Fatma Girik: “55 ildir onunla birlikdəyəm” - MÜSAHİBƏ

Fatma Girik: “55 ildir onunla birlikdəyəm” - MÜSAHİBƏ
22 sentyabr 2017
# 10:36

Türkiyəli aktrisa Fatma Girikin müsahibəsini təqdim edirik

– Çoxdandır sizi görmürük, haralardasınız?

– Bodrumla İstanbul arasındakı yollarda qalmışam. Günlərim çox gözəl keçir. Daha doğrusu, maraqlı keçməsi üçün əlimdən gələni edirəm. Bodrumda yaşamaq mənim üçün daha rahatdır. Burada dəniz, təmiz hava, səssizlik var. Mənim üçün ən önəmlisi həm də odur ki, Bodrumda avtomobil tıxacları yaranmır.

– Fatma xanım, istərdik ki, bizimlə köhnə illərinizdən danışasınız. Uşaqlığınız necə keçib?

– Heyf o günlərdən. Mədrəsədə bir neçə ailə ilə birlikdə yaşayırdıq və oradakı ailələrin hamısı kasıb idi. Uşaqlığım yoxluq içərisində keçib. Nənəm mədrəsədə qalırdı. Biz də Kocamustafapaşada Vərəmlə Savaş dərnəyi ilə üz-üzə olan komalarda yaşayırdıq. Nənəmin yanına tez-tez getdiyim üçün uşaqlığım mədrəsədə keçib. Birotaqlı evdə 6-7 nəfər qalırdıq. Hələ də inana bilmirəm ki, bu kiçik evə necə sıxışırdıq. O günlərimi xatırlayanda dəli oluram. Təsəvvür edin ki, ümumi məhəllənin cəmi bir tualeti var idi. Özü də tualet dedikdə üstü açıq, kənarları ağac və qamışla örtülmüş kiçik bir komanı nəzərdə tuturduq. Qışda üstümüzə qar yağırdı. Təsəvvür edin ki, tualetə girəndə üzərimizə qar və yağış tökürdü. Yayda gecələr isə hər kəs qapısının önündə yorğan-döşək sərib yerdə yatırdı.

– Həmin yoxsulluq illərinizdə ən çox nəyə sahib olmaq istəyirdiniz?

– Çox istəyirdim ki, göy rəngdə paltarım olsun. Bir də uşaq yaşlarımda ən böyük arzum banan yemək idi. Bu arzuma isə 14 yaşımda çatmışam. Bizim dövrümüzdə bananı hər adam alıb yeyə bilmirdi. Banan çox çətin tapılan meyvələrdən idi. Aldığım ilk maaşımla banan və xəyalını qurduğum göy paltarı aldım. Növbəti maaşlarımı isə anama verdim. Uşaq vaxtı mən çox dəcəl idim. Hər şeyə maraq göstərirdim. Həddindən artıq nadinc idim. Mədrəsənin hər bir küçəsini əlimin içi kimi tanıyırdım. İndi oralar turist mərkəzinə çevrilib. Bizim dövrümüzdə orada at arabaları var idi. Bir gün yolu keçən zaman dörd atın birlikdə getdiyi bir arabanın altında qaldım. Məhəllənin qəssabı ilə dükançısı məni təkərlərin altından çıxardı. Çox şanslı insan olmuşam ki, o təkərlərin altından sağ-salamat çıxmışam. Hətta 9 yaşımda siqaret çəkmişəm (gülür). Mənim nənəm siqaretdən istifadə edirdi. Mən də ona baxdım və həvəsləndim. Nənəm də siqaretə böyük həvəsimin olduğunu görüb, dadına baxmaq üçün mənə bir dəfə siqaret təklif etdi.

– Bəs uşaqlıq eşqiniz necə, var idimi?

– Mən oğlan kimi böyümüşəm. Elə böyük macəralarım olmayıb. Məktəbə tramvayla gedirdim. Tramvaya mənimlə eyni vaxtda minən bir gənc oğlanla qarşılaşırdım. Yol boyu bir-birimizə baxırdıq. Həmin oğlan həmişə mənim yol pulumu ödəyirdi. Zaman keçdikcə onunla danışmağa başladıq. Amma söhbət edərkən heç zaman sevgidən danışmamışıq. O hər zaman mənim dərslərimi soruşurdu. Sonradan anladım ki, həmin oğlan məndən 6 yaş böyük xalamla da danışırmış. Sən demə, vurulduğum oğlan ikimizi də yola verirmiş (gülür).

– "Məktəb illəri” dedikdə ilk ağlınıza nə gəlir?

– Nə gələcək ki? Yarımçıq qalan həyatım ağlıma gəlir. Elə bir vəziyyətdə yaşayırdıq ki, hər gün məktəbə gedib-gələ bilmirdim. Ona görə də məktəb illərimlə bağlı ağlımda o qədər də çox xatirələr qalmayıb. Xatırladığım qədəri ilə müəllimlərim ilə münasibətim çox yaxşı idi. Amma məktəb illərimin üstündən 60 il keçir. Yaddaşımda bəzi pozğunluqlar yaranıb.

– Bəs film çəkilişlərinə başladığınız günləri xatırlayırsınızmı?

– Əlbəttə. O zamanlar "Sabah” qəzetində işləyən bir qonşumuz var idi. O, film çəkilişlərinə tez-tez gedirdi. Filmlərə o qədər böyük marağımız var idi ki, anamla məni də özü ilə aparırdı. Anam filmlərə böyük marağımın olduğunu görüb, mənə çəkilişlərə getməyə qadağa qoydu. Bildirdi ki, başımı boş-boş işlərlə qarışdırıram və bunun üçün də dərs oxuya bilmirəm. Anam israrla deyirdi ki, çəkilişlərə sərf etdiyim vaxtımı dərslərimə həsr etməliyəm. Beləliklə, anam ayağımı film çəkilişlərindən kəsdi. Halbuki birotaqlı evdə oturmaqdansa çəkilişə getmək mənim üçün daha maraqlı idi. Qadağalara baxmayaraq, gizlin-gizlin çəkilişlərə gedirdim. Bir gün Ahmet Tarık yeni qurulan bir şirkətlə müqavilə imzaladı və məni də özü ilə apardı. Mənim filmə olan həvəsimi görüb, onların birgə müqaviləsi əsasında çəkilən "Ləkə” filmində mənə kəndçi qız obrazı verdilər.

– Həmin illərə yenidən dönmək istəyərsinizmi?

– Nə üçün dönmək istəyim ki? Bizim dövrümüzdə yalnız yoxsulluq vardı. Film çəkmək üçün yaxşı texnikamız da yox idi. Əl vuranda qırılan kameralarla işləmək çox çətin idi. Kostyumlarımızı özümüz gətirər, makiyajımızı, saçımızı özümüz hazırlayardıq. İndi hər şey çox asanlaşıb. İndiki aktyorlarda əvvəlki enerji və filmlərə olan sənət eşqi qalmayıb. O günlərin ruhunu, eşqini və səmimiyyətini bu günlərə gətirib çıxara bilsəydik, hər şey daha yaxşı olardı.

– Sənət eşqi demişkən, Memduh bəylə uzun illərdir ki, bir yerdəsiniz. Yenə də onu əvvəlki həyəcanla sevirsinizmi?

– Artıq o həyəcanlı duyğuların yerini başqa hisslər alıb. 55 ildir ki, biz onunla birlikdəyik. Artıq bir hərəkəti ilə nə demək istədiyini anlayıram. Misal üçün, qaşını qaldıranda bilirəm ki, nədənsə əsəbiləşib. Yəni 55 il az deyil. Onun hər bir mimikasından nə demək istədiyini anlayıram. Hazırda onun sağlamlığı ilə bağlı problemlərimiz var.

– Canlandırmaq istədiyiniz və yaxud da ağlınızda qalan hər hansı bir obraz varmı?

– 57 ildir filmlərə çəkilməyimə baxmayaraq, hələ də oynamaq istədiyim rollar var. İndi deyəcəklər ki, 57 ildir efirdədir, çəkilmədiyi film qalmayıb, ancaq yenə də "obrazlardan doymamışam” deyir, bu yaşlı aktrisa (gülür). Film sahəsində demək olar ki, hər bir rolu canlandırmışam. Girə bildiyim hər bir rola girmişəm. Hazırda fərqli, məni təəccübləndirə biləcək bir obraz olarsa, ona "yox” demərəm.

– İndi bir filmdə oynasanız, ilk gündəki kimi həyəcanlanarsınızmı?

– Mən yaşlandıqda, içimdəki sənət eşqi də böyüdü. Əgər həyəcan olmasa, işin zövqü qalmaz. Zaman keçdikcə, filmlərdən aldığım zövq də başqalaşır. Aktrisalığa başladığım ilk illər deyirdim ki, kaş gözəl bir filmə çəkilərdim, orada saçlarımı belə edərdim, şəkillərə belə pozalar verərdim. İndi o günlər yadıma düşdükcə, gülməyim gəlir.

– Yeni serialları izləyirsinizmi?

– Seriallara nəzər yetirirəm. Ancaq davamlı olaraq izlədiyim hər hansı bir serial yoxdur. Əgər hər hansı bir serial marağımı çəkirsə, onu izləməyə çalışıram. Filmin ssenarisi mənə maraqlı gəlməyəndə onu sona kimi izləmirəm. Məndən hər hansı bir isim və yaxud serial adı istəməyin. Serial aktyorlarının bir çoxunu uğurlu hesab edirəm və alqışlayıram. Onu deyə bilərəm ki, serialda gənclərin yaratdığı obrazları çox bəyənirəm. Film sahəsinə yeni simaların gəldiyini görəndə xoşbəxt oluram. O pisdir və yaxud da filankəs yaxşı aktrisadır deyə fikirləşmirəm. Mən gənc olarkən bir sıra məkanlardan qovulmuşam. Hətta bəzi filmlərdən məni yarımçıq çıxarıblar. Ancaq buna baxmayaraq, ruhdan düşmədim və öz işimdən ikiəlli yapışdım. Həyat yoldaşım Memduha "Bu qız çox qabiliyyətsiz və tənbəldir. Niyə bununla vaxt keçirirsiniz” deyirdilər. Memduh da "Fatmada bir işıq görürəm” deyirdi. Aktrisanın həyatında elə bir an gələr ki, o tez bir zamanda parlayar.

– İndiyə kimi heç "Bugünkü ağlım olsaydı” deyə düşündünüzmü?

– Mən heç bir zaman "kaş ki” sözündən istifadə etməmişəm. Hər zaman demişəm və yenə də deyirəm – bir daha dünyaya gəlsəm, yenə də aktrisa olaram və yenə də Memduh Üne aşiq olaram. Bir daha dünyaya gəlsəm, ikinci dəfə də bələdiyyə sədri olaram. İndiyə kimi heç bir hərəkətimdən peşmançılıq hissi duymamışam.

– Qadınlara nəyi məsləhət edərdiniz?

– Dürüst olun, özünüzə hörmət edin, özünüzü və sizinlə birlikdə olan insanları sevin, onlara hörmət edin. Gözəllik insanın sadəcə simasında deyil, içindədir. Siz gözəl baxın ki, insanlar da sizə gözəl baxsınlar. Dünyanı sevməkdən, qucaqlamaqdan qorxmayın. Özünüzü olduğunuz kimi qəbul edin.

– Ən çox hansı tərəf müqabilinizlə eyni səhnəni paylaşmaqdan həzz almısınız?

– Tərəf müqabilini seçmək deyə bir şansımız yoxdur. İndiki filmlərdən fərqli olaraq, əvvəllər filmlərə çəkilərkən biz qarşı tərəfə qardaş gözü ilə baxırdıq. Film sahəsində məni ən çox Yılmaz Güneylə müzakirə etdilər. Sözün düzünə qalsa, mən bu müzakirələrdən çox həzz aldım (gülür).

Artkaspi.az

# 1200 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #