Gələn ay Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminin təqdimatı olacaq

Gələn ay Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminin təqdimatı olacaq
4 oktyabr 2013
# 11:43

Noyabrda kinorejissor Oqtay Mirqasımovun “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Qisas almadan ölmə” filminin təqdimatı olacaq. Rejissorun APA-ya verdiyi məlumata görə, premyera oktyabr ayına planlaşdırılsa da, texniki işləri başa çatdırmaq mümkün olmayıb: “Bu məsələni nazirlik həll edir. Prinsipcə film hazırdır, amma bəzi texniki məsələlər var ki, onlar mütləq başa çatdırılmalıdır. Titrlər, subtitrlər hazırlanır, ingilis variantının hazırlanması üçün işlər gedir”.

O. Mirqasımov əlavə edib ki, ekran əsəri laboratoriya işləri üçün Moskvaya göndəriləcək: “Rəngin və təsvirin redaktəsi üçün film Moskvada laboratoriyadan keçməlidir. İlkin olaraq rəhbərlik və xarici qonaqlar baxıblar. Onların filmə olan reaksiyası haqqında heç nə deyə bilmərəm. Çünki bu, mənə aid məsələ deyil. Gəlin, noyabrı gözləyək”.

Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşıblar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır.

# 2172 dəfə oxunub

Müəllifin son yazıları

# # #