ortalarından isə Şuşa şəhərinin “Çöl qala” məhəlləsində həyət evi alaraq, sonrakı illərdə mütəmadi olaraq məzuniyyətə daim Şuşaya gəlmişdir.

Gənc yaşlarında evlənsə də bu evlilikdən övladı olmamışdır. Həyat yoldaşının təkidi ilə O, sonradan yenidən evlənmiş və həmin evlilikdən 4 övladı – 1958-ci ildə qızı Bəyimxanım, 1960-cı ildə qızı Zümrüd, 1962-ci ildə oğlu Aslan və 1964-cü ildə qızı Səadət dünyaya gəlmişdir.

Xan Şuşinski 1979-cu ilin 18 mart tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib, Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilmişdir.

Yaradıcılığı, xidmətləri və təltifləri

Məlumdur ki, Xan Şuşinskiyə qədər lirik muğam olan “Mirzə Hüseyn segahı” çox bəsit və sadə ifa olunaraq, dinləyiciyə kiçik həcmdə təqdim edilirdi. Xan Şuşinski şəxsi ustalığı və faydalı sənət axtarışları hesabına “Segah” muğamının əvvəlinə “Manəndi-müxalif” şöbəsini əlavə edərək, muğamı daha təsirli, həcmli və dramatik səsləndirməklə, ifaçıya öz istedad və bacarığını ifadə etmək üçün daha geniş imkan yaratmışdır. Bununla Xan Şuıinski haqlı olaraq özünü müasir “Mirzə Hüseyn segahı”nın müəllifi adlandıra bilərdi. Bu onunla izah edilirdi ki, Xandan sonra gələn bütün xanəndələr “Segah”ı məhz “Manəndi-müxalif” şöbəsi ilə - Xan üslubunda oxumuş və bu gün də həmin dəst-xətlə ifa edirlər. Eləcə də o, “Rast” muğamına “Dilkəş” və “Rak” şöbələrini qaytararaq muğamın həcmini genişləndirməklə yanaşı, onu dinləyiciyə daha maraqlı və xoş həyəcan hissləri oyadan, qulağa yatımlı etmişdir.

Xan Şuşinski ilk dəfə qadın ifaçı ilə birgə duet ifasının təşəbbüskarı, duet (deyişmə) mahnıların ilk müəllifi və ilk ifaçısı olmuşdur. İyirmidən çox mahnı və bir neçə təsnifin, eləcə də üç duet-mahnının (“Şuşanın dağları,” “Ay gözəl”, “Ölürəm, a ceyran bala”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Qəşəng ceyran”, “Qəmərim”, “Bağda sarmaşıq”, “Ay Dilbər”, “Ay qara qız”, “Bilmədin” və “Dağlarda çiçək”) müəllifi olmuşdur. Həmin mahnıların melodiyaları ilə bərabər əksəriyyətinin sözləri də şəxsən Xan Şuşinskiyə məxsusdur. Bundan əlavə bir-neçə aşıq havasının Xan tərəfindən işlənərək müğənni səsinə uyğunlaşdırıldığı məlumdur ki, bunlardan “Apardı sellər Saranı”, “Qaçaq Nəbi” və s. misal göstərmək olar.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 22.04.2004-cü il tarixli, 631 saylı şəhadətnamə ilə Xan Şuşinskinin bəstələdiyi “Şuşanın dağları”, “Ay qəşəng ceyran”, “Qəmərim”, “Ay qara qız”, “Ay gözəl”, “Dilbərim və ya bağda sarmaşıq” və “Ay Dilbər” mahnılarına müəllif hüquqları təsdiq edilmişdir.

Üzeyir bəy Hacıbəyov 1920-ci ilin payızında Qarabağda yerli gənc ifaçıların bacarıqlarını imtahan etmək məqsədilə komissiya təşkil edir. Xan Şuşinski bu komissiyada səs və ifa qabiliyyətini özünəməxsus, bir qədər qeyri-adi formada təqdim edir. Üzeyir bəy xanəndəni dinlədikdən sonra onun səsini çox bəyənir və Xan Şuşinski öz dəstəsi ilə Üzeyir Hacıbəyovun rəhbərliyi altında Bakıdan gəlmiş incəsənət xadimlərindən ibarət təşviqat qatarının nümayəndələrinə qoşularaq ustad sənətkar Cabbar Qaryağdıoğlu ilə birgə bölgələri qarış-qarış dolaşıb, hərbi hissələr və kənd əməkçiləri qarşısında saysız-hesabsız konsertlər vermişdir.

Yeni qurulan sovet hakimiyyəti özü ilə gətirdiyi yeni ideologiyanı xalqların təfəkkürünə yeridərək, hər vasitə ilə milli dəyərləri, əsrlərin sınağından keçib gəlmiş xalq yaradıcılığı nümunələrini müxtəlif bəhanələrlə məhv etməyə çalışır və onları təbliğ edənlərə qarşı amansız mübarizə aparırdı. Xalq yaradıcılığından, milli muğamlarımızdan bəhrələnən bir nəğməkar olduğu üçün Xan Şuşinski də daim belə təqiblərə məruz qalırdı. Belə ki, bəstələdiyi və sevə-sevə oxuduğu “Şuşanın dağları” (“başı dumanlı” kəlməsində nəyə eyham etdiyi, burada mavi “duman”, “qırmızı” qofta, “yaşıl” tuman sözləri ilə Azərbaycan Demokratik Respublikasının sovetlər dövründə qadağan olunmuş bayrağınamı işarə etməsi ilə ittiham edilərək, ondan təcili olaraq mahnının sözlərinin dəyişdirilməsi tələb edilmişdi – A.C.) mahnısında Xan, nə demək istədiyi sualı ilə dəfələrlə inzibati orqanlara çağırılaraq izahat verməli olub.

Nəticədə Xan Şuşinski xüsusi senzura komissiyasını həmin mahnının yalnız bir kəlməsinin (“Şuşanın dağları başı dumanlı” əvəzinə, “Şuşanın dağları deyil dumanlı”) dəyişdirilməsinə razı salmışdır. Eləcə də digər bir ifasında Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından bir hissəni oxuyarkən “Haşa ki, könül Xosrova pabənd ola bir də” cümləsində sovet senzura nümayəndələri tərəfindən, fəhlə və kəndli hökumətinin sinfi düşməni hesab edilən Şah Xosrov Pərvizin Xan Şuşinski tərəfindən təbliğ edilməsi ona irad tutulduğundan, xanəndə həmin misranı “Haşa ki, könül hüsnünə pabənd ola bir də” kimi oxumaq məcburiyyətində qalmışdır. Habelə “Qarabağ Şikəstəsində” “Fələk vay-vay, İllaci mən Fələk vay”, “Ölürəm” kəlmələrinin “azad, xoş güzərana qovuşmuş işıqlı kommunizm gələcəyi quran” sovet əməkçi adamının ruhuna zidd ifadələr olduğundan, muğamın mətnindən çıxarılması tələbi ilə qarşılaşan Xan Şuşinski dəfələrlə aidiyyatı məmurlara təmkinlə izah edərək, “Qarabağ şikəstəsi” muğamında yaralı, şikəst aşiqin çəkdiyi ah-nalə, dərd-sərdən söhbət açıldığı zaman burada xoşbəxtlikdən danışılmasının qeyri-mümkünlüyünə inandırmağa çalışmışdır.

Xan Şuşinski ilk dəfə 1923-cü ildə Bakıya dəvət olunub, kütlələr qarşısında geniş musiqi proqramı ilə çıxışlar etmişdir. Paytaxt sakinləri o vaxta qədər eşitmədikləri möcüzəli bir səsin şahidi olurlar. O vaxtdan etibarən mütəmadi olaraq Xan Bakıya dəvət olunub, maraqlı çıxışlar etmişdir. Konsertlərə tamaşa etməyə gələnlərin həddən artıq çox olması nəzərə alınaraq, asayişin keşiyinə xüsusi atlı milis dəstələri cəlb olunar, buna baxmayaraq Xana tamaşa etmək istəyənlərin konsert salonlarının qarşısında yaratdığı basırıqda hər dəfə insanlar əzilib, zədələnər və qapı-pəncərələr qırılaraq yararsız hala salınarmış.

Xan Şuşinski 1926-cı ildə Ağdan şəhərində yerli musiqiçilərdən ibarət xalq çalğı alətləri ansamblı təşkil etmiş, bir müddət həmin ansamblın müşayiəti ilə Qarabağda və yaxın bölgələrdə geniş kütlələr qarşısında rəngarəng repertuarla çıxışlar edərək, hərbi hissələrdə, kolxoz və sovxoz əməkçiləri qarşısında təbliğat-təşviqat tədbirlərində muğam, təsnif və xalq mahnıları ifa etmişdir.

Üzeyir Hacıbəyov Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək onun ifasında xüsusilə “Sarənc”, “Simayi-şəms” və “Qarabağ şikəstəsi” muğamlarından, eləcə də “Alma almaya bənzər”, “Qara qaşın vəsməsi” və “Qaçaq Nəbi” mahnılarından yüksək zövq aldığını dəfələrlə vurğulamışdır. Dahi bəstəkar Xanı opera ifaçılığına cəlb etməyə razı sala bilməməsindən təəssüfləndiyini etiraf edərdi. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov, 1926-cı ildə bəstələdiyi “Qara göz” mahnısını ilk ifaçı kimi məhz Xan Şuşinskiyə təqdim etmiş və Xan həmin mahnını sevə-sevə uzun illər öz repertuarında səsləndirmişdir.

Ü.Hacıbəyov Xanın xüsusi musiqi təhsili almaq üçün İtaliyanın Neapol Konservatoriyasına göndərilməsində təkid etsə də oxuduğu muğamlara sədaqətli olan Xan Şuşinski ailə vəziyyətini – atasının qoca və xəstə olmasını bəhanə gətirərək İtaliyadakı vokal ifaçılıq təhsilindən imtina etmişdir.

1928-ci ildə Xan Şuşinski ilk dəfə rəsmən Tiflisə və İrəvana dəvət alıb geniş tamaşaçı auditoriyası qarşısında silsilə konsertlər verib, böyük uğur qazanmışdır.

1933-cü ildə yaradıcılıq fəaliyyətinin 20 illiyi münasibətilə Ağdam rayonu maarif və mədəniyyət idarəsinin təşəbbüsü ilə Xan Şuşinskiyə “Xalq xanəndəsi” fəxri adı verilmişdir.

1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya Xalqlarının 1-ci İncəsənət Olimpiadasında iştirak edən Xan Şuşinski Olimpiadanın qalibi adına layiq görülmüşdür.

Öz yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına görə, 1937-ci ildə hökumət nümayəndələrinin qəzəbinə tuş gəlmiş, bir il müddətinə “səsi alınaraq”, kütləvi yerlərdə, el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulmuşdu. Bu səbəbdən də 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçıları siyahısından kənarlaşdırlmışdı. Həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən M.C.Bağırov Xan Şuşinskinin tədbirlərə qatılmamasının səbəbini soruşduqda, ona “Xan Moskva Dekadasında iştirakdan imtina etdi” cavabı verilmişdir. Şübhəsiz, bu, M.C.Bağırovu çox qəzəbləndirdiyindən o, Xanın barəsində qəti cəza tədbirinə qərar versə də məsələni aydınlaşdırarkən Xan Şuşinskiyə xoş münasibət bəsləyən bir qrup ziyalı respublika rəhbərinə həqiqi vəziyyəti izah etdikdən sonra M.C.Bağırov Xanın o dövrdə yaşadığı Ağdam rayonundan 24 saat ərzində Bakı şəhərinə köçürülməsi və filarmoniyada işlə təmin olunması barədə göstəriş vermişdir.

Xan Şuşinski ailə üzvləri ilə birlikdə paytaxta köçürülərək mənzillə təmin edilmiş və 1939-cu ilin iyun ayından etibarən qardaşı Allahyar Cavanşirovla birlikdə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.

Xan Şuşinski incəsənət xadimləri içərisində ən çox hamilik konsertləri vermiş sənətkardır. Belə ki, müharibə illərində o, cəbhəyanı bölgələrdə, hərbi çağırış məntəqələrində, hospitallarda, strateji əhəmiyyətli müəssisələr – zavod və fabriklərdə fəhlələr qarşısında yorulmadan, təmənnasız çıxışlar etmiş və bununla da döyüşçülərdə nikbin ruh yaratmış, xalqın qələbəyə inamına dəstək olmuşdur.

Xan Şuşinski mədəniyyət sahəsində yeganə şəxsdir ki, Vətən və xalq qarşısında təmənnasız xidmətləri, nümunəvi fəaliyyəti və böyük sənətkarlıq bacarığı nəzərə alınaraq, “Əməkdar artist” adı almadan, 1943-cü ildə birbaşa “Xalq artisti” adı ilə təltif edilmişdir.

1944-cü ilin yazında Xan Şuşinski mədəniyyət və incəsənət xadimlərindən ibarət böyük heyətlə qonşu İran dövlətinə səfərə getmiş və üç ay müddətində İranın 22 şəhərində, o cümlədən Tehran, Təbriz, Rəşt, Ərdəbil, Qəzvin, Astara, Marağa və s. geniş repertuarla çıxışlar edib, böyük tamaşaçı rəğbəti qazanmaqla Azərbaycan incəsənətinin nailiyyətlərini İran xalqına nümayiş etdirmişdir.

Səfər zamanı “Şimran” sarayında təşkil edilmiş ziyafətdə yüksək zövqlə ifa etdiyi “Mirzə Hüseyn segahı” və “Qarabağ şikəstəsi”nə görə İran şahının xüsusi mükafatlarına layiq görülmüşdür. Xan Şuşinski bir neçə aparıcı sənətkarlarla birgə təşəbbüs göstərərək İran səfərindən qazandığı mükafatları, o cümlədən çox qiymətli zinət əşyalarını və qızıl pul kütləsini təmənnasız olaraq müharibə aparan sovetlər ölkəsinin Müdafiə Fonduna təhvil vermişdir. İran səfəri zamanı Xan Şuşinskini, artıq ömrünün ixtiyar çağlarında olan Əbülhəsən Xan İqbal Azər Soltanla, eləcə də mürəkkəb tale yaşamış, İranda mühacirətdə olan məşhur Bakı xanəndəsi və neftxudası Seyid Mirbaba ilə görüşdürürlər. Əbülhəsən Xan Xan Şuşinskini dinlədikdən sonra onun həqiqətən muğamatın xanı adına layiq bir sənətkar olduğunu etiraf etmişdir. O, Azərbaycandan olan nümayəndə heyətinin tədbirlərində yaxından iştirak edib lazımi köməkliklər göstərmişdir.

1943-1944-cü illərdə “Gürcüstanfilm” və “Mosfilm” kinostudiyalarının birgə lentə aldığı tarixi “Georgi Saakadze” filmində Xan Şuşinskinin ifasında yazılmış “Heyratı-Osmanlı”, “Zəminxarə” və “Segah” muğam parçalarından çox məharətlə istifadə edilmişdir.

1944-cü ilin dekabrında Xan Şuşinski Tiflisdə keçirilən Zaqafqaziya Respublikalarının İncəsənət dekadasında müvəffəqiyyətlə çıxışlar edərək, ən ali mükafatla təltif olunmuşdur.

Azərbaycan müğənniləri içərisində ilk dəfə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə muğam, dəsgah ifa edən Xan Şuşinski olmuşdur. O, sonradan ilk xanəndə olaraq Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Niyazinin “Rast” simfonik muğamında ayrı-ayrı parçaları yüksək ustalıqla ifa edərək , eyni zamanda səlis ifa və ritm bacarığı nümayiş etdirmişdir. Yaradıcılığında əsasən Füzulinin şeiriyyatına, eləcə də Nizaminin, Vaqifin, Zakirin, Vahidin, Cavidin, Rahimin, Vurğunun qəzəllərinə və el bayatılarına üstünlük vermiş, təkrarçılığın əleyhinə olmuşdur. Səsi qeyri-adi gücə malik olduğundan ifaçılığında heç vaxt mikrofon və bu kimi vasitələrdən istifadə etməmiş, eyni zamanda, mahir qaval çalmaq qabiliyyətinə malik olmuşdur. İfası zamanı qavalı havaya atıb-tutar, bu zaman heç vaxt ritmdən çıxmazmış.

1946-cı ildə Özbəkistan və Azərbaycan kənd təsərrüfatı qabaqcılları və incəsənət xadimlərinin qarşılıqlı yarışma və mədəni mübadilə tədbirləri çərçivəsində Özbəkistanda olmuş, maraqlı və yadda qalan çıxışlar etmişdir.

1956-cı ildə Ü.Hacıbəyovun “Məşədi İbad” operettası əsasında çəkilən “O olmasın, bu olsun” filmində Xan Şuşinski kiçik bir rol olan xanəndə obrazını böyük məharətlə ifa etmiş, filmdə kadr üçün ayrılmış 2 dəqiqəyə yaxın məhdud vaxt ərzində xüsusi ustalığı hesabına 14-16 dəqiqəlik “Şahnaz” muğamının bütün guşə və məqamlarını ifadə etməyə müyəssər olmuşdur.

Xan Şuşinski 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadasında böyük müvəffəqiyyətlə çıxışlar etmişdir.

1959-cu ildə Vətən qarşısında göstərdiyi xidmətlərə görə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

1969-cu ildə Bakıda keçirilən “Qızıl payız” musiqi festivalında Xan Şuşinski münsiflər heyətinə qatılaraq, festival müdavimlərinin ifalarını qiymətləndirməklə yanaşı, dəyərli məsləhət və tövsiyələr vermişdir.

1970-ci ildə Xan Şuşinskinin təklifi ilə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradılmış və 1976-cı ilə qədər fəaliyyət göstərmiş bu qurumda Xan Şuşinskinin rəhbərliyi ilə ustad sənətkarlardan təşkil edilmiş münsiflər heyəti respublikanın müxtəlif bölgələrindən istedadlı gəncləri taparaq üzə çıxarmış və hazırda məşhur xanəndələr kimi tanınan bir çox sənətkarlar məhz bu studiyada Xan Şuşinskidən muğam dərsləri alaraq, püxtələşmişlər.

Sovet hakimiyyəti illərində Xan Şuşinski “Şərəf nişanı” ordeni (1959-cu ildə) ilə təltif edilmiş, “Qırmızı əmək bayrağı” ordeninə (1971-ci ildə) təqdim edilmişdir. 1971-ci il 29 dekabr tarixli SSRİ Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Eləcə də bir-çox medal və döş nişanlarıyla mükafatlandırılmışdır. Fəaliyyəti dövründə Qafqaz respublikaları, eləcə də digər müttəfiq respublikaların incəsənət xadimlərinin iştirak etdiyi ən nüfuzlu xalq sənəti yarışmalarında iştirak etmiş və daim 1-ci yerə layiq görülmüşdür. Sovet İttifaqının Müxtəlif fəxri fərman və mükafatları ilə təltif olunaraq, Azərbaycan mədəniyyətinin şərəfli salnaməsinə adını qızıl hərflərlə əbədi həkk etdirmişdir.

1971-ci ilin 30 dekabrında Azərbaycan Dövlət Filarmoniyasında qocaman xanəndə - Xan Şuşinskinin 70 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir. Tədbirin sonunda Xan Şuşinski, yetirmələri - Sara Qədimova və Yaqub Məmmədovla birgə “Qarabağ şikəstəsi” ifa etmiş və gənc xanəndələrə üzünü tutaraq, babalarımızdan və ustad sənətkarlardan ona əmanət edilən Azərbaycan muğamlarını illərin çətin sınağından min-bir əziyyətlə keçirib, günümüzə gətirib çıxardığını və bu ərməğanı qoruyaraq, gələcək nəsillərə olduğu kimi çatdırmağı vəsiyyət etmişdir.

1973-1979-cu illərdə Xan Şuşinski A.Zeynallı adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Xan Şuşinskinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərinin mərkəzi küçələrindən birinə və Ağdam orta ixtisas musiqi məktəbinə dahi muğam ustadının adı verilmişdir.

Ümummilli lider Heydər Əliyevin 20.07.2001-ci il tarixli sərəncamı ilə Xan Şuşinskinin 100 illik yubileyi Respublikamızın bir çox bölgələrində, o cümlədən paytaxtın geniş konsert salonlarında və yekun olaraq 14.12.2001-ci il tarixində ölkəmizin baş sarayında – Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı – red.) böyük qələbəliklə qeyd edilmişdir. Həmin tarixdə Xan Şuşinskinin həyatının son illərini yaşadığı Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi 37/43 ünvanındakı binanın fasadında həkk edilmiş Xan Şuşinskinin xatirə lövhəsinin açılışı olmuşdur.

Xan Şuşinskinin anadan olmasının 110 illiyi isə 2011-ci ildə bir sıra mədəniyyət və tədris ocaqlarında qeyd edilməklə yanaşı, son olaraq Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. 2014-cü ildə Xan Şuşinskinin rəsmi ilə hazırlanmış beynəlxalq poçt markası istifadəyə buraxılmışdır.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 29.11.2011-ci il tarixli müvafiq Şəhadətnaməsinə əsasən “Xan Şuşinski” Fondu təsis edilmiş və qızı Bəyimxanım Cavanşirova-Verdiyevanın rəhbərliyi ilə 2012-ci ildən etibarən fəaliyyətə başlayaraq, “Xan Şuşinski” Fondunun məramnaməsinə uyğun - Xan Şuşinski sənətinin geniş təbliği ilə yanaşı Azərbaycanın görkəmli incəsənət, o cümlədən muğam sənətkarlarının vaxtaşırı anılması, eləcə də Qarabağ gerçəklərinin dünya ictimaiyyətinə çatdırılması və istedadlı gənclərin üzə çıxarılaraq, həvəsləndirilməsi işinə dəstək verilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

2013-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyi, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə səyi nəticəsində beynəlxalq “internet” informasiya şəbəkəsində Xan Şuşinskinin virtual muzey-saytı ərsəyə gətirilmişdir ki, artıq Xan Şuşinski haqqında mütəmadi yenilənən bütün (o cümlədən video-audio materiallar) məlumatlar dünya izləyiciləri üçün əlçatan informasiya bazasına (Azərbaycan, rus və ingilis dillərində) çevrilmişdir.

Xan Şuşinskinin ifasında “Mirzə Hüseyn segahı”, “Zabul”, “Segah zabul”, “Mahur hindi”, “Orta mahur”, “Zəminxarə”, “Şur”, “Arazbarı”, “Rast”, “Qarabağ şikəstəsi”, “Heyratı”, “Şahnaz” muğamları, “Qatar”, “Bəstə nigar”, “Dilkeş” təsnifləri və bir çox xalq mahnıları, o cümlədən özünün bəstələdiyi nəğmələr müxtəlif illərdə bir neçə dəfə lentə və qrammofon vallarına yazılaraq bu gün də Azərbaycan Respublikasının Qızıl fondunda qorunmaqdadır.

Sovet hakimiyyəti illərində Xan Şuşinskiyə dəfələrlə Kommunist Partiyası sıralarına daxil olmaq təklif olunsa da o, bunun çox məsuliyyətli iş olduğunu bəhanə gətirərək, partiya üzvlüyündən imtina etmişdir.

Hobbisi və məşğuliyyətləri

Xan Şuşinski gənc yaşlarından papiros çəksə də sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlamış və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməmişdir. Sağlığında böyük qəlyan və təsbeh kolleksiyası olsa da əliaçıq insan olduğundan özünə ən əziz hesab etdiyi əşyasını belə kimdənsə əsirgəməmişdir. Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlar, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı varmış. Onun gözəl nərd oynamaq qabilyyəti olmuşdur. Nərd oynamağı sevər və çox nadir hallarda uduzarmış. Latın, kirill və ərəb əlifbaları ilə yazıb – oxuyar, hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb, ifadə edə bilirdi. Dövrü mətbuatı izləyər, siyasi tədbirlərdən uzaq olmağa çalışardı. Dəvət olunduğu yerə, o cümlədən işə, konsertlərə heç vaxt gecikməz, xalq arasında olmaqdan, piyada gəzməkdən zövq alardı, adətən ictimai nəqliyyatdan istifadə edərdi. Ömründə heç vaxt spirtli içki qəbul etməmiş, səsinin qorunması xatirinə ömrü boyu özünü təbiətin bir sıra nemətlərindən təcrid etmişdir. Təmkinli, az danışan insan olmuşdur. Eyni zamanda həmyaşıdları və münasib bildiyi insanlarla zarafatlaşmağı xoşlardı. Hər bir hadisəyə münasibətini bir-iki kəlmə ilə bir qədər qeyri-adi, lakin dərin mənalı, müdrik cavabla bildirərdi. Ustadlarını tez-tez yad edər, onların vəsiyyətlərini xatırlayardı. Kimsənin barəsində mənfi fikir söyləməz, laqeyd olmadığı insanlara iradlarını ayrılıqda bir kənara çəkib sakitcə bildirərdi.

Xan Şuşinski ilə bağlı maraqlı hadisələr

1920-ci illərin əvvəllərində çox məşhur olan İzmir marşı (“Yaşa, yaşa, min yaşa, Mustafa Kamal Paşa”) bir çox xanəndələr kimi Xanın da repertuarında yer aldığından Xan Şuşinski tərəfindən tez-tez oxunarmış. Lakin sonradan mahnı çox sifarişli olduğundan sovet hökumətinin yerlərdəki məmurları tərəfindən həmin mahnının ifasına ciddi qadağa qoyulmuş və digər ifaçılar kimi Xan Şuşinski də bu mahnıya görə dəfələrlə xüsusi xidmət orqanlarının tənqidinə məruz qalmışdı.

***

1924-cü ilin əvvəllərində Nəriman Nərimanov artıq Rusiyada işlədiyi vaxt Azərbaycana qısa müddətli səfərə gəlir. Xan Şuşinskini çağırtdırırlar ki, bəs Nərimanov səni dinləmək istəyir. Xan kiçik musiqiçi dəstəsi ilə Nərimanovun görüşünə gəlir. Bir qrup hökumət, dövlət, o cümlədən xüsusi xidmət orqanı nümayəndələri tərəfindən əhatələnmiş Nərimanov musiqiçilərlə görüşür, hal-əhval tutur. Sənət adamlarının qayğıları ilə maraqlanır, eyni zamanda yeni hökumətin yerlərdə yürütdüyü siyasət barədə sorğu-sual etdikdən və qabaqcadan hazırlanmış şablon cavablar aldıqdan sonra üzünü Xana tutub, bir “Ay bəri bax” mahnısı oxumağı sifariş edir. Xan Şuşinski bu mahnının köhnə inqilabçı olan Nərimanov üçün hansı xatirələrlə bağlı olduğunu Cabbar Qaryağdıoğlundan eşitmişdi. Belə ki, 1909-cu ildə çar hökumətinin demokratik əhval-ruhiyyəli əlehdarları, o cümlədən Nəriman Nərimanov və hələlik Koba ləqəbli İosif Stalin sürgünə göndərilməzdən əvvəl bir müddət Bakının Bayıl həbsxanasında saxlanılırmış. Mütərəqqi fikirli insan olan Cabbar Qaryağdıoğlu da o zaman Bakıda fəaliyyət göstərən inqilabçı dərnəklərin üzvləri ilə əməkdaşlıq edər, öz maddi və mənəvi köməkliyini azadlıq və tərəqqi fədailərindən əsirgəməzmiş. Həbsxanada olan yoldaşları ölkədə və şəhərdə baş verən son hadisələrdən məlumatlandırmaq və inqilabçıların fəaliyyət planlarını təcridxanadakılara çatdırmaq məqsədilə Cabbar Qaryağdıoğlu musiqiçilərdən ibarət dəstəsi ilə Bayıl həbsxanasının qarşısındakı çayxanada oxuyub-çalar, həbsxanaya məlumat ötürülməsi məqamında xəbərdarlıq işarəsi kimi ucadan “Pəncərədən daş gəlir, ay bəri bax” oxuyar, ardınca isə muğam üstündə qəzəl arası inqilabçıların məlumatını zil səslə, aydın eşidilən tərzdə oxuyaraq, məhbuslara çatdırarmış. O dövrdən həmin mahnı, mütləq hakimiyyətə qarşı hələlik birgə fəaliyyət göstərən müxtəlif siyasi baxışlı və məramnaməli bütün siyasi dərnək və partiyaların bir növ birlik müqəddiməsinə çevrilmişdi.

Mahnı səslənir. “Ay bəri bax”ın sədaları Nərimanovun xəyallarını bir-neçə dəqiqəlik coşqun gənclik illərinə, keçmiş dövrlərə aparır. Mahnı başa çatdıqdan sonra Nərimanov yanındakıları süzə-süzə “Yaşa Mustafa Kamal Paşa” mahnısını oxuya bilərsənmi, deyə müraciət edib, üzünü Xana tərəf çevirir. Xan tərəddüdlə xüsusi xidmət orqanı nümayəndəsinin üzünə baxır və onun razılıq işarəsindən sonra tələsik bəli cavabı verir. Bu Nərimanovun diqqətindən yayınmır. Xan böyük həvəslə “Yaşa, yaşa, min yaşa, Mustafa Kamal Paşa” deyə ifa etdikdən sonra musiqiçilər Nərimanovun razılığı ilə zalı tərk edirlər.

Azərbaycanda olan haqsızlıqlardan onsuz da xəbərdar olan Nərimanov yanındakı hökumət adamlarına qəzəbli səslə Sovetlər Birliyi ilə Türkiyə Respublikasının, o cümlədən Vladimir Leninlə Atatürkün dost olduğuna baxmayaraq, yerlərdə həmin dostluğa bu cür münasibət göstərilməsindən narazılığını bildirir, xüsusi xidmət orqanı nümayəndəsini bərk danlayır.

***

1934-cü ildə Bakıda keçirilən dövlət tədbirinin bədii hissəsində o dövrün tanınmış incəsənət xadimləri, o cümlədən Cabbar Qaryağdıoğlu ilə yanaşı, Xan Şuşinski də çıxış edir. Konsertin sonunda Cabbarın ifasında “Heyratı” zərb muğamı elan edilir. Cabbar Qaryağdıoğlu xanəndələrə müraciət edib, onunla birgə ifa etmək istəyəni səhnəyə dəvət edir. Xanəndələr Cabbarla yarışmaqdan ehtiyatlanıb, boyun qaçırsalar da gənc xanəndə Xan Şuşinski tərəddüd etmədən ustad sənətkarın təklifini qəbul edir. O vaxtlar Cabbar Qaryağdıoğlu sənətinə xüsusi maraq göstərən Respublika rəhbəri M.C.Bağırov tamaşaçıların içərisindən bu sənət yarışmasını diqqətlə izləməyə başlayır. Xanəndələr muğamın şöbələrini növbə ilə oxuyaraq öz məharətlərini nümayiş etdirirlər. İfanın sonuna yaxın gözlənilmədən Cabbar Qaryağdıoğlu səsini zilə çəkərək “Şikəsteyi fars” şöbəsi oxumağa başlayır. Musiqiçilər yaxşı bilirlər ki, onsuz da zil muğam olan “Heyratı”da “Şikəsteyi fars” hansı nota gedib çıxır. Tarda pərdə qalmadığından, tarzən tarın “qəmişi”nə çıxmalı olur. Cabbar “Şikəsteyi fars”ı oxuyub, zil notda estafeti Xana ötürür. Xan Şuşinski səsinin imkanlarına bələd olduğundan özünü itirmədən həmin yerdən “Şikəsteyi fars” şöbəsini oxuyub, bir qədər də zil notlarda “Qazağı” şöbəsinə keçərək şaqraq zəngulələrlə gəzişmələr edib, muğamın başlanğıc pərdəsində ayaq verir. Salonu alqış sədaları bürüyür. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimovun təəccüblü və sual dolu nəzərlərlə ona doğru baxdığını görüb, deyir: - Qurban, dədəmin goru haqqı Xana qıymazdım, dedim bir imtahan eləyim, görüm nə qayırır?... Sonra əlini mehribancasına Xanın kürəyinə vurub, hamının eşidəcəyi səslə ucadan deyir: - Əhsən sənə, gələcəyin xanəndəsi sənsən!

***

1934-cü ilin payızında Bakıda M.Y.Lermontovun 120 illik yubileyi qeyd olunur. Xan Şuşinski həmin yubileydə çıxış etmək üçün dəvət olunur. Tədbirdə Azərbaycan Respublikasının dövlət və hökumət rəhbərləri ilə yanaşı Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də iştirak edirlər. Rusiyalı qonaqların könlü xoş olsun deyə tədbirdə Lermontovun şeirləri oxunur. Xan çıxış üçün adəti üzrə öz repertuarından bir şey ifa etməyə hazırlaşarkən, tədbirin təşkilatçılarından göstəriş gəlir ki, Xan Şuşinski muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır ki, qonaqlar görsün ki, bizim muğam ifaçılarımız da Lermontov seirinin vurğunudurlar. Artıq çətin vəziyyətlərdən bir çıxış yolu tapmağa vərdiş etmiş təcrübəli xanəndə, Lermontovun şeirlərindən birini cəld kağız parçasına köçürüb, qavalın içərisinə pərçimləyir və muğam üstündə Lermontovun şeirini birtəhər ifa edib, başa çatdırır. Tədbirdən sonra M.C.Bağırov musiqiçilərə yaxınlaşıb, razılığını bildirərkən - Xan, həmişəki kimi yaxşı oxudun, amma yaman qavalın içinə boylanırdın? - deyə zarafatla dillənir.

***

1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas-alim heyəti Bakıya gəlir. Məşhur müğənni Bülbül Xan Şuşinskini dəvət edib, onlar üçün “Mahur hindi” muğamını oxumağı xahiş edir. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə oxutdurub, dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən, icazə istəyib, Xanın ağzına və boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir. Bülbül deyir: - Xan bunlar elə bilirlər, sən boğazında nə isə səs gücləndirici bir vasitə gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu, güclü səs ola bilər.

***

1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının bağlanış konsertində Xan Şuşinskinin qadın həmkarları - Sara Qədimova və Şövkət Ələkbərova ilə birgə Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı alətləri Orkestrinin müşayiəti ilə “Şikəstə” ifa etmələri nəzərdə tutulsa da konsertin başlamasına az qalmış həmin ifa üçün ayrılmış vaxt məhdudlaşdırır. Səid Rüstəmov Xan Şuşinskini məsləhətə çağırır və qadın müğənnilərdən birinin ixtisar edilməsini təklif edir. Xan Şuşinski zərif cinsin nümayəndələri olan tərəf müqabilləri arasında seçimdən imtina edərək, “Şikəstə”nin ritmini bir qədər tezləşdirib, arada bəzi çalğı hissələrinin ixtisar olunması hesabına ifaçıların üçünün də oxumasını təmin etməyi təklif edir. Səid Rüstəmov təkliflə razılaşır və orkesrdən bütün notlar yığışdırılaraq tez bir zamanda parteturalar yenidən işlənilir. Sonradan göründüyü kimi, Xan Şuşinskinin verdiyi uğurlu təklif sayəsində ifa çox möhtəşəm alınır. O zaman Böyük Teatrın səhnə arxasında dayanıb, Azərbaycan musiqiçilərinin çıxışını həyəcanla izləyən Vaqif Səmədoğlu həmin anları belə xatırlayır: “Muğamın tempi tezləşdirilmişdi, Sara Qədimova və Şövkət Ələkbərova hərəsi bir ağız “Şikəstə” ifa etdikdən sonra Xan səsini ucaltdı və 3-cü oktavada açıq “Mi” səsini götürəndə, mənimlə yanaşı dayanan, uzun illər Böyük Teatrın aparıcı solisti kimi fəaliyyət göstərmiş SSRİ Xalq artisti İvan Semyonoviç Kozlovski səsin gücündən heyrətə gəlib, iki əli ilə başını tutdu və “Boje moy nu i qolos” deyə qışqıraraq səhnə arxasında var-gəl etməyə başladı.”

Sovetlər İttifaqının ən zil səsli tenorunun Xan Şuşinskinin səsinə bu cür heyrətamiz münasibət bildirməsi, Vaqif Səmədoğlu ilə bərabər səhnə arxasından çıxışları həyəcanla izləyən bütün nümayəndə heyətində böyük qürur hissi oyatmışdı. Zalda isə sürəkli alqışlar davam edirdi. Nəticədə Moskva ongünlüyünün yekun konserti tarixə düşəcək möhtəşəm bir çıxışla başa çatırdı.

Bakı şəhəri

18 Mart 2019-cu il

# 10955 dəfə oxunub

Müəllifin son yazıları

# # #