Adil Mirseyidlə bağlı prezidentə müraciət edildi-MƏTN

Adil Mirseyidlə bağlı prezidentə müraciət edildi-MƏTN
30 iyun 2014
# 11:40

Bir qrup ziyalı və şair Adil Mirseyidin müalicəsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın Kulis.az-a verdiyi məlumata görə, müraciətdə bildirilir ki, xeyli vaxtdır qaraciyər sirrozundan əziyyət çəkən şairin vəziyyəti günü-gündən ağırlaşır və artıq kritik həddə çatıb. Müraciətdə deyilir şair Adil Mirseyid Azərbaycanın son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoyub, çağdaş Azərbaycan şeirini təzələyib, estetik planda yeni müstəviyə çıxaran böyük şairlərdən biridir: “Təəssüf ki, o da ədəbiyyat tarixindən adları bəlli bir çox sənətkarlarımız kimi ehtiyac və evsizlik şəraitində yaşayır, indi isə amansız xəstəliklə üz-üzə dayanıb. Məhz bu gün onun sizin və dövlətimizin himayəsi altına alınaraq birdəfəlik və əsaslı şəkildə müalicə olunmasına ehtiyacı var. Şairin müalicəsinə yardım etmənizi sizdən xahiş edirik. İnanırıq ki, sizin şəxsinizdə dövlətimiz həmişəki kimi humanist davranacaq, şair Adil Mirseyidin müalicəsinə yardım etməklə həm şairin ailə üzvlərini, həm onun poeziyasını sevən minlərlə insanı və bütövlükdə isə ədəbi-mədəni ictimaiyyəti sevindirəcək”.

Qeyd edək ki, müraciətə Səlim Babullaoğlu, Xəyal Rza, Rafiq Həşimov, Elçin İsgəndərzadə, Şeyx Əbdül, Nizaməddin Şəmsizadə, Baba Vəziroğlu, Rey Kərimoğlu, İlham Tumas və Qulu Ağsəs imza atıb.

# 1593 dəfə oxunub

Müəllifin son yazıları

# # #