Heykəltəraş olacaqdı, şəhid oldu - Samir Kaçayevin həyat hekayəsi

<b>Heykəltəraş olacaqdı, şəhid oldu - <span style="color:red;">Samir Kaçayevin həyat hekayəsi </b>
2 aprel 2018
# 15:30

Kulis.az Samirə Əhmədbəylinin “Aprel şəhidi”, heykəltəraş Samir Kaçayev haqqında “Mənəm – Samir” yazısını təqdim edir.

Mənəm – Samir. Kaçayev Samir. Bu da həyatımda yazdığım ən uzun məktub olacaq hər halda. Həyatımı yazmağa çalışacam.

1994-cü il martın 6-da Şamaxıda doğulmuşam. Atam danışır ki, həmin gün anamı bizim kənddən – Çuxuryurddan rayon mərkəzinə, xəstəxanaya aparıblar. Bibim atamı sınamaq üçün deyib ki, “ay qardaş, yenə qızın oldu”. Axı məndən əvvəl bacım vardı – Səbinə. Atam da “Şükür məsləhətinə, qız olub, lap yaxşı! Məgər qız övlad deyil?!” deyə cavab verib. Sonra bibim etiraf edib ki, əslində atamın oğlu dünyaya gəlib, yəni mən.

Dəcəl uşaq

Deyilənlərə görə, yaman dəcəl, vuran-çapan uşaq olmuşam. Əlimə çubuq alıb ağacların budaqlarını, gülləri qırıb-tökərdim. Anam onların da canlı olduğunu, qırdıqca canlarının yandığını, ağladıqlarını başa salanda çox məyus olmuşdum.

Amma ən sevimli məşğuliyyətim hara gəldi daş tolazlamaq idi. Qonşuların pəncərələrini az qırmamışdım. Bu şakərimin də axırı çox pis olmuşdu. Üç yaşındaydım, bibimə acıqlanıb əlimə keçən ilk daşı ona vıyıldadanda. Alnı çapılmışdı, qan axırdı. Çox qorxmuşdum, nənəmə qışqırdım ki, bibimə kömək eləsin. Səbinə yurdda [torpaq sahəsində] işləyən atamın yanına qaçdı, məharətimi xəbər verməyə. Atam evə əlində çubuq gəldi, anamgilə dedi ki, siz qəti qarışmayın, sonra da əllərimin üstünə çubuqla bir-iki elə vurdu, bir daha daş atmaq nədi, daşı əlimə almağa qorxdum.

Hələ məktəbə getmirdim, atam həyətdə nəsə iş görürdü, mən də əl-ayağına dolaşırdım. Axırı atam bir şillə yapışdırdı ki, “əşşi, çəkil də, mane olma”. Çəkildim, sonra da dedim ki, “ata, vaxt gələcək, mən böyüyəcəm, sən isə qocalacaqsan”. Soruşdu ki, “hə, nə olsun?” Dedim, “onda sənin mənə gücün çatmayacaq, görürsən də o kuvaldanı…” Atam da qayıtdı ki, “onda yəqin anladın, səni niyə vurduğumu. Çünki bilirəm, böyüyəndən sonra sənə gücüm çatmayacaq, indidən sənə nə öyrətdimsə, öyrətdim, sonra gec olacaq”. İllər ötəndən sonra daha yaxşı anladım atamın çox vaxt dillə, bəzən isə şilləylə anlatdıqlarının qədrini.

Bacımla aramızda üç yaş fərq vardı. Çox dalaşardıq. Hər şeyin üstündə, oyuncaqdan tutmuş qələm-dəftərə qədər, ən boş səbəblərdən. Anam da, atam da çox narahat olurdu, bir ömür it-pişik kimi dolanacağıq deyə. Amma zamanla çox mehriban olduq. Canımdı o mənim.

Bacım məktəbi bitirib universitetə imtahan verən ili yay aylarında işləmək qərarına gəldim. Bütün kəndin mal-qarası bir yerdə otarılır. Kənd camaatı da növbə ilə naxıra çıxır. Kimsə çıxmaq istəməyəndə isə 20 manat verib öz yerinə başqasını göndərir. Mən də necə deyərlər, “muzdla” naxıra çıxmaq istəyirdim. Ailəmin mənim qazanacağım pula ehtiyacı yoxdu, atam sağ olsun, çox zəhmətkeşdi, heç nəyimizi əskik etməzdi. Amma işləmək istədiyimi ona deyəndə etiraz etmədi, zəhmətə alışmağımı istəyirdi. Xeyli işlədim o yay. Pulumu da yığdım. İlk qazancımı nəyə xərcləyəcəyim evdəkilər üçün maraqlı idi. Mən də Səbinənin qəbul cavabı gələndə ona telefon alıb hədiyyə etdim.

Məsuliyyətli uşaq

Məktəbdə məni sözəbaxan, məsuliyyətli uşaq kimi tanıyırdılar. Bəlkə də atamın məni məktəbə tam təchizatla hazırlamasından irəli gələn bir məsuliyyətdi bu. Dərsə gedəcəyim ili neçə ay əvvəldən atam mənə yazmağı, oxumağı, saymağı öyrətdi. Sonradan Almaniyaya köçən alman əsilli ibtidai sinif müəlliməm Nelli İvanovna da çox tələbkardı, yaxın qonşu olsaq da, mənə heç güzəşt etməzdi.

6-7-ci sinfə qədər çox yaxşı oxudum. Amma sonra nəsə marağım öldü. Bəlkə də oğrun-oğrun arxasınca baxdığım o qız üzündən idi. Artıq məktəbə onu görmək həvəsiylə gedirdim, qarşıma çıxanda isə gizlənməyə yer axtarırdım. Beləcə məktəbi bitirənə qədər ürəyimi aça bilmədim, çəkindim, bircə Abidin xəbəri vardı. İndi düşünürəm ki, elə yaxşı olub, uşaqlıq idi sadəcə. Ailə qurduğunu eşidəndə heç eynimi pozmamışdım çünki… Sonralar başım işə-gücə necə qarışdısa, heç sevgi-məhəbbətə vaxtım qalmadı.

Baytar, dəllək, yoxsa heykəltəraş?

Nə isə… 9-cu sinfi bitirəndə atam da, anam da işsiz-gücsüz, peşəsiz-sənətsiz qalacağımı artıq özlərinə dərd etmişdilər. Günlərin birində bibimin yoldaşı da bizdə idi, məsləhət gördü ki, məni baytarlığa qoysunlar. Heyvanları çox sevirəm, elə bitkiləri də, bütün təbiəti. Düşünmədən razılaşdım. Amma kənd təsərrüfatı kollecinə qəbul imtahanında cəmi 3 balım çatmadı, beləcə baytarlıq sevdası da başlamadan bitdi. Bundan sonra atam daha çox fikir eləməyə başladı.

Bir dəfə də atamın Ağsuda yaşayan dayısı qonaq gəlmişdi. Dedi, ay bacı oğlu, niyə dərd eləyirsən, sənət qıtlığıdı bəyəm? Qoyarsan bir dəlləyin yanına, saç, üz qırxmağı öyrənər, müsəlmanda tük çoxdu, ac qalmaz. Atam bu fikirdən yaman sevindi. Saç qırxmaq üçün alətlər də aldı mənə, təcrübədən də keçirdim bir neçə dəfə, pis də alınmırdı, ilk “müştərim” də elə atam idi.

Amma peşə axtarışı bununla da bitmədi. Hələlik məktəbə davam edirdim. Ehtiyatda da “dəlləklik” sənəti vardı.

Yay günü idi, atam həyətdə, süfrə arxasında həmişəki yerində oturmuşdu, mən də bekarçılıqdan plastilindən Mikki Maus düzəltmişdim. Atam baxıb təəccübləndi, mənim düzəltdiyimə inana bilmirdi. Fiquru əzib verdi ki, yenidən düzəlt, mən də düzəltdim. Ondan sonra əl işlərimi diqqətlə izləməyə başladı. Nelli İvanovnanın oğlu İlqar Rəssamlıq Akademiyasını bitirmişdi, onunla məsləhətləşdi. O da qabiliyyəti var, mütləq üstünə düşün dedi.

“Sağsız?”

Son zəng gününü fəda etməli oldum. Sənəd qəbulunun son günü idi, Bakıya yollandım. Abidlə Sadiq məni yola saldılar. Amma sonra bunun əvəzini çıxdıq, bütün siniflə birlikdə meşəyə getdik, məktəbi bitirməyimizi qeyd etmək üçün. Abid həmin gün maşın konvoyunun başında gedəsi oldu. Sən demə, hələ düz-əməlli maşın sürə bilmirmiş, düz yolda çuxura saldı maşını. Çıxarmaq üçün nə qədər əlləşdik.

Məktəb illərində nə Abidlə, nə də Sadiqlə heç ayrılmazdıq. Bir dəfə də gecə qaranlıqda velosiped sürürəm, bunlar mənə neçə dəfə dedilər ki, göz-gözü görmür, bir xəta çıxacaq, düş velosipeddən. Qulaq asmadım. Elə üstdən aşağı sürətlə gəlirdim ki, tindən bir qadın çıxdı qarşıma, saxlaya bilmədim, bir-birimizə çırpıldıq. Sən demə, qonşunun Moskvadan gələn qonağı imiş. Çox qorxdum, Abidlə Sadiq də qaçıb gəldilər. Bir onu xatırlayıram ki, qadını yerdən qaldırıb, durmadan “sağsız, sağsız?” deyə soruşurdum. Sağ idi, ciddi bir şeyi də yoxdu, “narahat olma, günah məndədi, yola qəfil çıxdım” dedi. Yenicə alınan şalvarım cırıq-cırıq olmuşdu. Evə gələndə boynumu büküb “ay ana, şalvarım cırıldı” dedim. Anam da “yaxşı ki, özünə heç nə olmayıb” cavabını verdi.

Başqa planet

Uşaqlardan ayrılmaq nə qədər çətin olsa da, yeni perspektiv məni həyəcanlandırırdı. Amma necə öhdəsindən gələcəyim məchuldu. Rəssamlıq Akademiyasına əksəriyyət Əzimzadə adına rəssamlıq məktəbindən gəlir, Çuxuryurddan birbaşa akademiyaya gedən biri kimi hamıdan geri qalmaqdan qorxurdum. Amma alındı.

Akademiya həyatı bir başqa idi. İçimdə heç bilmədiyim bir dünya açılmışdı sanki. İki ili ancaq bu sənəti öyrənməyə sərf etdim, növbəti iki ili isə öyrəndiklərimi təcrübəyə tökmək mərhələsi oldu. Digər təhsil ocaqlarından fərqli olaraq bizdə sərt qrafik yox idi, tədris emalatxana şəraitində keçirdi. Amma yenə də səhər 9-dan gec olmayaraq akademiyada olurdum, bəzən gecə 10-11-ə qədər işdən baş qaldıra bilmirdim. Bir işə başlayanda arada fasilə vermək çox çətin olur. Yəqin buna görədir ki, oxuduğum müddətdə 30-dan çox heykəltəraşlıq nümunəsi hazırladım, çoxu da bürüncdən, bir sərgilik iş.

Bizim tələbəliyimiz də başqa universitetlərdə oxuyan tələbələrdən fərqliydi. Çox gəzməzdik, şəhərə çox çıxmazdıq, gedəndə də əsasən Qız Qalasının ətəyində yeni tapılan qazıntının ətrafına toplaşardıq, söhbət edərdik. Ən böyük əyləncəmiz isə emalatxanada çay dəsgahı qurmaqdı. Çayı da əlbəttə ki, mən dəmləyərdim, bir gün kəklikotu, bir gün mixək, bir gün itburnu ilə… Otlardan yaxşı başım çıxır axı.

Akademiyadakı dost çevrəm də tam başqadı. Ən birinci Anarla dostlaşdıq, təkcə mənim kimi ləzgi olduğu üçün yox, həm də mənim kimi sakitliyi, susmağı sevdiyi üçün. Heç danışmadığımız, amma yanaşı çox rahat olduğumuz zamanlar olurdu. Zamik bizdən daha diribaşdı. Elə hey mənə də deyir ki, bu qədər düz olmaq olmaz. Amma əslində özü də çox düz oğlandı. Bir pis cəhəti vardı, zibil qutuları ilə heç arası yoxdu, əlinə keçəni yerə atardı. Bir dəfə kontur kartını silib, şifrəni telefona yükləyəndən sonra onu da yerə atdı. Heç nə demədən, səssizcə əyilib götürdüm, ətrafda zibil qutusu olmadığı üçün cibimə qoydum. Yaman yer elədi Zamikə, “ondansa söysəydin, daha yaxşı idi” dedi. Həmin gündən sonra bu pis vərdişini tərgitdi. Düzdü, bu səfər də bütün zibilləri çantasına yığır, sonra da zibil qutusuna boşaltmağı unudurdu.

Nigar, Maşa, Kənan müəllim, Rahib müəllim – bir-birimizin valideyninə övlad ola biləcək qədər yaxın olmuşduq.

Bakalavrı yaxşı bitirdim, qırmızı diplomdan azca yan ötdüm. Sonra magistraturaya sənəd vermək qərarına gəldim. Amma evdəkilərə demədim. Bacarmasam, məyus olardılar, elə özüm də pərt olardım. Amma bu səfər də bacardım. Qəbul cavabı çıxan kimi atama zəng vurdum, dedim ki, artıq magistrantam, atam sevincindən yaxşı söyüşlə təbrik elədi məni, “ay köpək oğlu, bəs niyə deməmişdin?” “Sürpriz etmək istəyirdim” dedim.

Sürprizlər

Sonra hərbi xidmət başladı. Uşaqlar iki kitab hədiyyə etmişdilər mənə, andiçmə mərasimində anamdan xahiş elədim ki, gətirsinlər. Hərbi xidmətdə, xüsusən də əgər cəbhə bölgəsindəsənsə boş vaxt demək olar ki, olmur, amma yenə də az-az oxumağa vaxt tapırdım. Bir gün hərbi hissəmizə komissiya gəldi, bütün kazarmada yoxlanış apardılar, mənim kitablarımı əlimdən aldılar. Çox üzüldüm. Hədiyyə kitablardı axı.

Martda məzuniyyətə gələcəyimi bilirdilər, amma 10-dan sonra gözləyirdilər məni. Ad günümdə artıq evdəydim. Yenə sürpriz eləmişdim, yaman da sevinmişdilər. Hərçənd yanlarında çox qala bilmədim. Həm sənəd işindən ötrü akademiyaya getməli idim, həm də yarım qalan işim vardı, onun üzərində bir az işləmək istəyirdim, xidmətdə də heç yadımdan çıxmırdı. Odur ki, məzuniyyətin çox hissəsini Bakıda, akademiyada keçirdim.

Geri qayıdanda anam Novruz şirniyyatı hazırlamışdı, həm də bölükdəki uşaqların hamısına yetəcək qədər. Martın 15-i çıxdım evdən, hərbi hissəyə qayıtmaq vaxtı idi. Atamla vidalaşanda nədənsə Koçetkovun iki misrası yadıma düşdü: «И каждый раз на век прощайтесь, когда уходите на миг». Atam karıxıb qaldı, anam isə çox əsəbiləşdi, “o nə sözdü?” dedi.

Anam ümumiyyətlə yaman həssasdı. Sən demə, bir il əvvəl, hələ mən dördüncü kursda oxuyarkən yuxuda mənim güllə ilə vurulduğumu görüb, özünə dərd edibmiş, yuxuları çox vaxt çin çıxırdı çünki. Bu yuxunu mənə danışmamışdı, ancaq bacım bilirdi. Gedər ayaq anamı sakitləşdirdim, gülə-gülə “sadəcə gözəl sözlərdi”, dedim, “altında məna axtarma”.

Bir də səslərini martın 29-da eşitdim. Ləzzətli şirniyyatlarına görə uşaqların təşəkkürünü çatdırdım anama. Dedim ki, narahat olmasınlar, hər şey yaxşıdı, əsgərlikdi də.

Həmin gün Zamiklə də danışdım, Səbişə və bibiyə zəng vurmağa artıq imkan olmadı.

Əsgərlikdə ən çox yaxınlıq etdiyim uşaqlardan biri Müşfiq idi. Ayrı-ayrı mövqelərə düşəndə yazışardıq. Ən son bir neçə gün öncə yazmışdı mənə. Nəsə son günlər cəbhədə narahatlıq hiss edirdim. Bütün qüvvələri ön mövqelərə gətirmişdilər. Müşfiqin məktubuna aprelin 1-i cavab yazdım, ehtiyatlı olmağını tapşırdım.

Elə həmin gün axşam hücum əmri gəldi. Döyüş başladı, güllədən baş qaldırmaq olmurdu, üstümüzə dolu kimi yağırdı. Ən son yadımdadı ki, rota komandiri Həsrət Almazov ayağa qalxıb, “irəliii!” deyə bağırdı. İrəli atıldıq.

Qeyd: 2016-cı ilin aprelində “dörd günlük müharibə” zamanı həlak olan və ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunan Samir Kaçayevə həsr olunmuş bu məqalə anası Əminə Kaçayeva, atası Ziyəddin Kaçayev, sinif yoldaşları Abid Tursunov və Sadiq Mütəllimov, tələbə yoldaşları Zamik Rzayev və Anar Pənahovun xatirələri əsasında hazırlanıb.

jam-news.net

# 2180 dəfə oxunub

Müəllifin son yazıları

# # #