Qaranquş yuvası - Elvin Rizvangil

Elvin Rizvangil

Elvin Rizvangil

13 dekabr 2021
# 14:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elvin Rizvangilin “Qaranquş yuvası” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

25 il əvvəl günün bu günü, yəni noyabrın 15-i anam öldü. Anam ölən gün şıdırğı yağış yağırdı. Dərsdən çıxıb evə gələndə yolda sinif yoldaşım Əkbər məni itələyib yağış suyunun yaratdığı gölməçəyə saldı. Üstüm-başım cumculuq su oldu. Anamın qorxusundan evə getmədim. Bir binanın alaqapısında dayanıb üst-başımın qurumasını gözləyirdim. Birdən ağlıma gəldi ki, onsuz da yağış yağır, evə gedənə qədər islanacağam. Yolda anama deyəcəyim bəhanəni düşünərək ayaqlarımı sürüyə-sürüyə evə getdim. Binamıza çatanda təəccüb məni bürüdü. Dayılarım, əmilərim... - hamı alaqapının ağzında dayanmışdılar. Yanlarına çatanda daha da təəccübləndim. Hamı bikef idi. Hətta böyük dayım çəkilib kənara gizlin-gizlin ağlayırdı. Nəyin baş verdiyini aydınlaşdıra bilmirdim; ağlayan dayılarımın əhatəsində çaş-baş qalmışdım. Öz-özlüyümdə fikirləşdim ki, yəqin anamın yenə ürəyi gedib.Düz tapmışdım: anamın ürəyi getmişdi, amma bu dəfə bir dəfəlik...

Qardaşım insan izdihamının içində məni tapıb boynuma sarıldı. Ağlaya-ağlaya "Ana öldü!" - dedi. "Yox, qaqa, ölməyib, ürəyi gedib, vallah, ölməyib". Qaça-qaça yuxarı çıxdım. Anamın cənazəsi qonaq otağında qoyulmuşdu, qadınlar ətrafında oturub ağlaşırdılar. Özümü anamın üstünə atıb üzündəki mələfəni açıb ehmalca üzünə şillə vururdum. Xalam məni yerdən qaldırıb otaqdan çıxartmağa çalışsa da, gücü çatmırdı. Bəlkə də xalamın da ümidi var idi ki, mən anamı ayıldacağam, ona görə məni var gücü ilə dartmırdı. Birdən yerimdən sıçrayıb mətbəxə qaçdım. Bir stəkan su doldurub yenidən anamın cənazəsi qoyulan otağa qayıtdım. Ovcumun birini su ilə dodurub anamın sifətinə çiləyirdim. Ancaq anam ayılmırdı. Srağagün anamın ürəyi gedəndə qonşumuz tibb bacısı Aypara xala eynən belə elədi və bir neçə saniyə sonra anam özünə gəldi. Mən Aypara xalanın etdiklərini necə varsa, olduğu kimi təkrar edirdim. Son vaxtlar anamın ürəyi tez-tez gedirdi. Bu hal baş verən kimi ya qardaşım, ya mən tez 8-ci mərtəbədən 6-cı mərtəbəyə düşüb Aypara xalanı çağırırdıq. Eynən mənim kimi sağ əlini boynundan tutub başını bir az yuxarı qaldırıb sol əli ilə üzünə astaca bir-iki şillə vururdu, ya da ki, üzünə bir az su çiləyirdi, bir neçə saniyə sonra anam özünə gəlirdi. Öncə huşsuz şəkildə ətrafı seyr edir, əndişə içində ora-bura qaçan qardaşıma, bacıma, mənə və başının üstündə dizi üstə çökmüş Aypara xalaya elə baxırdı ki, elə bil bizi birinci dəfədir görür. Qardaşımla hərəmiz bir qolundan tutub qaldırıb divana uzadandan sonra Aypara xala yarım stəkan suya bir dərmandan 40 damcı əlavə edib içirdirdi.10-15 dəqiqə sonra anam normal vəziyyətinə dönürdü. Artıq xalamla yanaşı, dayım arvadı da məni yerdən qaldırıb otaqdan çıxarmağa çalışırdı. Bu vaxt başlarına qara örtük atmış qadınların içində Aypara xalanı gördüm, xalamla dayı dostumun əlindən çıxıb Aypara xalanın üstünə qaçıb yalvarmağa başladım: "Aypara xala, qurban olum, ayılt anamı. Axı həmişə sən ayıldırdın, indi də ayılt. Suya damcılatdığın dərman var idi ya, bəlkə onu gətirim. Ya dilinin altına qoyduğun dərmanı. Qurban olum, qurban olum, Aypara xala, qoyma anam ölsün". Aypara xala, boynumu qucaqlayıb ağlaya-ağlaya: "Elədim, hamısını elədim, amma ayılmadı". Bacım ağlaya-ağlaya üstümə hücum çəkib "Sənə görə oldu, sənə görə..." deyə-deyə məni yumruqlayırdı. "Keçən il yayda yadındadır?! Turalla qaranquşun yuvasını uçurtdunuz. Mən "Oxu" kitabında oxumuşdum ki, qaranquşun yuvasını uçurdanda bədbəxtlik üz verir, insanın doğması ölür. Bax , Turalın da anası öldü, bizim də anamız öldü. Nə qədər dedim ki, dağıtmayın. Qulaq asmadınız mənə, dağıtdınız". Qonşu qadın bizi evdən çıxarıb öz evlərinə apardı.

Turalın anası iki ay öncə ölmüşdü. Ancaq buna səbəb bizim qaranquş yuvasını uçurtmağımız deyildi. Çünki biz yuvanı dağıtmamışdan bir neçə ay öncə Tural mənə dedi ki, anam öləcək. "Hardan bilirsən?!" - deyə soruşanda həkimlər atama deyib ki, xərçəngdir, gecikmisiniz, əlimizdən bir şey gəlmir, əməliyyat da risklidir. Belə 1-2 il ömrü var, ancaq əməliyyat olunsa, narkozdan ayılmaya da bilər. Bunu atası əmisinə danışanda eşitmişdi. Heç atasının da xəbəri yox idi ki, Tural bunu bilir. Anası ölən günə qədər özünü elə apardı ki, guya heç nədən xəbəri yoxdur. Bizdə də oxşar vəziyyət olmuşdu: o yuvanı dağıtmamışdan bir neçə gün öncə anamı nənəm müayinəyə aparmışdı. Nənəm uzaq qohuma "həkim onun sağalacağına ümid etmir" dediyini eşitmişdim. Mən də dostum kimi bunu bildiyimi hər kəsdən gizləmişdim. Həkimin anamın sağalacağına ümidi olmasa da, mən inanırdım...

# 2882 dəfə oxunub

Müəllifin son yazıları

# # #