"Azdrama"dan Elçin açıqlaması

"Azdrama"dan Elçin açıqlaması
3 may 2016
# 18:00

Bir müddət əvvəl Akademik Milli Dram Teatrının repertuarından Elçinin pyesləri əsasında hazırlanmış tamaşalarının çıxarılması ilə bağlı xəbər yayılmışdı. Məsələ ilə bağlı teatrın mətbuat xidməti ilə əlaqə saxladıq.

Mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının açıqlamasını təqdim edirik:

“Teatr sahəsindən az-çox məlumatı olanlar bilir ki, tamaşa repertuardan Bədii Şuranın qərarı ilə çıxarılır. Xalq yazıçısı Elçin Əfəndiyevin pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatil”, yaxud yenə Mehriban xanımın Qriqori Qorinin “Herostratı unudun” əsəri əsasında hazırladığı tamaşanın repertuardan çıxarılması haqda yazılan məlumatlar həqiqətə uyğun deyil. Belə bir fakt olsaydı, Bədii Şuranın iclası keçirilərdi, qərar verilərdi.

Teatrın repertuarı kifayət qədər zəngindir, tamaşaların sayı çoxdur, ona görə də bir tamaşanın iki ay nümayiş olunmamağı onun repertuardan çıxarılmağı anlamına gəlmir. Akademik Milli Dram Teatrında bir neçə başqa tamaşalar da var ki, onlar iki ay repertuara salınmayıb. Bunun müxtəlif səbəbləri olur. Məsələn, mart ayında teatr on günə yaxın, gündə dörd seans olmaqla uşaqlar üçün “Keçəlin şahlığı” Novruz tamaşasını nümayiş etdirib. Apreldə isə “Teleskop” tamaşası və 20 nəfərdən artıq əməkdaşla nüfuzlu Bursa Beynəlxalq Teatr Festivalında iştirak edib ki, bu festival da aprelin 23-də başa çatıb. Həm qatil, həm də “Herostratı unudun” tamaşasının aktyorları festival tamaşasında rol alıb.

O ki qaldı “Qatil”in məhz açıq-saçıqlığa görə repertuardan çıxarılmağına, nəzərə almaq lazımdır ki, bu tamaşa bir neçə ildir teatrda uğurla nümayiş olunur və irəli sürülən iddianın heç bir əsası yoxdur. Elçin Əfəndiyevin istər “Qatil”, istər “Teleskop” tamaşaları Akademik Milli Dram Teatrının səhnəsində hər zaman maraqla qarşılanıb, teatr ictimaiyyəti tərəfindən qiymətləndirilib, eyni zamanda Azərbaycanı beynəlxalq festivallarda təmsil edib. Ona görə Akademik Milli Dram Teatrı adından bu cür məsələlərdə bir qədər diqqətli olmağı tövsiyə edirik”.

# 1076 dəfə oxunub

Müəllifin son yazıları

# # #