Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” – MÜSAHİBƏ

Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” – <span style="color:red;">MÜSAHİBƏ
14 noyabr 2016
# 12:48

Kulis.az Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyevanın APA-ya müsahibəsini təqdim edir.

May, 2014-cü il. Ölkənin ən çox oxunan saytları belə bir xəbər yaydı: “Şirməmməd Hüseynovun qızı rektor oldu”. Mən bilmirəm bu cür xəbər başlığı Fərəh Əliyevaya xoş gəlib, ya yox, hər halda ömrünü milli mətbuatın, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqinə həsr edən Şirməmməd Hüseynovun qızı olması xanım rektora diqqəti birə-beş artırdı. Hələ onu demirəm ki, Fərəh Əliyeva professor Timuçin Əfəndiyevi əvəz edəcəkdi. Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı, 100 ilə yaxın tarixi olan təhsil ocağına 27 il rəhbərlik etmiş Timuçin Əfəndiyevi. Məncə, bütün faktların ən yaxşısı budur: Azərbaycanın mədəniyyət və incəsənətinə yüzlərlə şəxsiyyət bəxş edən bir universitetin sükanı uzun illər təhsil sahəsində çalışan xanıma həvalə olunmuşdu.

Mədəniyyət və İncəsənət Universitetinin əsas binası təmirdədir. Universitet müvəqqəti olaraq darısqal, şəraitsiz binaya sığınıb. Əsas odur, bu “sığınacağın” otaqlarında çal-çağırdır, pilləkənlərdə, foyelərdə tələbələr yaradıcılıq söhbətləri, mübahisə edirlər. Uzaqdan baxanda adama elə gəlir, teatrda, kinoda, rəssamlıqda bölüşə bilməyəcəkləri nələrsə qalıb. Universitet belə olmalı deyilmi? Əlbət, belə olmalı!

Danışır Fərəh Əliyeva...

- Mədəniyyət və İncəsənət Universiteti böyük təhsil ocağıdır, ölkəmizdə aidiyyəti üzrə demək olar, bütün sahələrdə kadr hazırlığı aparılır. Bilirsiniz ki, Bakı Musiqi Akademiyası, Milli Konservatoriya fəaliyyət göstərir və onlar musiqi təhsili verirlər. Eyni zamanda Rəssamlıq Akademiyası təsviri sənət sahəsində aparıcı ali təhsil ocağıdır. Bizim Universitet isə musiqi sahəsi, o cümlədən, rəssamlıq, teatr və kino üzrə kadrlar hazırlayır. Yəni unikal tədris ocağıdır, 93 illik böyük tarixi var. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin gözəl ənənələri var. Əgər biz Azərbaycan mədəniyyətinin bütün sahələrindəki uğurları ilə öyünə biliriksə, əlbəttə, bu universitetdə çalışan müəllimlərə minnətdar olmalıyıq. Təbii ki, hər bir ali məktəbin inkişafında mərhələlər olur. Hər mərhələ o zaman burda dərs deyən müəllimlərin, oxuyan tələbələrin yaddaşında müxtəlif cür qala bilər. Əlbəttə, rektor kimi mən də çalışıram ki, nə zamansa bu dönəmdə işləyən müəllimlər, oxuyan tələbələr universitet haqqında xoş söz desinlər.

- Tələbələr desin ki, biz Fərəh Əliyevanın rektor olduğu dövrdə oxumuşuq...

- Yox, mən bu iddiada heç vaxt olmamışam və əslində sualın bu cür qoyuluşunun da tərəfdarı deyiləm.

- Bu çox normal iddiadır...

- Mənim baxışım fərqlidir. Hesab edirəm, universitetin simasını rektor müəyyənləşdirmir. Rektor ölkə prezidenti tərəfindən təyin olunan şəxsdir. Onun ali məktəbdə apardığı özünəməxsus islahatlar bilavasitə ölkə başçısının verdiyi tövsiyələr əsasındadır. Heç kim deyə bilməz ki, bu, mənim şəxsi qənaətimdir. Dövlətin təhsil, mədəniyyət haqqında qanunları, strategiyası var. Mən rektor olaraq bu istiqaməti əsas götürmüşəm. Hesab edirəm, universitetin əsas gücü onun akademik personalıdır. Çox istərdim, hər bir tələbə desin ki, mən hansısa tanınmış professorun kursunda oxumuşam. Mən bunun tərəfdarıyam.

- Sizin təbirinizlə desək, universitetin akademik personalı hansı səviyyədədir?

- Mədəniyyət və incəsənət sahəsində hansı narahatedici məqamlar varsa, onlar istər-istəməz universitetə də proyeksiya olunur. Bütün dünya universitetlərində belədir: ənənənin qorunması ilə yanaşı mütləq yenilənmə getməlidir. Buna islahat da deyə bilərik, inqilab da. Mən buna zamanın tələbindən doğan yenilənmə deyərdim. Universitet canlı mühitdir. Ola bilər, nə isə yaransın, özünü doğrultmasın və zamanla səhnədən getsin. Biz yenilənməni ona görə etməliyik ki, verdiyimiz təhsilin məzmununda dəyişiklik olsun. Əvvəlki sistemdə təhsil yaddaşa söykənirdi. Əsas o idi ki, müəllim biliyini tələbəyə öyrədir, tələbə praktikada onu tətbiq edirdi. İndi isə bizə lazımdır ki, verdiyimiz biliklər, vərdişlər universitet daxilində səriştəyə çevrilsin. Yəni tələbə aldığı biliyi komanda şəklində inkişaf etdirsin. Biz kadr hazırlayıb cəmiyyətə təqdim ediriksə, onun nüfuzu olmalıdır, əmək bazarında iş tapmalıdır. Mədəniyyət və İncəsənət Universitetində 25 kafedra, 30-dan artıq ixtisas üzrə beş fakültə - “Teatr sənəti”, “Kino və televiziya”, “Musiqi sənəti”, “Rəssamlıq”, “Kulturologiya” fakültələri fəaliyyət göstərir. İkinci kursdan başlayaraq tələbələr müştərək şəkildə çalışır. Məsələn, rejissorlar tamaşa hazırlayırlarsa, aktyorluq, rəssamlıq, musiqi, kulturologiya ixtisaslarındakı tələbələr işə cəlb olunur.

- Yəni Universitet təkcə nəzəri biliklər vermir, həm də laboratoriya rolunu oynayır...

- Bəli, tamamilə doğrudur. Nəzəri biliklər mütləq praktikada özünü təsdiq etməlidir. Gözləmək lazım deyil ki, praktika universiteti bitirəndən sonra olsun. Yaradıcılıq ixtisaslarında oxuyanlar isə ilk gündən bir-birilərinə ehtiyac hiss etməlidirlər. Aktyor, rejissor tək heç nə edə bilməz. Rejissor lider olmalıdır, çünki tamaşa qurur, aktyor heyətini idarə edir. Əlbəttə, biz həm də çalışırıq, tələbələr universitetdə təkcə təhsil almasınlar, həm də maraqlı həyat yaşasınlar. Mən rektor kimi çox istəyirəm ki, bizim tələbələr “universitetə gəldim, dərsim bitdi, getdim” niyyəti ilə yaşamasınlar.

- Yeni ixtisas və fakültələrin açılması müzakirə olunurmu?

- İlk növbədə hazırda mövcud olan ixtisasların məzmununda dəyişiklik olmalıdır. Aktyora 20-30 il əvvəl qoyulan tələblə indiki tələb eyni deyil. Bizim yaşadığımız dövr dəyişib, öyrənmək üçün mənbələr çoxalıb. Ona görə də yeniləşmək vacibdir. O ki qaldı yeni ixtisaslara, məsələn, ayrıca səs rejissorluğu ixtisasına ehtiyac var. Bu ixtisas mütləq olmalıdır.

Mədəniyyətin idarə olunmasının spesifik qanunları var. Bəlkə də mədəniyyət və incəsənət sahəsində menecerlik ayrıca ixtisas olmalıdır. Yaxud prodüserlik özfəaliyyət şəklində yox, peşəkar təhsil bazası kimi mövcud olmalıdır. Bəs yeni ixtisasları hansı fakültələrin bazasında yaratmaq lazımdır? Bütün bunlar müzakirə tələb edən məsələlərdir. Bizdə teatr tarixi ilə məşğul olan tələbələr var. Ola bilər, onların bir qismi teatr menecmenti üzrə ixtisaslaşsın.

- Mədəniyyət və İncəsənət Universitetini bitirib xaricdə təhsil alan insanlar var. Onlarla söhbət edib müqayisə aparanda nəticə necə olur? Biz bu sahədə çox geri qalırıq?

- Əlbəttə, bu sahədə xaricdə təhsil alan xeyli sayda gənclərimiz var. Məsələn, onlardan ikisini universitetdə işə qəbul etmişik. Biri musiqiçi Allahyar Vəzirov, o biri isə montajçı Emil Qafarlıdır. Allahyar Vəzirov Bakı Musiqi Akademiyasını bitirib, ABŞ-ın Ruzvelt Universitetində magistr pilləsini bitirib. Bunu da deməliyəm ki, hazırda universitetdə 36 nəfər əcnəbi tələbə təhsil alır. Bunlar əsasən Türkiyə və İran vətəndaşlarıdır. Eyni zamanda ABŞ, Rusiya, Qazaxıstan, Tacikistan, Hindistan, Əfqanıstan, Pakistan, Gürcüstan vətəndaşları da oxuyur. Bir dəfə oxumuşdum ki, Harvard Universitetinin məzunlarına iş tapmağın yox, iş qurmağın yollarını öyrədirlər. Elə etməliyik, tələbələr müstəqil şəkildə iş yaratsınlar. Hazırda universitetin əsas binası təmir olunur. Ölkə başçısına, Təhsil Nazirliyinə təşəkkür edirəm ki, bu işdə bizə kömək etdilər, bu imkanı yaratdılar. Mədəniyyət və incəsənətin inkişafı üçün məkan və avadanlıq çox vacibdir. Təmirdən sonra səhnəli otaqlarımız olacaq. Planımızda var ki, müasir avadanlıqla təchiz olunan pavilyonumuz olsun. Yəqin ki, növbəti semestrdən tədrisimizi orda qura biləcəyik. Əlbəttə, şərait, bina əsasdır, amma bundan da vacibi yaratmaq, yaşatmaq ruhudur.

- Rejissorluqda oxuyan tələbənin keyfiyyətli kamerası, montaj və çəkiliş imkanları yoxdursa, ruhu axıra qədər qoruyub saxlamaq olmur. Kino ixtisaslarını bitirən tələbələrdən dəfələrlə eşitmişəm ki, universitetdə bizə nəzəriyyə öyrədilib, praktikanın nə olduğunu bilməmişik. Və biz həmin tələbələrdən keyfiyyətli bədii-sənədli filmlər tələb edirik, seriallar bayağılığından şikayətlənirik...

Haşiyə: Xanım rektor cavab verməzdən əvvəl xeyli düşünür. Bu, ittiham deyil. Ola bilər ki, jurnalistin bu sayaq sual verməyi, fikir bildirməyi peşə etikasına, prinsiplərə ziddir. Olsun! Vacib olan başqa şeydir: biz şərti lap əvvəldən kəsmişdik ki, xoş niyyətə söykənən səmimi söhbət edəcəyik, bütün suallarıma rektordan cavab istəyəcəyəm. Və onu da anlayıram ki, “praktikanın nə olduğunu bilməmişik” cümləsinin arxasında nələr dayanır. Hakim ədalı qonağın sualına rektorun cavabı xeyli əhatəli, diplomatik, faktlarla dolu olur:

- Sizin sadaladığınız bütün problemlər həll olunmağa doğru gedir. Müsahibədən sonra tələbələrlə söhbət edin, dediklərimin təsdiqini eşidəcəksiniz. Bu gün Mədəniyyət və İncəsənət Universitetində tədris elə qurulub ki, tələbələr birinci-ikinci kursdan film çəkir, bütün praktiki işlərə məşğul olurlar. Montajla bağlı səsləndirdiyiniz fikrə konkret cavab verim: Türkiyədə “Ankara Universiteti”ni bitirən gənc məzunu universitetdə işə cəlb etmişik, çox böyük həvəslə çalışır. Təbii ki, bahalı kameralarımız yoxdur, amma bu o demək deyil ki, ümumiyyətlə, heç nə yoxdur. Normal çəkiliş imkanları olan kameralarımız var, tələbələr onlarla çəkiliş aparırlar. Məsələn, uşaqlar “Tələbə filmləri festivalı”nda iştirak edirlər. Yaxud digər ölkələrdə olan tədris prosesləri ilə tanış olmaq, təcrübələrini artırmaq məqsədi ilə xarici mütəxəssislər universitetə dəvət olunur. Nyu-York Müstəqil Film qrupunun direktoru Lanre Olabisi 40-a yaxın tələbəyə film çəkilişləri ilə bağlı təlimlər keçib. Dərslərdə rejissor, aktyor, SABAH qruplarının tələbələri iştirak edib. İki gün davam edən dərslərdə 30-40 qısametrajlı film nümayiş etdirilib, ssenarinin yazılma prosesi, filmin strukturu, planı, ideya, obraz və s. incəliklərlə bağlı təhlillər aparıb, tələbələrə maraqlı tapşırıqlar verib. Bundan başqa, bu ilin aprelində “British Counsil”ın təşəbbüsü ilə tanınmış sənədli film rejissoru və televiziya jurnalisti Corc Kerini Kino və televiziya, Kulturologiya fakültələrinin tələbələri üçün mühazirə keçirib. Bir faktla razıyam ki, xaricdə ən yaxşı avadanlıqlar ilk növbədə universitetlərə göndərilir. Təəssüf ki, bizdə başqa cürdür. Kadr olmazsa, avadanlıq əhəmiyyətini itirir. Biz nəzəriyyəni öyrədirik, tələbə təcrübəyə başqa yerə gedəndə görür ki, hər şey tamam başqadır. Ona görə də televiziya üzrə təhsil alanları dərs üçün telekanallara göndəririk. Məsələn, tələbələr İTV-də, AzTV-də, “Space”də dərs keçirlər. Rejissorluq üzrə müəllimlərimiz ən tanınmış rejissorlardır. Eldar Quliyev, Oqtay Mirqasımov, Vaqif Mustafayev kimi peşəkarlar bizdə tələbə yetişdirirlər.

- Qəbul nəticələri necədir? Məzun diplom almaq, əsgərlikdən qalmaq üçün Mədəniyyət və İncəsənət Universitetinə gəlir, yoxsa məqsədli şəkildə seçim edir?

- Qabiliyyət tələb edən ixtisaslara gələnlər məqsədli gəlir. Bu imtahanlarda obyektivliyinə inandığım peşəkar insanlar otururlar. Məsələn, Şəfiqə Məmmədova, Cənnət Səlimova, Məmməd Səfa Qasımov, Rafiq Quliyev, Cəmil Quliyev və başqaları. İmtahanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir və şəffaflığına heç kimin şübhəsi ola bilməz.

- Bilirəm ki, qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar ciddi keçirilir. Qəbul planında kəsr olurmu?

- Olur. Qəbul planını doldurmaq xətrinə istedadsız uşağı tələbə edə bilmərik. Çünki həmin abituriyentlərin burda oxuması çətin olur. Az sayda tələbə qəbul olunmasından çəkinmirəm. Kəmiyyət və keyfiyyət seçimi qarşısında keyfiyyəti qurban verməməliyik. Mədəniyyət və İncəsənət Universitetində “təsadüfi” tələbələrin sayı getdikcə azalır.

- Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunlarının intellektual səviyyəsinin aşağı olması ilə bağlı tez-tez fikirlər səslənir. Bu fikirlə razısınız?

- Baxır, biz intellektual səviyyə deyəndə nəyi nəzərdə tuturuq.

- Daha doğrusu, elementar yazı qaydalarını bilməyənlər var. Məsələn, aktyorluğu bitirib, rejissor sözünü düzgün yaza bilmir, vergüldən ümumiyyətlə, xəbəri yoxdur, bağlayıcı və ədatlar haqqında danışmağa dəyməz...

- Bizim universitetin tələbələri ümumən şagird ordusunun içində yetişənlərdir. Onlar başqa ölkədə tərbiyə alıb bura gəlməyiblər axı. Amma bu cür faktlar da var ki, məzun 500-dən yuxarı bal toplayıb, birinci yerdə məhz bizim universiteti seçib. Həmin tələbələri şəxsən tanıyıram.

- Fərəh xanım, Bakıda keçirilən Teatr Konfransı çərçivəsində Pavel Rudnevin seminarı təşkil olunmuşdu. Mən həmin seminarda iştirak edirdim. Sizin universitetin professorlarından biri “biz hər il teatrşünaslar yetişdiririk” sözlərini deyəndə, bir çoxlarının üzündə istehzalı təbəssüm yarandı. Hətta arxa sıralarda gülənlər vardı. Həmin adamların üzündən bu sualı oxudum: “Professor, o teatrşünasları biz niyə tanımırıq?”...

- Anlayıram nə demək istəyirsiniz. Və sualınıza bu cür cavab verə bilərəm: Azərbaycanda teatrşünaslıq elminin aparıcı simaları bizim universitetin müəllimləridir. Məsələn, Məryəm Əlizadə, Aydın Talıbzadə, İsrafil İsrafilov və başqaları. Yəqin razılaşarsınız ki, bu müəllimlərin səviyyəsi çox yüksəkdir. Adını çəkdiyim alimləri mütəmadi olaraq xaricə çağırırlar.

Tələbələr arasında da bir neçəsi var ki, onların gələcəyinə çox böyük ümidim var. Onlar teatrla yaşayırlar, nəfəs alırlar. Teatrşünas kütləvi şəkildə yetişdirilə bilməz. Üç-beş nəfər yetişə bilər. Burda başqa, bir faktor dil bilgiləri ilə bağlıdır. Müasir dövrdə xarici dil bilmədən prosesin içində olmaq çox çətindir. Hər gün nə isə yenilik yaranır. Ona görə də universitetimizdə “Conversation Club” yaratmışıq. Sizə deyim, çox böyük həvəs var. Hətta məcbur olduq ki, qrupların sayını artıraq. Vaxtilə Amerikada yaşayan indi bizim universitetdə fəaliyyət göstərən gənc mütəxəssis var, o uşaqlarla çox böyük həvəslə məşğul olur. Bilirsiniz, təhsildə bir-iki ilə yenilik etmək olmur. Amma yenilik odunu mütləq yandırmaq lazımdır.

- Rektor kimi tələbələrlə münasibətiniz necə qurulub və onlar qayğılarını sizinlə bölüşə bilirlər? Biz tələbə-müəllim məhrəmliyinin şahidi oluruqmu? Olmuruq! Biz rektor gələndə pilləkən boyu, foye uzunu sıraya düzülürük...

Fərəh Əliyeva deyir ki, şərhlər, statuslar yazmasa da, facebook istifadəçisidir, dostluğunda olan tələbələrin yazdıqlarını izləyir. Rektor bunun yazılmağını istəməsə də, xahişini yerə salıram. Ki, naharımı da universitetin bufetində, tələbələrlə bir yerdə edirəm...

***

- Qapım bütün tələbələrin üzünə açıqdır. Mənim aləmimdə rektor anlayışı tamam başqa cürdür. Bakı Musiqi Akademiyasında uzun illər elmi katib işləmişəm. Bilirsiniz ki, Fərhad Bədəlbəyli Musiqi Akademiyasının rektorudur. Tərif üçün demirəm, Fərhad müəllim çox demokratik rəhbərdir. Tələbə ona istədiyi vaxt yaxınlaşıb rahatlıqla nə isə deyə bilər. O, tələbəni dinləyirdi, nə çətinliyi vardısa, əlindən gələn köməkliyi edirdi. Yəni kiçik hisslərlə, təmənna ilə yaşayan adam deyil. Bu, təfəkkür məsələsidir. Hesab edirəm, mənim tələbələrlə də, müəllimlərlə də normal münasibətim qurulub. Hər zaman onlara deyirəm ki, nə qayğınız, çətinliyiniz var, gəlin deyin. Tələbələrimi çox istəyirəm, onlara öz övladım kimi baxıram. Öz övladlarıma qarşı necə tələbkaramsa, eyni şeyi tələbələrimə qarşı da edirəm. Qanun çərçivəsində nə kömək edə bilərəmsə, əsirgəmirəm. Universiteti bütün neqativ hallardan təmizləmişik. Başqa bir tərəfdən də, bilirsiniz, müəssisənin rəhbəri hər şeydən xəbərdar olmalıdır ki, kollektivi idarə edə bilsin. Amma qayda-qanunu gözləmək, tədris qanunlarına əməl etmək vacibdir. İstisnasız olaraq hər kəs bu qaydalara əməl etməlidir. İş və şəxsi münasibətləri bir-birinə qarışdırmaq lazım deyil.

- Dediniz ki, universiteti neqativ hallardan təmizləmişik. İstəyirəm, bu haqda bir qədər geniş danışaq...

- Bu məsələyə qısa cavab verə bilərəm: cəmiyyətin bütün sahələrində korrupsiya faktlarının aradan qaldırılması cənab prezidentin siyasətidir.

“ASAN Xidmət” kimi brend yaranıb. Dövlət və vətəndaş bir-birinin yanında üzü ağ, alnı açıq olmalıdır. Biz də ölkə başçısının bu siyasətini əsas götürürük və işimizə davam edirik. Tələbə yalnız təhsil haqqında düşünməlidir. İmtahan vaxtı apellyasiya şikayətləri olanda, kəsilən tələbə gələndə həmin yazıları şəxsən özüm oxuyuram.

- Tələbələrin əsas müraciəti nədən ibarət olur?

- Təhsil haqları ilə bağlı daha çox müraciətlər olur. Qanun çərçivəsində əlimizdən nə gəlirsə, köməklik göstərməyə çalışırıq. Əsas odur, müəllimlərdən şikayət halları yoxdur.

- Mədəniyyət və Turizm Nazirliyi, onun tabeliyində olan müəssisələrlə əlaqələriniz necədir?

- İstər nazirliklə, istərsə də onun tabeliyində olan qurumlarla çox gözəl münasibətimiz var. Məsələn, “Azərbaycanfilm” kinostudiyası, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə əlaqələrimiz, əməkdaşlığımız mövcuddur. Bizim tələbələr “Azərbaycanfilm”də diplom işlərini çəkdilər. Kinostudiyada dərs keçmək, film çəkmək tələbələr üçün inanılmaz dərəcədə maraqlıdır. Bundan başqa, “Azərbaycanfilm” şəhid rejissor Vaqif Əhmədovun adına təqaüd təsis edib. Bizim tələbələr həmin təqaüdü alırlar.

- Eşitmək istədiyiniz sual, demək istədiyiniz fikir qaldısa, buyurun...

- Ən böyük arzum, istəyim odur ki, Mədəniyyət və İncəsənət Universitetində əmək bazarında rəqabətə davamlı peşəkar kadrlar yetişdirək və həmin məzunlarımız təkcə Azərbaycanın yox, qonşu ölkələrin də ehtiyaclarını təmin etsinlər.

# 1608 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #