Məhəbbət mənim üçün ölümdü... - Şeirlər

Məhəbbət mənim üçün ölümdü... - Şeirlər
29 yanvar 2020
# 15:31

Kulis.az Pərvanə Bayramqızının şeirlərini təqdim edir.

Zamanın sınağı

İldən-ilə yaşa dolan,
Yad gözünə bıçaq olan,
Doğma Vətən, Azərbaycan,
Sənə yağı çıxdı zaman.

Qəm buludu gəldi sənə
Döydü dolu səni yenə.
Səni ələ verə-verə
Şimşək kimi çaxdı zaman.

Aldı səndən sərvətini
Puç eylədi zəhmətini,
Aparmadan möhnətini
Bir çay kimi axdı zaman.

Torpağını yağı böldü.
Uğrunda çox canlar öldü.
Göz yaşımız selə döndü
Bizə əyri baxdı zaman.

Oldun bizə doğma ana.
Parçalandın iki yana!
Kaş ki indi bəxt oyana!
Həqiqətdi, haqdı zaman.

22.12.2002

Gəlimmi

Hicran tufan kimi kəsdi yolumu
Üzdü əllərimdən əlini sənin.
Qırıb ayrılığın dəmir qolunu
Təzədən yanına gəlimmi sənin?

Bir ömür gizlicə bir eşq yaşadım
Bu peşə sayılsa ustaddır adım.
Dönüb köhnə izlə hey addım-addım
Təzədən yanına gəlimmi sənin?

Heyf itirdiyim günümə heyf
Dadıma yetməyən ünümə heyf
Hələ də səninəm sözünü deyib
Təzədən yanına gəlimmi sənin?

Yağdırma üstümə bu qarı yenə
Qəlbim dara çəkir vüqarı yenə
Götürüb sevgitək nübarı yenə
Təzədən yanına gəlimmi sənin?


Səni məhəbbətə bağışlamışam

Sən ömür ipimdən qırdın bir ucu
Gizlətdim sevgidən etdiyin suçu.
Özünü basılmaz, güclü bir qoçu
Mənisə sanma ki, cılız bir quşam
Səni məhəbbətə bağışlamışam.

Söndürdün, közərir əvvəlki odum.
Sənin günahını yenə mən yudum.
Hicran yağışından eşqi qorudum
Nə olsun islandım, hələ də yaşam.
Səni məhəbbətə bağışlamışam.

Sığınıb könlümün yenə küncünə
Təzədən gedirsən o xoşbəxt günə
Mən heyran qalmışam sevgi gücünə
İndi nə payızam, nə qarlı qışam
Səni məhəbbətə bağışlamışam.

14.04.2003

İnciklik

Dağ deyilsən, sən xırdaca təpəsən.
Yox zirvəndə tülə bənzər duman, çən.
Qəribədir, ay vəfasız, bəs görən,
Hansı dağın dumanında azmışam?

Gözdən axan yaşlar mavi gölümdür.
Niyə onun saf suları bölündü?
Bu məhəbbət mənim üçün ölümdü
Öz qəbrimi əllərimlə qazmışam.

Küsdüm bəxtdən eşitdikcə dilini
İtirmişəm ömrümün çox ilini.
Sızıldatdın ürəyimin telini
Qəm üstündə köklənən bir sazmışam.

Dərd gözləyir məni hələ qabaqda.
Öləziyir ömrümdəki çıraq da
Yan-yörəmdə hamı gülən bir çağda
Mən kədəri uda-uda yazmışam.

09.06.2003

Köhnə şeir

Şeir də köhnələrmiş...
Birnəfəsə geynilən nimdaş paltarlar kimi
şeir dəbdən düşərmiş.
Köhnəlmiş paltarları
alırsan bir-bir ələ
Bəyənmirsən atırsan.
Bəzən bəxşiş verirsən,
bəzən ucuz satırsan.
Şeirisə satmaq olmur.
Nə qədər incisən də
övladı atmaq olmur.
Oxunmayan şeirlər elə bil ki, yetimdir.
Qayğısına qalan yox,
kifir bir insan kimi üzünə də baxan yox.
Amma…
nə qədər köhnə olsa,
nə qədər kifir olsa
şeir elə şeirdir.
Kəlmə-kəlmə yaranır.
Ruhun dərbədər olur,
Beynin əlinə “enib”
Bir ovuc sözə dönür.
Ətrafı unudursan,
Bir şeiri yazan zaman nə qədər dərd udursan.
Köhnəlmiş şeirlər də bizdən bir nişanədir.
Bəlkə, əlavəniz var
köhnə şeir daha nədir?

# 3897 dəfə oxunub

Müəllifin son yazıları

# # #