Rəhim Əliyev: “Nəsr təhkiyəsi şifahi dilin sintaksisiylə olmalıdır”

Rəhim Əliyev: “Nəsr təhkiyəsi şifahi dilin sintaksisiylə olmalıdır”
9 fevral 2015
# 11:30

Kulis.Az yazıçı, filologiya elmləri doktoru, professor Rəhim Əliyevin "Avanqard" jurnalına müsahibəsini təqdim edir.

- Siz uzun müddət yazıçılıqla bərabər ədəbi tənqidlə də məşğul olmuşunuz. Son zamanlar ədəbi tənqidi yazılar yazmırsınız. Diqqətinizi çəkən əsərlər yoxdur, yoxsa tənqid artıq sizin üçün maraqlı deyil?

- Sözün düzü, mən sualın qoyuluşu ilə razı deyiləm, deyirsiniz ki, tənqid yazmıram. Mən Seymur Baycanın “Quqark” romanı haqqında yazmışam, çox əlamətdar bir romandır, ideyası da budur ki, Ermənistanla Azərbaycan ortaq bir məxrəcə gəlməlidir. Müharibə bizim üçün necə facidəirsə, onlar üçün də faciədir. Yəni bu münasibətin özü qeyri-adi idi, mən onun haqqında yazdım. Hesab edirəm ki, Seymur Baycan Azərbaycan ədəbiyyatında birnci sırada olan iki-üç yazıçımızdan biridir. Başqa yazılarım da olub.

Baxın tənqidə: bizdə ədəbi fikrin mərkəzi sayıla bilən ədəbi nəşr yoxdur. Yəni bizdə ictimai rəy yoxdur, ona görə də yazılan sözlər itib-batır. “Ədəbiyyat qəzeti”nə baxırsan, görürsən ki, ancaq məmur yazıçılar görünür, vəzifəsi olanlar görünür. Hətta onların qəzetdə rəqabəti də açıq-aydındır, lap sovet vaxtındakının eynidir. “Ədəbiyyat qəzeti”ndə məmur ədəbiyyatının mənzərəsi var, bir nömrədə bir məmur yazıçı haqda 2-3 xəbər gedir, palaz boyda xəbərlər. Yəni bu vəziyyət obyektiv tənqidə və mənzərəyə, onların yaranmasına mane olur. Anar haqda illik 52 sayda 100 tərifnamə çıxır, Seymur haqda biri də çıxmır. Halbuki, ədəbiyyata xidmət cəhətdən Seymur Anardan daha aparıcı yazıçıdır. Və bu ədalətsizlik büdcə puluna icra olunur.

Həqiqət budur ki, ictimai rəy yoxdur, həm də dediyim səbəblərə görə yoxdur, xüsusən ədəbi sferada. Yaxşı əsərlə pis əsərin fərqi bilinmmir. Elə sovet vaxtından o prinsip qalır, kimin yaxşı vəzifəsi vardı, onlardan yazırdılar, həmin qaydalar yenə işləyir. Tutaq ki, Yazıçılar Birliyinin katibləri haqqında yazırlar. Fikrət Qoca vəzifədədir deyə onun haqqında yazırlar. Tənqiddə belə bir əxlaq sovet vaxtı əmələ gəlib. Bu da ədəbi prosesin tənzimlənməsinə mane olur, ədəbi tənqid bu cür ola bilməz. Bəlkə də mən səhv edirəm. Amma əsl ədəbi tənqid XIX-cu əsrdə Rusiyada olub. O tənqidçilər, Belinski, Dobrolyubov, Çernişevski və sair əsl ziyalı idilər. Bütün Rusiya aristokrat sinfin əlində idi. Amma bütün ictimai rəyə ziyalılar, “Sovramennik” jurnaılı nəzarət edirdi. Bəlkə də indi ictimai rəyin o cür monolit olmağı mümkün deyil, amma ideal tələb odur ki, ədəbiyyatda yaxşı əsər və yazıçı üzdə olmalıdır.

Mən Seymur Baycan haqqında, Rasim Qaraca, Qan Turalı haqqında yazmışam, amma elə bil, quyuya düşür həmin məqalə, təsiri olmur.

Tənqidi məqalələrə gəldikdə isə, ictimai rəy olmadığından tənqidçilik pis günə qalıb. Bilirsiniz, tənqidçilik böyük bir peşədir, tənqidçilər böyük ürəyi olan adamlardır. Yəni başqası haqqında yazmaq, ürəklə yazmaq, ədəbiyyatdakı yaxşı şeylərə sevinmək, bunu hər adam bacarmır. Yazıçıların çoxu da eqoistdilər, onlar istəyir ki, ancaq onlar haqqında yazsınlar, ancaq özləri heç kəs haqqında yazmır. Tənqidçilər yaxşı, böyük ürəkli adamlardır. İndi baxın, hansı qəzetdə tənqid şöbəsi var, hansı qəzetdən kiməsə yeni ədəbi əsərlər haqqında rəy tapşırıblar? Belə şeylər indi yoxdur, bu da bizim ədəbi fikrin böyük qüsurudur. Əsas məsələ odur ki, ictimai rəydən tələb yoxdu, tələb olsa, əlbəttə, tənqid olar. Məsələn, Əkrəm Əylisli o cür əsər yazmışdı, bütün dünyada diqqəti çəkdi, axırı necə oldu? Əleyhinə pis bir kampaniya getdi. Özül etibarı ilə sağlam bir əsər idi. Ermənilərlə bizim aramızda müharibə olub. Amma o, bir yazıçı kimi yazıb, yazıçı kimi onun mövqeyi düzdür. Onu da pislədilər, ictimai rəy olmadığı üçün, bir dəstə adam elə bil həqiqət monopoliyası əldə edib, hər şeyi öz bildiyi kimi qiymətləndirsin, ortalığa qoysun. Yazıçılar Birliyindəki paxıllar da bu eyib işə qoşulub ondan intiqam aldılar.

Düzünə qalanda tənqidin yaranması üçün lazım olan şey müstəqil mətbuatın olmamasıdır. Heç kəsdən asılı olmayan, əsl ideal tənqid müstəqil mətbuatdan gəlir. Bizdə o yoxdu, Məsələn Tehran Əlişanoğlu Tənqid.net-i buraxırdı, indi baxırsan ki, orda cürbəcür tendensiyalar görünür. Məmurlar hər yerə soxulur.

- Rəhim müəllim, sovet dövrü müstəqil mətbuat yox idi, amma ədəbi tənqid varıydı axı.

- Onda bilirsiniz necəydi? Yenə Rusiyada inqilabçı-demokratlarla bağlı dediyim söhbətə qayıtmaq istəyirəm. Yəni o vaxt ictimai rəy varıydı, ona görə ki, Nikolay vaxtı bir qəzet buraxmaq üçün saraydan icazə almalı idin. Sovet vaxtı da rayon qəzetinin çıxması üçün Moskvada Mərkəzi Komitənin qərarı olmalı idi. Amma indi mətbuat azadlığıdır, bayaq da ona görə dedim, bəlkə də mən səhv eləyirəm. Bəlkə də indi əvvəlki ictimai rəy bundan sonra mümkün olmayacaq. Ancaq ABŞ-da, Fransada, hər yerdə ictimai rəy var, ədəbi rəy də var. Çünki hamının qəbul etdiyi “Vaşinqton post” kimi obyektiv qəzetlər var və buna dördüncü hakimiyyət deyirlər. Görürsən, “Nobel” mükafatı da verirlər, başqa mükafatlar da var. Markes kimi adam üzə çıxıb, Çingiz Aytmatov kimi adam dünyada məşhur oldu. Amma bizdə o ictimai rəy yoxdu, kimi istəyiriniz gətirin Yazıçılar Birliyinə rəhbər qoyun, 5-10 ildən sonra Xalq yazıçısı adını da alacaq, Akademik Teatrda pyesini də səhnəyə qoyacaqlar, kinostudiyada da mütləq filmini çəkəcəklər, bir ildənbir kitabları da çıxacaq, hamısı olacaq. Yəni bu düz deyil, faktiki olaraq Yazıçılar Birliyi ədəbiyyatda ictimai rəyin yaranmasına mane olur.

Məsələn, “Ədəbiyyat qəzeti”ndə Seymur Baycan haqqında bir dənə rəy görmədim. Niyə yoxdu? Seymur Baycan da azərbaycanlıdı, indi nə olsun ki, onun baxışları bir az fərqlidir? Bu ədəbi orqanlar hamısı büdcənin pulu ilə çıxır. Yazıçılar Birliyi mane olur bu işə, bu təşkilat indiki vəziyyətdə lazım deyil, onu ləğv eləmək lazımdır. Biz cavan olanda orda iki-üç adam maaş alırdı. Sədr maaş alırdı, katib maaş alırdı, bir də orda Kübra xanım vardı, o maaş alırdı. İndi orda əlli adam maaş alır. Niyə əlli adam ordan maaş almalıdır? Amma Yazıçılar Birliyinin orqanlarında məqaləsi çıxan yazıçı 10 manat qonorar ala bilmir. Orda o qədər lazımsız adamlar işləyir ki. Əslində bu pul ədəbiyyata ayrılıb, qoy bu jurnalların, qəzetlərin qonorar fonduna keçsin, kim yaxşı əsər yazırsa, yaxşı qonorar alsın da. Yəni bu mənada Yazıçılar Birliyi ədəbi prosesə mane olur, həqiqətin ortalığa çıxmağına mane olur. Mən demirəm ki, bunların hamısını Yazıçılar Birliyinin rəhbərləri eləyir, amma bunlar əxlaqı da korlayırlar. Şirindil Alışanov bir dəfə yaxşı demişdi ki, muzdur tənqidçilər. Hamı axtarır vəzifəli adam tapsın, onun haqqında yazsın, elə bilirlər bununla adama tənqidçi deyirlər.

Bir də bir məsələ var. Mən hesab eləmirəm ki, Azərbaycan ədəbiyyatının yaxşı dövrüdür, və o meyarlar bir az korşalıb, əsl, yaxşı tənqidin olmağı üçün yaxşı əsərlərin yaranması vacibdir. Birinci Puşkin olub, sonra Belinski olub, gərək ədəbiyyatın hadisələri olsun. Mən demirəm indi yoxdu, var, cavanlar var, amma onlara münasibət çox pisdir. Tutaq ki, istedadlı adamlar gedib orda-burda işləyirlər, istedadlarını heç-puç eləyirlər. Ona görə də tənqidçi olmaq çox çətindir. Sovet vaxtı heç olmasa, səni oxuyurdular, bu, bir maraq yaradırdı, indi yazdığını da oxumurlar. Çünki, ictimai rəy yoxdu, amma indi az-az olsa da yaranır. Məsələn “Azadlq radiosu” tək-tək hallarda kitabları müzakirə edir, sifariş verir. Tirajlı qəzetlərin tənqid şöbələri olmalıdır, bunlar ədəbi-mədəni prosesə qiymət verməyə çalışmalıdılar. Amma bu dəyərlər hələlik yoxdu, bu, təkcə ədəbi tənqiddən asılı deyil. Ədəbi tənqidin dəyərləri indi işləmir, tormozlanıb. Yenə də köhnə vaxtdakı kimi hamı növbəyə durub ki, vəzifədə olan adamları tərifləsin.

- Siz azsaylı alimlərimizdənsiniz ki, ardıcıl olaraq nəsrlə də məşğul olubsunuz. Yazıçılıq elmdən doğub, yoxsa elm sizi yazıçılığa gətirib çıxarıb?

- Mənim ədəbiyyatçılığım ədəbiyyata məhəbbətdən, mətnlərdən doğub. Elm sonradandı, mən “Ədəbiyyat nəzəriyyəsi” kitabı da yazmışam. Həmişə bu barədə düşünmüşəm ki, iki cür düşüncə var, ədəbi düşüncə və elmi düşüncə. İndi mənim qənaətim budur ki, elmi düşüncə ilə bədii düşüncə arasında böyük fərq yoxdur, təxminən eyni şeylərdir. Tutaq ki, psixologiyaya aid ən böyük nəzəriyyələri axtarıb ədəbi əsərlərdən tapırlar. Bunlar bir-birini əslində tamamlayır. Əsl istedadla yazılan əsər vəhylə yazılıb. Bunlar bir-birinə çox yaxın şeylərdi. Mən bədii əsərlər yazmağa bir az gec başlamışam. Sovet vaxtı elə idi ki, o vəzifəli adamlar hər şeyi monopoliyaya almışdılar. Mən “Ədəbiyyat qəzeti”ndə şöbə müdiri idim, beş ilə “Ulduz” jurnalında cəmi bir hekayə çap etdirə bildim. Çünki, o qədər vəzifəli adamlar var idi ki: nəşriyyat müdirləri, qəzet redaktorları, onların müavinləri, şöbə müdirləri hamsı yazıçı idi, kitabları çıxırdı. Yəni bunların hamısı o növbədə iştirak edirdilər, ona görə də çətin idi çap olunmaq. İndi isə əks prosesdi, hamı yazır. Hamının yazmağı mənfi şey deyil, amma indi ədəbi məhsul çoxdur, tənqid də yoxdur. Kim ədəbi proses haqqında həqiqəti deyirsə, o da ictimai rəyi idarə edir. Həqiqəti yazmaq lazımdır.

- Rəhim müəllim, sovet dövründə hekayələriniz çap olunurdumu?

-Hə, çap olunurdu, 1984-cü ildə birinci nəsr kitabım çıxıb, sonralar yazmadım. Yeri gəlmişkən, sizə bir şeyi deyim. Lap cavanlıqda hesab edirdim ki, İsa Hüseynov, Çingiz Aytmatovdan istedadlı adamdır. Amma İsa Hüseynov elə Azərbaycanda qaldı, Aytmatov isə dünyaya çıxdı. Bunun səbəbi odur ki, bizim cəmiyyətimiz primitivdir. Yəni bizim cəmiyyət elə primitiv prinsiplər içərisində idarə olunur ki, insanlar burda gec yetişir. Yetişəndə də sonra heç yazmağa qüvvəsi qalmır. Çingiz Aytmatov SSRİ kimi nəhəng rusdili mətbuatın içində idi. Bütün o ziddiyyətlərin, bütün o həyatın mürəkkəbliyinin içində idi. Yazıçının da yetişməyi üçün o həyatla mürəkkəb dramı olmalıdı. Bizim həyatımızda nə işləyir? Bizdə işləyən şey yaltaqlıqdır, yaltaqlıq ən universal şeydir. Şəxsiyyətin hörməti sıfıra bərabərdir. İndi burda yazıçı olmaq necə olar? Avropa ölkələrinə, xüsusi mülkiyyətə əsaslanan hər hansı bir ölkəyə çıxsan, hiss eləsələr ki, sən şəxsiyyət deyilsən, sənin heç yerdə yerin olmaz. Burda, bizdə şəxsiyyət olanda heç kimə lazım olmursan. Amma əl öpməyə hazır olan, yaltaq, Yazıçılar Birliyinin katibləri haqqında məqalə yazmaq istəyənlər az qala klassik olublar. Onlar üçün xüsusi yubiley də keçirirlər, onları təbliğ eləyirlər, elə bil ki, o əxlaqsızlıq prinsip şəkilində təbliğ olunur.

Əlbəttə, mən bədii düşüncəyə daha çox üstünlük verirəm. Çünki, bədii söz daha əbədi, daha böyük sözdür, bədii sözün imkanları daha artıqdır. Heç kəs bədii sözün o çoxtərəfliliyini bilmir. Və bədii sözdəki dünya həqiqətini, həyatı ifadə edə bilmək qüdrətini çox adam anlaya bilmir. Bədii sözün gücü elmi sözdən daha artıqdır. Elm həddindən artıq birmənalıdır, dünya isə birmənalı deyil. Dünya çoxmənalıdır, bu cəhətdən önəmlidi. İndi ömrümün bu cağında mən bədii düşüncənin üstünlüklərini daha çox hiss edirəm, daha çox ona əhəmiyyət verirəm.

- Sizin roman və hekayələrinizdə ədəbi dilin normaları pozulur. Bu ədəbi dilin çərçivələrini qırmaq cəhdidir, yoxsa yeni üslub yaratmaqdır?

- Əslində bunun ikisi də var. Cavan vaxtımdan bizim prozanın dili məni düşündürüb. Bizim prozanın dili qəzet dilindən əmələ gəlib, publisistikadan əmələ gəlib. Azərbaycan nəsr dili 30-cu illərdə yaranıb. Seyid Hüseyn, Cəfər Cabbarlı, bunlar böyük xidmət göstəriblər. Amma sonra ki, Azərbaycanın bütün mətbuatı tərcümədən ibarət oldu, “Azərinform”u yaratdılar, ondan sonra qəzetçi prozası yarandı. Moskvadan rusca gələn bütün sənədlərin 80 faizi mətbuata çıxırdı, tərcüməçilər onları çevirib çap edirdilər. Sonra belə oldu ki, o qəzetlər də, rayon qəzetindən “Kommunist” qəzetinə qədər, bunlar hamısı tərcümə üslubu ilə işləyirdilər, sonradan da bu tərcümələr ədəbi dilin əsasına çevrildi. Bu da böyük təhrif idi, yəni bizim o bədii, nəsr dilimiz öz kökündən yaranmadı axı.

Orta əsrlərdən bizdə şeir üslubu əsas olub, nəsr üslubu olmayıb. 30-cu illərdə yazılan əsərlər tərcümə üslubunun bazasında yaranıb. Bu da düzgün deyil. Rusca əsəri oxuyursan, farsca əsər oxuyursan, görürsən ki, bu dil bizim nəsr dilindən tamam fərqlidir, çox böyük fərq var. Tərcümə üslubunun soyuqluğu var, o həqiqəti vermir. Prozanın dili, təhkiyənin dili tamam başqa cür olmalıdır, o heç vaxt tərcüməyə əsaslana bilməz.

Mənim bu cəhdim həm də üslub yaratmaq istəyindən doğur. Bizim ədəbi dildə bu cür təşəbbüslər olub, ədəbi dili xalq danışıq dilinə qaytarmaq təşəbbüsü çox olub. Bu çox fundamental məsələdir. Bunu birinci Mirzə Cəlil “Molla Nəsrəddin”lə başlayıb. “Molla Nəsrəddi”nin ilk sayının birinci cümləsi belə idi: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım”. Amma sonralar həmin o “Azərinforum”un tərcümə üslubu imkan vermədi ki, Mirzə Cəlilin dili aparıcı dil olsun, proza dili olsun. O dil aparıcı ola bilmədi. Düzdür, xalq dilində yazan yazıçılar əvvəllər də olub, xüsusən Haqverdiyev gözəl stilist olub. Haqverdiyevin və Mirzə Cəlilin üslubu satirik nəsrin üslubu idi. Orda həyatın, mühitin tərəfləri, sosial məsələlər, psixologizm yox idi, qadın bir obraz kimi prozada yox idi. Əslində nəsr dili 30-cu illərdə təzədən yarandı. Bundan sonra da əvvəlki xalq dilinə qayıtmaq cəhdləri olub. İsa Hüseynov yaradıcılığının birinci dövründə çox parlaq stilist olub. O, danışıq dilinin bazasına qayıtmaq istəyib. Əkrəm Əylislidə, Elçinin yaradıcılığının ilk dövründə Mirzə Cəlilin üslubuna qayıtmaq cəhdləri var. Çünki hamısı hiss eləyrdi ki, bu təhkiyə ki, var, burda soyuq, bumbuz tərcümədən gələn “kalkalar” doludu, proza isə tər-təmiz xalq dilinin yığcamlığına əsaslanır, danışıq dilində qənaət, yığcamlıq prinsipi var, orda cümlədə, mübtəda ilə xəbərin arasında on dənə söz ola bilməz, iki-üç soz ola bilər. Amma mübtəda gəlir, bir on sözdən sonra xəbər gəlir, belə proza dili ola bilməz. Bunun üçün mübarizə gedir, bunu çox yazıçılar eləyib. Şahmar adlı yazıçı vardı, o, gözəl stilist idi, Salam Qədirzadə gözəl stilist idi, yəni bunlar hamısı çalışırdı. Amma o proza dilini xalq dilinə qaytarmaq böyük şeydir. 60-cıların da böyük xidmətlərindən biri bu idi. 60-cı illərdə əsas dava dilin üstündə idi, qocaman yazıçıların yazdığı o tərcümə üslubundan üz döndərmək, təzədən şifahi xalq dilinə, canlı danışıq dilinə qayıtmaq prosesi gedirdi. Sabir Azəridə də bu var idi, Sabir Süleymanovda da, bəzi ayrı yazıçılarda da bu var idi. Ancaq ki, müəyyən zaman keçəndən sonra bu qalmadı. Elçinin son əsərlərinə baxırsan, görürsən ki, artıq o üslubçuluq yoxdur. İsa Hüseynovda da sonralar üslub axtarışları, üslubu gözləmək olmadı. Üslubu da gözləməyəndə, görürsən ki, yenə tərcümə “kalka”ları, tərcümə üsulu prozada özünü göstərir.

Mənim də təşəbbüsüm tək üslub yaratmaq deyil, mən inanıram ki, gec-tez bizim nəsrimiz təzədən xalq dili kökünə qayıdacaq. Köklərinə yox, belə deyək, xalq dilinin sintaksisinə qayıdacaq. Nəsr təhkiyəsi yazılı dilin məntiqi ilə olmur, nəsr təhkiyəsi şifahi dilin məntiqiylə, sintaksisiylə olmalıdır. Xüsusən müstəqilik dövründə ki, mətbuat sürətlə inkişaf etdi, sovet vaxtı bu proses ləng gedirdi, indi ədəbi dil çox sürətlə inkişaf edir. Gec-tez o ədəbi dil formalaşacaq. Xüsusən cənubdan gələcək, orda bir yazıçı var, Nasir Mənzuri, o, gözəl stilistdir. Onun yazılarına baxıram, tamam yeni bir üsub yaradır. Ədəbiyyatda, yazıçılıqda ən çətini – üslubdur, Elçin buna təhkiyeyi-kəlam deyir. Bunu yaratmaq ən çətin şeydir. Bu olmasa da heç kimə böyük yazıçı demək olmaz. Kimin özünəməxsus söz danışmaq üslubu yoxdursa, ona yazıçı demək olmaz. Məsələn İsa Hüseynov kimi o cür başlayan adam sonralar davam etdirə bilmədi o üslubu. Afaq Məsudda da var idi, sonralar cavanlarda da oldu, amma bunu axıra kimi aparmaq o qədər də asan deyil. Çünki hekayədə stilsit olmaq asandır, amma romanda stilist olmaq çətindir.

Bizim orta məktəbdə oxuduqlarımız, daha sonra partiya tarixi, hamısı tərcümə üslubunda olub. O tərcümə üslubu bizim beynimizdə oturub, onu sındırıb onun içindən çıxmaq çox çətin bir şeydir. Mən də buna çalışıram, çünki bunsuz əsl, yeni, yaxşı proza yaratmaq mümkün deyil. O dediyim kimi, xəbərlə mübtədanın arasında on söz olur, onu rus dilinə tərcümə edirsən, o heç nədi. Birinci cümləsini oxuyanda biləcəklər ki, bu proza deyil. Mən bunun mənasını, əhəmiyyətini bilirəm. Bilirəm ki, üslub yaratmaq nə qədər çətindir. Bu gün kitabım haqqında bir resenziya oxudum, yazıb ki, hamısı Bakı dialektindədir. Dünyada dialektli ədəbiyyat çoxdur, ingilis ədəbiyyatında lap çoxdur, ingilislər ki, hər yerə yayılıb, onlarda çoxdur. Məsələn, Avstraliyadakı yazıçılar öz ingilis dialektlərində yazırlar. Mən heç Azərbaycanda dialektlər görmürəm, bizim dialektlər bir-birinə çox yaxındı, elə bir fərq yoxdu. Onun dediyi kimi mənbilərəkdən dialektdə yazmıram, mən çalışıram ki, şifahi nitqin məntiqi ilə yazım. Şifahi dilin sintaksisinə keçmək üçün istifadə etdiyim bir şeydir bu. Şüurlu olaraq dialektdə yazmaq mənim nəyimə lazımdır ki? Əsas odur ki, proza əsl danışığın, canlı danışığın sintaksisi ilə yazılsın. Bu da çətindir, çünki biz məktəb oxuduğumuzdan bu günə qədər, hər gün oxuduğumuz qəzetlər həmin o tərcümə üslübudur, yəni ədəbi dilin əsası tərcümə üslubudur. O proza çabalayır, hamı bunu hiss eləyir, amma bu çətindir, bundan çıxmaq çətindir. Prozanın bütün üslubu əsasını dəyişdirmək çox böyük şeydir.

Tutaq ki, İsi Məlikzadə öz dövrünün ən yaxşı yazıçılarından biri idi. Amma öz sağlığında onun haqında cəmi 5-6 məqalə çıxmışdı. İsi Məlikzadə öləndən sonra onun haqqında 3 kitab çıxdı. Çünki ən gözəl stilist idi. 60-cıların arasında ən böyük stilist o idi. O da o qədər redaksiyalarda işlədi, jurnallarda işlədi, o qədər onun-bunun romanlarını oxudu ki, axırda onun dili bir qədər dəyişdi, bir az keyfiyyətini itirmişdi. Əlibala Hacızadə də gözəl stilist olub, o da bizim gözəl yazıçımız idi, Salam Qədirzadə də gözəl üslubda yazıb. Elə Afaq Məsudun da dilində bunlar var. Sadəcə olaraq romana keçəndə bunlar çətin olur, romanda üslubu qorumaq asan deyil.

- Sizin “Qoşulub qaçmayan qız” romanınızda da yeni üslub hiss olunur.

-Elə mən çalışırdım ki, romanı danışıq sintaksisi ilə yazım. Əsəri yazarkən dilə bu prinsiplə yanaşmışam. Mən əvvəlki hekayələrimdə də bunu gözləmişəm. Amma bir romanım var, “Hər şey insafla” adlanır, indi onu oxuyanda görürəm, bayaq dediyim kimi romanda stilsit olmaq çətindi. Hər cümlədə stili gözləmək üçün dayanırsan, onda roman yazmaq çətin olur. Əvvəlki romanımın dili mənim o qədər də xoşuma gəlmir, o dili dəyişmək qərarına gəldim, sonrakı romanda eksperiment elədim. Ədəbiyyat tarixində çox vaxt eksperimental əsərlər daha çox qalır. Çünki, o eksperimental əsərlər bir yenilik gətirir. Bayaq dedim: mən hesab eləmirəm ki, bizdə dialektlər var, iki-üç sözdən istifadə etməklə dialekt olmur. Çox az fərqli söz var, onu da hamı bilir, belə dialekt olmaz ki? Dialektizm odur ki, əlli dənə söz olsun, o sözlərlə yazasan, onu başa düşməsinlər. Onda olur dialekt. Amma Azərbaycan dilində xırda sintaktik fərqlər var, bir az qrammatik fərqlər var, sözün əsl mənasında fərq yoxdu. Məsələn, Bakıda şərq küləyinə “ağ yel” deyirlər, elə bilirdim bu, dialektdir. Sonra Mənzurinin “Qaraçuxa” əsərini oxudum, gördüm ki, ağ yel orda da var, Təbriz dialektində də var. Əslində bu şərtidi, bu dialekt dediyim də şərtidi. Xüsusən bu tayda, şimalda bizim dilimizdə dialekt deyiləsi elə fərq yoxdu. Fərqli sözlər yoxdur, hər hansı bir şəkilçiyə görə sözə necə dialekt demək olar?

- Sizin əsərlərinizdə Azərbaycan qadınının düşüncə və təfəkkür problemi geniş yer alır. Yaradıcılığınızda bu problemi qabartmağınız nədən qaynaqlanır?

- Bilirsiniz, mən hesab edirəm ki, qadınla kişi arasında elə bir fərq yoxdur, fərq üzdədir. Amma dərində insanlar bir xəmirdəndir, dərində qadın və kişinin əsası eynidir, insanın təbiəti birdir. Məni maraqlandıran bizim cəmiyyətimizdə əxlaqla, qaydalarla, qadağalarla şüuraltının mübarizəsidir. Bizim cəmiyyətimiz, mürəkkəb, tələbkardı, mentalitetimiz belədi. Bu dram qadınların həyatında daha qabarıqdı. Məsələn, mən uşaq idim, deyirdilər ki, kişilər kef eləməyə Gürcüstana gedirdilər, Moskvaya gedirdilər. İndi müstəqillik dövrüdür, bizim kişilər hamısı çıxıb gedib, qadınlar hamısı burda qalıb. Azərbaycanda bu gün də vətəndaşın özünün təsdiqi, xüsusən də hər adamın öz qabığıynan mübarizəsi mühüm məsələdir. Bu məsələ qadınlarımızın timsalında daha dramatikdir. Bunu qadınlarda görmək, yazmaq mənə daha maraqlıdır və bunu yazıram. Bir də Azərbaycan ədəbiyyatında bunun boşluğu var, mən heç kəsin adını çəkmək istəmirəm. Bizim elə yazıçılarımız var ki, bunların yaradıcılığında ciddi qadın surəti yoxdur. Qadını da təsvir eləməyən yazıçı nəyi təsvir eləyəcək? Siz baxın, Tolstoyun qadınları deyirlər, Turgenevin qadınları deyirlər. Mən hesab edirəm ki, qadının təsviri sahəsində bizdə boşluq var. Bizdə ən yaxşı qadınları Cəfər Cabbarlı yaradıb, ondan sonra Seyid Hüseynin hekayələrində maraqlı qadın obrazları var. Bu işdə İlyas Əfəndiyev klassik idi. 60-cıların da hamısından yaxşı bunu İlyas Əfəndiyev bacarıb. Anarda da, Əkrəmdə də qadınlar azdı, Elçində də o qədər deməzdim. Bizdə Afaq Məsud var, onda qadın taleyi var. Mən hesab edirəm ki, Afaq Məsud çox güclü yazıçıdır, bizim tənqid hələ ona qiymət verə bilməyib. Onun həyata özünəməxsus baxışı var.

Qadını təsvir etməyən ədəbiyyat, ədəbiyyat deyil. Mən hesab edirəm ki, bizim ədəbiyyatımız qadınların qarşısında hələ borcludurlar. Bizim əsl qadın obrazı ədəbiyyatda yoxdur və o, gəlməlidir, olmalıdır. Mən də beqədəri-qüvvə bunu yazıram, hesab edirəm ki, o olmalıdı. Bir də ki, mənim hekayələrimdə ki, qadınların öz qabığı ilə, öz şüuraltı mübarizəsi var, bu da ədəbiyyatın əbədi mövzusudur. Şüursuzluqla əxlaqın mübarizəsidir ki, insan necə yaşamalıdır. Bu hər yerdə gedir, hər yerdə belədir. Hesab edirəm ki, bizim qadınlar çox böyük məhəbbətə layiqdirlər. Bizdə elə bir proses var ki, məsələn, milyonlara kişilər çıxıb gediblər Rusiyaya, qadınlarını atıb çıxıb gediblər. Amma o qadınlar ömrü boyu dözürlər, uşaqlarını atmırlar. Sonra biri ayağını o yana qoyan kimi deyirlər ki, bu əxlaqsız qadındır. Onda kim əxlaqsızdı, ərsiz, illərlə iki-üç uşağı saxlayan əxlaqsızdı, yoxsa qaçıb Rusiya bazarlarında ömrünü çürüdən əxlaqsızdı? O tək qalan qadınlarn heç biri əxlaqsız deyil.

Deyirlər ki, Dubayda bizim nə qədər qadınları tutublar. Mən sizə deyirəm ki, onların heç biri fahişə deyil, onların hərəsinin iki-üç uşağı var. Onların qeyrəti var, onlar uşaqlarını yaşatmaq istəyirlər. Bəs bu uşaqlar acından ölməlidirmi? Qadın axı öz uşağını saxlamalıdı. İndi birinə qonşu təsir edir, birinə kimsə nəsə vəd edir, məcbur olur pul qazanmağa. İnsan teleyidir də, burda düstur yoxdu, mexaniki şüarlarla “bu cür yaşamaq lazımdı” deməklə deyil ki. Həyatdır, insanın yaşaması üçün çoxlu variantlar var. Buna görə də mən hesab eləmirəm ki, Azərbaycanda böyük fahişəlik var, amma tragik şeylər var, Azərbaycan qadınının böyük problemləri var, mən də onlardan yazıram. Özü də bizim qadınlar dünyada ən gözəl qadınlardır, ən yaxşı qadınlardır. Azərbaycan qadınları dünyada nümunəvi qadınlardır, onlar kimi heç kəs sevə bilməz.

- Müasir ədəbiyyatın istiqaməti hansı yöndə olmalıdır? Hal-hazırkı ədəbi durumu necə qiymətləndirirsiniz?

- Birinci sualda bu barədə danışdıq. Mən indi müasir ədəbiyyatda iki başlanğıc görürəm, bunu müsahibələrimdə, çıxışlarımda da demişəm, Azərbaycan ədəbiyyatında iki tendensiya var. Bir tendensiya var ki, bu, köhnə tendensiyadı. Vəzifəli adamların ədəbiyyatı var, bir də müstəqil Azərbaycan ədəbiyyatı yaranır. Yəni sovet vaxtı dövlət ədəbiyyatda iştirak edirdi. İndi isə şükür ki, Azərbaycan höküməti ədəbiyyatda iştirak eləmir. Bütün ölkələrdə belədi, hansı ölkədə yazıçıların qurultayına ölkə rəhbəri gəlir? Kommunist ölkələrində bu var idi, indi yoxdur. Dövlət ədəbi prosesə, ədəbiyyata qarışmır. Bu da imkan verir ki, bu gün müstəqil Azərbaycan ədəbiyyatı yaransın. Amma o köhnə tendensiyalar Yazıçılar Birliyinin ətrafında var və bu davam edir. Bir az da bunu bilə-bilə davam etdirirlər, vəzifəli adamların ədəbiyyatı yaranır. Xalq yazıçısı adı alırlar, nə qədər adama Xalq yazıçıs adı veriblər. Tutaq ki, Çingiz Abdullayevə veriblər. Bu adam azərbaycanca danışa bilmir, azərbaycanca yazmayıb, amma ona bu adı verdilər. Mən demirəm verməsinlər, amma o qədər bizim layiqli adamlar var ki, onlara da versinlər. İndi siz baxın, Xalq Yazıçısı adı alanların arasında vəzifəsiz adamlar varmı? Bir nəfər işləməyən, evdə oturan, vəzifəsi olmayan yazıçıya Xalq Yazıçısı adı veriblərmi?

Müstəqil ədəbiyyatla məmurların yaratdığı ədəbiyyat arasında mübarizə gedir, mən buna məmur ədəbiyyatı deyərdim. Bu baxımdan ədəbiyyatda iki başlanğıc var. Müstəqil ədəbiyyat get-gedə güclənir, burda cavan uşaqlar çoxdu, Seymur Baycandı, Qan Turalıdı, Mirmehdi Ağaoğludu, Əli Əkbərdi, Kənan, sən özün, Səxavət, sən özün, sonra çoxlu cavan istedadlı gənclər var. Xüsusən də hekayə janrında yazanlar çoxdu, yeni gələn cavan uşaqlar çoxdu. O gələnlər müstəqil ədəbiyyatı yaradırlar.

Amma Azərbaycan ədəbiyyatının ən böyük problemlərindən biri kasıbçılıq olub, bu həm də bütün dünyada belədi. Kapitalist ölkələrdə, Amerikada da belədir. Orda yazıçıların 95 faizi başqa bir işlə dolanırlar, yaşayırlar, yazıçılıq eləyirlər. Ancaq beş faizi ki, var, onların əsərləri tutur, bestseller olur, milyon tirajla satılır və onlar bundan pul qazanırlar.

Ümumən ədəbiyyatda yazıçılıq üçün maddi şeylər lazımdır. Markes öz kasıbçılığından yazır, o da o qədər kasıb olmayıb, cavanlığı Paris ətrafındakı mühitdə keçib. O yazır ki, “Yüz ilin tənhalığını” yazdım, getdim poçta göndərməyə, pulum çatmadı, bəlkə də özünü elə göstərmək üçün yazıb bunu. Amma hər halda bu, həmişə var. Yazıçılıq elə bir şeydi ki, yazıçı pul mülahizələri ilə yazmır, əsl böyük yazıçılar pul mülahizələrindən yüksək olublar, çünki yazıçılıq, şairlik müqəddəs bir şeydir. Amma bu məsələlər yazıçının taleyinə də təsir edir. Yazıçı kifayət qədər qazanmasa, onun gəliri olmasa, o necə şəxsiyyət ola bilər? Şəxsiyyət olmayan nə cür yaza bilər? Sən dünyanın problemlərindən necə yaza bilərsən? Öz problemini həll eləməyibsənsə, özün maddi cəhətdən müstəqil ola bilmirsənsə, necə yaradıcılıqla məşğul ola bilərsən? Bu baxımdan vəzifəli, məmur yazıçıları qınamıram, kimin üçünsə qapı açılır, gedir, məmur olur. Demək olmaz ki, bütün məmur yazıçılar pisdir. İnsandı da, biri vəzifədə olur, o birisi olmur.

Amma mən sizi müstəqil ədəbiyyatı qorumağa çağırıram. İstəyirəm cavan dostlarınız haqqında yazasınız, bir-birinizin qədrini biləsiniz. Sizdən əvvəlkilərdən də yazmaq lazımdı, Sabir Əhməlidən, Afaq Məsuddan, İsi Məlikzadə haqqında da yazmaq lazımdı, bunları da yaddan çıxarmaq olmaz. Klassiklərdən də yazmaq lazımdı, Cəfər Cabbarlıdı, Səməd Vurğundu, Haqverdiyevdi, Mirzə Cəlildi və digərlərindən yazmaq lazımdı, bunları unutmaq olmaz. Ədəbi dəyərlər üzdə olmalıdı, bunsuz ədəbiyyat geriləyə bilər.

Ədəbiyyat da öz kökləri etibarilə bütöv bir prosesdi. Yenə deyirəm, ən əsası odur ki, Azərbaycan ədəbiyatının müstəqil qolunu müdafiə eləmək lazımdı, qorumaq lazımdı. Sovet dövründən fərqli olaraq, konyukturadan, çərçivədən fərqli olaraq indi yaranan müstəqil ədəbiyyat böyük imzalar verəcək, onu qorumaq lazımdı. İlk növbədə istedadlı adamları qorumaq lazımdı, bir-biriniz haqqında ürəklə yazmaq lazımdır. Vəzifəli adamlar isə həmişə istifadə edib özləri haqqında yazdırırlar. Onlar haqqında onsuz da yazırlar. Kənan, sən də yazırsan, Səxavət də yazır, elə mən də yazıram. Bəzən yazandan sonra peşman oluram, çünki, onları elə görürəm, peşman oluram. Amma mən müstəqil ədəbiyyata inanıram, çünki böyük fəal gənclik gəlir.

Hekayə müsabiqələri keçirirlər. Amma mən təəsüf edirəm ki, bunun mərkəzi Yazıçılar Birliyində deyil, ABŞ Konqresinin pulu ilə maliyyələşən “Azadlıq radiosu”ndadır. Bu, təəssüf doğurur, Azərbaycan kasıb ölkə deyil axı, bizim büdcəmizdən ədəbiyyata, mədəniyyətə kifayət qədər pul ayrılır, əsas odur ki, o necə xərclənir, insafla, vicdanla, ədalətlə xərclənməlidir ki, əsl, xalis Azərbaycan ədəbiyyatı inkişaf eləsin. Məmur ədəbiyyatı heç bizə lazım deyil.

- Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına inteqrasiyası mümkündürmü? Bizim ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsi hesab etmək olarmı?

- Birmənalı olaraq deyə bilərəm ki, bizim ədəbiyyat dünya ədəbiyyatının tərkib hissəsididir. Amma bir şey var, o da şübhəsizdir ki, xalqların dünya mədəniyyəti dövriyyəsinə daxil olmaq vaxtları ayrıdır. Məsələn, fars dilində 1500 ildi ədəbiyyat yaranır, gürcü dilndə 1000 ildi. Düzdü, bizdə divan ədəbiyyatı olub, XIII əsrdə divan ədəbiyyatı olub. Amma bu, bir az başqa idi, divan ədəbi dili islama bağlı idi, islam mədəniyyətinin tərkib hissəsi idi, bu, xalqa tam yaxın mədəniyyət deyil, dini mədəniyyətdir. Divan ədəbiyatının dili elitar bir dil idi.

Amma qabaqcıl ədəbiyyatlar müxtəlif cür gəliblər indiki vəziyyətlərinə, fransız ədəbiyyatı, rus ədəbiyyatı var, onlar irəlidədir. Bu barədə bizdə 50-ci illərdə çoxlu diskussiyalar olub. 1955-ci ildə Mərkəzi Komitənin bürosunda iki gün nihilizm məsələsi müzakirə olunub. Nihilistlər Azərbaycan xalqının mədəniyyətini bəyənmirdilər. Onlar deyirdilər, bu nə ədəbiyyatdı, ingilis ədəbiyyatı var, rus ədəbiyyatı var, fransız ədəbiyyatı var. Bu məsələ və mövqe müzakirə olunub və pislənib. Bunu təşkil eləyən Səməd Vurğun, Süleyman Rəhimov və qismən də Mirzə İbrahimov olub, bunlar nihilizmə qarşı mübarizə aparıblar. Nihilistlər folklora pis baxırdılar, muğama pis baxırdılar. Deyirdilər muğam lazım deyil, simfoniya lazımdır. İndi də bu var, deyirlər muğam lazım deyil, saz lazım deyil, bu, cahil yanaşmadır, bu, bizim mədəniyyətimizi başa düşməməkdən əmələ gəlir. İkisi də bizim mədəniyyətdir, ikisi də bir-birindən gözəldir. Bu, bizim irsimzdir, bunları heç vaxt bir-birinə qarşı qoymaq lazım deyil. Bizim ədəbiyyatımızın unikallığı nədən əmələ gəlir? Biz də bir xalqıq, öz dövlətimiz var, dilimiz var. Hələ XIII əsrdə Azərbaycan dilində mətnlər yaranıb, bizim zəngin folkromuz var.

Azərbaycan ədəbiyyatının dəyəri heç də o birilərlə müqayisədə deyil, o cür yanaşmaq düz deyil. Azərbaycan ədəbiyyatının dəyəri odur ki, bir xalq kimi, insan toplumu kimi bu, bizim mənəvi təcrübəmizdir. Hər bir xalıqın öz təcrübəsi bir dəyərdir, milli dəyərdir. Azərbaycan ədəbiyyatı, ilk növbədə bizim üçündü, bu, bizim həyatımızdı, bizim mənəvi təcrübəmizdir, necə deyərlər, bizim öz malımızdır.

Bir şeyi də deyim, cavan xalqların ədəbiyyatında bir az siyasilik var, siyasiləşmə var, maarifçilik var. Bundan da qorxmaq lazım deyil. Akademiyada bir nəfər ədəbiyyat tarixini hazırlayırdı, dedi ki, bu siyasi şeyləri çıxarmaq lazımdı. Mən də ona dedim ki, sən onu çıxarsan, heç nə qalmayacaq. Yeni müstəqilliyə qovuşan xalqlardan biri də bizik, bizim şüurumuzun bir hissəsi siyasətlə bağlı olub, özümüzü axtarmışıq, dünyada yerimizi axtarmışıq, iki-üç dəfə inqilab olub, orda məşrutə inqilabi olub, Xiyabani inqilabi olub, burda milli Azərbaycan höküməti olub, milli dərnəklər olublar və s. Yəni siyasəti ədəbiyyatdan tamam təmizləmək olmaz, hər nə var, bizim mənəvi təcrübəmizdi, dəyərimizdi. İndi fransızlar bizim ədəbiyyatımızı oxumur deyə, buna görə biz öz ədəbiyyatımızı gözdən sala bilmərik, fransızlar da bizə yaddır.

Mən indi “Cavidannamə” haqqında yazıram, əvvəl də bir məqalə yazmışdım, orda da var idi ki, nəzəriyyə böyük və əhəmiyyətlidi. Amma indi görürəm ki, nəinki, nəzəriyyə, xalqda yaranan fəlsəfə xalqın özünündür, xalqın öz fəlsəfəsi yaranmalıdır. Tərcümə yolu ilə Azərbaycanda fəlsəfi fikir inkişaf eləyə bilməz, nəzəriyyə inkişaf edə bilməz. Əsl nəzəriyyə, əsl fəlsəfi fikir o vaxt olacaq ki, o bizim mənəvi bioqrafiyamzı əks etdirəcək. Bizim öz taleyimizi göstərən fəlsəfi fikir orijinal olacaq. Hegeldən, Marksdan yüzlərlə şərh yazmaq olar, o, fəlsəfə olmayacaq. O yerdə ki, fəlsəfə Azərbaycan xalqının mənəvi təcrübəsini təhlil edir, o əsl fəlsəfədir. Xalqın öz dilində olan anlayışları olmadan əsl fəlsəfə yarana bilməz. Olsa da yüngül və mənasız olur.

Heç bir şübhəniz olmasın ki, Azərbaycan ədəbiyyatı dünyaya inteqrasiya olunacaq. İndi nə vaxt olacaq, bilmirəm, əsas odur ki, biz dünya mədəniyyətini öyrənməliyik, çünki bütün xalqlar, bütün mədəniyyət bir kökdəndi. Amma heç vaxt kimdənsə tələb etmək olmaz ki, məsələn biz Amerika ədəbiyyatından tərcümə edirik, onlar da bizdən o qədər tərcümə eləsinlər. Biz öz fəlsəfəmizi, öz ədəbiyyatımızı, öz nəzəriyyəmizi inkişaf etdirməliyik və bu, inteqrasiya olunacaq. İnteqrasiya orda ola bilər ki, biz özümüzü göstərə bilək. İstəməklə olmur, güclü ədəbiyyat yaratmalıyıq, fəlsəfəmizi yaratmalıyıq, islam mədəniyyətimizn tarixini elə yazmalıyıq ki, onun bütün orijinallığı ortaya çıxsın. Onda bu da o biri xalqların mədəniyyətinin yanında müstəqil bir dəyərlər sisteminə çevriləcək.

- Ədəbiyyatda millilik amili nə dərəcədə vacibdir? Milli ədəbiyyat anlayışına necə baxırsınız?

- Ədəbiyyat onsuz da millidir, o millilik dillə əlaqədardır. Dil elə bir unuikal şeydir ki, bütün millilik dildədir. Bu, bizdən asılı deyil. Bayaq üslubdan danışşırıdıq, sən məktəbdə, birinci sinifdə, əlifbada, lap universtetdə hansı dildə oxumusansa, o dilin içindəsən. Dilin çox unukal əhəmiyəti var, biz öz dilimizi qorumalıyıq, öz dilimizi, mədəniyyətimizi öyrənməliyik, dilin nəzəriyyəsini yaratmalıyıq. Amerikan gəlib bunu yaratmayacaq, özümüz yaratsaq inteqrasiya olacaq. Dünyada yanaşı mədəniyyətlər var, biz də öz məhsulumuzu o biri xalqlar kimi ortalığa qoymalıyıq. Ruslar, ingilsilər öz mədəniyyətlərini onun üçün yaratmayıblar ki, o biri xalqlar gəlib onu öyrənsinlər. Onlar o həyatını yaşayıblar, öz mədəniyyətlərini o cür yaradıblar, sonra başqaları da onların təcrübəsindən istifadə edib. Hər bir xalqın təcrübəsi unikaldı, bu unikallıq ilk növbədə dildədir. Dilimizi qorumalıyıq, inkişaf etdirməliyik. Dili qorumaq üçün tərcümə əsasdı, mətbuatın dili də mühümdü, bunlara əhəmiyyət vermək lazımdı. Ümumiyyətlə, ədəbiyyatımızın, mədəniyyətimızin inkişafına daha çox qayğı göstərmək lazımdı, o qayğı o demək deyil ki, çoxlu pul verəsən, qayğı həm də odur ki, yaxşını pisdən ayıra biləsən. Ordaki, yaxşı ilə pisin fərqi yoxdu, orda mədəniyyət inkişaf eləmir. Mədəniyyət həmişə pilləkən yaradır, fərqlər yaradır, mərtəbələr yaradır, o əsasdı. Ədəbiyyatda da yaxşı ilə pisin fərqi olmalıdır. Ədəbiyyatımızı inkişaf etdirsək, inteqirasiya da olacaq.

- Amerika ədəbiyyatında “Nobel” almış dünya şöhrətli “itirilmiş nəsil” yazıçıları var. Azərbaycan ədəbiyyatında 80-ciləri itirilmiş nəsil adlandırırlar. 80-ciləri 60-cıların kölgəsində itmiş hesab etmək olarmı? Axı Amerika ədəbiyyatının “itirilmişlər” ədəbiyyatı daha da irəli apardı.

- Məncə, problem nəsillərdə deyil, bilirsiniz, ədəbiyyata qiymət vermək çox vaxt birinci nəsildə mümkün olmur. Bir nəsil keçir, sonra olur. Bizi Amerika ilə müqayisə etməyin, tənasübü pozmayın. 80-cilər kimdir, mən bunu bilmirəm, bu nəsə təzə termindir.

- Şimali və Cənubi Azərbaycan ədəbiyyatında dil və üslub bir-birindən kəskin şəkildə fərqlənir. Əslində necə olmalıdır? Pərakəndə yoxsa çərçivə daxilində?

- Bu, çöx gözəl sualdır və toxunduğunuz məsələ çox böyük məsələdir. Azərbaycan ədəbi dilinin, Azərbaycan xalqının potensialının böyük, nikbin tərəfi odur ki, Cənubi Azərbaycan var, orda Azərbaycan dili mövcuddur və inkişaf edir. Yəni indi üslublar arasında fərq var, amma bu üslub fərqi Azərbaycan dilinin zənginliyidir. Məsələn, ərəb dilində elə üslublar var ki, ərəblər bir-birini başa düşmürlər, Çində ləhcələr elədir ki, biri danışanda o biri ləhcə onu başa düşmür. Yəni ki, o ləhcələr dilin zənginliyidir, onun zəifliyi deyil. Ona görə də cənub dialektinin özü elə Azərbaycan dilin zənginliyidir, bizim mədəniyytimizin zənginliyidir. Nə vaxtsa bunlar birləşəcək, amma indidəm bunlar bir-birini zənginləşdirir. Allah rəhmət eləsin Mirzə İbrahimova, ilk dəfə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nı o yaradıb, həmişə deyərdi ki, cənubdakıların yazılarına, üslubuna dəyməyin. Çünki üslubu dəyişdirmək olmaz, ülubu dəyişdirmək divarla vuruşmaq kimi mənasız bir şeydir. Digər tərəfdən də Mirzə müəllim ona görə deyirdi ki, o, dilimizin zənginliyini başa düşürdü.

Baxın, indi deyirlər “ki” bağlayıcısı bizə yaddır. “Ki” bağlayıcısı necə yad ola bilər ki, bu 600 ildi Azərbaycan dilində işlənir? Deyirlər ərəb-fars sözlərini işlətmək lazım deyil, bunlar 600 ildi işlənir, 600 il işlənən söz necə yad ola bilər?

Türkiyədə dili ərəb-fars sözlərindən təmizləmək cəhdləri olub, onlar türk dilinə böyük zərbə vurublar. Onlar dəyişiblər, indi biz onları başa düşə bilmirik. Onlarda o qədər uydurma sözlər var ki, mən oxuyuram, təəccüb eləyirəm. Mirzə müəllim 30-cu illərdə yazdığı məqalələrində deyirdi ki, ərəb-fars sözlərinə arxa çevirmək olmaz, çünki bizim bütün ədəbi dilimizn, düşüncəmizin əsası bu dildə olub. Bir misal çəkim, Nəiminin kitabını oxuyuram, “Cavidannamə”ni, deyir ki, bu müqəddəs sözlər Adəmin əslində idi, necə gözəl sözdü! Bizə o vaxt deyirdilər ki, hərəkət materiyanın atributudur. Nə biləsən atribut nədir? Bayaq dediyim məsələdir, fəlsəfə xalqın öz dilində olmalıdır. O da həmin şeyi deyir, deyir ki, hərəkət materiyanın xassəsidir. Nəimi XIV əsrdə yazır ki, bu Adəmin əslindədir, yəni hərəkət, forma, materiyanın xassələri dünyanın maddi şeyin əslindədir, gör, nə gözəl sözdü. Sonra bir hədis var: Hər şey əslinə qayıdır. Necə gözəl ifadədir, əsl sözü heç türk sözü deyil, amma bu söz neçə əsrdi işlənir, dilin gücü xalqın özündədir. Hansı dildən gəlib atribut sözü, amma bu hazır deyir də, hərəkət materiyanin əslindədir. Bütün o köhnə sözləri götürəndə, atanda heç nə başa düşmək olmur.

Demək istəyirəm ki, dialektlərin olmağı dilimizin zənginliyidir, get-gedə birləşəcək, yaxınlaşacaq, cənubdan da nəsə götürüb, öyrənəcəyik, bu, təbii proses kimi gedəcək. Ordakı baza bu taydakı ədəbi dili zənginləşdirəcək. Və onlar da burdan nəsə götürüb oranı zənginləşdirəcəklər. Bundan qorxmaq lazım deyil, dialektlərin çoxluğu hər bir ədəbi dilin gücüdür. Bunlar da birlikdə, Azərbaycan ədəbi dilinin, Azərbaycan nəsrinin gücüdür, zənginliyidir.

Kənan HACI, Səxavət SAHİL

# 2452 dəfə oxunub

Müəllifin son yazıları

# # #