Fəxriyə Xələfova: "Dəb olmasaydı, həyat dayanardı" – FOTOLAR

<span style="color:red;">Fəxriyə Xələfova:  "Dəb olmasaydı, həyat dayanardı" – <span style="color:red;">FOTOLAR
21 fevral 2018
# 09:00

Kulis.azın “Şəklinlə danış” layihəsinin qonağı tanınmış rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və Dekorativ Tətbiqi Sənət kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə Xələfovadır.

- Fəxriyə xanım, əhvalınız necədir?

- Ümumilikdə 2017-ci il mənimçün çətin il oldu, anam Rəfiqə xanim Əliyevanın yoxluğuna hələ də alışa bilmirəm. Onsuz zaman mənimçün çox çətin davam edir. Bütün işlərimi ilk onunla paylaşırdım, onun rəyindən çox şey asılı idi. Hər efir sonrası mənə zəng edib fikirlərini bildirirdi. Bu baxımdan həyatımda onun boşluğu görünür və bu boşluğu heç nəylə doldurmaq olmur.

- Müsahibələrinizin birində demisiz ki, Rəfiqə xanım adətən bizi - övladlarını tərifləməzdi.

- İllərdir, dayanmadan çalışıram, bir çox nailiyyətlər əldə etmişəm, buna baxmayaraq, Rəfiqə xanım daha da çox çalışmaq lazım olduğunu deyərdi və bizdən yeni nailiyyətlər tələb edərdi. Məktəb illərimizdə də belə idi, bir an belə bizi kitabsız görsəydi, dərhal öz fikrini bildirərdi.


- İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Bu fikirlə razısız?

- Bu fikirlə razıyam, illərin sınağından çıxmış bir deyimdir. Geyim 21-ci əsrdə kommunikasiya vasitəsi kimi sosiologiya, psixologiya elmlərinin nəzəriyyəsi çərçivəsində öz təsdiqini tapıb. Birinin necə geyinməsi onun nə qədər dəblə ayaqlaşıb-ayaqlaşmağını, zövqünün olub-olmamağını, dünyagörüşünün və intellektinin hansı dərəcədə olmasını açıq büruzə verir. Bəlkə hamı hiss etmir bunu, amma mən işin peşəkarı olduğum üçün hiss edirəm.


- Bu məsələdə sizlə razı deyiləm, o qədər gözəl geyinən, müdhiş gözəlliyə sahib olan insanlar var ki, ağzını açıb danışanda bütün gözəlliyini yerlə bir edir...

- Bu, artıq məsələnin digər tərəfidir. Gözəllik industriyası anlayışı var, sizin dediyiniz həmin mövzuya aiddir, insan hər hansısa bir an üçün obrazlaşdırılır, amma mümkün deyil ki, insan uzun müddət obrazda qalsın. Gec-tez onun daxili özünü önə çıxarır. Ona görə xanımlar çalışmalıdılar ki, onların daxili ilə xarici bir-birini tamamlasın.

- Dəblə ayaqlaşmaq, ya zövqlə geyinmək?

- Bunlar tamam fərqli anlayışlardır. Dəblə ayaqlaşmaq daha asandır, nəinki zövqlə geyinmək. Zövq hər fərdin geyimə öz şəxsi yanaşmasıdır. Burda həm fantaziya, həm elementlər, həm də düzgün rəng seçimi var. Hər şey son nöqtəyə qədər düzgün hesablananda maraqlı bir obraz alınır. O qədər xanımlar tanıyıram ki, zövqlə geyinirlər, amma son dərəcə sadə olurlar. Bir nümunə də mənim anam Rəfiqə xanım idi. Bu, özünə əminliyin göstəricisidir. Bunun əksi olaraq, özünə əmin olmayan xanımlar çox parlaq görsənməyə can atırlar. Ümumiyyətlə, müasir dəb ikinci dünya müharibəsindən dərhal sonra, Kokko Şanelin təqdimatında yaranıb. O, insanın cəmiyyətdə yeni görüntüsünü yaratdı. İkinci dünya müharibəsindən sonra insanlar həkimlərin və siyasətçilərin yox, Kokko Şanelin yaratdığı müasir dəb sayəsində depressiyadan çıxmağa başladılar. Mən düşünürəm ki, dəb mütəxəssisləri olmasaydı, dəb də olmazdı, dəb olmasaydı, həyat dayanardı.

- Səhnə ulduzlarımız dünya səhnə ulduzları ilə geyim rəqabətinə qadirdilərmi?

- Şou-biznesimizin bir çox parlaq simaları ilə işləmişəm. Onların dəblə ayaqlaşmağa cəhd etdiklərini görmüşəm, ancaq bugünkü gənc nəsildə mən həmin həvəsi görmürəm. Səhnəyə, efirə gündəlik geyimdə çıxırlar, buna baxmayaraq, populyarlaşmaq istəyirlər. Mən isə məsləhət görərdim ki, onlar səhnə imiclərinə daha çox fikir versinlər və dəblə ayaqlaşmaqın vacibliyini dərk etsinlər.


- “Bu geyim Sədərəkdə 20 manatadır” - deyiminə münasibətinizi bilmək istərdim.

- Mən Sədərək ticarət mərkəzində, bəzi şirkətlərin uniforma geyimlərini seçmək üçün tez-tez oluram. Oradakı geyimlər də yaxşıdır. Lakin əl işi olan geyimlə kütləvi istehsal olunan geyimin arasında danılmaz fərq var. Bu baxımdan təbii ki, bir geyimi brendin özündən almaqla, hər hansısa bir satış mərkəzindən almaq arasında keyfiyyət fərqi çoxdur.


- Elə geyimləriniz var ki, hər hansı xatirələri olduğu üçün onlardan vaz keçə bilmirsiz?

- Bir neçə geyimim var, çox deyil. Ona görə ki, mən geyinmədiyim paltarları hədiyyə edirəm. Hətta planımda belə bir sayt yaratmaq var: “Hədiyyə edirəm”. Sözügedən sayt Rusiyada artıq uzun zamandır fəaliyyət göstərir və düşünürəm ki, çox gözəl təşəbbüsdür. İnsanlar özlərinə aid hər hansı bir şeyi satmaq yox, bir-birinə hədiyyə edirlər.


- Geyim zövqünüzün yüksək olduğunu deyirsiz, bəs ədəbi zövqünüz var?

- Mən universitetdə oxuduğum zaman təhsilimi rus dilində aldığım üçün rus klassiklərinin əsərlərini, dünya ədəbiyyatı incilərini, hətta yapon ədəbiyyatı nümunələrini də oxumuşam. Mənim birinci ixtisasım biologiya fakültəsinin “İnsan beyninin neyrofiziologiyası”dır. Ona görə də hal-hazırda bu sahədə elmi nəzəriyyələr oxuyuram.

- Yemək bişirə bilirsiniz?

- Məsələ bundadır ki, illər boyu Rəfiqə xanımın bişirdiyi təamlardan zövq alırdım. Ona görə də yemək bişirməyə heç zaman cəhd etməmişdim. Özüm çox az qidalanıram, əslində bu heç az da deyil, normadır. Düzgün qidalanmanın sağlam həyat tərzinə böyük təsiri var. Sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Hər bir yeməyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər.

- İnsanlarla ünsiyyətdə elə də aktiv deyilsiniz deyəsən?

- Burda bir məsələ var, mən fərdi ünsiyyətə deyil, auditoriya qarşısında, televiziya vasitəsi ilə çıxış etməyə üstünlük verirəm. Yəni böyük kütlə qarşısında nitq söyləmək mənimçün daha asandır, nəinki bir insanla oturub söhbət etmək. Lakin artıq bir saata yaxındır ki, sizinlə söhbət edib müsahibə verirəm.


- Tədbirlərdə fikir vermişəm, güzgüyə çox baxırsınız, kameranı görən kimi özünüzə müəyyən çəki-düzəm verirsiniz.

- Güzgüyə tez-tez baxmağımın səbəbi, daxilimdə olan məsuliyyət hissimdən irəli gəlir. Mən istəyirəm ki, insanlar məni hər zaman ideal görsünlər. Məndən tez-tez soruşurlar ki, idealınız kimdir? Cavabım həmişə belə olur: özüm...

- Məncə, sizin idealınız Kleopatradır.

- Filmdə Kleopatra obrazını canlandıran aktrisa Elizabet Teylora hər zaman pərəstiş etmişəm. Hardasa gözlərimizin ifadəsində bənzərlik var, amma bu o demək deyil ki, özümü ona bənzətməyə çalışıram. Mənə xanımlar tərəfindən makyaj üslubum və saç düzümüm barədə çoxlu sayda suallar ünvanlanır. Məşhur stilist Anar Ağakişiyev hələ 2005 – ci ildə mənə söyləmişdi ki, bir çox xanımlar əllərində mənim fotolarımla onun yanına gedib, bizə bu tərzdə makyaj et deyə müraciət edirlər.

- Şəxsən mən sizin illər öncəki tərzinizdən çox indiki tərzinizi bəyənirəm...

- Əgər siz mənim bugünkü tərzimi bəyənməsəydiniz, bu, mənim məğlubiyyətim sayılardı. Mən artıq dediyim kimi 2005-ci ildən indiyə qədər xanımlar tərəfindən obrazım baxımından müsbət rəylər alıram və bu da mənim qalibiyyətimdir!


- Layihəmizdə foto-sessiyanın da olacağını biləndə çəkindiniz sanki. Hər zaman beləsiniz fotolara qarşı?

- Çəkinmədim! Sadəcə məsuliyyətlə yanaşdım. Bu da təbiidir, axı fotoqrafiya sənəti incəsənətin çox ciddi bir sahəsidir, ona yaradıcı yanaşmaq lazımdır. Foto bizim müəyyən bir anımızı əbədiləşdirdiyi üçün mən də həmin o anda gözəl görünmək istəyirəm.


Müsahibəni onun bu sözləri ilə bitirmək istədim: Sizinlə müsahibəyə ona görə razılıq verdim ki, özünüzdən əminliyiniz xoşuma gəldi, artıq telefon xəttinin bu başından mənə müsbət aura ötürdünüz və mən də sizin maraqlı həmsöhbət olacağınıza inandım. Güvənimdə yanılmadım, çox maraqlı söhbət alındı, qəribə olan odur ki, mən söhbət boyu saata baxmadım.

# 1535 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #